“Xalq qəzeti” — 90
Xalqa xidmət amalı
“Xalq qəzeti”nin
birinci nömrəsinin çapdan çıxmasından 90 il
ötür. 1919-cu il avqustun 29-da “Kommunist”
adı ilə işıq üzü görmüş bu qəzet
nəşr olunduğu dövrü əhatə edən
tariximizdir. Heç bir tarix kitabına baxmadan həmin
dövrdə baş verən hadisələr barədə onu vərəqləməklə
dəqiq məlumat almaq olar. İndi mənə bu barədə
yazmaq həm asandır, həm də çətin. Asandır
ona görə ki, ömrümün düz 50 ilini “Xalq qəzeti”nin redaksiyasında keçirmiş, burada
çalışan əməkdaşlarla xoş ünsiyyətdə
olmuş, onların çətinliklərini və
uğurlarını mən də yaşamışam. Çətindir
ona görə ki, qəzetin 90 illik fəaliyyətini tam əhatə
etmək xüsusi tədqiqat işi tələb edir. Amma bir
danılmaz faktı da deməmək olmaz ki, bu mətbuat
orqanı nəşr olunduğu bütün dövrlərdə
Azərbaycan xalqının qəzeti olub. Onun
qayğılarından, istək və arzularından yazıb,
kədərinə kədərlənib, sevincinə şərik
çıxıb. İnsanlar ən son yenilikləri
“Xalq qəzeti”ndən öyrəniblər. Haqları
tapdananda ona müraciət ediblər, məhz onun məsələyə
müdaxiləsindən sonra həqiqət yerini tapıb.
Xalqımızın böyük oğlu, dünya şöhrətli siyasətçi Heydər Əliyev “Xalq qəzeti”nin fəaliyyətinə həmişə yüksək qiymət vermişdir. Ulu öndər 1969-cu il iyulun 14-də Azərbaycan KP MK-nın birinci katibi seçildikdən sonra ictimaiyyət qarşısında ilk çıxışını bu qəzetin 50 illik yubileyinin təntənəli mərasimində etmişdir. Respublikaya rəhbərlik etdiyi dövrdə məruzə və çıxışlarında dəfələrlə qəzetin fəaliyyətini yüksək dəyərləndirmişdir. “Xalq qəzeti”nin 75 illiyinə göndərdiyi məktubda isə yazmışdır: “Respublikada qəzetçilik ənənələrinin formalaşmasında, jurnalistikamızın inkişafında ”Xalq qəzeti”nin xidmətləri xüsusi qeyd olunmalıdır. Bugünkü çoxsəsli, rəngarəng Azərbaycan mətbuatının bir çox görkəmli nümayəndələri bu qəzetin yaradıcılıq məktəbini keçmişlər. Müstəqilliyimizin qazanmasından sonra da “Xalq qəzeti” respublikamızın ictimai həyatında baş verən hadisələrə cəsarətlə müdaxilə etmiş, bir çox problemlərin aşkarlanmasında mühüm rol oynamışdır”.
“Xalq qəzeti”nin elə dövrləri
olmuşdur ki, həftədə altı dəfə — hər
gün 500 mindən çox tirajla
çıxmışdır. Bu o deməkdir ki, hər bir Azərbaycan
ailəsi onu oxuya bilib, onun haqq səsini eşidib, o istiqamətdə
tərbiyələnib. Qəzetin mövzu rəngarəngliyi həmişə
diqqəti cəlb edib. Qabaqcıl ictimai fikrin,
milli tərəqqi ideyasının təbliğinə,
xalqımızın azadlıq arzularına, milli şüurun,
mədəniyyətin formalaşmasına böyük təsiri
olan yazılar oxucuları cəmiyyətdə baş verən
hadisələrə açıq gözlə baxmağa
sövq edib. Həmin yazıların
ritorikadan uzaq, aydın və səlis dildə, məsələlərin
qoyuluşu və şərhi baxımdan yüksək qəzetçilik
mədəniyyəti səviyyəsində
hazırlanmasında müxtəlif vaxtlarda bu qəzetdə
çalışmış öz dövrünün görkəmli
jurnalistlərinin və publisistlərinin əməyi
çox olmuşdur. Kimdir onlar? Ruhulla Axundov, Həbib Cəbiyev,
Ağababa Yusifzadə, Böyükağa Talıblı, Əli
Vəliyev, Rza Quliyev, Xasay Vəzirov, İsrafil Nəzərov,
Ağababa Rzayev, Rəşid Mahmudov, Cəmil Əlibəyov və
bir çox başqaları qəzetin redaktoru olmuşlar. Məmməd Səid Ordubadi, Tağı Şahbazi, Cəfər
Cabbarlı, Seyid Hüseyn, Məmmədəli Sidqi, Süleyman
Məlikov, Şəmsəddin Abbasov, Xəlil İbrahimov,
Zülfəli İbrahimov, Cəlil Xəlilov kimi təcrübəli
qələm sahibləri bu qəzetdə əməkdaşlıq
etmişlər. Görkəmli fırça ustaları Əzim
Əzimzadə və Hüseyn Əliyev uzun illər onun rəssamı
olmuşlar. Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul
Rza, Məmməd Rahim, Əhməd Cəmil bir çox
şeirlərini ilk dəfə “Xalq qəzeti”ndə dərc
etdirmişlər. Mirzə İbrahimov, Süleyman Rəhimov, Əvəz
Sadıq qəzetin sifarişi ilə oçerklər
yazmışlar.
“Xalq qəzeti” həmişə
xalqa, ölkə ictimaiyyətinə arxalanıb. Onun ətrafında
böyük fəhlə-kəndli müxbirlər ordusu olub. Hər
gün bu qəzetə müxtəlif peşə sahiblərindən
onlarca məktub gəlirdi. Redaksiyada hər bir məktub diqqətlə
öyrənilir, onların bir çoxu qəzetdə dərc
edilirdi. Qəzet beləliklə ictimaiyyətlə sıx əlaqə
qururdu. Az bir vaxtda o, Azərbaycan zəhmətkeşlərinin
sevimli qəzetinə çevrildi. Adamlar onun səhifələrində
ölkə daxilində və beynəlxalq aləmdə baş
verən ən son hadisələrlə tanış olur və
bu, qəzetə marağı gündən-günə
artırırdı.
Yeni tikilən fabrik və zavodlar,
neft istehsalının artırılması üçün
görülən tədbirlər, kənd təsərrüfatının
inkişafına göstərilən qayğı barədə
qəzetdə müntəzəm yazılar verilirdi.
Bütün bunlar insanlar üçün edilirdi. Təbii ki, bunları edənlər də insanlar idi.
İnsanlara qayğı və bu qayğını təmin edənlərin
əməyinin işıqlandırılması adamları daha
yaxşı işləməyə ruhlandırırdı.
Bununla yanaşı, qəzet təsərrüfatsızlığı,
israfçılığı, bürokratizmi, ölkədə
gedən quruculuq işlərinə mane olan bütün mənfi halları,
çatışmazlıqları daim kəskin tənqid edir,
kütlələrin yaradıcılıq təşəbbüsü
ilə meydana gələn qabaqcıl təcrübənin
geniş yayılmasına çalışırdı. Azərbaycanda
elmin, ədəbiyyatın və incəsənətin
inkişafına dair verilən yazılar rəğbətlə
qarşılanırdı. Ən görkəmli elm, mədəniyyət
və incəsənət xadimləri bu qəzetin səhifələrində
söz deməyə xüsusi maraq göstərirdilər.
1941-1945-ci illər
müharibəsi dövründə “Kommunist” qəzeti iki xətti
əsas götürmüşdü: ön və arxa cəbhə
xətlərinin paralel, həm də bir-biri ilə sıx
bağlı işıqlandırılmasını. Müharibənin
gedişinə, Azərbaycan döyüşçülərinin
rəşadətlərinə dair, demək olar, hər nömrədə
yazılar verilirdi. 416-cı, 77-ci və 223-cü Azərbaycan
diviziyalarının uğurlu əməliyyatlarından oxucular
müntəzəm xəbər tuturdular. Həmyerlilərimizin
Qafqaz dağlarının ətəklərində, Stalinqradda
və Leninqradda, Moskva ətrafındakı döyüşlərdə
göstərdikləri igidliklər arxa cəbhədə
çalışan əməkçiləri daha hünərlə
işləməyə ruhlandırırdı. Arxa cəbhədə
elə adamlar vardı ki, yorulmaq nə olduğunu bilmir, cəbhəyə
getmiş oğullarının əvəzində də işləyirdilər.
Müharibə qələbə
ilə başa çatdıqdan sonra qəzet öz fəaliyyətinin
istiqamətini dəyişdi. İndi qarşıda duran
başlıca vəzifə müharibənin vurduğu
ziyanı tez bir zamanda aradan qaldırmaq, sənayeni və kənd
təsərrüfatını sürətli inkişaf yoluna
çıxarmaq,
insanların güzəranını
yaxşılaşdırmaq idi. Qəzet verdiyi yazılarda daim
belə bir fikri aşılayırdı ki, bunlara yalnız
yaxşı işləməklə, hər bir adamın üzərinə
düşən vəzifəni ləyaqətlə yerinə
yetirməsi ilə nail olmaq mümkündür. O illərdə
əmək cəbhəsinin qabaqcılları və yenilikləri
meydana gəldi. Qəzet həmin adamların
iş təcrübəsini öyrənir və yayırdı.
Maili turbin qazmasına birinci başlamış Ağa Nemətullanın,
neft istehsalının artırılmasında əmək rəşadəti
göstərmiş Ağasəf Bağırovun, Gülbala Əliyevin,
Rüstəm Rüstəmovun, sürətli qazma
ustası Ustababa Pirməmmədovun və neftayırma
ustası Aliyə Şərəfəddinovanın haqqında
verilən oçerk və bədii yazılar bunu aydın
göstərir. Neft Daşlarının ilk sakinləri
olan dəniz neftçiləri, müharibədən sonrakı
dövrün nəhəng tikintiləri — Mingəçevir,
Sumqayıt və Daşkəsənin qurucuları, kənd təsərrüfatını
az bir vaxtda sözün həqiqi mənasında çox
böyük yüksəliş yoluna
çıxarmış əmək adamları Bəsti
Bağırova, Şamama Həsənova, Qızqayıt Həsənova,
Qüdrət Səmədov və bir çox başqaları
barədə yazılar ölkədə gedən nəhəng
işlər barədə tam təsəvvür
yaradırdı. Səhiyyə və maarifə aid məqalələrdə
uğurlar göstərilməklə yanaşı, nöqsanlar
da tənqid edilir, onların aradan qaldırılması
yolları göstərilirdi. Qəzet metro tikintisini nəzarətə
götürmüşdü. Hər gün həmin tikintidən
xəbərlər verilirdi.
Xalqımızın böyük
oğlu Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci
katibi seçilməsi ilə respublikaya yeni bir ab-hava, yeni bir
iş üslubu gəldi. O vaxta qədər digər müttəfiq
respublikalarda olduğu kimi, Azərbaycanda da hərki-hərkilik,
qanunların işləməməsi, əliəyrilik,
kadrların seçilməsində qohumbazlıq,
tanışlıq və şəxsi maraq baş alıb
gedirdi. Yeni birinci katib bunlara qarşı çox sərt
mövqe tutdu. Azərbaycan KP MK-nın orqanı
olan və respublikada bir nömrəli mətbuat sayılan
“Kommunist”in fəaliyyətində həmin mövqe öz
geniş əksini tapdı. Təbii ki, bu, qəzetdə əvvəlki
dövrlərlə müqayisədə çox böyük
bir irəliləyiş idi. Qəzetin oxucularının
sayı görünməmiş həddə çatdı — gündəlik
tiraj 500 min nüsxəni aşdı. O vaxtlar Azərbaycanda elə
bir ailə tapılmazdı ki, bu qəzeti almasın.
“Kommunist”in dünyanın bir neçə ölkəsində
oxucuları vardı.
Azərbaycan KP
MK-nın birinci katibi Heydər Əliyev qəzetin, demək
olar, bütün nömrələrini nəzərdən
keçirir, böyük problemlərə toxunan
yazıları təqdir edir, zəif yazılar barədə
mülahizələrini söyləyirdi. O vaxt qəzetin elm və
təhsil şöbəsinin müdiri Kazım Ələkbərov
Azərbaycan Elmlər Akademiyası Neft və Kimya Prosesləri
İnstitutunda yüksək vəzifə tutan üç
akademiki kadr siyasətində qohumbazlıq etdiklərinə və
ümumiyyətlə, institutda narazılığa səbəb
olmuş bir sıra başqa əməllərinə
görə kəskin tənqid etmişdi. Xalqımızın
böyük oğlu Heydər Əliyev məqalə dərc
olunan gün qəzetin redaktoru Ağababa Rzayevə zəng
vurmuş, məqalə müəllifinə təşəkkürünü
çatdırmağı və bu xətti gələcəkdə
də davam etdirməyi tapşırmışdı. Ölkədə
yaranmış yeni ab-hava insanlarda nöqsanlara
qarşı barışmazlığı
artırmışdı. Onlar öz haqları tapdalananda,
dövlət əmlakının talan edildiyini, əliəyriləri,
qanunları pozanları görəndə yuxarı təşkilatlara
və qəzetə müraciət edirdilər. İctimai əhəmiyyətli
məsələlər olanda yuxarı təşkilatlarda
aldıqları məktubları redaksiyaya göndərir,
faktları dəqiqləşdirib qəzetdə
çıxış etməyi məsləhət
görürdülər. Yaxşı yadımdadır, Gədəbəy
rayonunun Ayı Talası kəndindən gənc bir qadın Azərbaycan
KP MK katibi Cəfər Cəfərova məktubla müraciət
etmişdi. Məktubda deyilirdi ki, bir nəfər onu
qaçırmış, uşağı olandan sonra,
uşağı boğub öldürmüş və onu evdən
qovmuşlar. C. Cəfərov həmin hadisənin mənəvi
dəyərlərimizə zidd olduğunu nəzərə
alaraq bu mövzuda qəzetdə məqalə verməyi
tövsiyə etmişdi. “Məhəbbət və ədavət”
yazısı belə olub meydana gəlmişdi. Həmin məqaləyə
200-dən çox oxucu öz münasibətini bildirmişdi.
Yaxud yerlərdən
verilmiş siqnallar əsasında yazılmış “Milçək
şirəyə qonar” və “Gübrə Məmmədəli”
felyetonlarını, “Lənkəran malikanələri”
yazısını, Qazax Rayon Partiya Komitəsinin kadr siyasətindəki
nöqsanları ifşa edən üç məktubu və qəzetin
bir çox başqa çıxışlarını götürək. Birinci iki
felyeton respublikada geniş rezonans yaratmışdı. Lənkərandan
və Qazaxdan verilən materiallar isə Azərbaycan KP MK
bürosunda müzakirə olunmuş və hər iki rayonun
partiya komitəsinin birinci katibi vəzifədən azad
edilmişdi. “Restoranda orkestr çalır” sərlövhəli
məqalədə Bakı şəhərindəki restoranlarda
bayağı musiqilərin ifa olunması tənqid edilmişdi.
Azərbaycan incəsənətini ürəkdən sevən və
ona həmişə qayğı göstərən Heydər Əliyev
Bakı Şəhər Partiya Komitəsinə həmin məqaləni
müzakirə etməyi və lazımi tədbir görməyi
tapşırmışdı.
Ümummilli lider
Heydər Əliyev öz dərin biliyi,
işgüzarlığı, prinsipiallığı, hadisələri
düzgün qiymətləndirmək və buna müvafiq hərəkət
etmək bacarığı ilə Azərbaycanı az bir vaxtda
İttifaq dövlətlərindəki müttəfiq respublikalar
arasında ön sıraya çıxardı. O, Azərbaycanı
öz həyatı
qədər sevirdi və onun inkişafı üçün əlindən
gələni edirdi. Onun qətiyyəti sayəsində az bir
vaxtda respublikamızda yüzlərlə fabrik, zavod tikildi,
istehsalat sahəsi yaradıldı. Bütün bunlar
asanlıqla əldə edilmirdi. Bürokratlar, işə əngəl
törədənlər, dövlət malını mənimsəyənlər
vardı. Heydər Əliyev belələrini ifşa etmək
üçün bütün vasitələrdən istifadə
edirdi. O vaxt İttifaq dövlətinin hər yerində Azərbaycanda
yeridilən siyasi xəttə böyük maraq göstərilirdi.
Mərkəzi mətbuatda bu barədə
yazılar dərc edilirdi. Ölkənin ən nüfuzlu mətbuat
orqanları olan “Pravda”da və “Literaturnaya qazeta”da Azərbaycan
KP MK-nın birinci katibi Heydər Əliyevlə verilmiş
“Vicdanımızın normaları ilə” və “Qoy ədalət
zəfər çalsın” müsahibələri Sovetlər
İttifaqının hər yerində geniş əks-səda
doğurmuşdu. Həmin dövrdə “Kommunist” qəzeti Azərbaycanda
yeridilən siyasi xəttin əsas təbliğatçısına
çevrilmişdi. Azərbaycan xalqının həmin xətti
bəyənməsi və dəstəkləməsi qəzetdə
önə çəkilmişdi.
Ulu öndərin fəaliyyətində
— istər 1969-1982-ci illərdə olsun, istərsə də
1993-2003-cü illərdə — Azərbaycanın beynəlxalq aləmdə
tanıdılmasına xüsusi önəm verilirdi. Bu sahədə
ölkəmizin nümayəndə heyətlərinin xarici
dövlətlərə və xarici nümayəndə heyətlərinin
respublikamıza səfərləri böyük rol
oynayırdı. Bakıda ümumittifaq və beynəlxalq
simpoziumlar və konfranslar keçirilirdi. Xarici ölkələrdə
Azərbaycan, bizim respublikada xarici ölkələrin mədəniyyət
və incəsənət günlərinin keçirilməsi
bir ənənə şəklini almışdı. Həmin tədbirlər
qəzetdə geniş işıqlandırılırdı.
Bir sözlə, Azərbaycanın
həyatında elə bir hadisə olmazdı ki, qəzetin səhifələrində
öz əksini tapmasın. Buna görə də xalqın ona
böyük rəğbəti yaranmışdı. İstər
ziyalı olsun, istər adi əməkçi, hamı bu qəzeti
özünə doğma sayır, onu sevirdi. Mən
müxtəlif vaxtlarda görkəmli bəstəkar Qara
Qarayevdən, rəssam Mikayıl Abdullayevdən, şairlərdən
Süleyman Rüstəmdən, Əhməd Cəmildən, Bəxtiyar
Vahabzadədən, Nəbi Xəzridən, akademiklərdən
İqrar Əliyevdən, Əlisöhbət Sumbatzadədən,
Firudin Köçərlidən, görkəmli
kimyaçı alimlərdən Murtuza Nağıyevdən, Əli
Quliyevdən və Yunis Qəmbərovdan qəzetimizdə
müəyyən məsələlərə münasibət
bildirməyi xahiş etmişəm. Həmişə də
böyük məmnuniyyətlə razı olublar. Yazı
hazır olanda isə onu redaksiyaya özləri gətiriblər.
Bu, onların qəzetə olan dərin hörmətlərindən
irəli gəlirdi. Onlar qəzeti sevir və onun şərəfini
qoruyurdular. Bir dəfə Azərbaycan Elmlər
Akademiyası Aşqarlar İnstitutunun direktoru, akademik İzzət
Orucova zəng vurub bayram nömrəsinə kiçik bir
yazı verəcəyini söylədi. İki gündən
sonra müqəssir halda bildirdi ki, indi belə mötəbər
bir qəzetə öz imzası ilə yazı verməyi münasib
saymır. Səbəbini soruşdum. Dedi ki, qohumlarından biri
xəta törədib. Belə bir vaxtda qəzetdə
çıxış etməyə özünü mənən
hazır bilmir. Bu, görkəmli alimin respublikanın bir
nömrəli qəzetinə rəğbətindən irəli
gələn mövqe idi. Mən həmin söhbəti qəzetin
redaktoru Ağababa Rzayevə danışdım. O dedi ki, mən
İzzət xanımı yüksək mədəniyyətli
bir ziyalı kimi tanıyırdım. Bu fakt bir daha göstərdi
ki, mən səhv etməmişəm.
Qəzetə uzun
illər ərzində yaranmış etimadın nəticəsi
idi ki, ötən əsrin səksəninci illərinin sonunda
“Kommunist”in dərc etdiyi “Topxananın harayı” yazısı
on minlərlə adamı meydana topladı. Xalq hərəkatının
ilk vaxtlarında — nə qədər ki, bu hərəkat
sağlam məcrada
idi, ondan şəxsi məqsədlər üçün
istifadə edilmirdi — qəzet hər gün meydandan yazılar
verirdi. Həmin yazılar Bakıdan uzaq olan şəhər və
rayonlarda da meydanda baş verənlər barədə aydın
təsəvvür yaradırdı.
AXC-Müsavat
hakimiyyəti dövründə “ölkəyə rəhbərlik
edən” “bəylər” 70 il xalqa xidmət etmiş, ölkənin
ən mötəbər mətbuat orqanı olmuş bir qəzeti
görmək istəmədilər. Əvvəlcə onun
adını yasaq saydılar. Qəzetin kollektivi çətinlik
çəkmədən uzun illər xidmətində
durduğu xalqı onun adına gətirdi. Bu da bəyləri təmin
etmədi. Onlar qəzetin çıxmasına
müxtəlif vasitələrlə əngəllər törətdilər
və az bir müddət bu mətbu orqanın fəaliyyətini
dayandırdılar. Ümummilli liderimiz, xalqımızın
qüdrətli oğlu Heydər Əliyev hakimiyyətə
qayıdandan sonra “Xalq qəzeti”nin nəşri yenidən
bərpa edildi və o, əvvəlki kimi respublikamızın
ictimai həyatında baş verən hadisələrə cəsarətlə
müdaxilə etməyə başladı.
Son on altı ildə — görkəmli
siyasətçi Heydər Əliyevin respublikaya rəhbərlik
etdiyi illərdə və ulu öndərin layiqli
davamçısı İlham Əliyevin prezidentliyi
dövründə ölkəmizdə bir sıra əlamətdar
hadisələr baş vermişdir. Azərbaycan
Respublikasının Konstitusiyası qəbul edilmiş,
dörd prezident, üç parlament seçkisi
keçirilmişdir. Yeraltı sərvətlərimizdən
daha səmərəli istifadə edilməyə
başlanmışdır. “Əsrin müqaviləsi”
imzalanıb. Bakı-Tbilisi-Ceyhan əsas neft, Bakı-Tbilisi-Ərzurum
qaz kəmərləri çəkilib. Bakı-Tbilisi-Qars dəmir
yolunun inşasına başlanıb. “Xalq qəzeti” həmişə
bu işlərin güzgüsü olub. Qəzetdə verilən
yazılar yalnız xəbər xarakterli deyil, həm də dərin
təhlili, görülən işlərin ictimai əhəmiyyətini
oxuculara çatdırmaq məqsədi daşıyan materiallar
olub.
Azərbaycan
Prezidentinin xarici ölkələrə səfərləri,
dünyanın ən güclü dövlətləri ilə bərabərhüquqlu
əməkdaşlıq, xarici ölkələrin nümayəndə
heyətlərinin respublikamıza səfərləri,
bağlanan müqavilələr, Dağlıq Qarabağ
probleminin həlli istiqamətində aparılan danışıqlar və
ümumiyyətlə xarici siyasətimizdəki uğurlar barədə
yazılar oxucularda öz vətəninə qürur hissi
yaradır.
Regionların inkişafına dair
birinci Dövlət Proqramı (2004-2008-ci illər) uğurla
yerinə yetirilib. Bölgələrimizdə ən
müasir mədəni-məişət obyektləri istifadəyə
verildi. Ölkədə 700 mindən çox yeni iş yeri
açıldı. Yeni məktəblər, olimpiya idman
kompleksləri, diaqnostika mərkəzləri və xəstəxanalar
inşa edildi. Ümumi daxili məhsulun artımına görə
Azərbaycan MDB məkanında lider
dövlətə çevrildi, dünyada bir nömrəli
islahatçı dövlət kimi tanındı. Qəzetdə
həmin məsələlərin şərhinə, iqtisadi
islahatlara, sahibkarlığın inkişafına dair verilən
yazılar insanlarda gələcəyə inamı
artırır. İnsanlar bu materialları oxuyarkən bir daha
əmin olurlar ki, Azərbaycan doğru yoldadır. “Xalq qəzeti” fəaliyyət göstərdiyi əvvəlki
illərdə olduğu kimi, yenə də xalqla birlikdədir,
təbliğ və şərh edir, onun qüvvəsini
qarşıda duran, Azərbaycanın daha da tərəqqisinə
yönələn böyük işlərin uğurla yerinə
yetirilməsinə səfərbər edir.
Telman HEYDƏROV
Xalq qəzeti.- 2009.- 2 iyul.- S.
4.