Dövlət İdarəçilik Akademiyasındaməzun günükeçirilmişdir

 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirən məzunlarla görüş keçirilmişdir. Tədbiri giriş sözü ilə akademiyanın rektoru, əməkdar elm xadimi, professor Seyfəddin Qəndilov açdı. Sonra dövlət himni səsləndirildi.

 

S.Qəndilov müəllimləri, valideynləri və məzunları təbrik etdi, onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı. Rektor Prezident İlham Əliyevin respublikada elm və təhsilin inkişafına göstərdiyi qayğıdan, habelə Azərbaycan təhsilinin dünya təhsil sisteminə inteqrasiya olunmasından danışdı. Dedi ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kurs möhtərəm Prezidentimiz tərəfindən böyük müvəffəqiyyətlə davam etdirilir. Dövlət idarəçiliyində gənc və perspektivli gənclərə böyük üstünlük verilir. Bu sahədə Dövlət İdarəçilik Akademiyasının məzunlarından daha səmərəli istifadə olunur. Ümummilli lider Heydər Əliyev akademiyanı məhz bu məqsədlə yaratmışdır. Müstəqil Azərbaycanın idarə olunmasında hərtərəfli inkişaf edən gənclərə böyük ehtiyac var. Dövlət İdarəçilik Akademiyası ulu öndərin ümidlərini doğruldur. İdarəetmədə qabiliyyəti, savadı olan bilikli kadrlar yetişdirir. Akademiyanın müəllim, professor heyəti qarşısında duran başlıca vəzifə gənclərə dərin bilik vermək, tələbələri dövlətə dövlətçiliyə sədaqət ruhunda tərbiyə etməkdirsə, onların da ən vacib vəzifəsi elmin sirlərinə dərindən yiyələnməkdir. Bunlar müvəffəqiyyətlə həyata keçirilir. Sonra akademiyanı əla qiymətlərlə bitirən məzunlara fəxri fərmanlar təqdim olundu.

Tədbirdə dillər kafedrasının müdiri, professor Akif Bayramov, iqtisadiyyatın dövlət tənzimlənməsi kafedrasının müdiri, dosent Roza Əliyeva çıxış edərək məzunları ürəkdən təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzuladılar.

Siyasi idarəetmə fakültəsinin məzunu Murad Camalzadə inzibati idarəetmə fakültəsinin məzunu Fatimə Əliyeva çıxış edərək akademiyada aldıqları təhsilin gələcək fəaliyyətlərində böyük rolu olacağını, elmin sirlərini onlara həvəslə öyrədən professor müəllim heyətinə minnətdarlıqlarını bildirdilər. Onlar doğma Vətənə xalqımıza daim ləyaqətlə xidmət edəcəklərinə söz verdilər.

Sonda respublikanın tanınmış incəsənət ustalarının iştirakı ilə konsert proqramı nümayiş etdirildi.

 

 

Əliqismət BƏDƏLOV,

Xalq qəzeti

 

Xalq qəzeti.- 2009.- 1 iyul.- S. 7.