İctimai tərəqqinin fəlsəfəyə ehtiyac məqamı
İctimai tərəqqinin ilk mərhələsi iqtisadi təminatla
bağlıdırsa, daha yüksək inkişaf mərhələsində
mənəvi ehtiyacların ödənilməsi önə
keçir. Yəqin buna görədir ki, son vaxtlar ölkəmizdə
fəlsəfəyə diqqətin xeyli dərəcədə
artdığı hiss olunur. Görünür, sosial-iqtisadi
islahatların müvəffəqiyyətlə həyata
keçirilməsi Prezident İlham Əliyevin rəhbərlik
etdiyi sürətli inkişaf strategiyasının artıq mənəvi-intellektual
sahəyə də transfer olunmasına imkan
açmışdır.
Ölkəmizdə fəlsəfəyə
münasibətin aktuallaşması akademik Ramiz Mehdiyevin Azərbaycanda
fəlsəfi fikrin vəziyyətinə öz münasibətini
bildirməsindən başladı. Onun “Zaman haqqında
düşünərkən və elitanı transformasiya edərkən:
varislik və innovasiyalılıq” adlı iri həcmli məqaləsində
qoyduğu bir sıra məsələlər bütün elmi
ictimaiyyəti bu barədə düşünməyə vadar
etdi. Bu sahədə ikinci mühüm addım bu il mayın
2-də akademik Ramiz Mehdiyevin rəhbərlik etdiyi Azərbaycan
Fəlsəfə və Sosial-Siyasi Elmlər
Assosiasiyasının (AFSEA) keçirdiyi “Müasir dünyada
yeni düşüncəyə ümumi baxış”
mövzusunda beynəlxalq elmi-fəlsəfi konfrans oldu. Konfrans
geniş ictimaiyyətin diqqətini bir daha ölkəmizdə
fəlsəfənin öyrənilməsi, tədrisi və təbliği
problemlərinə yönəltdi. Tədbirin
iştirakçıları Azərbaycan Respublikasının
Prezident Administrasiyasının rəhbəri, AFSEA-nın
prezidenti, akademik Ramiz Mehdiyevin qoyduğu proqram xarakterli məsələləri
müzakirə edərkən fəlsəfənin tədrisi ilə
bağlı bir sıra problemlərə də də toxundular.
Dövlət rəhbərliyinin elmi-fəlsəfi ictimaiyyəti
narahat edən bu məsələlərə reaksiyası uzun
sürmədi. Universitet rektorlarına tapşırıldı
ki, fəlsəfi fənlərin tədrisində vəziyyət
barədə təcili surətdə məlumat
hazırlansın. Çox
çəkmədi ki, “fəlsəfə” yenidən məcburi
fənlər sırasına daxil edildi və ona ayrılan
saatların miqdarı artırıldı. Biz fəlsəfi fənlərə
dövlət qayğısının təzahürünü
son vaxtlar kütləvi informasiya vasitələrinin münasibətində
də hiss etdik. Deməli, necə deyərlər, yuxarılar
öz üzərinə düşəni etdi, indi növbə
bizimdir. May ayının 5-də isə akademik Ramiz Mehdiyevin
“Qlobal inteqrasiya və Azərbaycanda fəlsəfi fikrin yenidən
nəzərdən keçirilməsinə dair” sanballı məqaləsi
dərc olundu və burada fəlsəfi fikirlə
yanaşı, ona münasibətin də dəyişməsinə
olan ehtiyacdan söhbət açıldı. Akademik öz məqaləsində
xüsusilə vurğulamışdır ki, “ölkəmizdə
fəlsəfi fikrin indiki inkişaf səviyyəsi qənaətbəxş
hesab oluna bilməz. Belə ki, ictimai həyatımızın
müxtəlif sahələrində əldə olunmuş
böyük uğurlar və sürətli tərəqqi
kontekstində fəlsəfi araşdırmaların səviyyəsi
xeyli zəif görünür. Bəzən fəlsəfi fikir
reallığın önündə getmək əvəzinə,
ondan geri qalır, hadisələr nəzəriyyəni önləyir
və bu sahədə yazılanlar çox vaxt təsviri
xarakter daşıyır. Proseslərə münasibətdə
belə bir dınamizm tələb olunan dövrdə hələlik
sosial, siyasi, iqtisadi sahələrdə intensiv inkişafın
xüsusiyyətlərinə uyğun, yalnız nəzəri
deyil, həm də praqmatik yönümlü proqram və
konsepsiyalar mövcud deyildir”. Bu konsepsiyaların
yaradılması üçün tək-tək
tanınmış mütəxəssislərin fəal səyləri
yetərli deyil. Bunun üçün fəlsəfi elmlər
sahəsində ölkəmizin bütün kadr
potensialının səfərbər olunması nəzərdə
tutulur. Və şübhəsiz ki, universitetlərə ancaq fəlsəfənin
tədrisi ilə əlaqədar göstəriş verilməmişdir,
məqsəd həm də fəlsəfə kafedrası olan
ali məktəblərdə elmi-tədqiqat işlərinin
canlandırılmasıdır. R.Mehdiyev yazır: “Azərbaycan
dünyada gedən siyasi və iqtısadi proseslərdə fəal
mövqe tutduğu kimi, alimlərimiz yeni əsrin ideya-fəlsəfi
paradiqmasının formalaşmasında da fəal iştirak
etməlidirlər... Bütövlükdə ictimai elmin
nüfuz və statusunu qaldıran, onu dünyada tanıda bilən
tədqiqatlar ortaya qoyulmalıdır”.
Akademik R. Mehdiyevin özü fəlsəfə
elminin çox mühüm bir sahəsi üzrə beynəlxalq
elmi tələblər səviyyəsində tədqiqatlar
aparır; başqa sözlə desək, öz sahəsində
elmin ön cəbhəsində olmaqla ən son ideyalara,
müzakirələrə qoşulur və nəticədə
dünya miqyasında gedən politoloji proseslərə bir Azərbaycan
mövqeyi də qatılmış olur. R.Mehdiyev həm nəzəriyyə,
həm də tətbiqi-empirik səviyyələrdə bir
görkəmli mütəxəssis kimi beynəlxalq miqyasda
kifayət qədər böyük nüfuz
qazanmışdır. Lakin fəlsəfi elmlərin digər
sahələrində biz politologiya və siyasət fəlsəfəsindəki
kimi uğurlar qazana bilməmişik. Sosiologiya,
elmşünaslıq, təhsilşünaslıq kimi sahələr
çox geri qalmışdır. Mən hələ “xalis fəlsəfəni”
demirəm. Bizdə ontologiya problemləri demək olar ki, tədqiqatdan
kənarda qalmışdır. Yazılan dissertasiyaların
çoxu “sosial fəlsəfə” indeksi ilə müdafiə
olunur ki, bunların da bir qayda olaraq nə sosiologiyaya, nə də
fəlsəfəyə aidiyyəti olur. Azərbaycanda ekologiya
elmi çox geri qaldığı halda, “ekologiyanın fəlsəfi
məsələləri” adı altında onlarla dissertasiya
müdafiə olunur. Analoji vəziyyət digər ənənəvi
mövzularda da müşahidə olunur. Təəssüf ki,
asan yollarla elmi dərəcə alan şəxslərin həm
də “filosoflaşdırılması” cəhdləri göstərilir.
Professor Ağayar
Şükürov “Müstəqil dövrün fəlsəfəsi
və filosofları” (Bakı, 2007) kitabında mənim bir məqaləmə
işarə ilə yazır ki, “bu məqalənin əsas
qüsurlarından biri müəllifin respublikada yazılan əsərləri
və filosofları görmək istəməməsidir. O,
ancaq iki filosof tanımaq istəyir, o da Ramiz Mehdiyev və Səlahəddin
Xəlilovdur” (səh. 7). Bu məsələni yada salmaqda məqsədim
odur ki, bir çoxları filosofluğu ya əlçatmaz bir məqam
kimi təqdim etməyə, ya da formal göstəricilərlə
(məsələn, kimin diplomunda “filosof”
yazılmışdır, yaxud kim bu sahədə dissertasiya
işi müdafiə etmişdir və s.) müəyyənləşdirməyə
çalışırlar ki, hər iki halda hamı bərabərləşmiş
olur: ya hamı, ya heç kəs. “525-ci qəzet”-ə
müsahibəmdə mən hətta Heydər Hüseynovun da
filosof adlandırılmasının əleyhinə olan və
“filosof” kəlməsini ancaq fəlsəfə klassiklərinə
şamil edən mövqeyə öz münasibətimi
bildirmişəm. Lakin digər mövqe ilə də, yəni
diplomunda “filosof” yazılan, yaxud fəlsəfə üzrə
elmi dərəcə alan bütün şəxslərin
filosof adlandırılması ilə də razılaşmaq
mümkün deyil. Plagiatçılıq,
icmalçılıq, tədqiqatçılıq və nəhayət,
yaradıcı tədqiqatçılıq bir-birindən fərqləndirilməlidir.
Və nəhayət, nəzəri
yaradıcılığın praktik ictimai-siyasi fəaliyyətlə
əlaqələndirilməsi, yəni ideyanın
realizasiyası ən yüksək məqam hesab
olunmalıdır ki, bu cəhətlərinə görə
akademik Ramiz Mehdiyev bizim hamımızdan fərqlənir. Mənə
gəldikdə isə mən heç yerdə özümü
filosof adlandırmamışam. Lakin kiminsə, əgər o
layiqdirsə, filosof adlandırılmasını qəbahət
də hesab etmirəm. Məsələn, əsərləri
dünyanın bir çox ölkələrində çap
olunmuş, bir müddət M.V.Lomonosov adına MDU-da fəlsəfə
bölməsinə rəhbərlik etmiş professor Zahid Orucovu
bu məqamda niyə yad etməyək? Təəssüf ki, həmyerlimizin
beynəlxalq fəlsəfi fikir sahəsindəki
uğurları yerli mətbuatda az
işıqlandırılır. Halbuki, xarici ölkələrdə
ona kifayət qədər yüksək qiymət verilir. Əlbəttə,
kimlərsə çalışır ki, sovet dövründə
əldə edilmiş nailiyyətlərin üzərindən xətt
çəksin. Biz isə belə düşünmürük.
Çünki hələ o dövrdə də
marksist-leninçi prinsiplərin hüdudlarından kənara
çıxaraq, ümumiyyətlə idrak nəzəriyyəsi
və ideologiyalaşmamış digər sahələr üzrə
sanballı tədqiqatlar aparmaq fəlsəfi fikir məkanında
əlamətdar hadisə idi.
Sovet dövründə Azərbaycanda
da bir çox tanınmış professorlar marksizm fəlsəfəsini
təbliğ etməklə yanaşı, gənclərə həm
də elmi dünyagörüşünün, mücərrəd
düşüncənin əsaslarını öyrətmiş,
dünya fəlsəfəsinin böyük nümayəndələri
və onların təlimləri haqqında məlumatlar
vermiş, böyük maarifçilik işi görmüşlər.
AMEA-nın müxbir üzvü Nizami Cəfərovun professor Həmid
İmanov haqqında yazdığı “Müdriklərin
filosofu və filosofların müdriki” adlı məqaləni də
bu maarifçilik və təbliğatçılıq
işinə verilən qiymət kimi dəyərləndirirəm.
Amma hər halda tanınmış şəxslər
haqqında da yazarkən müəyyən ölçü həddi
gözlənilməlidir. Professor Həmid İmanov məndən
və mənim kimi fəlsəfəyə başqa elm sahələrindən
keçmiş şəxslərdən fərqli olaraq məhz
fəlsəfə fakültəsini bitirmiş və diplomunda
da “filosof” yazılmışdır. Lakin mənim vurğulamaq
istədiyim fikir bundan ibarətdir ki, meyarlar çox sərt
götürüləndə və hətta Heydər
Hüseynov da filosof hesab edilməyəndə, onda bizim
müasirlərimiz içərisində də kimi isə
filosof hesab etmək imkanı qalmır. Halbuki, təkcə
nüfuzlu professorlar arasında deyil, yeni nəslin
sıralarında da fəlsəfi təfəkkürü ilə
seçilən və məhz tədqiqatçılıq
nümayiş etdirən gənclər vardır. Amma təəssüf
ki, sadəcə icmal yazanlar qat-qat çoxdur. BDU-nun fəlsəfə
fakültəsinin indiki məzunlarının səviyyəsi
arzu olunduğundan çox aşağıdır və
onların arasından aspirant seçmək, onlardan filosof bir
yana qalsın, fəlsəfəçi də hazırlamaq
çox çətindir. Bu sözlər kadr
hazırlığı sahəsindəki vəziyyətə
aiddir. Digər əsas vəzifə məhz fəlsəfi məzmunun
ideoloji əlbisədən ayrılması və önə
çəkilməsidir ki, biz bu vəzifənin öhdəsindən
hələ də gəlib qurtara bilməmişik.
Mən sovet dövrünə tam
nihilist bir münasibət bəsləməyin də əleyhinəyəm.
Rusiyanın fəlsəfəçiləri də bizim kimi
kommunist ideologiyası ilə hesablaşmaq məcburiyyətində
idilər. Amma onların arasından Losev, İlenkov, Zinovyev,
Mamardaşvili, Styopin kimi yaradıcı tədqiqatçılar
da çıxmadımı? Həm də Zinovyev istisna olmaqla,
onların heç biri açıq antisovet
çıxışları etməmişdir. Lakin bununla belə
yazdıqlarının məzmununa görə onların əsərləri
ümumbəşəri fəlsəfi fikir tarixində
özünə yer ala bilmişdir. Onların
yaradıcılığında biz ideoloji məqamları yox,
fəlsəfi baxımdan önəmli olan cəhətləri
dəyərləndiririk. O tədqiqat fəlsəfi hesab oluna
bilər ki, ideologiya atıldıqdan sonra da, əsas məzmun
yerində qalmış olsun. Marksizm-leninizm fəlsəfəsi
sadəcə ideologiya deyildi. O, bir fəlsəfi sistem kimi də
ziyanlı idi. Və biz siyasi müstəqillik əldə
etdikdən sonra fikir müstəvisində də müstəqilliyə
nail olmalı idik. Lakin biz nə etdik? Marksın, Engelsin, Leninin
adlarını və onların əsərlərindən
parçaları çıxarıb atdıqdan sonra həmin
sistemi və ideya xəttini eynilə saxlamadıqmı? Tələbələrə
həmin materialist ruhu aşılanmırdımı? Hələ
bu gün də bəziləri fəlsəfəni nə isə
anti-dini bir şey kimi təsəvvür etmirmi? Məsələn,
Leninin adını çıxarıb, materiyanın tərifini
yenə də olduğu kimi vermək, zamanı-məkanı
yenə də materiyanın mövcudluq formaları kimi təqdim
etmək, yenə də dialektikanı metafizikaya qarşı
qoymaqla yeni fəlsəfə sistemi yaratmaq
mümkündürmü? Amma müstəqillik illərinin ilk
fəlsəfə dərslikləri belə yarandı.
Fəlsəfənin özü məlum
olsa, onun dərsliyini yazmaq ancaq metodiki bir işdir. Çətin
olan da məhz seçim etməkdir, hansı fəlsəfənin,
hansı təlimin əsas kimi, baza kimi götürülməsidir.
Təbii ki, biz bu dünyada tək
deyilik və boylanıb ilk növbədə
qonşularımıza baxırıq. SSRİ
dağıldıqdan sonra ruslar hansı fəlsəfi təlimləri
prioritet kimi götürdülər və nə kimi bir fəlsəfə
dərsliyi ortaya qoydular? Yaxud postsovet məkanının
başqa xalqları. Maləsəf, Rusiyada da “fəlsəfə
axtarışı” marksizm klassiklərinin sadəcə
atılması ilə başladı. İkinci addım isə
qeyri-marksist fəlsəfə tarixinə daha çox yer vermək
oldu. O dərəcədə çox ki, bəzən marksizm fəlsəfə
tarixindən bütövlükdə çıxarıldı.
Tarixdən çıxarıldı, amma fəlsəfə
kurslarının əsas məzmunundan çıxarıla bilmədi.
Məqsəd kimlərinsə yalnız üzdə olan izini
çıxartmaq olanda yerində nə isə şikəst bir
şey qalır.
Bəlkə biz gözləyək,
ruslar nə vaxt fəlsəfə prioritetlərini müəyyənləşdirib
qurtaracaqlar, ondan sonra biz də onlardan, tərcümə edərik.
Yeri gəlmişkən, Rusiyada da bu qeyri-müəyyənlik hələ
aradan götürülmədiyindən, fəlsəfə dərslikləri
daha çox dərəcədə tarix üzərində
qurulur. Məsələn, Lomonosov Universitetində hazırlanan
və Rusiya universitetləri üçün əsas dərslik
kimi təsdiqlənmiş kitabda nə az, nə çox 430 səhifə
fəlsəfə tarixinə ayrılmışdır ki, bundan
İslam dünyasına və ümumiyyətlə Şərq
fəlsəfi fikrinə heç yarım səhifə də
pay düşmür. Deməli, bu bizim üçün örnək
ola bilməz.
Amma bizim boylanmağımız
üçün ikinci bir ünvan da vardır. Bu – Türkiyədir.
Lakin burada fəlsəfi fikir iki əks cəbhəyə
parçalanmışdır. Qərb meylli dərsliklər elə
Moskvada çıxanları xatırladır. İslam
yönlü fəlsəfəçilərin yazdıqları
isə bir növ orta əsrlərdə itərək müasir
dövrün düşüncə tərzini əks etdirə
bilmir. Deməli, bizim indi üzləşdiyimiz problemi
Türkiyəli qardaşlarımız da hələ indiyədək
həll edə bilməyiblər. Lakin onlar bu
qarşıdurmadan xilas olmaq üçün çox vaxt fərqli
bir yol seçirlər. “Fəlsəfəyə giriş”, “Fəlsəfənin
əsasları” tipli dərsliklərə fəlsəfə
tarixi xüsusi bölmə kimi daxil edilmir. Ancaq
ayrı-ayrı fəlsəfi problemlər öyrədilir ki, fəlsəfə
tarixinə və klassiklərinə də bu problemlərin
izahı kontekstində müraciət edilir. Başqa sözlə
desək, fəlsəfə tarixi fəlsəfi məzmun
içərisində əridilmiş olur. Lakin əsas məsələ
də məhz bu məzmunun necə seçilməsi, onun
daxilində kimlərin əridilməsidir.
Azərbaycanda yeni tipli dərslik
yazılması sahəsində də ilk ciddi addım akademik
Ramiz Mehdiyev tərəfindən atılmışdır. Onun
rus dilində çapdan çıxmış “Fəlsəfə”
kitabı bu sahədə yaranmış boşluğun aradan
qaldırılmasına xidmət edir. Bu vəsait Azərbaycanda
müasir tələblər səviyyəsində fəlsəfə
dərsliyinin yazılması üçün təməl
rolunu oynayır. Burada müasir dünya fəlsəfi fikrinin
aktual problemlərinin çox geniş spektri öz əksini
tapmış, bir çox yeni cərəyanlara və indi aktual
olan fəlsəfi problemlərə qısa və yığcam
izah verilmişdir. Bununla yanaşı, dərs vəsaitinin ən
önəmli cəhəti qoyulan problemlərə Azərbaycan
filosoflarının mövqeyindən izah verilməsi,
böyük Azərbaycan mütəfəkkirlərinin elmi-fəlsəfi
fəaliyyətlərinin işıqlandırılması və
bu baxımdan, tarixiliklə müasirliyin üzvi vəhdətinin
təmin olunmasıdır. Kitabda fəlsəfə sadəcə
ümumi, abstrakt bir təlim kimi təqdim olunmur, onun konkret
praktiki əhəmiyyətinə, real həyatla əlaqə
aspektlərinə geniş yer verilir. Fəlsəfə ilə
siyasətin əlaqəsi araşdırılır, XX əsrin
sonu, XXI əsrin əvvəllərində dünyada gedən
siyasi proseslərin fəlsəfi mahiyyəti ön plana çəkilir.
Qloballaşma, iqtisadi proseslər, konfliktlər və
onların həlli yolları ilə bağlı məsələlərin
şərhi dərs vəsaitinin aktuallığını daha
da artırır.
Akademik Ramiz Mehdiyevin
apardığı tədqiqatlar Azərbaycan fəlsəfi
fikrində əvvəllər çox az işlənmiş və
ya heç işlənməmiş sahələri əhatə
edir. Belə ki, dövlətçilik fəlsəfəsinə
ehtiyac məhz Azərbaycan müstəqillik əldə etdikdən
sonra yaranmışdır. Bu sahənin ideya əsasını
da müasir Azərbaycan dövlətinin yaradıcısı
Heydər Əliyev qoymuşdur. Bu ideyanın davam etdirilməsi
və elmi fəlsəfi konsepsiya kimi işlənib-hazırlanması
isə Ramiz Mehdiyevin adı ilə bağlıdır.
Təəssüf ki, XX əsrin
ortalarından sonra xarici ölkələrdə fəlsəfənin
digər sahələrində aparılan tədqiqatlar barədə
məlumat Azərbaycan dilində yox dərəcəsindədir.
Bu, təkcə tərcümə işlərinin ləngiməsi
ilə bağlı olmayıb, həm də tədqiqatçılarımızın
orijinal mətnlərdən istifadə edə bilməməsinin
nəticəsidir. Dövlətçilik fəlsəfəsi və
politologiya sahəsində isə akademik Ramiz Mehdiyev dünya
elminin ən yeni nailiyyətlərini tədqiqata cəlb etməklə
həm də geniş elmi ictimaiyyətə xarici ölkələrdə
bu sahədə görülən işlər barədə məlumat
verir. Biz onun əsərləri vasitəsilə Kissincerin,
Bzejinskinin, Fukuyamanın, Hantinqtonun və müasir
dövrün digər böyük politoloqlarının
ideyaları ilə də tanış oluruq ki, bu da gənc nəslin
həmin sahədə daha aktual mövzular üzrə
yaradıcılıq axtarışları aparmasına meydan
açır.
Səlahəddin XƏLİLOV,
Azərbaycan Universitetinin professoru
Xalq qəzeti.- 2009.- 3 iyul.- S. 6.