Azərbaycanda narkomaniya və narkobiznesə qarşı mübarizə beynəlxalq tələblər səviyyəsində aparılır

 

Azərbaycan polisinin çox zəngin və kəşməkəşli tarixi var. O, bəzən inkişafda olub, bəzən də ayrı-ayrı tarixi şəraitdə güclü təzyiqlərlə üzləşib, siyasi oyunlarda vasitəyə çevrilib, tənəzzülə uğrayıb. 1918-ci ildə Azərbaycan Respublikası müstəqilliyini elan edəndən təxminən bir ay sonra — iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyətinin polisi təsis edildi. Ancaq müstəqil Azərbaycan çox yaşaya bilmədi, XI Qızıl Ordunun təcavüzü nəticəsində 23 aylıq fəaliyyətdən sonra süqut etdi. O vaxt Azərbaycan polisi də öz müstəqilliyini itirdi.

 

Ötən əsrdə Azərbaycan polisinin ən çətin, qalmaqallı dövrü yenidən müstəqilliyimizi qazandığımız illərə düşür. Bunun da əsas səbəbi o idi ki, belə bir məsuliyyətli dövrdə ölkədə rəhbərlik naşıların, dövlət quruculuğu təcrübəsi olmayanların, müstəqil fəaliyyət göstərməyi bacarmayanların, ancaq necə olursa-olsun hakimiyyətdə qalmağa, ya da hakimiyyəti ələ keçirməyə çalışanların əlində idi. Onlar polisin də vəzifələrini düzgün müəyyənləşdirmir, ondan təyinatı üzrə deyil, şəxsi məqsədləri üçün istifadə edirdilər. Məsələn, polis asayişi yox, hakimiyyətdən dördəlli yapışanları xalqın qəzəbindən qoruyurdu. Bu minvalla polis orqanları siyasiləşirdi, ayrı-ayrı adamların, dövlət orqanlarının cəza dəstələrinə çevrilirdi. Odur ki, ölkədə anarxiya, hərki-hərkilik getdikcə təhlükəli həddə yaxınlaşırdı.

1993-cü ilin iyun ayında ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə Azərbaycanda hakimiyyətə qayıdandan sonra ölkədə vəziyyət tamamilə dəyişdi. Dövlət quruculuğunun incəliklərini dərindən bilən bu dahi şəxsiyyət qısa vaxtda ölkədə hərc-mərcliyə son qoydu, bütün sahələrdə ciddi nizam-intizam yaratdı, tələbkarlıq qat-qat artırıldı. O cümlədən polis orqanları da özlərinin əsas vəzifəsini, yəni cinayətkarlığa qarşı mübarizəni gücləndirdi, ölkədə sabitlik yaradılmasında dövlətin həlledici qüvvəsinə çevrildi. Ümummilli liderimiz Heydər Əliyevin sərəncamı ilə həyatını cinayətkarlarla mübarizəyə həsr edən təcrübəli polis zabiti Ramil Usubov Azərbaycan Respublikası daxili işlər naziri təyin edildikdən sonra bu işlər daha da gücləndi. Nazirliyin ayrı-ayrı idarələri, bütün strukturları öz fəaliyyətlərini yeni tələblərə uyğun qurmağa başladılar və ötən müddət ərzində diqqətəlayiq nəticələr əldə etdilər.

Belə qurumlardan biri də Baş Narkotiklərlə Mübarizə İdarəsidir. Yeri gəlmişkən qeyd edək ki, bu idarəyə iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun oğul nəvəsi başçılıq edir. Həyatda öndə getmək, həmişə mübariz olmaq sanki Aslanovlar nəslinin taleyinə yazılıb. Belə ki, məşhur sərkərdənin oğlu Tofiq Aslanov uzun illər DİO-da çalışmış, nazir müavini vəzifəsinədək yüksəlmişdir.

İndi həmin ailənin üçüncü nəslinin nümayəndəsi — nəvə Həzi Aslanovla Polis Günü ərəfəsində söhbətimiz görülən işlər, qarşıda duran vəzifələr barədədir. Əsrin bəlasına çevrilən narkomaniyanın bəşəriyyət üçün böyük təhlükə yaratdığını qeyd edən polis general-mayoru Həzi Aslanov dedi:

2 iyul Polis Günüdür

- Narkomanlıq və narkobiznes cəmiyyətin mənəvi, əxlaqi dəyərlərini sarsıdan, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan başlıca amillərdir. Eyni zamanda, transmilli mütəşəkkil cinayətkarlığın, beynəlxalq terrorçuluğun maliyyələşdirilməsində əsas rol oynayan narkotiklərin qanunsuz dövriyyəsi, onunla mübarizəyə kompleks yanaşılmasını, bu işə bütün qüvvə, imkan və vasitələrin səfərbər olunmasını tələb edir. Qeyd edilənlərlə əlaqədar, eləcə də Azərbaycanın ərazisindən narkotiklərin Asiyadan Avropaya daşınması üçün istifadə olunmasına göstərilən cəhdlər, habelə narkosituasiyanın təhlili nəzərə alınmaqla, respublikada narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizənin güclənməsinə xidmət edən qanunvericilik bazasının təkmilləşdirilməsinə, beynəlxalq əməkdaşlığın genişləndirilməsinə, hüquq-mühafizə orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılmasına böyük diqqət yetirilir.

Ümummilli liderimiz Heydər Əliyevin imzaladığı “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” 26 avqust 1996-cı il tarixli fərman, “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə 2012-ci ilədək Ümummilli Proqram” və digər aidiyyəti qanunlar, normativ aktlar narkotiklərlə mübarizənin əsas strateji xəttini müəyyənləşdirmişdir.

2005-ci ildə qəbul olunmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu, həmçinin “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə”, eləcə də ”Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” siyahılarının təsdiq edilməsi haqqında qanunlar bu sahədə dövlət orqanlarının, fiziki və hüquqi şəxslərin hüquq və vəzifələrinin mövcud ictimai münasibətlərə uyğun şəkildə tənzimlənməsində mühüm əhəmiyyət kəsb edir.

2004-cü ilin yanvar ayında Bakıda keçirilmiş “Böyük İpək Yolu dövlətlərində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə” mövzusundakı beynəlxalq konfransın iştirakçılarına müraciətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qeyd etmişdir ki, coğrafi mövqeyindən, ictimai-iqtisadi quruluşundan, inkişaf səviyyəsindən, mədəni və tarixi əlaqələrindən asılı olmayaraq elə bir ölkə yoxdur ki, dövrümüzün qlobal problemlərindən biri olan narkotiklərin qanunsuz dövriyyəsi ilə qarşılaşmasın. Bu, bir daha göstərir ki, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin səmərəliliyi üçün birgə səylərlə ciddi, kəskin, barışmaz və ardıcıl tədbirlərin həyata keçirilməsi olduqca zəruridir.

Ölkə başçısı cənab İlham Əliyev İslam Konfransı Təşkilatına üzv olan dövlətlərin hüquq-mühafizə orqanları rəhbərlərinin 2009-cu il aprel ayının 21-də Bakıda keçirilən konfransının iştirakçılarına ünvanladığı təbrik məktubunda beynəlxalq əməkdaşlığın əhəmiyyətini xüsusi vurğulamışdı:”... Terrorizm, separatizm, silahların və narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri, qanunsuz miqrasiya, cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərinin leqallaşdırılması kimi cinayətlər transmilli xarakter daşıdığından dövlətlərin birgə dinc yanaşı yaşamasına ciddi təhlükə yaradır. Ona görə də xalqımızın ümumi rifahına nail olmaq, təhlükəsizliyi təmin etmək məqsədi ilə sosial-iqtisadi, siyasi tədbirlərlə yanaşı, cinayətkarlığa qarşı mübarizənin səmərəli şəkildə həyata keçirilməsi vacibdir".

Həmin konfransda çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov demişdir ki, tədbirdə məqsəd İKT-nin üzvü olan dövlətlər arasında hüquq-mühafizə sahəsində qarşılıqlı əməkdaşlığın əsas istiqamətlərini müəyyən etməkdir. Konfrans ölkələr arasında transmilli mütəşəkkil cinayətkarlığın, beynəlxalq terrorçuluğun, ekstremizmin, təcavüzkar separatizmin, silahların, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin, insan alverinin, qanunsuz miqrasiyanın, cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının, terrorçuluğun maliyyələşdirilməsinin və korrupsiyanın qarşısının alınmasına öz töhfəsini verəcək, əməkdaşlığın gücləndirilməsində mühüm rol oynayacaqdır.

Baş nazirin müavini qeyd etmişdir ki, Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır və bu ərazilər nəzarətdən kənarda qalmışdır. Həmin ərazilərdə transmilli mütəşəkkil cinayətkarlığın inkişafı üçün münbit şərait yaradılmışdır ki, bu, təkcə Azərbaycana yox, bütün regiona mənfi təsir göstərir. Bu baxımdan transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizə ölkələrimizin hüquq-mühafizə orqanlarının fəaliyyətinin regional və beynəlxalq səviyyələrdə əlaqələndirilməsini tələb edir...

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubovun sədrlik etdiyi konfransın ikinci sessiyasında silahların, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi, insan alveri, qanunsuz miqrasiyaya qarşı mübarizə məsələləri müzakirə olunmuşdur. Nazir Ramil Usubov bildirmişdir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı təkcə daxili işlər orqanları tərəfindən aşkar edilmiş faktların sayı son 15 ildə 71 faiz artmış və əsas diqqət qanunsuz dövriyyədən ağır təsirə malik narkotiklərin çıxarılmasına yönəlmişdir. Həmin dövrdə 6 min tona yaxın narkotik tərkibli bitki aşkarlanaraq yaşıl kütlə halında məhv edilmişdir.

Qarşıda duran mühüm vəzifələrdən danışan Ramil Usubov vurğulamışdır ki, onlardan biri də ölkəmizin geosiyasi mövqeyi baxımından, onun ərazisindən narkotiklərin digər ölkələrə daşınmasında transmilli qruplaşmaların tranzit dəhlizi kimi istifadə etmələrinin qarşısını almaqdır. Azərbaycanın Orta Asiya ölkələri, İran, Türkiyə, Rusiya, Gürcüstan və digər dövlətlərin hüquq-mühafizə orqanları ilə sıx peşəkar əlaqələr qurduğunu deyən Ramil Usubov qeyd etmişdir ki, işgüzar münasibətlərimizdə, həmkarlarımızın bəhrələnə biləcəyi kifayət qədər müsbət təcrübə əldə etmişik. Bu potensialdan tam həcmdə istifadə olunmasının vacibliyinə isə şübhə yoxdur.

Bu günlərdə isə Avstriyanın paytaxtı Vyana şəhərində Avropada narkotiklərlə mübarizə sahəsində fəaliyyət göstərən hüquq-mühafizə orqanları rəhbərlərinin (HONLEA) VIII müşavirəsi keçirilmişdir. BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə üzrə İdarəsi (BMTNC) tərəfindən təşkil olunmuş müşavirənin məqsədi narkotiklərlə mübarizə sahəsində regional və subregional əməkdaşlıqla bağlı mövcud vəziyyəti müzakirə etmək və HONLEA-nın VII müşavirəsinin yekun tövsiyələrinin həyata keçirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparmaq idi. Müvafiq işçi qruplarında Avropa regionundakı hüquq-mühafizə orqanlarının üzləşdiyi operativ və digər spesifik problemlərin müəyyənləşdirilməsi, narkotiklərin daşınması ilə bağlı milli, subregional və regional səviyyədə tətbiqi mümkün tədbirlər müzakirə edilmiş, müvafiq təklif və tövsiyələr səsləndirilmişdir.

Müşavirədə Azərbaycanı Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi rəisinin rəhbərliyi altında Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarından ibarət nümayəndə heyəti təmsil edirdi.

“Azərbaycan Respublikasında narkotik vasitələrin və onların prekursorlarının qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə üzrə fəaliyyətin təşkili” mövzusunda məruzə ilə çıxış edən nümayəndə heyətinin rəhbəri bildirmişdir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi beynəlxalq terrorizm və mütəşəkkil cinayətkarlığın digər formalarının əsas maliyyə mənbəyi kimi cəmiyyətin sağlam inkişafına mənfi təsir göstərir, hər bir dövlətin sosial asayişinə təhlükə yaradır. Bu səbəbdən də problemin həllinə kompleks yanaşma tələb olunur.

Azərbaycan Respublikasının geostrateji vəziyyəti qaçaqmalçılara onun ərazisindən narkotik vasitələrin Avropaya daşınması üçün tranzit ölkə kimi sui-istifadə etməsinə şərait yaradır. Xüsusilə qeyd edilməlidir ki, Azərbaycanın 20 faiz ərazisinin Ermənistan tərəfindən işğalı təkcə ölkəmizdə deyil, eyni zamanda, bütün regionda narkotik vasitələrlə bağlı vəziyyətə öz mənfi təsirini göstərməkdədir. Dağlıq Qarabağ və ona bitişik yeddi rayonun Ermənistan tərəfindən işğalı nəticəsində Azərbaycan İran İslam Respublikası ilə 132 kilometrlik sərhəd xətti üzərində nəzarəti itirmişdir. Göstərilən ərazilərdə Azərbaycanın dövlət nəzarəti olmadığından narkomafiyaya, narkotik tərkibli bitkilərin becərilməsi, narkotik vasitələrin istehsalı, o cümlədən qaçaqmalçılıq yolu ilə satış üçün başqa ölkələrə aparılmasına münbit şərait yaranmışdır.

Qeyd edilmişdir ki, Azərbaycanda ölkə rəhbərliyi narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə bağlı hüquqi bazanın gücləndirilməsi, hüquq-mühafizə orqanlarının fəaliyyətinin səmərəsinin artırılması və beynəlxalq əməkdaşlığın dərinləşdirilməsinə xüsusi diqqət yetirir.

Azərbaycan Prezidentinin sərəncamı ilə yaradılmış Narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyası xüsusi xidmət və hüquq-mühafizə orqanları arasında bu sahədə məlumat mübadiləsi aparılmasına, əməliyyat-axtarış və profilaktiki tədbirlərin həyata keçirilməsinə, beynəlxalq əməkdaşlığın genişləndirilməsinə xidmət edir.

Bununla yanaşı, Daxili İşlər Nazirliyində narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkotik aludəçiləri ilə bağlı ümumrespublika məlumat bazası yaradılmışdır. Həmin məlumat bazası prokurorluq, ədliyyə, milli təhlükəsizlik, gömrük, sərhəd xidməti orqanlarının informasiyalarını özündə ehtiva edir və bu da ölkədəki narkotiklərlə bağlı vəziyyəti real qiymətləndirmək, cinayətkarlığı proqnozlaşdırmaq, bu sahə ilə mübarizədə prioritetləri müəyyənləşdirmək imkanı yaradır.

BMT-nin tövsiyələrinə müvafiq olaraq, respublikamızda 2012-ci ilədək narkomaniya, narkotiklərin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə milli proqram həyata keçirilir. Narkotiklərlə mübarizə sahəsində milli qanunvericilik aktları ilə yanaşı, Azərbaycan BMT-nin üç mühüm konvensiyasına qoşulmuşdur. Eyni zamanda, BMT-nin İnkişaf Proqramı və Avropa İttifaqının maliyyələşdirdiyi “Cənubi Qafqazda Narkotiklərə Nəzarət” (SKAD) regional yardım proqramı çərçivəsində Azərbaycana texniki və metodiki yardım göstərilir, treninqlər təşkil edilir və xüsusi texnika və nəqliyyat vasitələri ayrılır.

Həmçinin vurğulanmışdır ki, son illərdə ölkə rəhbərliyinin yürütdüyü gənclər siyasəti, yüksək səviyyəli forumların təşkili narkomaniyanın qarşısının alınmasında əhəmiyyətli profilaktiki rol oynayır. Hazırda dövlət səviyyəsində ölkədə narkotiklərlə bağlı vəziyyətə, narkotiklərin respublikaya gətirilmə və aparılması kanallarına nəzarətin gücləndirilməsi üçün lazımi ölçülər görülür.

Müşavirənin yekununda bildirilmişdir ki, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə bağlı qlobal problemin öhdəsindən təkbaşına və birtərəfli tədbirlər vasitəsilə gəlmək mümkün deyildir. Beynəlxalq əməkdaşlıq, xüsusilə keçid dövrü iqtisadiyyatına sahib ölkələrə, eləcə də silahlı münaqişələrə cəlb olunmuş dövlətlərə yardım göstərilməsi beynəlxalq bəla ilə mübarizədə həlledici əhəmiyyətə malikdir.

BMTNC-nin müraciətinə əsasən, bir sıra ölkələrlə yanaşı, Azərbaycan nümayəndə heyəti də narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı ölkədəki vəziyyətə dair arayışı müşavirənin yekun hesabatında nəzərə alınması üçün təqdim etmişdir.

Müşavirə çərçivəsində Azərbaycan nümayəndə heyəti Rusiyanın Narkotiklərlə Mübarizə üzrə Federal Xidməti rəisinin birinci müavini Vladimir Kalandanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirmişdir. Görüşdə qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə olunmuşdur.

Qeyd edim ki, hər ilin yekununda ölkədəki narkotik vəziyyətə dair əməliyyat şəraiti geniş təhlil olunur, narkotik vasitələrin qanunsuz dövriyyəsi və onlardan sui-istifadə halları ilə mübarizə sahəsində nöqsan və çatışmazlıqların aşkar edildiyi şəhər-rayon polis orqanlarına müxtəlif məzmunlu təlimatlar göndərilir. Bundan başqa, Ümummilli Məlumat Bankına daxil edilməsi üçün nəzərdə tutulan kartoçkalarla proqram təminatı arasında yaranan uyğunsuzluqlar aradan qaldırılır, ərazi polis və aidiyyəti dövlət orqanlarından alınan məlumatların həmin banka daxil edilməsi təmin olunur.

Regional əməkdaşlığın gücləndirilməsi, narkotiklər üzərində hüquqi nəzarətin və əməliyyat üsullarının yerli şəraitə uyğun tənzimlənməsi, beynəlxalq nəzarətli göndəriş prosedurlarının, eləcə də narkotiklərlə bağlı kəşfiyyat məlumatlarının toplanılması və paylanması işinin yaxşılaşdırılması, bu sahədə polisin mübarizə qabiliyyətinin artırılması məqsədilə baş idarənin əməkdaşları bir sıra beynəlxalq təşkilatların tədbirlərində fəal iştirak edirlər.

Ötən il DİN-in kollegiya qərarları, hörmətli nazirimiz Ramil Usubovun müvafiq əmr və göstərişlərinin tələblərindən irəli gələn vəzifələrin icrasının yerində öyrənilməsi məqsədilə baş idarə tərəfindən şəhər-rayon polis şöbələrinə xidməti ezamiyyətlər təşkil olunmuşdur. Ezamiyyətlərin nəticələri nazirliyin rəhbərliyinin yanında geniş müzakirə olunmuş, xidməti fəaliyyətdə yol verilmiş nöqsanlara görə bir neçə şəhər-rayon polis orqanlarının narkotiklərlə mübarizə xidmətlərinin əməkdaşları intizam məsuliyyətinə cəlb edilmiş, bəziləri isə ciddi xəbərdarlıq almışlar. Eləcə də yoxlama zamanı aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün ərazi polis orqanlarına əməli köməkliklər göstərilmişdir. Bundan başqa, anti-narkotik təbliğat sahəsində həyata keçirilən tədbirlər televiziya, radio və digər kütləvi informasiya vasitələrində geniş işıqlandırılmış, bir sıra yerlərdə yetkinlik yaşına çatmayanlarla narkomanlıq, narkotiklərin sağlamlığa vurduğu ziyanla bağlı mövzularda seminarlar keçirilmişdir.

Ötən il narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş tədbirlər daha məqsədyönlü və səmərəli olmuşdur. Belə ki, 2008-ci ildə ölkədə 2723 fakt qeydə alınmışdır. Bu 2007-ci ildəkindən 359 fakt çoxdur. 2723 faktdan 1044-ü satış, 1566-sı saxlama, 97-si əkinlə bağlıdır. O cümlədən, götürülmüş narkotik vasitələrdən marixuana 210 kiloqramdan çox, həşiş 345 kiloqramdan çox, tiryək 55 kiloqram 146 qram, heroin 38 kiloqram 459 qram, metadon 3,215 qram olmuşdur. Ötən il 54 xarici vətəndaşdan 116 kiloqram 883 qram müxtəlif növ narkotik vasitə müsadirə edilmişdir. Saxlanılan şəxslər arasında 24 nəfər İran İslam Respublikasının, 17 nəfər Gürcüstan, 12 nəfər Rusiya Federasiyası, 1 nəfər isə Ukrayna vətəndaşı olmuşdur.

Azərbaycan Respublikasında narkotik tərkibli bitkilərin müəyyən məqsədlərlə qanuni əkilməsi həyata keçirilməsə də, ölkədə və onun hüdudlarından kənarda narkotik vasitələrin satış bazasının genişlənməsi ilə əlaqədar narkotik tərkibli bitkilərin qanunsuz əkilib-becərilməsi halları xeyli artmışdır. Belə halların qarşısının alınması məqsədilə keçirilən “Xaş-xaş-2008” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində çəkisi 347 tondan çox narkotik xassəli bitki aşkar olunaraq məhv edilmişdir. Bu iş cari ildə də davam etdirilir. Təkcə son günlərdə şimal-qərb rayonlarının ərazilərində yabanı şəkildə yetişən külli miqdarda çətənə kolları aşkarlanaraq məhv edilmişdir.

Avropa və Asiya qitələrinin qovşağında yerləşən Azərbaycanın coğrafi-strateji mövqeyi onun ərazisinin narkotiklərin tranzit daşınmasına əlverişli şərait yaratması baxımından bu marşrutdan istifadə olunmasına mütəmadi cəhdlər göstərilir. Əsasən ölkənin cənub bölgəsi ərazisindən istifadəyə üstünlük verən cinayətkarlar müxtəlif üsullarla öz çirkin əməllərini həyata keçirməyə çalışırlar. Lakin onların cəhdlərinin qarşısı qətiyyətlə alınır. Təkcə bu ilin may ayında əməkdaşlarımızın keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan iki transmilli mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilmişdir. Onlardan ümumilikdə 121 kiloqramdan çox müxtəlif tərkibli narkotik vasitə götürülmüşdür.

Cinayətkar dəstələrdən birinin üzvləri olan İran İslam Respublikasının vətəndaşları Behzad Əmiri və Rəhman Zəmani saxlanılarkən istintaqa ifadələrində narkotik vasitənin Abuzər adlı həmyerlilərinə məxsus olduğunu bildirmişlər. İstintaqla o da müəyyən edilmişdir ki, Abuzər Behzad Əmiriyə zəng vuraraq narkotik maddələrin müəyyən hissəsini bir nəfərə verməyi tapşırmışdır. Sonuncu isə narkotik maddələri görüş yerinə gətirməyi Rəhman Zəmaniyə həvalə etmişdir. Elə burada da həm Behzad Əmiri, həm Rəhman Zəmani, həm də şərti alıcı polis əməkdaşları tərəfindən cinayət başında yaxalanmışlar. Narkotik vasitələrin əsas hissəsi isə onların kirayədə yaşadıqları mənzildən götürülmüşdür.

İdarə əməkdaşlarının davam etdirdikləri əməliyyat tədbiri ilə analoji cinayətlər törədən daha bir transmilli mütəşəkkil dəstə zərərsizləşdirilmiş, onun 4 üzvü tutulmuşdur. Həbs edilən Astara rayon sakini İsrafil Muqdilov, Bakı şəhər sakinləri Elçin Məmmədov, Rəşad Rzayev və İran İslam Respublikasının vətəndaşı Behruz Rəvan Buddur. Onlardan 81 kiloqram 236 qram tiryək götürülmüşdür.

Araşdırmalar göstərir ki, güclü təsirə malik narkotik vasitələr ölkə ərazisinə əsasən qonşu dövlətlərdən — Əfqanıstandan, İran İslam Respublikasından, Rusiya Federasiyasından və Orta Asiya respublikalarından gətirilir. Həmin narkotiklərin bir hissəsi yerli “qara bazara” daxil olsa da, digər hissəsi müxtəlif gizli üsullar və yollarla Avropa ölkələrinə daşınır.

Narkotik vəziyyətin son illər üzrə aparılmış təhlili göstərir ki, güclü təsirə malik heroinin respublika ərazisinə təzə daxil olduğu və aşkar edilmiş faktlara görə çəkisinin heç 100 qramı ötmədiyi müşahidə edilirdisə, artıq ötən il bu rəqəm 38 kiloqram 459 qram (2007-ci ildə 37 kiloqram 018 qram) olmuşdur. Bununla belə, bir sıra şəhər və rayonlarda narkotiklərlə bağlı aşkar olunmuş cinayətlərin sayı və qanunsuz dövriyyədən götürülmüş narkotiklərin, o cümlədən onların güclü təsirə malik növlərinin miqdarı heç də real vəziyyəti əks etdirmir.

Son illər Bakı, Sumqayıt və Gəncə şəhərlərinin polis orqanlarında narkotiklərlə mübarizə sahəsində əvvəllər aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün lazımi tədbirlər görülmüşdür. Paytaxtın polis orqanları narkotiklərlə mübarizə sahəsində qüvvə və vasitələrdən, mövcud potensialdan bacarıqla istifadə edərək keçən il şəhər üzrə 210 kiloqramdan çox (2007-ci ildə 84 kiloqrama yaxın) müxtəlif növ narkotik vasitələri dövriyyədən çıxarmışlar.

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində qəbul edilmiş qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, digər normativ-hüquqi sənədləri əldə rəhbər tutan əməkdaşlarımız işdə yol verilən nöqsan və çatışmazlıqların aradan qaldırılmasına bundan sonra da ciddi səy göstərəcək, ölkədə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə işini müasir dövrün tələblərinə uyğun təşkil edərək qarşıda duran vəzifələrin layiqincə yerinə yetirilməsinə çalışacaqlar.

Sonda idarəmizin kollektivi adından Polis Günü münasibəti ilə ömrünü cinayətkarlığa qarşı çətin və şərəfli peşəyə həsr etmiş bütün həmkarlarımızı səmimi qəlbdən təbrik edir, onlara işlərində yeni-yeni müvəffəqiyyətlər arzulayıram.

 

 

Söhbəti qələmə aldı: Telman ƏLİYEV

 

Xalq qəzeti.- 2009.- 1 iyul.- S. 4.