Suraxanıda anım mərasimi
Rayon İcra Hakimiyyətində Xocalı
soyqırımının 17-ci ildönümünə həsr
olunmuş “dəyirmi masa” keçirilmişdir.
Tədbiri giriş
sözü ilə Rayon İcra Hakimiyyətinin
başçısının birinci müavini Hüseyn Həsənov
açmışdır. Natiq bildirmişdir ki, 1992-ci il
fevralın 26-da Xocalıda baş verənlər Azərbaycan
xalqının yaddaşından heç vaxt silinməyəcəkdir.
Çünki həmin vaxt bütöv Azərbaycan xalqına
qarşı soyqırımı aktı həyata
keçirilmiş, bəşəriyyətin ən
böyük faciələrindən biri törədilmişdir.
Bu cinayətin səbəbkarı isə Azərbaycan
torpaqları hesabına “Böyük Ermənistan” qurmaq
xülyasına düşmüş, xalqımıza qənim
kəsilmiş ermənilərdir.
Xocalı faciəsi ermənilərin Azərbaycan xalqına qarşı apardığı uzun müharibənin tərkib hissəsidir. Amma bu faciə özünün dəhşəti ilə ermənilərin törətmiş olduğu digər cinayətlərdən köklü surətdə fərqlənir. 17 il bundan əvvəl Xocalıda 613 nəfər qətlə yetirildi, 1275 nəfər əsir və girov düşdü, 56 nəfər xüsusi qəddarlıqla öldürüldü. Şəhərin özü isə talan edildi və dağıdıldı.
“Dəyirmi masa”da Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktor müavini, tarix elmləri doktoru Cəbi Bəhramov “Böyük Ermənistan” qurmaq xülyasına düşmüş ermənilərin törətdikləri vəhşiliklər haqqında ətraflı söhbət açmışdır.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Əhməd Talıbov, ictimaiyyətinin nümayəndələri faciənin dəhşətləri barədə danışmışlar.
“Dəyirmi masa”dan sonra Q.Abbasov adına mədəniyyət sarayında Xocalı faciəsinə həsr olunmuş “O qızın göz yaşları” adlı ədəbi-bədii kompozisiya göstərilmişdir.
Vaqif BAYRAMOV
Xalq qəzeti.-2009.-27 fevral.-S.6.