Mingəçevirdə polis günü təntənə ilə qeyd olundu

 

Hər il olduğu kimi bu il də Mingəçevirdə polis işçilərinin peşə bayramı təntənə ilə qeyd olundu. Sizə təəccüblü gəlməsin, ona görə “bu il də” deyirik ki, bu tədbirin keçirilməsi artıq bir ənənə şəklini alıb. Tədbirdən öncə şəhər icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, rəsmi qonaqlar və veteran polislər ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoydular, ulu öndərin xatirəsini yad etdilər.

 

Şəhər stadionunda keçirilən bayram tədbirində isə Mingəçevir Şəhər Polis Şöbəsinin rəisi, polis polkovniki Ələsgər Bədəlov, ATƏT-in Bakı ofisinin polis müşaviri Andras Hütqik, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi, polis polkovniki Əziz Baqişev, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev çıxış edərək, ölkəmizdə polisin fəaliyyətinin demokratik standartlara daha da uyğunlaşdırılması istiqamətində görülən işlərdən, dövlətin hüquq-mühafizə orqanlarının işçilərinə göstərdiyi diqqət və qayğısından söz açdılar, Azərbaycan polisinin həmişə dövlətə, cəmiyyətə şərəflə xidmət etdiyini bildirdilər. Natiqlər asayişin keşiyində duran polis əməkdaşlarının səmərəli fəaliyyəti üçün ölkədə güclü maddi-texniki bazanın formalaşdırıldığını, polis və ictimaiyyət arasında yüksək inama və sıx əməkdaşlığa əsaslanan münasibətlərin inkişaf etdirilməsi məqsədilə səmərəli tədbirlərin görüldüyünü diqqətə çatdırdılar. Tədbirdə Mingəçevir polisinin uğurlarından danışıldı, şəhərdə 3 ildir ki, həyata keçirlən “Cəmiyyət dəstəkli polis” layihəsinin müsbət nəticələri barədə söhbət açıldı. Bildirildi ki, bu gün Mingəçevirdə polis əməkdaşları ilə vətəndaşların görüşü, sahə inspektorlarının əhali qarşısında hesabatı sözün həqiqi mənasında ənənəyə çevrilib. Layihənin müsbət nəticəsidir ki, bu gün polis öz işini cəmiyyətlə əlaqəli şəkildə qurmağı, vətəndaşlarla münasibətləri yüksək səviyyədə tənzimləməyi bacarır. Polis və ictimaiyyət arasında sıx əməkdaşlığa və yüksək inama əsaslanan münasibətlərin məntiqi nəticəsidir ki, son illər Mingəçevirdə baş verən bütün növ cinayətlərin sayı əvvəlki illərlə müqayisədə 50 faiz azalmışdır.

Həmçinin “Cəmiyyət dəstəkli polis” layihəsinin uğurudur ki, yuxarıda qeyd etdiyimiz kimi, respublikada ilk dəfə olaraq Mingəçevir polisi ənənəvi olaraq hər il öz peşə bayramını stadionda ictimaiyyət nümayəndələrinin iştirakı ilə ümumşəhər bayramı kimi qeyd edir. Tədbirdə bayram ərəfəsində Mingəçevirdə fəaliyyət göstərən ali və orta ixtisas məktəblərinin tələbələri arasında keçirilmiş “Polis tələbələrin gözü ilə” inşa yazı müsabiqəsinin, şagirdlərin əl işlərindən ibarət sərginin və şəhər polis şöbəsinin bölmələri arasında keçirilmiş mini-futbol turnirinin qalibləri mükafatlandırıldı.

Daha sonra bayram tədbiri yerli incəsənət ustalarının ifasında konsert proqramı ilə davam etdi. Mən isə bu qeydləri yaza-yaza hələ tədbir başlanmazdan əvvəl ağsaqqal, nurani bir kişinin dediyi sözləri xatırlayırdım:

“Oğul, son vaxtlar Mingəçevirdə görülən iri miqyaslı işləri görəndə sevinməyə bilmirsən. İnanın ki, şəhər başdan-başa dəyişib. Hər yerdə möhtəşəm quruculuq işləri gedir. Ulu öndərin adını daşıyan meydanda axşamlar iynə atsan yerə düşməz. Az qala səhərə qədər sakinlər burada istirahət etməkdən doymurlar. Bunun bir tərəfi də şəhərdə olan sakitliklə, əmin, amanlıqla bağlıdır. Hamı arxayındır. Bilir ki, heç bir hüquqpozmadan söhbət gedə bilməz. Təəccüblənməyin, Mingəçevirdə polislə əhali arasında o qədər mehriban bir təmas yaranıb ki...” Müsahibim bu sözləri deyib dayandı. Birdən nə düşündüsə, fikrinə belə yekun vurdu: “Əgər belə olmasaydı, bu gün şəhər stadionuna bu qədər adam gələrdimi?”

Düz sözə nə deyəsən...

 

 

İlqar MUSAOĞLU,

“Xalq qəzeti”nin bölgə müxbiri

 

Xalq qəzeti.- 2009.- 1 iyul.- S. 7.