“Qızlar, halaya gəlin, halaya...”

 

“Halay” folklor xalq kollektivinin 50 yaşı var

 

Əlli ildir ki, bu çağırışla rəqqasələr meydana atılır və oxuyub-oynayırlar:

 

Ay lo-lo, qızıl üzük laxladı,

Ay lo-lo, verdim anam saxladı...

 

Bu “Halay”ın səsidir. Qədimlərdən süzülüb gələn, üzü sabaha gedən və yolboyu ürəkləri fəth eləyib arxasınca aparan sehrli səs!

“Halay” adamı ilkinliyinə qovuşdurur, keçmişinə haraylayır, bugününə bağlayır. “Halay”ın şənlik eşqi, toy-nişan ovqatı, məhəbbət şövqü bir anda hamını — qocanı da, cavanı da “yoluxdurur”, coşqusu, duyğu seli hər kəsi ruhlandırır, ilhamlandırır. Nənəm demiş, əyninə yedditaxta tuman geyinən, belinə güllü-güllü şal bağlayan talış gözəllərinin şirin ləhcələri, qızılı-gümüşü cilvələri üzlərə təbəssüm qondurur, gözləri qamaşdırır. Baxırsan, dinləyirsən və ortalıqda olmasa da, gözünə cəhrə, nehrə, nənni, təkəlduz, tikmə, mücrü görünür...

Kütləvi vokal-xoreoqrafiya janrını yaşadan qızlar hamılıqla Masallının Mahmudavar kəndini təmsil edirlər. Azərbaycanı tanıdırlar. Şərqi göstərirlər. “Qızıl buta”, “Qızıl balta” beynəlxalq mükafatları, laureat medalları, diplomları var. “Halay” əlli yaşına çatsa da, necə deyərlər, sifətində qırışdan əsər-əlamət tapmazsan. Gənclik təravəti, gözəlliyi sanki əbədidir. Nəsilləri dəyişir, amma ənənələri dəyişmir, əksinə, artır, inkişaf edir. Bulaq elə hey qaynayır...

İlk dəfə Ümbülbanu Cəbiyeva 1957-ci ildə tək ifada istedadını sərgiləyib. 1958-ci ildə Bakıda keçirilən Ümumittifaq xalq yaradıcılığı festivalında o, rəfiqəsi Tehran Əbilova ilə çıxış edib. Sonra rəqqasə qızların sayı artmağa başlayıb və 1959-cu ildə ansambl yaradılıb. Otuz il əvvəl Lətifə Mövsümova rayon mədəniyyət şöbəsinə müdir vəzifəsinə gələndən sonra “Halay” daha da pardaxlanıb, necə deyərlər, dünya arenasına çıxıb, ad-san qazanıb. Bu nadir xalq kollektivinin məşqlərinə tanınmış xoreoqraf, xalq artisti Roza Cəlilova, baletmeyster Fərhad Əliyev və başqaları dəvət olunublar, rəqslərə quruluş veriblər. Onların yaxından köməkliyi ilə “Ay ləli”, “Nar, ey nar”, “Masallı toyu” kompozisiyası, “Yar, ey yar”, “Sonalar”, “Dilşadı”, “Nargilə” pərvazlanıb, ecazkar sirri-sehri ilə seyrçiləri heyran edib.

“Halay”ın təməlini qoyan Ümbülbanu Cəbiyeva üç ildir ki, dünyasını dəyişib. Tehran Əbilovanın indi 85 yaşı var, amma “Halay”dan söz düşəndə gözlərinə sanki işıq gəlir, əl ağacını atıb oynamaq istəyir. Zemfira Şahverdiyeva da nəvələrinə və dil-ədəbiyyatdan dərs dediyi şagirdlərinə 10 il qolboyun olduğu “Halay”dan əfsanələr danışmağı sevir.

“Halay” sanki çoxuşaqlı bir ailədir. Uşaqların hamısını bir yerə yığmaq, asan deyil. Ərə gedib uzaqlaşan, ana olub bala böyüdən, təhsil dalınca gedib ayrı sənət yiyəsi olan qızları məşqə toplamaq, geyindirib-keçindirmək, xarici ölkələrə aparıb gəzdirmək, əcnəbilərin qarşısında oynatmaq çətinliklər hesabına başa gəlir. Kənd yeridir deyə, gözü götürməyənlər, ağız büzənlər əskik olmur. Bəzən bu səbəbdən qız ataları da “tərslik” edir, az qalırlar işi pozsunlar. Belə hallarda Lətifə xanımın “diplomatiyası” kara gəlir o, inandırmaq bacarığı, “daşdan keçən” sübut-dəlilləri ilə hər kəsi yola gətirə bilir və “çarəsiz” atalar nəhayət: “qızımı sənə əmanət”, — deyib razılaşırlar.

Mehparə Yusifova və Heyran Sadıqova 35 ildir ki, “Halay”dadırlar. Mehparənin oğlu və qızı da yaxşı oynayır, konsertlərdə “Tərəkəmə”, “Yallı” kimi rəqsləri ilə “Halay”ın çıxışlarına rəng qatırlar. Baldızı qızı Xəyalə isə artıq “Halay”ın aparıcı üzvünə çevrilib, “Vağzalı-Mirzəyi” rəqsində solo ifaçıdır. Bacısı qızı Elnarə də ondan geri qalmır.

Heyran da 35 ildə çox qohum-əqrabasını “Halay”a gətirib. Elə kiçik bacıları Səliqə və İranə Sadıqovalar ansamblın gözü deyillərmi? Tahirə və Ruhanə Nəsirova, Xədicə və Rufanə Quliyeva bacıları da illərdir ürəklərinin hərarətini, hiss və həyəcanlarını “Halay”la bölüşürlər. Qızların toylarında “Halay” bir “oyun” çıxarır ki, gəl, görəsən! Adamların çapan çalmaqdan əlləri göynəyir.

“Halay” 1981-ci ildən xalq kollektivi adını daşıyır. O vaxt ansambla baletmeyster və müşayiətçi ştatları da verilib. 1982-ci ildə Masallı qızları Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi kimi çox mötəbər tədbirdə elə böyük halay qurub “vur-çatlasın” salıblar ki, səsi-sədası dünyaya yayılıb.

Təəssüf ki, ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəni bürüyən xaos və baxımsızlıq üzündən “Halay”, necə deyərlər, pozulub və az qalıb ki, sapı qırılan muncuq danələri kimi ora-bura səpələnsin. Yenə də Lətifə xanım sağ olsun, onun fədakar səyləri sayəsində “Halay” birliyini saxlaya bilib, pərən-pərən düşməyib. Yenidən bir sapa düzülüb incilər, mirvarilər, mərcanlar.

Ay ləli, hər düyməsi bir mərcan...

Halay janrına aid edilən rəqs-mahnılar qədim əyyamlarda yalnız əmək prosesi ilə bağlı olub, sonralar isə yeni məzmunla (məişət, məhəbbət və s.) zənginləşib. Yallıdan fərqli olaraq, halay əsasən qadınlar tərəfindən ifa edilir. İki dəstəyə bölünən ifaçılar növbə ilə təkrarlamaqla oxuyub-oynayırlar. Hər dəstənin başında əliqavallı halaybaşı durur. Bir dəstə ilk misranı deyib müxtəlif xoreoqrafik mizanla yerinə qayıdır və ikinci misranı oxuyanda digər dəstə həmin hərəkətləri eynilə təkrar edir. Beləcə, zəncirvari, çoxsəsli bir tamaşa yaranır. Ənənəvi halay rəqs-mahnılarının mətni bayatılardan ibarət olur. Melodiya sadə və yaddaqalan, xoreoqrafik hərəkətlər orijinaldır. Fərəhlidir ki, “Halay” folklor xalq kollektivi bütün bunları çox təbii şəkildə və ustalıqla təqdim edə bilir.

... Bir dəfə çox mötəbər bir tədbirdə “Halay” iki rəqsi dalbadal ifa etməliymiş. Qızların kostyumu dəyişməsi isə vaxt aparacaqdı. Bəs, nə etməli? Problem bir günə həllini tapmalı idi. Lətifə xanım çox məşhur olan, hətta SSRİ xalq artisti Zeynəb Xanlarovanın libaslarını hazırlayan modelyerə müraciət edir. Qızın sənət yanğısı modelyerin ürəyinə rəhm salır. Birlikdə gedib İtaliya istehsalı olan elə parça seçirlər ki, avandı da, tərsi də eyni dərəcədə gözəl olur. Həmin axşam üç düjün rəqqasənin bir-bir ölçüləri götürülür və konsertə qədər parçaların hamısı biçilib-tikilir. Konsertdə isə allı-güllü libasda ilk nömrəni ifa edən qızlar pərdə arxasından hərlənib gəlincə kostyumlarını cəld və məharətlə tərs üzünə çevirib tamamilə başqa görkəmdə yenidən səhnədə görünür və növbəti rəqsi təqdim etməyə başlayırlar. Bu “möcüzə” seyrçilərin sürəkli alqışları ilə müşayiət olunur. “İkiüzlü” kostyumlar beləcə vəziyyətdən çıxmağa kömək edir.

Masallı Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri, respublikanın əməkdar mədəniyyət işçisi Lətifə MÖVSÜMOVANIN dedikləri:

— Ümbülbanu Cəbiyeva “Halay”ın ilk fidanı və yaradıcısı olub. İlbəil ansambl formalaşıb, ustalaşıb və tanınıb. Rusiyada, Ukraynada, Belarusda, Cürcüstanda, İraqda, Macarıstanda, Dağıstanda dəfələrlə konsertlər verib, festivallarda iştirak etmişik. Təkcə Türkiyənin 15 şəhərində çıxışlarımız olub. Ansambl haqqında filmlər çəkilib, kitablar yazılıb. Bəzən səfərlərə Masallının el sənətkarlarının əl işlərini də aparır, sərgidə nümayiş etdiririk. Fasilələrdə milli mətbəximizin gözəl təamlarına hamını qonaq edirik. Bütün bunlar yaxşı səmərə verir. Xarici seyrçilər, məşhur incəsənət ustaları, şairlər, yazıçılar, jurnalistlər sənətimizi, milli mədəniyyətimizi yüksək qiymətləndirirlər.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev bizdən qayğı əlini əsirgəmir. Hər cür maddi və mənəvi dəstək göstərir. Bu gördüyünüz təzə kostyumları da onun sayəsində əldə etmişik, səfərlərə də onun köməkliyi ilə çıxmışıq. Hələ neçə-neçə solistimizin aylıq əməkhaqqı həcmində mükafatlandırılmasını demirəm. Təsadüfi deyil ki, üzvlərimizin sayı artıq yenidən 20 nəfərə çatıb. Bu, əlbəttə, bizi ruhlandırır, yeni-yeni uğurlara kökləyir. Biz də yaxşılığı, diqqəti cavabsız qoymuruq, xalqımızın, millətimizin başını uca etməyə çalışır və buna az-çox nail ola bilirik.

Əlli yaşını oktyabrda qeyd etməyə hazırlaşan “Halay” bu yaxınlarda Meksikaya dəvət alıb. İmkan olsa, gedib okeanın o tayında da Azərbaycanı təmsil edəcək.

... Bu günlərdə “Xəzər TV-də” “Halay” yenə də halay çəkmişdi. Ekran əriş-arğacı gülən xalıya, gülü-çiçəyi oynayan çəmənliyə bənzəyirdi. Qızların oynaq rəqsləri, şən zəngulələri İstisu meşələrində, çay vadisində, dağlarda-daşlarda əks-səda verir, könülləri riqqətə gətirirdi. Dağlar bir boy da uca görünürdü.

Həmişə belə, “Halay”!

 

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2009.- 2 iyul.- S. 7.