Tariximizin qan yaddaşı

 

Lənkəran Dövlət Universitetində Xocalı faciəsinin 17-ci ildönümü mütəşəkkil keçirilmişdir. Universitetin pedaqoji kollektivi və tələbələr fevralın 26-da şəhərin mərkəzində ucaldılmış Azərbaycanlıların soyqırımı abidəsinin önünə gül və çiçək dəstələri düzmüşlər. Tədbir Universitetin böyük akt zalında davam etdirilmişdir. Mərasimi giriş sözü ilə açan rektor, əməkdar elm xadimi professor Asəf İsgəndərov demişdir:

– Xocalı soyqırımı tariximizin qan yaddaşıdır. Erməni terrorçuları o müdhiş gecədə dinc əhalini vəhşicəsinə gülləbaran etmiş, şəhəri oda qalmışlar. Xocalı nəhəng tonqalı xatırladırdı. Gənclərimiz bu tarixi faciəni, erməni vəhşiliyini, sözün həqiqi mənasında, soyqırımı unutmamalıdır. Vətəni sevmək, onu qorumaq hər birimizin müqəddəs borcudur.

Tədbirdə Xocalı faciəsinə həsr edilən əsərlər səsləndi. Qəhrəmanlıq unudulmuradı altında keçirilən hüzünlü mərasimdə tələbələrdən Səhman Cəfərzadə, Əlirza Məhərrəmov, Aygül Abdullayeva, tələbə gənclər təşkilatının sədri Samir Salayev başqaları şəhidlərin əziz xatirəsini ehtiramla yad etdiklərindən, gənclərimizin vətənpərvərliyindən danışdılar. Xocalı soyqırımı ilə əlaqədar tədbirlər martın 1-dək davam etdiriləcək.

 

 

İ.ƏMƏNULLAYEV

 

Xalq qəzeti.-2009.-27 fevral.-S.7.