Orta tibb işçilərinin diplomdan
sonrakı təhsili
Diplomdan sonrakı təhsil — təkmilləşmə,
ixtisasartırma və
ixtisasdəyişmə kursları
müəyyən peşə
sahiblərinin kursda əldə etdikləri biliklərə əsasən
daha da savadlı,
səviyyəli olmasına
kömək edir. Bu, hər cür
kursların təşkil
edildiyi ilk illərdə
də belə olub, bu gün
də belədir.
Diplomdan sonrakı təhsil kurslarından birində — Səhiyyə Nazirliyinin göstərişi
ilə təşkil edilən “2009 - 2010-cu tədris
ili üçün
orta tibb işçilərinin və
əczaçılarının təkmilləşmə kursları”ndakı
tədrislə maraqlandıq.
Kurs 2 saylı baza tibb texnikumunda fəaliyyət göstərir.
Tibb məktəbinin diplomdan sonrakı təhsil üzrə direktor müavini Tahirə İmaniyeva ilə söhbətdən öyrəndik ki, Bakı şəhəri də daxil olmaqla Azərbaycanın bütün bölgələrindən ixtisas artırmaq, ixtisas dəyişmək və təkmilləşmək üçün hər il təxminən 3350 tibb bacısı dinləyici olaraq kurslarda iştirak edirlər. Baza tibb məktəbində 71 adda kurs təşkil edilib. Tibb bacıları müəyyən profillərdə: cərrahi, ginekoloji tibb bacıları, eyni zamanda mamalar, peyvənd otağının tibb bacıları, travmatoloji, stomatoloji, onkoloji və s. sahə üzrə orta tibb işçiləri, hətta ucqar kənd və qəsəbələrdəki feldşer-mama məntəqələrinin tibb bacıları bu kurslarda iştirak etməklə, dərslərdə əldə etdikləri bilikləri təcrübə məşğələlərində daha dərindən mənimsəyir, sonradan mükəmməl şəkildə öz işlərində tətbiq edirlər.
Həmsöhbətimiz bildirir ki, ixtisasa uyğun olaraq təşkil edilən bu kurslar 30, 45, 60 gün davam edir. Terapiya, pediatriya üzrə həm stasionar, həm də poliklinika sahə tibb bacıları bir aylıq, cərrahiyyə, reanimasiya tibb bacıları, həkim - epidemioloq köməkçiləri, sanitar - feldşerlər ay yarımlıq, kliniki laboratoriyaların feldşer laborantları, mamalar iki aylıq kurs keçirlər. Kurs müddətində dinləyicilərə nəzəriyyə dərsləri iki nömrəli tibb məktəbinin müəllimləri, təcrübə dərsləri isə həm məktəbin müəllimləri, həm də Bakı şəhərinin bu məqsədlə ayrılmış baza xəstəxanalarının təcrübəli həkimləri tərəfindən tədris olunur. Tahirə İmaniyeva Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səhiyyəyə göstərdiyi diqqət və qayğıdan fəxrlə söz açdı:
— Bu gün səhiyyədə aparılan ardıcıl və uğurlu islahatlar onu dünya səhiyyəsi ilə müqayisə olunacaq dərəcədə inkişaf etdirib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO- nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın dəstəyi ilə respublikanın bütün bölgələrində çoxsaylı xəstəxanaların təmiri, yenidən qurulması, tikilməsi, müalicə diaqnostika mərkəzlərinin açılması, həmin səhiyyə ocaqlarının yeni avadanlıqlarla təmin olunmasından qürur duyuruq. İndi müasir aparatlarla, son model diaqnostik cihazlarla təchiz olunmuş səhiyyə ocaqlarında hər cür xəstəliyin müayinə və müalicəsinə imkan verən şərait yaradılmışdır. Təşkil edilən belə kursların orta tibb işçiləri üçün bu mənada böyük əhəmiyyəti var. Belə ki, dinləyicilər bizə ayrılan baza xəstəxanalarında texnikumun müəllimlərindən başqa həmin xəstəxanaların təcrübəli həkimlərindən yenilikləri öyrənirlər, yeni üsullar, yeni dərman preparatları, yeni doğuş qaydaları ilə tanış olurlar. Adi xəstəxanada çalışan tibb bacısı müalicə diaqnostika mərkəzində işləmək üçün təkmilləşmə kursundan keçməli, mərkəzdəki qeyri-adi avadanlıqdan istifadə qaydalarını öyrənməlidir. Orta tibb işçisi hemodializ prosesini görmədən o aparatı xəstəyə necə qoşa bilər? Bir aylıq kurslarda keçilən 144 saat dərsin 60 saatı təcrübə, 84 saatı isə nəzəriyyə dərsi olur. Təcili yardım, gigiyena, dezinfeksiya, aseptika, antiseptika qaydalarının öyrədildiyi nəzəriyyə dərslərini məktəbin kitabxanasından istifadə edərək texnikumun müəllimləri dinləyicilərə öyrədirlər. Xüsusi olaraq qeyd etmək lazımdır ki, tibb məktəbinin direktoru Dilarə Məmmədəliyeva bu sahədəki yenilikləri daim izləyir, tibbə aid nəşr olunan bütün vəsaitlərlə kitabxananı təmin edir. Təcrübə dərsləri isə bizə ayrılan baza xəstəxanalarında keçilir. Bəzi dərslər kompyuterləşib. Çünki bir çox tibb müəssisələrində pasientlərə aid bütün məlumatlar kompyuterdə toplanıb və qeydiyyatçılar yeni üsullarla işləyirlər.
Kursu bitirdikdən sonra dinləyicilərin mənimsədikləri biliklər test üsulu ilə yoxlanır. Yoxlamadan yaxşı qiymət alanlar “Vəsiqə (diploma əlavə)” ilə təmin olunurlar. 2008 - 2009- cu ilin təqvim planına uyğun olaraq bu il kursda 3250 nəfər dinləyici olub. Bundan başqa xəstəlik, ailə vəziyyəti ilə əlaqədar kursa gəlmək imkanı olmayanlar üçün səhiyyə naziri O. Şirəliyev daha bir humanist addım ataraq səyyar kurslar təşkil edilməsinə göstəriş verib. Bu il 4 belə kurs Yardımlı, Qazax, Qax və Göyçay rayon mərkəzi xəstəxanalarında terapiya şöbəsi və pediatriya üzrə keçirilmişdir. Məktəbin müəllimləri həftə-həftə rayonlarda olur və nəzəri bilikləri dinləyicilərə aşılayırlar. Tibb məktəbinin rəhbərliyi tərəfindən rayonlarda keçirilən səyyar kurslara da ciddi nəzarət edilir. Səhiyyə Nazirliyinin göstərişi və təşkilatçılığı ilə bu il 2 yeni optika kursu yaradılıb, apteklərin optika şöbələrində işləyən orta tibb işçiləri həmin kurslarda iştirak ediblər. Gələn il onların sayı artacaq. Ödənişli əsaslarla ixtisasdəyişmə kursunda bu il 7-8 nəfər ixtisasını dəyişib. Nazirliyin icazəsi ilə həmin kursda iştirak edən İmişli xəstəxanasından tibb bacısı — laborant, Şuşa mərkəzi rayon xəstəxanasından tibb bacısı — kliniki laborant, Masallıdan tibb bacısı — mama, sanitar- feldşer — tibb bacısı kimi iş yerlərinə qayıdıblar. Onu da qeyd etmək yerinə düşər ki, dinləyicilərimiz bütün seçkilər zamanı kursda olduqlarından yaşadıqları yerdən qeydiyyatdan çıxma vəsiqəsi gətirməklə burada səsvermədə fəal iştirak ediblər. Sonda onu bildirmək istəyirəm ki, orta tibb işçiləri üçün təşkil edilən belə kursların əhəmiyyəti çox böyükdür. Dinləyicilərin kursdan sonrakı fəaliyyətləri ilə bağlı həmin müəssisə rəhbərlərinin razılığı bunu söyləməyə imkan verir.
Zərifə BƏŞİRQIZI
Xalq qəzeti.- 2009.- 2 iyul.- S. 5.