Su aydınlıq... bolluqdur

 

Suvarma sistemləri idarələri fermerlərin yaxın köməkçisinə çevrilirlər

 

Növbəti illərdə Azərbaycanda, — bu, dövlət proqramında da öz əksini tapıbiçməli su, meliorasiya, suvarma kanalizasiya problemləri həll edilməlidir. Yəni, tam həll olunmalıdır. Bunu etmək üçün bütün imkanlar var.

 

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Ölkənin hərtərəfli sosial iqtisadi inkişafı elə bir səviyyəyə çatıb ki, artıq dövlətin diqqətindən kənarda qalan heç bir məsələ yoxdur. Xüsusən, regionlarla, kənd təsərrüfatı ilə məşğul olan bölgələrlə bağlı elə bir məsələ yoxdur ki, dövlət səviyyəsində həll edilməsin. Bu baxımdan fermerlərin aqrar sektorda fəaliyyət göstərən sahibkarların əsas qayğılarından olan suvarma suyu məsələsinin yüksək səviyyədə həll edilməsi hamı tərəfindən müsbət qarşılanır.

 

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının həm icra edilmiş (2004-2008-ci illər), həm də növbəti beş ildə icra ediləcək hər iki mərhələsində bu məsələ geniş şəkildə öz əksini tapıb. Əslində dövlət başçımız suvarma suyu məsələsinin içməli su və meliorasiya işləri ilə birlikdə — kompleks şəkildə həllini təmin edir.

Nazirlər Kabinetinin aprelin 22-də keçirilmiş 2009-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş iclasında yekun nitqi söyləmiş Prezident İlham Əliyev bu sahədə böyük işlər görüldüyünü, nəhəng layihələrin reallaşdırıldığını söyləmişdir: “Əvvəllər başladığımız layihələr icra olunur, Oğuz-Qəbələ-Bakı su kəməri tikilməkdədir, onun böyük hissəsi artıq tikilibdir. Samur-Abşeron kanalında iş gedir, Taxta körpü su anbarı tikilir, digər tədbirlər görülür. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xətti ilə Kür-Araz boyu yerləşən kəndlərin su ilə, yəni Beynəlxalq Səhiyyə Təşkilatının standartlarına uyğun şəkildə içməli su ilə təmin olunması prosesi gedir. Əvvəllər bulanıq sudan istifadə edən yüz minlərlə soydaşlarımız indi ən təmiz su alırlar”. Yəni dövlət bütün imkanlardan istifadə edərək həm ölkə əhalisinin içməli suya olan tələbatının yüksək səviyyədə ödənilməsini, həm də ölkədə ərzaq bolluğu yaradılmasında xüsusi xidməti olan fermerlərin suvarma suyu ilə təmin edilməsini daim diqqət mərkəzində saxlayır. İndi haqqında söhbət açacağımız İsmayıllı, Qəbələ və Ucar rayonlarındakı müvafiq strukturlar da qeyd edilən problemlərin məhz dövlətin qarşıya qoyduğu səviyyədə həllinə nail olurlar. Bunu, rayonlarda rastlaşdığımız, görüb-eşitdiyimiz faktlar bir daha sübut edir.

İsmayıllı Suvarma Sistemləri İdarəsinin rəisi Fazil Həsənov rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə söz açarkən ilk növbədə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasını yada saldı:

— Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair qəbul edilmiş Dövlət Proqramı məhsul bolluğu yaradılmasında mühüm əhəmiyyətə malikdir və kollektivimizin məsuliyyətini daha da artırır. Məlumdur ki, İsmayıllı Suvarma Sistemləri İdarəsi rayonda meliorasiya və su təsərrüfatı sahəsində dövlət xidmətləri göstərir, sualtı torpaqları (suvarılan ərazilər) su ilə təmin edir, daşqın və sel sularına qarşı mübarizə tədbirləri həyata keçirir. Ötən il kollektivimiz tərəfindən 12 ədəd hidrotexniki qurğu, bir ədəd hidrometrik post, bir ədəd mülki bina cari təmir edilib, suvarma kanallarında 219 min kubmetr torpaq işi görülüb, yaşayış məntəqələrini və əkin sahələrini sel sularından qorumaq məqsədi ilə çayların yatağından 259 min kubmetr qurunt çıxarılıbdır. Bu il isə indiyədək suvarma kanalları lildən təmizlənibdir. Kanallarda 38,9 min kubmetr həcmində iş görülüb, daşqın və sel sularına qarşı mübarizə məqsədi ilə 66,8 min kubmetr ekskovator, 64,0 min kubmetr isə buldozer işi görülübdür.

Əhalinin şəxsi təsərrüfatlarını, əkinaltı torpaqları sel və daşqın sularından qorumaq üçün daşqın təhlükəsi olan ərazilərin müəyyən edilərək qabaqlayıcı tədbirlər görülməsi mühüm əhəmiyyət kəsb edir. Çalışırıq ki, mövcud texnikanı operativ surətdə həmin ərazilərə çatdıraq və lazımi tədbirlər görək. Bu məqsədlə sel təhlükəsi olan çaylarda beton bəndlər tikilib, mühafizə zolaqları yaradılıbdır. Göyçay çayında 750 paqonometr, Sumağallı kəndində 100 paqonometr, Talıstançayda 200 paqonometr, Lahıc qəsəbəsində 500 paqonometr selə qarşı beton bəndlər tikilibdir. Bundan başqa kənd təsərrüfatı məhsulları istehsalçılarının əkin torpaqlarının suvarılması üçün müəyyən işlər görürük. Quraq keçən illərdə işlərimiz daha çox olur. Çayların suyunun azaldığı dövrdə su ehtiyatının yaradılması üçün operativ tədbirlər həyata keçiririk. Bu məqsədlə rayonda yeni su tutarların yaradılması üçün tədbirlər işlənilib hazırlanır. Yeni yaradılmış Sudan İstifadə Edənlər birlikləri bu təbii sərvətdən səmərəli istifadə edilməsinə zəmin yaradır.

Qəbələ Suvarma Sistemləri İdarəsinin rəisi Qüdrət Həmidov da təxminən İsmayıllıdan olan həmkarının söylədiyi fikirləri yada saldı. Çünki eyni coğrafi ərazi, eyni təbii şəraitə malik olan rayonlardır. Ancaq Qəbələ Suvarma Sistemləri İdarəsinin rəhbəri yeni alınmış texniki vasitələr və onları işlədən mütəxəssislər barədə danışmağı da unutmadı:

— Suvarma kanallarının lildən təmizlənməsi, daşqın və sel sularına qarşı mübarizə, daş-beton bəndlərin təmiri, qabion bəndlərin qurulması, rayon mərkəzinin sel sularından mühafizəsi, yaşayış məntəqələrinin və əkin sahələrinin daşqınlardan qorunması — ümumiyyətlə, idarəmizin funksiyasına aid olan bütün işlər həm 2008-ci ildə, həm də cari ilin indiyədək olan dövründə artıqlaması ilə yerinə yetirilib. Bu gün Qəbələ elə bir inkişaf mərhələsindədir ki, bizim hansısa tapşırığı yarımçıq şəkildə icra etməyimiz qətiyyən mümkün deyil. Sadaladığım bütün tədbirlərin həyata keçirilməsində Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin son illərdə bizi yüksək texniki göstəricilərə malik texnikalarla təmin etməsinin böyük rolu olubdur. Bu texnikanın işlədilməsi üçün bacarıqlı mütəxəssislərimiz var. “Komatsu” markalı buldozerin mexanizatoru Akif Yusifov, “Hunday” ekskovatorunun “dilini” yaxşı bilən Əhməd Hüseynov, Pənah Cavadov, sürücü Müharrif Atakişiyev, fəhlə Çingiz Rüstəmov bütün fövqəladə hallarda və adi günlərdə idarəmizə üz ağlığı gətirirlər.

Ucar Suvarma Sistemləri İdarəsinin rəisi Həsən Qasımovun söylədiyi faktlar, həyata keçirilən tədbirlərin adı bir qədər fərqli idi. Çünki idarələrin adı eyni olsa da, aran arandır, dağ isə dağ. Ucarda sel sularından qorunmaq və ya daşqın təhlükəsinin qarşısının alınması barədə söhbət getmir.

— İdarəmizin əsas təsərrüfat fəaliyyəti rayonun ərazisində olan meliorasiya və su təsərrüfatı obyektlərinə dövlət xidməti göstərmək, torpaqların su ilə təminatını həyata keçirmək, mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarını təşkil etmək, bu sahənin inkişafı ilə əlaqədar digər işləri yerinə yetirməkdən ibarətdir. İdarə rayonun inzibati ərazisi üzrə 24 min 935 hektar əkin sahəsinə suvarma suyunun verilməsi üçün 1461 kilometr uzunluğunda suvarma kanallarının, 1146 ədəd hidrotexniki qurğuların, 4 ədəd nasos stansiyasının, 505 ədəd körpü və keçidlərin, eləcə də digər qurğuların istismarını həyata keçirir.

Cari ilin vegetasiya suvarmasına hazırlıqla əlaqədar hələ ötən ilin oktyabr ayından başlayaraq bu ilin beş ayı ərzində idarənin öz gücü hesabına 172 min kubmetr, podratçı təşkilatların hesabına isə 161,9 kubmetr təmir işləri görülübdür. 26 ədəd hidrotexniki qurğuda cari təmir işləri həyata keçirilib. İlin ilk 5 ayında Sudan İstifaedənlər birliklərinə 29 min 688 manatlıq su verilibdir. Verilmiş suyun haqqının yığılması vəziyyəti qənaətbəxşdir. Təkcə həyata keçirdiyimiz tədbirlərdə və əldə etdiyimiz uğurlarda deyil, ümumiyyətlə, bütün fəaliyyətimizdə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin dəstəyini həmişə yaxından hiss etmişik. Əsasən pambıqçılıq və taxılçılıq rayonu olan Ucarın fermerlərinin suvarma suyuna olan tələbatı daim yüksək səviyyədə ödəniləcəkdir.

... Bu günümüz üçün gərəkli, dövlətin və dövlət başçısının daim diqqət mərkəzində olan bir məsələ barədə söz açdıq. Özü də üç müxtəlif iqtisadi rayonu təmsil edən üç inzibati rayonun timsalında. Maraqlıdır ki, hər üç rayonun Suvarma Sistemləri İdarəsində kollektiv rəhbərləri nikbindir. Çünki görülmüş işlər var, yerinə yetirilmiş vəzifələr var. Yəni, ölkənin ümumi sosial-iqtisadi inkişafına bu qurumlar da öz töhfələrini veriblər. Həm də su töhfəsini. Su isə aydınlıqdır, həyatdır.

 

 

İlqar HƏSƏNOV,

“Xalq qəzeti”nin bölgə müxbiri

 

Xalq qəzeti.- 2009.- 4 iyul.- S. 5.