Ucarda səhiyyə ölkənin ümumi inkişafı fonunda tərəqqi edir

 

Sosial infrastrukturun inkişafına böyük vəsaitlər qoyuldu, 2 minə yaxın yeni məktəb, yüzlərlə yeni xəstəxana, tibb, mədəniyyət ocaqları tikildi. Yəni bu sahə heç vaxt diqqətdən kənarda qalmamalıdır.

 

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Bu yazıda bir mütəxəssis, rayon miqyaslı təşkilatın rəhbəri kimi əhalinin sağlamlığı naminə gördüyümüz işlər, qazandığımız uğurlar və qarşımızda duran vəzifələr barədə söz açmaq istəyirəm. Ancaq öz fikir və mülahizələrimi söyləməmiş möhtərəm dövlət başçısının bir nitqindən sitat gətirdim. Çünki həmin sitat mənim yazımın ümumi məğzini yüksək səviyyədə ifadə edir. Bu gün ölkənin elə bir sahəsi ola bilməz ki, dövlətin və dövlət başçısının diqqətindən kənarda qalsın. Xüsusən, səhiyyə sahəsi, insanların sağlamlığının yüksək səviyyədə qorunması cənab dövlət başçımızın gündəlik iş proqramında özünəməxsus və daimi yer tutan məsələlərdəndir.

 

Fikrimi əsaslandırmaq üçün hörmətli nazirimiz Oqtay Şirəliyevin bu il aprel ayının 22-də Nazirlər Kabinetinin 2009-cu ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr edilmiş iclasındakı çıxışına istinad edirəm. Cənab nazir öz çıxışında çox maraqlı məqamlara toxundu: “Son illər elə ay olmayıb ki, ölkəmizin başçısı hansısa tibb müəssisəsində olmasın. O, həm yeni səhiyyə ocaqlarının təməlqoyma mərasimlərində iştirak edir, həm tikinti meydançasına gələrək inşaat işlərinin gedişi ilə maraqlanır, həm də açılış mərasimlərində şəxsən iştirak edərək öz xeyir-duasını verir. Məhz cənab Prezidentin bu diqqətinin nəticəsidir ki, son beş ildə 300-ə yaxın tibb müəssisəsi tikilərək, yaxud əsaslı şəkildə təmir olunaraq əhalinin istifadəsinə verilmişdir”. Yüksək qiymətləndirmə, obyektiv fikirlərdir. Səhiyyə mütəxəssisi kimi cənab İlham Əliyevin bizim sahəyə göstərdiyi qayğı və diqqətin bütün məqamları göz qabağındadır.

Xüsusilə qeyd edilməli məqamlardan biri də odur ki, səhiyyə ocaqlarının maddi-texniki bazasının gücləndirilməsi, dərmanlarla və avadanlıqla təchizat ilk növbədə maliyyə vəsaitinin artırılması ilə bağlıdır. Bu məsələ də Səhiyyə Nazirliyi tərəfindən yüksək səviyyədə həll edilir. Bunun üçün isə təbii ki, ilk növbədə büdcədən səhiyyə xərclərinə ayrılan vəsait artırılmalıdır. Diqqət yetirin: son 5 ildə büdcədən səhiyyə xərclərinə ayrılan vəsait 5 dəfəyədək artırılaraq, cari il üçün 508,9 milyon manat nəzərdə tutulmuşdur. Məhz bunun nəticəsində səhiyyə sahəsində nəzərəçarpacaq irəliləyişə nail olunur. Biz məmnunuq ki, həmin irəliləyişdə Ucarın səhiyyə işçilərinin xidməti də böyükdür, danılmazdır.

Son zamanlar Ucar səhiyyəsində sahənin inkişaf etdirilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi, müasir avadanlıqların tətbiq edilməsi və kadr problemlərinin həlli istiqamətində kifayət qədər işlər görülmüşdür. Xəstəxananın reanimasiya şöbəsi əsaslı şəkildə təmir edilərək müasir səviyyəyə qaldırılmış, müalicə və qulluq üçün vacib olan bütün şəraitlər yaradılmış, kardiomonitor, müasir oksigen təchizatı qurğusu tətbiq edilməyə başlanılmışdır. Eləcə də xəstəxana funksional çarpayılarla təchiz olunmuşdur. Poliklinikada stomotoloji kabinetlər, qeydiyyat otağı təmir edilmiş, sifariş əsasında müasir avadanlıq alınaraq quraşdırılmışdır.

Müasir tipli “Ultrasəs” müayinə avadanlıqlarının tətbiqi nəticəsində bü müayinə üsulu uğurla davam etdirilir. Ginekoloji, nevroloji, terapevtik, cərrahi, oftolmoloji və digər kabinetlərdə təmir işləri qurtarmış, doğum şöbəsində, Uşaq xəstəxanasının bəzi şöbələrində təmir işləri aparılmışdır. Eyni zamanda doğum şöbəsində dünyaya yeni gəlmiş uşaqlar üçün 2 ədəd küvez quraşdırılmışdır. Bu da tənəffüs çatışmazlığı olan yeni doğulmuş uşaqlara keyfiyyətli tibbi yardım göstərilməsində xüsusi əhəmiyyətə malikdir. Yeri gəlmişkən, bu məsələ barədə danışarkən xatırladım ki, ulu öndərimiz Heydər Əliyev uşaqların sağlamlığının qorunmasına çox böyük önəm verirdi. “Uşaqların sağlamlığının qorunması hər bir dövlət üçün çox böyük və müqəddəs vəzifədir”. Cənab Prezident İlham Əliyev isə həmin məsələyə öz münasibətini “2009-cu ilin Uşaq ili elan edilməsi barədə” sərəncam imzalayarkən bildirmişdir.

Ucarda xəstəliklərin diaqnostikasında laborator müayinələrin genişləndirilməsinə diqqət xüsusilə artırılmışdır. Bu ildən Mərkəzi rayon xəstəxanasının müasir avadanlıqlardan biri olan “biokimyəvi analizator”un tətbiqinə başlanılmışdır və paralel olaraq laboratoriyanın yerləşdiyi otaqların təmiri işləri sürətlə aparılır. Eyni zamanda xəstəxananın aptekində, rentgen kabinetində, orta tibb işçilərinin xidmət otaqlarında da təmir işləri davam etdirilir.

Bütün bunlar cənab nazir Oqtay Şirəliyevin rəhbərliyi altında ölkə səhiyyəsində aparılan islahatların fonunda reallaşdırılır. İslahatlar uğurla davam etdirilir. Ucar xəstəxanasında ən son səhiyyə yeniliklərinin tətbiq edilməsi də həmin islahatların nəticəsidir. Hazırda 4 yeni kompyuter alınaraq uşaq xəstəxanasının pediatriya və poliklinika şöbələrində, eldəcə də doğum şöbəsində və ümumi poliklinikada yerləşdirilmişdir. Həmin kompyuterlərin köməyi ilə “Elektron sağlamlıq kartı” və “tibbi müayinə kartı” layihələri həyata keçiriləcəkdir. Bu sistemin tətbiqi nəticəsində valideynlər və sahə həkimləri hər bir uşaq, onun xəstəlikləri, genetik problemləri, müayinənin nəticələri, peyvəndləri və sair amillər barədə məlumat əldə edə biləcəklər. Ana və uşaqların sağlamlığının mühafizəsinin gücləndirilməsi sayəsində son iki ildə rayonda ana ölümü olmamış, eyni zamanda bu ilin 5 ayı ərzində 1 yaşa qədər uşaq ölümü qeyd edilməmişdir.

Səhiyyə Nazirliyi bu gün Ucarda qeydiyyatda olan hər bir şəkərli diabet xəstəsi üçün çox vacib hesab edilən qlükometr cihazını rayona göndərmiş və həmin cihazlar pulsuz olaraq xəstələrə paylanmışdır. Bu qəbildən olan xəstələrə cihazdan istifadə qaydaları öyrədilmiş və onların özləri tərəfindən qanda şəkərin miqdarının sərbəst təyin edilməsi vərdişi aşılanmışdır. Təcili və təxirəsalınmaz tibbi yardımın təşkili diqqət mərkəzindədir. Son zamanlar bu xidmət üçün alınmış 2 ədəd təcili tibbi yardım avtomaşınları və digər avadanlıqlar bu tibbi xidmət sahəsinin problemlərinin aradan qaldırılmasına yönəldilmişdir.

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafını təmin edən Dövlət Proqramının 2009—2013-cü illərə aid ikinci mərhələsi də bizim üçün uğurlu olacaqdır. Proqramın növbəti mərhələsində Ucar səhiyyəsinin inkişafına yönəldilmiş xeyli tədbirlər vardır. Ən başlıcası rayonumuzda yeni təcili tibbi yardım stansiyası tikiləcəkdir. Bu, bizim üçün çox önəmli faktdır. Gələn ildən başlayaraq mərkəzi rayon xəstəxanasının əsaslı təmirinə, eləcə də avadanlıq və inventarlarla təchiz olunmasına başlanacaqdır. Növbəti illərdə isə rayon Uşaq xəstəxanasının təmiri, avadanlıq və inventarlarla təchiz olunması nəzərdə tutulur. Sonrakı illərdə Gigiyena və Epidemiologiya Mərkəzinin binasının təmiri və təchizatı davam etdiriləcəkdir. Eyni zamanda rayonun Rəstəcə, Təzə Şilyan və Ramal kəndlərində tibb məntəqəsinin tikintisi aparılacaq, Müsüslü, Qarabörk və Alpoud kənd tibb məntəqələrinin yeni binalarının tikintisi həyata keçiriləcəkdir.

Biz əminik ki, qarşımızda duran bu vəzifələr uğurla öz həllini tapacaqdır. Çünki dövlət və dövlət başçımız səhiyyə sisteminə böyük qayğı və diqqət göstərir. Səhiyyə Nazirliyi və hörmətli nazirimiz regionlarda səhiyyənin problemlərinin həllini, tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsini daim diqqətdə saxlayır. Nəhayət, Ucar Rayon İcra Hakimiyyətinin başçısı Arzu Qafurov rayon həyatının bütün sahələri kimi səhiyyə sisteminin problemlərinin həllinə də daim yardımçı olur. Ucarın tibb işçiləri həm mərkəzi rəhbərliyin, həm də rayon rəhbərliyinin diqqət və qayğısına cavab olaraq rayon əhalisinin sağlamlığının keşiyində məhz dövlətin tələb etdiyi səviyyədə dayanacaqdır.

 

 

Rza ABDULLAYEV,

Ucar Mərkəzi Rayon

Xəstəxanasının baş həkimi

 

Xalq qəzeti.- 2009.- 2 iyul.- S. 5.