Nəqliyyat kompleksində Gəmiçiliyin xüsusi yeri
var
Müsahibimiz Azərbaycan Dövlət Xəzər Dəniz
Gəmiçiliyinin rəisi Aydın Bəşirovdur.
- Aydın müəllim,
müsahibəmiz çox əlamətdar günə təsadüf
edir. Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin
işçiləri peşə bayramını qeyd etməyə
hazırlaşırlar.
- Doğrudan da, bu, bizim
üçün çox dəyərli gündür. 1998-ci il
iyulun 2-də ulu öndərimiz Heydər Əliyev Azərbaycan
Respublikasının iqtisadi və sosial həyatında Xəzər
Dəniz Gəmiçiliyinin əhəmiyyətli rolunu nəzərə
alaraq, Gəmiçilik işçilərinin peşə
bayramı gününün təsis edilməsi haqqında sərəncam
imzaladı. Bu, böyük rəhbərin şanlı tarixə
malik Gəmiçiliyimizə zaman-zaman göstərdiyi diqqət
və qayğının məntiqi davamı idi. Həmin sərəncamdan
sonra biz hər il iyul ayının birinci bazar gününü
Gəmiçilik işçilərinin peşə bayramı
kimi qeyd edirik. 2004-cü ildən qədirbilən dənizçilərimiz
peşə bayramı gününü Fəxri Xiyabana ziyarətdən
başlayırlar. Gəmiçilik işçiləri gözəl
bilirlər ki, əgər xalqımızın ümummilli
lideri Heydər Əliyevin köməyi, dəstəyi
olmasaydı, nəinki bu möhtəşəm bayramdan,
heç Gəmiçiliyin varlığından söhbət
gedə bilməzdi.
- Peşə bayramı, həm də
hesabat bayramıdır. Həmin gün kollektivin bayramdan-bayrama
gördüyü işlər, qazandığı uğurlar
dilə gətirilir.
- Dənizçilər həmişə
yüksək əzmkarlığı, zəhmətsevərliyi
ilə seçiliblər. Azərbaycanın nəqliyyat
kompleksində özünəməxsus yeri olan Gəmiçilik
hər zaman qarşıya qoyulan tapşırıqları ləyaqətlə
yerinə yetirir. Cari ilin birinci yarısında da dənizçilərimiz
yaxşı işləyiblər. Belə ki, altı ayda
donanmamızla 6 milyon 380,8 min ton müxtəlif təyinatlı
yüklər daşınıb. Bunlardan 4 milyon 660 min tonu
tankerlərlə, 510,1 min tonu universal gəmilərlə, 1
milyon 210,7 min tonu isə gəmi-bərələrlə həyata
keçirilib. Ötən ilin müvafiq dövrü ilə
müqayisədə yükdaşımalarda artım 11,3 faiz
olmuşdur.
- Qazanılan uğurlardan
danışarkən birinci olaraq yük daşınması
önə çıxır. Bu da təbiidir. Çünki gəmiçiliyin
vəzifəsi yük daşımaqdır... Amma donanmanın
yaşaması, rəqabət qabiliyyətini artırması
üçün də çox böyük işlər
görülür. Məsələn, donanmanın təzələnməsi.
Bu barədə nə deyə bilərsiniz?
- Donanmanın təzələnməsi
hərtərəfli inkişaf planı çərçivəsində
həmişə rəhbərliyin diqqət mərkəzində
olan əsas məsələlərdən biridir. Çünki
gəmi də insan kimidir. Müəyyən dövrdə sulara
meydan oxuyur, sonra isə taqətdən düşür. Ona
görə də donanmanın təzə gəmilər
hesabına zənginləşdirilməsi hər zaman gündəmdədir.
Sevindirici haldır ki, bu sahədə ölkə rəhbərliyi
də bizə dəstək verir. Təkcə 2008-ci ildə
möhtərəm Prezidentimiz İlham Əliyevin xeyir-duası
ilə dörd gəmi aldıq. “Akademik Zərifə Əliyeva”,
“Qarabağ” gəmi-bərələri, “Zəngəzur”, “Cabbar
Həşimov” tankerləri bu gün Xəzərdə yük
daşıyırlar. İndi nəqliyyat donanmasının tərkibində
79 gəmi var. Bunlardan 37-si quru yük gəmisi, 42-si isə tankerlərdir.
Onların ümumi dedveyti 480 min tondan çoxdur. Onu da deyim ki,
dənizçilərin peşə bayramı ərəfəsində
Rusiyanın Nijni Novqorod şəhərindəki “Krasnoye
Sormovo” gəmiqayırma zavodunda bizim sifarişimizlə tikilən
daha bir gəminin – “Şuşa” tankerinin suyasalınma mərasimi
oldu. Ümidvaram ki, lap yaxın zamanlarda biz müqəddəs
vətənimizin bir parçası olan Şuşanın
adını daşıyan tankeri Bakıda
qarşılayacağıq. “Şuşa” son yeddi ildə bizim
“Krasnoye Sormovo” zavodundan aldığımız 10-cu,
ümumilikdə isə 13-cü təzə gəmi olacaq.
- Aydın müəllim, son illər
dənizçi kadrların hazırlanması ilə
bağlı Gəmiçilikdə ardıcıl və məqsədyönlü
işlər görülür.
- Gəmiçiliyin rəhbərliyi
belə hesab edir ki, bütün uğurların açarı
savadlı mütəxəssislərdə, yaxşı
hazırlıqlı kadrlardadır. Elə buna görə də
hələ doxsanıncı illərin ortalarında Bakıda
ali təhsilli dənizçi kadrlar hazırlayan akademiyanın
açılması təşəbbüsü ilə
çıxış etdik. Müxtəlif maneələrlə
rastlaşdıq. Yenə də ulu öndərimiz Heydər Əliyevin
köməyi ilə 1996-cı ildə Azərbaycan Dövlət
Dəniz Akademiyasının açılmasına nail olduq.
Öz profilinə görə ölkəmizdə və eləcə
də regionda yeganə ali dəniz təhsili müəssisəsi
olan Dəniz Akademiyası bu gün bizim
ehtiyaclarımızı ödəyir. Gəmiçilik bu təhsil
ocağının daha da təkmilləşməsi, maddi-texniki
bazasının möhkəmlənməsi üçün
bütün imkanlardan istifadə edir. Bu yaxınlarda Rusiya
Federasiyasının nəqliyyat naziri İ.Levitin Azərbaycan
Dövlət Dəniz Akademiyasında olarkən burada
yaradılan şəraitdən heyrətini gizlədə bilməmişdi.
Və yaxud Avropa Şurası xətti ilə aparılan
yoxlamalardan sonra ekspertlər akademiyada görülən işlərdən
razılıqlarını bildirmişdilər.
Bildiyiniz kimi, Azərbaycan
Respublikası dənizçilik sahəsində çox sayda
beynəlxalq konvensiyalara qoşulub. Bu konvensiyalar ən müxtəlif
sahələrdə, o cümlədən dənizçinin hərtərəfli
biliklərə sahib olması üçün bizim
qarşımızda tələb və tövsiyələr irəli
sürür. Bu məqsədlə 2006-2007-ci tədris ilində
mexaniklər üçün gəmi energetik qurğusunun
kompyuterləşdirilmiş trenajorunu aldıq. Cari ildə isə
gəmi sürücüləri üçün belə bir təlim-məşq
mərkəzi alınıb. Bunlar tədrisdə olduqca gərəkli
qurğulardır. Məsələn, hələ dənizə
çıxmamış gənc tələbə trenajorda
özünü dalğaların qoynunda hiss edir, lazımi vərdişlərə
yiyələnir.
- Dövlət büdcəsinin gəlir
hissəsinin formalaşmasında Gəmiçiliyin də
öz payı var.
- Elədir. Biz yaxşı bilirik
ki, dövlət büdcəsində, Sosial Müdafiə
Fondunda hər manatın öz təyinatı var. Ona görə
də Gəmiçilik öhdəsinə düşən tədiyə
ödəmələrini vaxtında yerinə yetirir.
- Qaçqın və məcburi
köçkünlərə, aztəminatlı təbəqədən
olan kimsəsiz soydaşlarımıza maddi və mənəvi
dayaq olmaq Gəmiçilikdə ənənəyə
çevrilib.
- Bəli, neçə illərdir
ki, Gəmiçilik dövlətimizin
tapşırığına uyğun olaraq, Naftalanın kurort
şəhərciyində müvəqqəti
sığınacaq tapmış qaçqın və məcburi
köçkün həyatını yaşayan
soydaşlarımıza maddi yardım göstərir. İldə
dənizçilər 4-5 dəfə Naftalana 80-100 min
manatlıq yardım aparırlar. Cari ilin birinci yarısında
həmin ünvana gəmiçilər təxminən 39 min
manatlıq ərzaq malları aparıblar. Bilgəh qəsəbəsində
yerləşən müharibə və əmək
veteranları pansionatının yaşlı sakinləri dənizçiləri
özlərinə doğma bilirlər. Biz onları öz
ürəyimizin çağırışı ilə hamiliyə
götürmüşük. Əlamətdar günlərdə,
əziz bayramlarda burada yaşayan ixtiyar qocalara və
ağbirçəklərə bayram süfrəsi açmaqla
onları sevindirməyə çalışırıq.
Üstəlik, bizim mədəniyyət evinin “Sahil” xalq
çalğı alətləri ansamblı bu kövrək qəlbli
insanların bayram süfrəsini öz mahnıları ilə
daha da şirinləşdirir. 2009-cu ilin birinci yarısında
dənizçilər iki dəfə Bilgəhdə olublar və
4000 manatlıq ərzaq malları aparıblar. Bundan əlavə,
erməni işğalçılarına qarşı
döyüşlərdə şəhid olan dənizçilərimizin
ailələrinə 3110, Qarabağ müharibəsindən əlil
qayıdan gəmiçilərə 2200, işləməyən
pensiyaçılarımıza 7950 manat yardım olunub...
Nəhayət, bizim dənizçiləri
və gəmi təmirçilərini peşə bayramı
münasibəti ilə ürəkdən təbrik edirəm. Gəmiçiliyin
kollektivi həmişə peşə bayramına dəyərli
əmək hədiyyəsi ilə gəlir, vətənimizin
iqtisadi cəhətdən çiçəklənməsinə
xidmət edir. İndiyə kimi belə olub, bundan sonra da belə
olacaq. Bu işdə ağır və şərəfli
peşə sahibi olan dənizçilərimizə və gəmi
təmirçilərinə uğurlar arzulayıram. Evlərinizdə,
ailələrinizdə rahatlıq, firavanlıq olsun, süfrəniz
çörəkli olsun!..
Söhbəti yazdı:V. Səttarlı
Xalq qəzeti.- 2009.- 3 iyul.- S. 8.