Azərbaycan rəssamı Beynəlxalq festivalda mükafat
almışdır
2009-cu il iyun ayının 18-dən 22-dək Moskvada “Ənənə
və müasirlik” adlı III Beynəlxalq İncəsənət
festivalı keçirilib. Mədəniyyət və
Turizm Nazirliyinin dəstəyi ilə festivalda ölkəmizi Azərbaycan
Dövlət Rəssamlıq Akademiyasının dosenti, Əməkdar
rəssam Fərman Qulamov təmsil edib.
Artıq 3-cü dəfə
keçirilən bu nüfuzlu festivalda Azərbaycan nümayəndəsi
ilk dəfə iştirak edir. Dünyanın 20-dək ölkəsindən və Rusiya
Federasiyasının 15 subyektindən olan tanınmış rəssamların
qatıldığı festivalın ən yüksək
nominasiyası (“Rəngkarlıqda ənənələrin
saxlanması” üzrə mükafatlandırılan 4 rəssamdan
biri Fərman Qulamov olub. Mükafatların təqdimetmə mərasimi
cari il iyun ayının 24-də Moskva Et Cetera Teatrının
binasında keçirilib. Mərasimdə Moskva
meriyasının rəhbərliyi, Rusiyanın
tanınmış rəssamları və incəsənət
xadimləri iştirak etmiş, Azərbaycan rəssamının
əsərləri yüksək qiymətləndirilmişdir.
Fərman Qulamov 1945-ci ildə Astara rayonunda anadan olub. 1967-ci ildə Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini, 1976-cı ildə Tbilisi Dövlət Rəssamlıq Akademiyasını bitirib. 1978-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. İlk dəfə 1973-cü ildə sərgidə iştirak etmişdir. Bundan sonra bir çox respublika və beynəlxalq sərgilərdə iştirak edən rəssamın 1995-ci ildə V.Səmədova adına Sərgi Salonunda, 1996, 1998-ci illərdə Moskva Beynəlxalq Sərgi Salonunda, 2005-ci ildə isə Bakıda S.Bəhlulzadə adına Mərkəzi Sərgi Salonunda fərdi sərgiləri keçirilib.
1994-cü ildə Humay mükafatına layiq görülüb.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2009.- 2 iyul.- S. 7.