Dövlət şəhərsalma - memarlıq
nəzarətinin həyata
keçirilməsi qaydaları
müəyyən edilmişdir
Ölkədə tikinti fəaliyyətinin bütün
mərhələlərində dövlət nəzarətini
gücləndirmək məqsədilə Prezident İlham Əliyev
30 avqust 2007-ci il tarixdə “Azərbaycan Respublikasında tikinti
sahəsində dövlət nəzarətinin gücləndirilməsi
haqqında” 624 nömrəli fərman imzalamışdır.
Həmin fərmanda
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə
şəhərsalma fəaliyyətini tənzimləyən
norma və qaydaların təkmilləşdirilməsi və
şəhərsalma - memarlıq nəzarətinin həyata
keçirilməsi sahəsində təkliflər
hazırlayıb Nazirlər Kabinetinə təqdim etmək
tapşırılmışdı. Bununla əlaqədar ötən
müddətdə hansı işlər
görülmüşdür? Suala cavab almaq məqsədilə
komitənin şəhərsalma-arxitektura nəzarəti
şöbəsi müdirinin müavini Dilxoş Nuriyevə
müraciət etdik. O dedi:
— Dövlət
başçımızın “Azərbaycan Respublikasında
tikinti sahəsində
dövlət nəzarətinin
gücləndirilməsi haqqında”
imzaladığı fərmanın
4-cü bəndinin icrasının
təmin olunması məqsədilə Nazirlər
Kabineti 21 may 2009-cu il tarixdə 84 nömrəli qərarla “Dövlət şəhərsalma-memarlıq nəzarətinin həyata
keçirilməsi qaydaları”nı təsdiq edib. Qaydalarda dövlət nəzarətinin
respublika səviyyəsində
Dövlət Şəhərsalma
və Arxitektura Komitəsi tərəfindən
həyata keçirilməsi
müəyyənləşdirilib.
Sözügedən qaydalar,
şəhərsalma memarlıq
sahəsində qanunvericiliyin
pozulması hallarının
qarşısının alınması,
şəhərsalma sənədlərinin
keyfiyyətinin yüksəldilməsi,
şəhərsalma fəaliyyətinin
şəhərsalma sənədləri
əsasında həyata
keçirilməsi məqsədini
daşıyır. Bütün bunlarla yanaşı,
milli və tarixi irsin, şəhərsalma
və memarlıq abidələrinin, təbii-mədəni landşaftın,
digər qoruq ərazilərinin saxlanması
və mühafizəsi,
şəhərsalma obyektlərində
estetik gözəlliyin,
müasirliyin, habelə
milli memarlıq üslubunun qorunması da həmin qaydalar
çərçivəsində reallaşdırılır.
Xatırladım ki, qaydaların tələbləri
şəhərsalmanın planlaşdırılması,
layihələndirilməsi və
memarlıq sahəsinin
bütün subyektləri
üçün məcburidir.
Onu da
qeyd edim ki şəhərsalma - memarlıq nəzarətini
ümumrespublika səviyyəsində
Dövlət Şəhərsalma
və Arxitektura Komitəsi, Naxçıvan
Muxtar Respublikası səviyyəsində muxtar
respublikanın Şəhərsalma
və Arxitektura Komitəsi, yerli səviyyədə yerli icra hakimiyyəti orqanlarının memarlıq-tikinti xidmətləri öz səlahiyyətləri daxilində nəzərdə tutulmuş
qaydada həyata keçirirlər.
— Qaydalarda şəhərsalma sənədlərinin
keyfiyyətinə nəzarətin
həyata keçirilməsi
mühüm vəzifə
kimi qarşıya qoyulub. Bundan məqsəd nədir?
— Şəhərsalma
sənədlərinin keyfiyyətinə
nəzarətin gücləndirilməsində
məqsəd həmin
sənədlərin tərtibi
zamanı şəhərsalma
qanunvericiliyinə, norma
və qaydalarına əməl etməkdən,
məskunlaşma sistemlərinin
ərazi-məkan həllində milli, tarixi-mədəni irsin xüsusiyytələrinin,
ekoloji, geoloji tələblərinin nəzərə
alınmasına nail olmaqdan ibarətdir. Nəzarət, şəhərsalma sənədlərinə dair
qanunvericiliyə uyğun
olaraq komitə tərəfindən müvafiq
rəyin verilməsilə
həyata keçirilir.
Şəhərsalma sənədləri
komitəyə təqdim
olunmamışdan əvvəl
əlaqədar orqanlarla
razılaşdırılmalıdır.
Bütün bunlar isə bir qabaqlayıcı
tədbir, profilaktik iş kimi həyata
keçirilir ki, sonradan daha mürəkkəb
vəziyyətlə üzləşməyək.
— Şəhərsalma
qanunvericiliyinə və
şəhərsalma sənədlərinin
həyata keçirilməsinə
nəzarət zamanı
hansı məsələlər
diqqət mərkəzində
saxlanılır?
— Nəzarətin
aparılması dövründə
əsas fikir şəhərsalma qanunvericiliyinin
pozulması hallarının
qarşısını almağa
yönəldilir. Eyni zamanda,
şəhərsalma fəaliyyətinin
təsdiq edilmiş şəhərsalma sənədlərinə
uyğun həyata keçirilməsi, bu sahədə pozuntuları
və çatışmazlıqları
vaxtında aşkarlayıb
onları yerli icra hakimiyyətlərinin memarlıq xidmətləri
vasitəsilə aradan
qaldırmaq üçün
tədbirlər görülməsi
qarşıda mühüm
vəzifə kimi durur.
Şəhərsalma qanunvericiliyinə
və şəhərsalma
sənədlərinin həyata
keçirilməsinə nəzarət
yerlərdə 3 ildən
gec olmayaraq, plan və ya
xüsusi tapşırıq
əsasında müvafiq
araşdırmalar aparmaqla
həyata keçirilir.
Komitənin əməkdaşları
tərəfindən reallaşdırılan
həmin araşdırmalara
müvafiq dövlət
və yerli idarəetmə orqanlarının
nümayəndələri cəlb
edilirlər. Araşdırma zamanı şəhərsalma
fəaliyyətinin şəhərsalma
qanunvericiliyinə uyğun
həyata keçirilməsi,
təsdiqlənmiş şəhərsalma
sənədlərinə əməl
edilməsi, həmin sənədlər olmadıqda
obyektlərin yerləşdirilməsinin
şəhərsalma əsaslandırılmasının
mövcud qaydalara uyğun olub- olmaması müəyyənləşdirilir.
— Bəs şəhərsalma obyektlərinin
memarlıq-planlaşdırma
həllərinə nəzarət
hansı məsələləri
əhatə edir?
— Burada əsas məqsəd şəhərsalma obyektlərində
estetik gözəlliyin,
müasirliyin və milli memarlıq üslubunun qorunmasına, həmçinin insanların
həyat və sağlamlığı üçün
əhəmiyyət daşıyan
normalara əməl edilməsinə nail olmaqdır. Bunun üçün şəhərsalma obyektlərinin
müvafiq qaydada razılaşdırılmış memarlıq-planlaşdırma
həllərinin layihə
sənədləri yerli
icra hakimiyyətinin memarlıq xidmətləri
tərəfindən müvafiq
rəyin alınması
üçün komitəyə
təqdim edilməlidir.
Qanunvericilikdə nəzərdə
tutulmuş hallarda dövlət ekspertizasından
keçməli olan şəhərsalma obyektlərinin
işçi layihələrinin
də memarlıq-planlaşdırma həlli
yerli icra hakimiyyəti orqanlarının
(şəhərlərdə rayon icra hakimiyyəti
orqanları istisna olmaqla) memarlıq xidməti ilə razılaşdırıldıqdan sonra memarlıq-planlaşdırma
həlli baxımından
rəy alınması
üçün komitəyə
təqdim edilməlidir.
— Dövlət
şəhərsalma - memarlıq
nəzarəti baxımından
komitə hansı səlahiyyətlərə malikdir?
— Komitə
nəzərdə tutulan
nəzarət funksiyalarını
həyata keçirmək
üçün şəhərsalma
və arxitektura ilə bağlı sənəd və materialları almaq məqsədilə bütün
dövlət və qeyri-dövlət orqanlarına, fiziki və hüquqi şəxslərə sorğular
vermək, lazımi sənəd və materialları
tələb etmək,
şəhərsalma obyektlərinə
qanunvericiliklə nəzərdə
tutulmuş qaydada maneəsiz daxil olmaq səlahiyyətinə
malikdir. Bundan başqa, komitənin
şəhərsalmanın əsasları
haqqında qanunun pozulduğu hallarda inzibati xəta barədə protokol və ya akt,
habelə müvafiq qərar qəbul etmək, aşkarlanmış
pozuntuların aradan qaldırılması ilə
bağlı yerli icra hakimiyyətinin və özünüidarəetmə
orqanlarının memarlıq
xidmətlərinə
icra müddəti göstərməklə xüsusi
formada tapşırıqlar
vermək və c. səlahiyyətləri də vardır.
— Bu günlərdə, daha doğrusu, iyunun 22-də ölkə Prezidenti İlham Əliyev dövlət və bələdiyyə əmlakının idarə
olunması sahəsində
yol verilən hüquqpozmalara qarşı
mühafizənin gücləndirilməsi
haqqında fərman imzalamışdır. Onun
şərh etdiyimiz “Qaydalar”a təsiri
barədə nə deyə bilərsiniz?
— Bildiyiniz
kimi, şəhərsalma
fəaliyyəti bilavasitə
daşınmaz əmlakın
bir növü olan torpaq sahələri
ilə bağlıdır.
Şəhərsalma təyinatlı
torpaqların isə əsasən ya dövlətin, ya da bələdiyyənin mülkiyyətində olduğunu
nəzərə alsaq,
təbii ki, bu yöndə fəaliyyətimizdə araşdırmalar
zamanı daha ciddi faktlarla da üzləşə bilərik. İşimizə
təsiri baxımından
qısa şəkildə
deyə bilərəm
ki, cənab Prezidentin bu fərmanı nəzarətin
təsirliliyini xeyli yüksəldəcək, müvafiq
tədbir gürülməsində
operativliyi artıracaqdır. Eyni zamanda bütün tərəflərin məsələyə
daha məsuliyyətlə
yanaşmalarına hüquqi
zəmin yaradacaqdır.
Söhbəti qələmə aldı:
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2009.- 4 iyul.- S. 6.