Azərbaycanda turizmin inkişafında
yeni mərhələ
Azərbaycan Respublikası dövlət müstəqilliyini
əldə etdikdən sonra ölkənin ictimai-siyasi,
sosial-iqtisadi həyatında mühüm dəyişikliklər
baş vermişdir. Ölkədə geniş sosial-iqtisadi siyasətin
aparılması əhalinin həyat səviyyəsinin yüksəlməsinə
səbəb olmuşdur. Uğurlu iqtisadi siyasətin nəticələrini
bir çox sahələrdə görə bilərik. Təbii
ki, təsir turizmdən də yan keçməmişdir.
Respublikamızda turizmin
inkişafı üçün çox gözəl, zəngin
şərait var. Hazırda turizm həyat tərzinin bir hissəsi
kimi inkişaf edir və büdcənin əsas gəlir mənbələrinin
birinə çevrilməkdədir və heç də təsadüfi
deyil ki, respublikamıza gələn turistlərin sayı ilbəil
artmaqdadır. Bütün bu inkişafa səbəb dövlətimizin
bu sahəyə olan diqqət və qayğısıdır.
Azərbaycan
Respublikası Prezidentinin 30 yanvar 2006-cı il tarixli fərmanı
ilə Mədəniyyət Nazirliyi və Gənclər,
İdman və Turizm Nazirliyi ləğv olunaraq Mədəniyyət
və Turizm Nazirliyi adı altında fəaliyyətini davam
etdirmişdir. Respublikada 2006-cı ildə Turizm İnstitutu fəaliyyətə
başlamışdır. Burada kadr hazırlığı sahəsində
bir çox beynəlxalq təşkilatların dəstəyi
ilə müxtəlif təlim proqramları həyata
keçirilir.
Respublikamız turizmin
geniş inkişaf etdiyi, turizm sahəsində zəngin təcrübəsi olan ölkələrlə hökumətlərarası
sazişlər bağlamışdır
(Türkiyə, Polşa,
İtaliya, Gürcüstan,
Ukrayna, Rumıniya, Belarus, Yunanıstan, Moldova, Qətər və s.), hazırda
bəzi dövlətlərlə
belə sazişlərin bağlanması üçün
müzakirələr gedir
(Misir, İsrail, Yaponiya, Oman, Malayziya və s.).
Mədəniyyət və Turizm Nazirliyi dünyanın bir sıra beynəlxalq təşkilatları ilə
turizmin inkişafı
sahəsində əməkdaşlıq
edir. Bunlardan ÜTT (Ümumdünya Turizm Təşkilatı),
İKT (İslam Konfransı
Təşkilatı), GUAM (Gürcüstan,
Ukrayna, Azərbaycan, Moldova), QİƏİT (Qara
Dəniz İqtisadi Əməkdaşlıq və
İnkişaf Təşkilatı),
MDB (Müstəqil Dövlətlər
Birliyi) və s. təşkilatların adlarını çəkmək
olar.
2002-ci ildən
bəri hər il Bakıda “Beynəlxalq Turizm Sərgisi”- AİTF keçirilir.
Respublikada turizm ehtiyatlarının zənginliyi
barəsində, turizm
imkanlarının genişliyi
haqqında dünyanın
bir sıra şəhərlərində (İstanbul,
Berlin, Moskva, London, Əl-Küveyt, Kiyev, Tbilisi, Daşkənd və s.) sərgilər
nümayiş etdirilir.
Milli adət-ənənələrimizi,
mətbəximizi, mədəni
və tarixi irsimizi tanıtmaq istəyi və məqsədi ilə müxtəlif cür CD və DVD-lər, çap məhsulları, albomlar, jurnallar, illüstrasiyalı nəşrlər
müxtəlif dillərdə
(ingilis, alman, rus, fransız və s.) hazırlanır
və yayılır. Dünyanın bir çox
tanınmış telekanallarında
(CNN, Euronew, National Geography və s.) reklam çarxları,
Azərbaycanın təbiəti,
maddi-mədəniyyət
abidələri haqqında
sənədli filmlər
nümayiş etdirilmişdir
və hal-hazırda digər kanallarla yeni layihələr üzərində
işlər aparılmaqdadır.
Bütün bu
işlərlə birlikdə
turizmin ölkə iqtisadiyyatında önəmli
yer tutmasına əsas səbəb verən amil 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramının
qəbulu və nəzərdə tutulan tədbirlərin uğurla
həyata keçirilməsi
oldu. Yalnız bundan sonra turizm ehtiyatlarının
səmərəli istifadəsinə
başlandı. Respublikada
7 əsas (Bakı - Xaçmaz, Bakı - Astara, Bakı - Balakən, Bakı - Qazax, Bakı - Abşeron yarımadası
- Qobustan, Bakı - Naxçıvan, Bakı -
Şuşa) turist marşrutu müəyyən
edilmişdir.
Ölkəmizdə “İmprotex Travel”, “Azal”, “Sİ LTD”,
“BTİ Azerbaijan”, “Caspian
Travel”, “Bon Voyage” və başqa turizm şirkətləri mövcuddur
və hal-hazırda bunların sayı sürətlə artmaqdadır.
Hazırda respublikada mehmanxana və bu tipli müasir
tələblərə cavab
verən obyektlərin
sayı 350-dən çoxdur. Bir çoxu istifadəyə hazırdır və bir qismi tikilməkdədir.
Bakıdakı ən böyük
mehmanxanalara daxil olan 5 ulduzlu “Hyatt Regency” (1995), “Grand Hotel Europe”
(1997), “Rodisson SAS Plaza
Hotel” (1998), “Park Hyatt Hotel” (1999), “Excelsior Hotel Baku” (2005) və başqaları öz görünüşləri ilə
şəhərimizə xüsusi
görkəm verir və turistlərin istirahət edə biləcəkləri, rahatlıqla qalacaqları obyektlərdəndir. Mədəniyyət
və Turizm Nazirliyi turizm sahəsində fəaliyyət
göstərən onlarca
turizm şirkətinə,
mehmanxana və bu tipli obyektlərə
lisenziya vermişdir.
Ölkəyə səfər
edən turistlərin sayına gəlincə statistik məlumatlara görə, 2002-ci ildə
ölkəyə gələnlərin
sayı 834351 nəfər
olmuşdursa, 2005-ci ildə
bu say 1177277, 2006-cı ildə isə 1193742 nəfərə
yüksəlmişdir. 2008-ci ildə bu rəqəm
daha da artmışdır. Ölkəyə
gələnlərin 75-80%-ni turistlər təşkil edir. Əvvəllər yalnız qonşu ölkələrdən turistlər
gəlirdisə, hazırda
dünyanın demək
olar ki, hər guşəsindən
Azərbaycana səfərlər
edilir.
Əvvəlki illərdə
turistlərin ən çox gəldiyi məkan Bakı idisə, hazırda digər regionlarımıza
da turistlər gəlməkdədir. Çünki
regionlarımızda turizm
sürətlə inkişaf
etməkdədir.
Demək olar ki, bütün regionlarımız istirahət
mərkəzləri ilə
zəngindir və orada turistlərə yüksək xidmət göstərilir: Bakı-Abşeron bölgəsində
“BƏM” (Bakı Əyləncə
Mərkəzi), “Aqua Park”, “Luna Park”,
“Lido”, “Elite”, “Olimpic Star” və
s. istirahət, əyləncə məkanları,
Quba-Xaçmazda “Xəzər”,
“Dostluq”, “Palermo”, “Şəms” turist bazaları, “Malibu”, “Atlant”, “Palma” kimi istirahət mərkəzləri, Lənkəran-Masallı bölgəsində
əlverişli şəraiti
olan “Meşəçi” qonaq evi, “Xanbulan” istirahət yeri, “Hirkan” motel (Lənkəran), “Min bir gecə”
(Astara), “İstisu” sanatoriyası, “Masallı”
və “Dəştvənd”
hotelləri (Masallı),
Şəki-Zaqatala zonasında zəngin tarixi memarlıq abidələri ilə yanaşı Şəki karvansara hoteli, “Səadət”, “Marxal” istirahət məkanları
(Şəki), “Qafqaz Resort Hotel”, “Duyma”, “Karvan”, “Sahil”, “7 gözəl”,
“Ay işığı”,
“Qəbələ Xanlar”,
“Fil”, “Sərin Meşə”, “Qəbələ
Hotel” (Qəbələ),
“İlisu”, “Şəfa”
pansionatları, “Qax” mehmanxanası (Qax) və “Gülüstan” turist bazası (Zaqatala), Şamaxı-İsmayıllı bölgəsində
“Green House”, “Fortuna”, “Qaya”, Gəncə-Qazax zonasında “Gəncə”,
“Kəpəz” mehmanxanaları
və “Lüks” hoteli, Naxçıvanda “Nəqşi Cahan”, “Hotel Qrand Naxçıvan”, “Qartal” hotelləri və nəhayət Qarabağ bölgəsi. Bildiyiniz kimi, bu zona respublikamızın
ən zəngin tarixi-memarlıq abidələri, rəngarəng
təbiəti ilə fərqlənən ərazilərimizdəndir.
Alban məbədləri, Qarabağ
xanlarının iqamətgahları,
X.Natəvanın ev muzeyi, Molla Pənah
Vaqifin məqbərəsi,
Daşaltı uçurumlu
dərəsi, Şuşa,
Xəzinəqala mağaraları
buranın memarlıq abidələrinin bir qismidir. Şuşada olan “Şəfa” turizm kompleksi, “Qarabağ” mehmanxanası vaxtilə turistlərin ixtiyarında olmuşdur. Təəssüf ki, bütün
bu abidələr və istirahət məkanları mənfur ermənilərin işğalı
zamanı dağıdılıb,
talan edilmişdir. Ümid edir və inanırıq ki, torpaqlarımız işğaldan azad olduqdan sonra bu zona da
turizmin inkişafında
böyük rol oynayacaqdır.
Günay TAHİRLİ,
Mədəniyyət və Turizm Nazirliyinin
Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki
Mərkəzi turizm təhsili bölməsinin
metodisti
Xalq qəzeti.- 2009.- 4 iyul.- S. 5.