Azərbaycan diplomatik xidməti - 90
Azərbaycanın xarici siyasəti: təsir edən amillər
və prioritetlər
Sovet İttifaqının dağılması ilə Azərbaycan
xalqı öz müstəqilliyini yenidən bərpa etmək
və dövlətçiliyini inkişaf etdirərək
möhkəmləndirmək üçün tarixi fürsət
qazandı. Həmin vaxtlar çoxları qonşu Ermənistanın
hərbi təcavüzünə məruz qalmış,
ağır iqtisadi böhran və daxili qeyri-sabitliyin hökm
sürdüyü Azərbaycanın bu mürəkkəb vəziyyətdən
çıxacağına və uğur qazanacağına
inanmırdı.
1993-cü ildə
ümummilli lider Heydər Əliyevin prezident seçilməsindən
sonra xalqın firavanlığı və ölkənin
davamlı inkişafı üçün ilkin şərt olan
Azərbaycanın müstəqilliyi və suverenliyinin möhkəmləndirilməsi
istiqamətində uğurlu strategiyanın həyata
keçirilməsinə başlanıldı. Müasir müstəqil
Azərbaycanın memarı və qurucusu olan ümummilli lider
Heydər Əliyev dövlət institutlarını təkmilləşdirdi,
çox ehtiyac duyulan xarici əlaqələrimizi genişləndirdi,
hərtərəfli enerji strategiyasını
reallaşdırdı və ölkənin uzunmüddətli
inkişafının təməlini qoydu. Ulu öndər Heydər
Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə
yönəlmiş strategiyası onun layiqli
davamçısı Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilir.
Bugünkü Azərbaycan
dövlətçiliyinin kökləri müsəlman Şərqində
ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ilə
bağlıdır. 23 aylıq ömür yaşamış Azərbaycan
Xalq Cümhuriyyəti regionda geosiyasi vəziyyətin dəyişməsi
ilə süqut etmişdir. Qısa müddət ərzində mövcud olmasına
baxmayaraq, Xarici İşlər Nazirliyi də daxil olmaqla əsas
dövlət institutları məhz həmin dövrdə
yaradılmışdır. Biz Azərbaycanın diplomatik xidmətinin
yaranmasının 90 illiyini bu il böyük fəxr hissi ilə
qeyd edirik.
Azərbaycan iqtisadiyyatda yüksək
artıma, habelə sabit siyasi sistemə malik, sürətlə
inkişaf edən gənc demokratik ölkədir. Azərbaycan
öz milli maraqlarının gerçəkləşdirilməsi,
habelə regional və qlobal mövqelərinin möhkəmləndirilməsi
üçün özünün iqtisadi və siyasi
imkanlarından məharətlə istifadə edir. Azərbaycan
regionda lider və beynəlxalq aləmdə etibarlı tərəfdaş
ölkə kimi tanınmışdır. Ölkəmiz
bütün regional məsələlərdə əsas
oyunçudur və regiondakı strateji əhəmiyyətli
heç bir layihə Azərbaycansız gerçəkləşə
bilməz.
Azərbaycanın xarici siyasət
istiqamətləri və strateji seçimləri
aşağıdakı təsiredici amillərlə müəyyənləşir:
Ermənistanın
Azərbaycana qarşı təcavüzü. – Hərbi
işğal, etnik təmizləmə, bir milyona yaxın azərbaycanlı
qaçqın və məcburi köçkünün
hüquqlarının kobudcasına pozulması, ölkənin
böyük bir hissəsində tarixi və mədəni irsimizin
ermənilər tərəfindən
dağıdılması faktlarını özündə cəmləşdirən
Ermənistanın Azərbaycana qarşı təcavüzü
ölkəmizin təhlükəsizlik mühitinin əsas təyinedici
amili olaraq qalır və bu da öz növbəsində Azərbaycanın
təhlükəsizlik və xarici siyasətinin formalaşdırılmasında
əsas rol oynayır.
Qlobal proseslər. – Azərbaycan öz müstəqilliyini bərpa etməsi
ilə eyni vaxtda beynəlxalq münasibətlər sistemi
köklü surətdə dəyişməyə
başlamışdır və son iyirmi il ərzində cərəyan
edən hadisələr göstərir ki, sistem mahiyyətcə
hələ də rəqabətlidir. Dövlətlər
müxtəlif və bəzən də mübahisəli xarici
siyasət məqsədləri güdürlər.
“İkiqütblülük” və “çoxqütblülük”
konsepsiyalarının toqquşmasında təzahür edən
çağdaş dünya nizamına dair ziddiyyətli təsəvvürlər
dünyanın müxtəlif yerlərində siyasi və
iqtisadi nüfuz uğrunda rəqabəti
canlandırmışdır. Davamlı olacağı təqdirdə
bu rəqabət qlobal və regional təhlükəsizlik
mühitinə mənfi təsir göstərəcəkdir.
Strateji coğrafi yerləşmə.
– Azərbaycanın coğrafi yerləşməsi bir çox
mənada strateji əhəmiyyətə malikdir. Yaranmaqda olan
Şərq-Qərb və Şimal-Cənub nəqliyyat və
enerji dəhlizi üzərində böyük ticarət
yollarının kəsişməsində yerləşməsi
ölkəyə enerji və infrastruktur mərkəzinə
çevrilmək üçün əhəmiyyətli imkan
verir. Ölkənin belə bir mərkəzə çevrilməsi
üçün Azərbaycanın coğrafi yerləşməsi
kimi üstünlükdən tam istifadə edilməsi vacib
şərtdir.
Zəngin təbii
ehtiyatlar. – Azərbaycanın zəngin təbii sərvətlərə
malik olması nəinki ölkənin çiçəklənməsinə
və xalqın rifahına xidmət edir, eyni zamanda bu fakt
respublikanın milli təhlükəsizliyinin, siyasi müstəqilliyinin
və suverenliyinin möhkəmləndirilməsində
mühüm amildir. Xəzər dənizinin zəngin
karbohidrogen ehtiyatlarının işlənilməsi və
dünya bazarlarına nəqli sonradan Azərbaycanın enerji
strategiyası adlandırılan siyasətin əsas elementinə
çevrilmişdir. Əsası ümummilli lider Heydər Əliyev
tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin
uğurla həyata keçirdiyi bu strategiya Azərbaycanın
xarici siyasətinin təməl daşıdır.
Müasir dövrdə təhlükəsizliyə
təhdidlər və risklər. – Beynəlxalq arenada
qeyri-dövlət aktorları olan beynəlxalq terrorçu
qruplaşmalar, hərbi separatçı hərəkatlar, etnik
və dini ekstremizm, mütəşəkkil cinayətkarlıq
şəbəkələri, habelə qeyri-qanuni miqrasiya,
narkotik maddələr və insan alveri, kütləvi
qırğın silahlarının yayılması, vacib enerji
və nəqliyyat infrastrukturunda sabotaj riski və son illərin
fenomeni olan kiber hücumlar qlobal və regional təhlükəsizlik
mühitinə ciddi təsir göstərən amillərdir.
Məsuliyyət və
özünəməxsusluq – Azərbaycan tarixi əsas etibarilə
müxtəlif regional güclər arasındakı müharibələr
və real müstəqillik uğrunda gedən davamlı
mübarizə tarixindən ibarətdir. Bu “irs” kiçik
ölkələrin suverenliyi və hüquqlarını təmin
edə biləcək beynəlxalq mexanizmlərin gücləndirilməsinə
töhfə vermək üçün Azərbaycanın beynəlxalq
birliyin fəal və məsuliyyətli üzvü
olmasını tələb edir. Məsuliyyətin kökləri
Azərbaycanın hər zaman müxtəlif dini etiqada,
dünyagörüşünə, etnik qruplara aid insanların
birgə yaşaması və tolerantlıq kimi səciyyəvi
xüsusiyyətlərinə bağlıdır. Azərbaycan dərin
tarixi köklərə malik, həqiqətən də etnik və
dini dözümlülük baxımından nadir dünyəvi
müsəlman ölkəsidir. Azərbaycan 1918-ci ildə
müsəlman Şərqində ilk demokratik respublika elan
edilmişdir. Əsrlər boyu burada müsəlman, xristian və
yəhudilər bir-biri ilə dinc yanaşı
yaşamışlar. Mədəniyyətlər arasında
körpü rolunu oynayan Azərbaycan beynəlxalq birliyin mənafeyi
naminə bu dəyərləri təşviq etmək məsuliyyətini
hiss edir.
Azərbaycan beynəlxalq
əlaqələr sisteminə cəlb olunan bütün
dövlətlərə münasibətdə onların ərazi
böyüklüyü, hərbi gücü və iqtisadi
potensialından asılı olmayaraq, dövlətlərin
suveren bərabərliyi prinsipinə əsaslanan müstəqil
xarici siyasət həyata keçirir. Şəffaflıq və öncədən
müəyyənləşdirmə Azərbaycanın xarici
siyasətini səciyyələndirən əsas xüsusiyyətlərdir.
Azərbaycan bütün ölkələrlə
dostluq və qarşılıqlı səmərəli ikitərəfli
və çoxtərəfli əlaqələrini inkişaf
etdirməklə öz regionunda və onun sərhədlərindən
kənarda sülh içində birgə yaşama və
mehriban qonşuluğu təşviq etməkdə çox
maraqlıdır.
Ölkəmiz mövcud beynəlxalq
təhlükəsizlik sisteminin təməl daşı olan
beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan
xarici siyasət həyata keçirir. Bütün dövlətlərin
suverenliyi, ərazi bütövlüyü və daxili işlərinə
qarışmamaq Azərbaycanın başqa ölkələrlə
qarşılıqlı əlaqələrində əsas
prinsiplərdir.
Azərbaycanın
ölkənin milli maraqlarının təmin olunmasına və
onun qlobal və regional mövqeyinin möhkəmləndirilməsinə
yönələn xarici siyasət prioritetləri
aşağıdakılardır:
Azərbaycanın ərazi
bütövlüyünün bərpası. – Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması
ölkəmizin təhlükəsizliyi ilə bağlı
narahatlıq doğuran təxirəsalınmaz məsələ
və xarici siyasətimizin bir nömrəli prioriteti hesab
olunur. Münaqişənin həlli ilə bağlı Azərbaycanın
mövqeyi danışıqların ilk günlərindən dəyişməz
olaraq qalır. Biz münaqişənin həlli
üçün erməni hərbi qüvvələrinin
işğal olunmuş Azərbaycan ərazisindən
çıxarılması, bu ərazilərdə Azərbaycanın
pozulmuş suveren hüquqlarının bərpası, məcburi
köçkünlərin öz doğma yurdlarına
qaytarılması, Azərbaycanın Dağlıq Qarabağ
regionunda ölkənin hərtərəfli iqtisadi
inkişafı çərçivəsində
kommunikasiyaların bərpası və sosial-iqtisadi inkişaf
üçün şərtlərin müəyyən
olunması, qanuni və demokratik proses çərçivəsində
Dağlıq Qarabağ regionunda Azərbaycan və erməni
icmalarının dinc yanaşı yaşamasını və
Azərbaycan Respublikasının tərkibində muxtariyyətini
təmin edəcək statusun müəyyənləşdirilməsindən
başqa bir yol görmürük. Dağlıq
Qarabağın öz müqəddəratını təyin
etməsi yalnız etnik təmizləməyə məruz
qalmış azərbaycanlıların öz doğma
yurdlarına qaytarılmasından sonra və yalnız Azərbaycanın
tərkibində mümkündür. Azərbaycan heç bir
zaman öz ərazi bütövlüyünü müzakirə
obyektinə çevirməyəcəkdir.
Münaqişənin
həllinin hüquqi və siyasi əsasları BMT-nin Nizamnaməsi,
Helsinki Yekun Aktı, BMT Təhlükəsizlik
Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri,
BMT Baş Məclisinin 2008-ci ildə qəbul etdiyi A/RES/62/243
saylı qətnaməsi, habelə ATƏT və Avropa
Şurasının müvafiq sənədləri və qərarlarında əks
olunan beynəlxalq hüququn norma və prinsiplərinə
söykənir. Bütün bu sənədlər Azərbaycanın
suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə
tanınan sərhədlərinin toxunulmazlığını
təsdiqləyir. Bundan əlavə, Strasburq/Kehl sammitində
NATO Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın
ərazi bütövlüyü çərçivəsində
sülh yolu ilə həll olunmasına yönəlmiş səyləri
bir daha dəstəkləmişdir.
Azərbaycan
münaqişənin sülh yolu ilə nizamlanmasına sadiqdir
və münaqişənin beynəlxalq hüququn norma və
prinsiplərinə uyğun ədalətli və davamlı həllinin
dəstəklənməsi üçün bütün səylərin
səfərbər olunması məqsədi ilə öz tərəfdaşları,
beynəlxalq və
regional təşkilatlarla aparılan işi davam edəcəkdir.
Buna baxmayaraq, sülh prosesinin uğurla nəticələnməsi
Ermənistan tərəfinin eynilə bu prosesə sadiqliyindən
və konstruktiv yanaşmasından, həmçinin beynəlxalq
birliyin, ATƏT-in bütün üzv dövlətlərinin,
xüsusən də Minsk qrupunda təmsil olunan və həmsədrlik
edən ölkələrin fəal töhfəsindən
asılıdır.
Beynəlxalq sülh
və sabitliyin təşviqi. – İstər ənənəvi,
istərsə də yeni təhlükə və problemlərin
qarşısı fəal beynəlxalq səylər hesabına
alına bilər və onların birtərəfli qaydada aradan
qaldırılması mümkün deyildir.
Azərbaycan beynəlxalq terrorizm
və kütləvi qırğın silahlarının
yayılmasına qarşı mübarizə ilə
bağlı çoxtərəfli və ikitərəfli
çərçivədə beynəlxalq əməkdaşlığa
fəal cəlb olunmuşdur. Terrorizmə qarşı
mübarizəyə dair bütün beynəlxalq sənədlərə
qoşulan Azərbaycan bu sahəyə dair daim məlumat
mübadiləsi həyata keçirir və müvafiq məruzələr
hazırlayır. Bizim sülhməramlılar Kosovo, İraq və
Əfqanıstanda beynəlxalq birliyin digər üzvlərindən
olan əsgərlərlə çiyin-çiyinə xidmət
göstərmişlər. Azərbaycan hökuməti və
şirkətlərinin Əfqanıstana yardımı və bu
ölkənin bərpası ilə bağlı səyləri
ehtiyac içində yaşayan əhali üçün də
imkanlar yaradır.
Azərbaycan istər
“Kütləvi qırğın silahlarının
yayılmaması haqqında Saziş”, istərsə də digər
ölkələrlə əməkdaşlıq çərçivəsində
ixraca nəzarət və sərhəd təhlükəsizliyi
tədbirləri vasitəsilə kütləvi
qırğın silahlarının yayılmaması istiqamətində
fəaliyyət göstərir. Azərbaycan kütləvi
qırğın silahlarının yayılmaması ilə
bağlı beynəlxalq rejimin gücləndirilməsinə tərəfdardır
və müvafiq nəzarətin həyata keçirilməsi
üçün dünya birliyi və müvafiq təşkilatlarla
əməkdaşlığı davam etdirəcəkdir.
Transmilli cinayətkarlıq
və insan alverinə qarşı mübarizə region ölkələri
ilə, eləcə də BMT, ATƏT və digər beynəlxalq
təşkilatlar çərçivəsində əməkdaşlığımızın
gündəliyində duran məsələdir.
Cənubi Qafqazdakı sabitliklə
ümumilikdə qlobal təhlükəsizlik arasında əlaqənin
mövcudluğu məlum məsələdir. Cənubi
Qafqazdakı uzadılmış münaqişələrin
regiondakı təhlükəsizliyə və sabitliyə zərbə
vurması, region ölkələrinin iqtisadi və siyasi
inkişafına maneə yaratması və regiondakı real əməkdaşlığın
qarşısını alması səbəbindən region
ölkələri və geniş anlamda beynəlxalq birlik
üçün xüsusi narahatlıq kəsb edir.
Səmərəli çoxtərəfli
beynəlxalq münasibətlər sisteminin təşviqi. – Beynəlxalq sülhün ən yaxşı halda səmərəli
çoxtərəfli münasibətlər sistemi vasitəsilə
əldə edilməsinə əmin olaraq, Azərbaycan
bütün dünyada və regionumuzda beynəlxalq sülh və
təhlükəsizliyin təmin edilməsində BMT-nin rolunun
vacibliyini qəbul edir. BMT-nin Nizamnaməsində öz əksini
tapan beynəlxalq hüququn norma və prinsipləri mövcud
beynəlxalq təhlükəsizlik sisteminin təməl
daşını təşkil edir. Azərbaycan
XXI əsrin problemlərinə və təhdidlərinə daha
səmərəli şəkildə cavab vermək
üçün beynəlxalq hüquq sisteminin möhkəmləndirilməsi
və qəbul edilmiş qərarların həyata
keçirilməsi də daxil olmaqla, BMT-nin operativ
imkanlarının artırılmasına yönələn
islahatları dəstəkləyir.
ATƏT ilə əməkdaşlıq
Azərbaycanın xarici siyasətində mühüm yer tutur.
ATƏT-in Helsinki Yekun Aktı və digər sənədlər
bu təşkilata üzv olan ölkələr arasında
münasibətləri tənzimləyən norma və prinsipləri
müəyyən edir və kollektiv təhlükəsizliyin
saxlanılması üçün əsas yaradır. BMT kimi,
ATƏT-in də fəaliyyətinin onun bütün sənədlərinə
və mexanizmlərinə əsaslanmış əməli nəticələr
vasitəsilə səmərəliliyinin
artırılmasına ehtiyac vardır.
Eyni zamanda, milli
maraqlarımızın təmin olunması, daxili siyasi və
institusional islahatların səmərəli şəkildə
həyata keçirilməsi, həmçinin Azərbaycan
qanunvericiliyinin Avropanın norma və standartlarına
uyğunlaşdırılması nöqteyi-nəzərdən
Avropa Şurası ilə əməkdaşlıq vacibdir.
Azərbaycan regional çoxtərəfli
əməkdaşlığı çox vacib hesab edir və
GUAM-ın əsas yaradıcısı kimi biz regionda daha
mehriban və daha sabit münasibətlərə nail
olunmasına öz töhfəmizi veririk.
Azərbaycanın həm
Qərb, həm də Şərq mədəniyyətinə məxsus
olması ilə bağlı nadir xüsusiyyəti dini məlumatsızlığın
və dözümsüzlüyün aradan
qaldırılması üçün dinlərarası
dialoqda mühüm rol oynamaq üçün imkanlar
yaradır. 2007-ci ildə İslam Konfransı Təşkilatının Xarici
İşlər Nazirləri Şurasının sədri kimi Azərbaycan
İslam Konfransı Təşkilatının
strukturlarının və funksiyalarının daha da gücləndirilməsi
və Avropa təşkilatları ilə əməkdaşlıq
mexanizmlərinin yaradılması istiqamətində səylər
göstərmişdir. Azərbaycan sivilizasiyalar
arasındakı dialoqda fəal iştirak edir və bu məsələyə
töhfə verən ilk ölkələr sırasında
olmuşdur. Təqdirəlayiq hal kimi qeyd etmək
lazımdır ki, ölkəmizin bu istiqamətdə fəaliyyəti
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi
ilə həyata keçirilir. Habelə beynəlxalq səviyyədə
tanınmış elmi tədqiqatçıların və
mütəxəssislərin iştirakı ilə Bakıda mədəniyyətlərarası
dialoqa dair üç möhtəşəm beynəlxalq tədbir
təşkil olunmuşdur.
Qarşılıqlı
faydalı ikitərəfli əlaqələrin inkişafı.
– Azərbaycan regional əməkdaşlığı regionda
sülhün və sabitliyin qorunub saxlanılması
üçün mühüm amil hesab edir və yuxarıda
qeyd edilmiş səbəblərə görə Ermənistan
istisna olmaqla bütün yaxın qonşuları ilə
qarşılıqlı faydalı dostluq münasibətləri
qurmuşdur. Qonşu dövlətlərlə əlaqələrin
daha da inkişafı həllini gözləyən regional
problemlərin qarşılıqlı surətdə qəbul
olunan şəkildə nizamlanması variantının
tapılmasına imkan yaradacaqdır.
Azərbaycan,
Gürcüstan və Türkiyə arasında üçtərəfli
strateji tərəfdaşlıq və dərinləşən
əməkdaşlıq regionda sabitliyin göstəricisinə
çevrilmişdir. Rusiya ilə münasibətlər strateji
tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir
və bu əməkdaşlığın genişlənməsi
davam edir. Azərbaycan İranla mütərəqqi və gələcəyə
istiqamətlənmiş dialoq aparır, habelə Xəzər
dənizi ilə Avropa regionu arasında körpü yaratmaq məqsədi
ilə Orta Asiya dövlətləri ilə münasibətlərini
inkişaf etdirir.
Azərbaycan strateji tərəfdaşı
olan ABŞ ilə qlobal problemlər və təhlükələrə
qarşı mübarizə aparmaq məqsədi ilə ikitərəfli
və çoxtərəfli çərçivədə əməkdaşlıq
edir. Azərbaycan ABŞ-ın rəhbərlik etdiyi antiterror
koalisiyasının üzvüdür, beynəlxalq birliyin
terrorizmə qarşı mübarizəsini hərtərəfli
şəkildə dəstəkləyir və bu istiqamətdə
bir sıra əhəmiyyətli addımlar atır. Biz
ABŞ-la, habelə iqtisadi, enerji təhlükəsizliyi və
demokratik inkişafın təşviqi sahələrində də
əməkdaşlığımızın genişləndirilməsi
istiqamətində iş aparırıq.
Coğrafi baxımdan Qərb
ilə Şərqin kəsişməsində yerləşən
Azərbaycan Avropa ölkələrindən mal və xidmətlərin
böyüyən Asiya bazarlarına və əksinə
daşınması üçün təbii keçid
imkanını təmin edir. Bu mənada Orta Şərq və
Asiya ölkələri ilə əlaqələr Azərbaycanın
xarici siyasətində vacib yer tutur. Yaranmaqda olan siyasi güc mərkəzləri
və sürətlə artan iqtisadiyyatlara malik bu regionlar
iqtisadi, telekommunikasiya və digər sahələrdə
qarşılıqlı faydalı əməkdaşlıq
üçün perspektivlər açır.
Avropa və Avratlantik strukturlara
inteqrasiya. – Azərbaycan Avropa və Avratlantik
birliyin dəyərləri ilə bölüşür,
çoxtərəfli Transatlantik təhlükəsizlik əməkdaşlığı
proqramlarını inkişaf etdirərək Avropa qitəsində
və onun sərhədlərindən kənarda təhlükəsizlik
və sabitliyə töhfə verir. Azərbaycan
1994-cü ildə NATO-nun “Sülh naminə tərəfdaşlıq”
Proqramına qoşulan ilk ölkələrdən biri
olmuşdur və Avratlantik Tərəfdaşlıq
Şurası və digər vasitələrlə NATO ilə
mümkün tərəfdaşlıq mexanizmlərindən tam
şəkildə bəhrələnir. Azərbaycan
Fərdi Tərəfdaşlığın Fəaliyyəti
Planının (FTFP) birinci mərhələsini uğurla
başa vurmuşdur və FTFP-in ikinci mərhələsinin
icrasına başlamışdır ki, bu da növbəti illərdə
NATO-Azərbaycan münasibətlərini istiqamətləndirəcəkdir.
Azərbaycanın Aİ ilə əməkdaşlığı
ölkənin təhlükəsizlik ehtiyacları çərçivəsindən
kənara çıxaraq iqtisadi, siyasi və sosial sahələrdə
də genişlənir. Avropa Qonşuluq Siyasəti
çərçivəsində 2006-cı ildə qəbul
olunmuş Aİ-Azərbaycan Fəaliyyət Planı Azərbaycan
və Aİ arasında siyasi dialoqu gücləndirir, siyasi,
iqtisadi və institusional islahatlar sahələrində əməkdaşlığı
inkişaf etdirir, əməkdaşlığın keyfiyyətcə
yeni səviyyəyə qaldırılması üçün
əsaslar yaradır. Aİ-Azərbaycan Fəaliyyət
Planının yerinə yetirilməsi Aİ ilə Azərbaycan
arasında qarşılıqlı siyasi və iqtisadi
asılılığın daha da möhkəmlənməsinə
xidmət edəcəkdir. Biz Aİ-nin Şərq Tərəfdaşlığı
Təşəbbüsünü alqışlayır və biz
bunun Aİ ilə əməkdaşlığımızı
sürətləndirəcəyinə ümid edirik.
Davamlı inkişaf və
Avropanın enerji və nəqliyyat dəhlizinin genişləndirilməsi.
– Neft və qaz kəmərlərinin, digər müvafiq
infrastrukturun tikintisi də daxil olmaqla, Azərbaycanın neft
sektorunun inkişafı artıq ölkənin iqtisadi yüksəlişinə
töhfə vermiş, regional və qlobal əməkdaşlıq
üçün əlavə imkanlar yaratmışdır. Bakı-Supsa,
Bakı-Tbilisi-Ceyhan neft kəmərləri və Cənubi
Qafqaz qaz kəməri kimi regional infrastruktur layihələrinin
uğurla həyata keçirilməsi ilə nəticələnən
bu əməkdaşlıq Cənubi Qafqaz regionunun əhəmiyyətini
artırmış, Avropa və qlobal enerji təhlükəsizliyinə
töhfə vermiş və Avropa üçün yeni, həyati
əhəmiyyətli enerji mənbələrinin əsasını
qoymuşdur. Azərbaycanın karbohidrogen ehtiyatları strateji
coğrafi yerləşmə ilə birlikdə ölkəni əhəmiyyətli
enerji mənbəyinə və beynəlxalq enerji təchizatı
sisteminin vacib tərkib hissəsinə çevirir. Yalnız
enerji istehsalçısı və ixracçısı kimi
deyil, eyni zamanda, vacib tranzit ölkəsi kimi Azərbaycanın
regionun mərkəzi oyunçusu və beynəlxalq arenada əhəmiyyətli
aktor olaraq imkanları getdikcə artır.
Azərbaycanın
coğrafi yerləşməsi ölkənin dünya
bazarlarına çıxışını şaxələndirmək
imkanı verir. Cənubi Qafqaz regionu ərazisindən beynəlxalq
nəqliyyat və kommunikasiya dəhlizlərinin genişləndirilməsi
və Azərbaycanın tranzit imkanlarının gücləndirilməsi
ölkə iqtisadiyyatının şaxələndirilməsi
və qeyri-neft sektorunun inkişafı strategiyasının
vacib elementidir. Bu mənada, Azərbaycan Avropa-Qafqaz-Asiya Nəqliyyat
Dəhlizi (TRASECA) layihəsi, habelə Şimal-Cənub nəqliyyat
dəhlizinin həyata keçirilməsinə fəal cəlb
olunmuşdur. Habelə, Azərbaycan Türkiyə və
Gürcüstanla geostrateji əhəmiyyət kəsb edən
Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin qurulması istiqamətində
əməkdaşlıq edir. Bu xəttin həyata keçirilməsi
regional əməkdaşlığın sürətləndirilməsi
və gücləndirilməsi üçün vacib addım
olacaq, eyni zamanda, qlobal təsirlərə malik yeni regional
imkanlar yaradacaqdır.
Bazarlar və xarici
sərmayələrin rəqabəti, fiskal və monetar siyasətlərin
əlaqələndirilməsi məqsədi ilə mövcud
beynəlxalq kommersiya şəbəkələrini cəlb etmək
zərurəti ilə səciyyələnən beynəlxalq
mühit fəal xarici iqtisadi siyasətin həyata keçirilməsini tələb edir. Azərbaycan iqtisadiyyatın qeyri-neft sektorlarına
xarici sərmayələrin cəlb edilməsi, ölkədə
istehsal olunan malların beynəlxalq bazarlara maneəsiz
keçidinin təmin olunması, ticarət, sərmayə
qoyuluşu və iqtisadi yüksəlişin gücləndirilməsi
vasitəsilə davamlı iqtisadi inkişafa töhfə vermək
üçün regiondakı və ondan kənarda yerləşən
ölkələrlə əməkdaşlıqda
maraqlıdır. Azərbaycanın iqtisadi inkişaf fəlsəfəsi
çox sadədir - qonşu ölkələrin çiçəklənməsi
qarşılıqlı fayda gətirir.
Azərbaycan xarici əlaqələrinin
coğrafiyasını əhəmiyyətli dərəcədə
genişləndirmiş, beynəlxalq aləmdə daha çox
nəzərəçarpan və hörmət edilən
ölkəyə çevrilmiş və xarici siyasət məqsədlərini
daha da təkmilləşdirmişdir. Avstraliya istisna olmaqla,
bizim bu gün dünyanın bütün qitələrində
diplomatik nümayəndəliklərimiz vardır. İkitərəfli
sənədlərin imzalanması, qarşılıqlı
yüksək səviyyəli səfərlər, beynəlxalq
konfrans və dünya forumlarında iştirak bizim gündəlik
diplomatik həyatımızın ayrılmaz hissəsinə
çevrilmişdir.
Diplomatik xidmət
orqanlarımızın rəhbərlərinin son
müşavirəsində Azərbaycan Prezidenti İlham Əliyevin
qeyd etdiyi kimi, xarici siyasətimiz bütün istiqamətlərdə
uğurludur, biz işimizi məhz bu istiqamətdə davam etdirəcəyik
və xarici siyasət fəaliyyətimizdə fəal
olmalıyıq.
Müstəqilliyimizin bərpa
olunmasından keçən on səkkiz il ərzində Azərbaycanın
xarici siyasət strategiyasının uğurlu olmasının
sübutu ondan ibarətdir ki, bu dövr ərzində ölkəmiz
daim dəyişən beynəlxalq mühitə
uyğunlaşmaqla yanaşı, eyni zamanda regional liderə
çevrilməyə nail olmuşdur.
Milli maraqların həyata
keçirilməsi, müstəqilliyin və suverenliyin gücləndirilməsi,
ərazi bütövlüyünün bərpasına istiqamətlənmiş
fəal xarici siyasət strategiyası, habelə özünəməxsus
və bəzən ziddiyyətli siyasət yürüdən
regional və regiondan kənarda olan aktorlarla modus vivendi-nin
tapılmasına imkan yaradan elastiklik arasında mürəkkəb
balans Azərbaycanın xarici siyasətinin səciyyəvi
xüsusiyyətidir.
Diplomatik xidmətimizin
90 illik yubileyi ilə eyni vaxtda xarici siyasətimizin keçdiyi
yolu nəzərdən keçirərək qeyd etməliyik ki,
çoxsaylı uğur və nailiyyətlərimizin olması
ilə yanaşı, hələ də bir sıra məsələlərin
həlli, ən əsası isə ölkəmizin ərazi
bütövlüyünün bərpası istiqamətində
işlərin daha da gücləndirilməsi Xarici İşlər
Nazirliyinin başlıca vəzifəsi olaraq qalır və əminəm
ki, Prezident İlham Əliyevin rəhbərliyi altında biz
tezliklə bütün bu uğurlara nail olacağıq.
Elmar MƏMMƏDYAROV,
Azərbaycan Respublikasının xarici işlər
naziri
Xalq qəzeti.- 2009.- 3 iyul.- S. 5.