Əhaliyə yüksək səviyyədə xidmət
göstərilir
“Ünvanlı dövlət sosial yardım”
proqramının rəsmi fəaliyyətə
başlamasından üç il keçir. Binəqədi
Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru
Eyvaz Sadıqovla ötən müddət ərzində rayonda
bu sahədə görülən işlər, ilk illərdə
yardım barədə məlumatsız olan əhalinin maariflənməsi
yolunda aparılan təbliğat, ünvanlı sosial
yardımın təyin edilməsində qarşıya
çıxan problemlər və mərkəzin işi ilə
bağlı söhbət etdik. O dedi:
—Ümummilli liderimiz Heydər Əliyevin başladığı
iqtisadi islahatlar ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bacarıqla və uğurla davam etdirilməklə yanaşı, həm də geniş miqyasda inkişaf etdirilir. Bu inkişaf, qazanılan nailiyyətlər,
hər şeydən əvvəl, özünü əhalinin
sosial vəziyyətinin yaxşılaşmasında,
maaşların, pensiyaların hiss olunacaq dərəcədə
artmasında göstərir.
Ünvanlı sosial yardım
yoxsulluqla mübarizənin bir mexanizmi kimi, yoxsul yaşayan ailələrə,
vətəndaşlara dövlət təminatıdır. MDB məkanında bu forma geniş yayılsa da, Azərbaycanda
Prezident İlham Əliyevin 2005-ci il noyabrın 16-da
imzaladığı “Ünvanlı dövlət sosial
yardım haqqında” Azərbaycan Respublikasının Qanununun
tətbiq edilməsi barədə" fərmanından sonra bu
işə başlanmışdır. Binəqədi
rayonunda əhalinin sosial müdafiəsinin gücləndirilməsi,
onların sosial problemlərinin həlli istiqamətində
xeyli iş görülmüşdür. Belə
ki, sosial müdafiə mərkəzi tərəfindən tədbirlər
planı hazırlanmış, bu plana uyğun olaraq icra hakimiyyəti,
bələdiyyə, mənzil istismar idarələrinin
nümayəndələri ilə birlikdə rayonun
ayrı-ayrı yaşayış məntəqələrində,
qəsəbə və kəndlərində vətəndaşlarla görüşlər təşkil
edilmiş, maarifləndirmə, izahat işləri
aparılmışdı. Bu məqsədlə Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaxından köməyi
ilə mərkəzin məsul işçiləri qrafik əsasında
ayrı-ayrı yaşayış məntəqələrinə
təhkim edildilər. 2006-cı ilin mart -
aprel aylarında Xocasən, Sulutəpə, 28 May, Binəqədi
qəsəbəsində icra nümayəndələri, bələdiyyə
üzvləri və mənzil istismar idarələrinin məsul
işçilərinin iştirakı ilə əhali tərəfindən
müraciətlərə baxılması, ərizələrin yerlərdə qəbul edilməsi təşkil
edildi. 2006-cı ilin iyul ayından bu proqram rəsmi fəaliyyətə
başladı. İlk vaxtlar Binəqədi rayonu üzrə
ünvanlı sosial yardım almaq üçün mərkəzə
7 mindən çox ailə ərizə ilə müraciət
etmiş, onlardan yalnız 1279 ərizə qəbul edilmişdi.
Qəbul edilən sənədlər aidiyyatı qurumların
iştirakı ilə təşkil edilən komissiya tərəfindən
araşdırıldıqdan sonra 900-dən çox ailəyə
ünvanlı sosial yardım təyin edildi. Proqramın
icrası 2006 - 2008-ci illərdə müvəffəqiyyətlə
həyata keçirildi.
—Yardım üçün
müraciət edənlərin çoxsaylı sənədlərinin
dürüstlüyünün təyini böyük məsuliyyət
tələb edir və elə də asan deyil. Amma
yardımın təyin edilməsi üçün bu sənədlərin
düzgünlüyü başlıca şərtdir. Bu
araşdırma işi rayonda necə aparıldı ?
— Ünvanlı sosial yardımlar
real olaraq əhalinin ən yoxsul təbəqələrinə
yönəldilməlidir. Burada başlıca mexanizm sosial
yardım alacaq ailələrin və ya vətəndaşların
seçilməsi, onların bu yardım hüququnun
olmasının müəyyənləşdirilməsidir. Bu
iş əsasən üç mərhələdə
aparıldı: Ehtiyac meyarının müəyyən edilməsi.
Ailənin gəlirləri əsasında sosial yardıma
ehtiyacı olanların seçilməsi. Ehtiyaca uyğun sosial
yardımın məbləğinin müəyyən edilməsi.
Doğrudur, bu sənədlərin araşdırılması,
dürüstlüyünün təyini asan məsələ
deyil. İnformasiya toplanarkən ilkin olaraq ailənin sosial və
demoqrafik xüsusiyyətləri öyrənilməlidir. Yəni
ailənin məişət şəraiti, ailədəki
uşaqların sayı, yaşı, hamiləliyi, qocaların
olması, onların yaşayış yerləri, iş yerləri
və s. Sonra ailənin gəlirləri—əmək haqqı,
digər ödəmələr, qeyri-rəsmi gəlirlər, vətəndaşların
avtomobilinin olub-olmaması, daşınmaz əmlak, əmanət
hesabları, torpaq sahəsi və s. göstərilməlidir.
— Binəqədi rayonu
qaçqın və məcburi köçkünlərin
çox məskunlaşdığı rayondur. İndi rayonda
neçə ailə bu yardımdan faydalanır? Əhalinin
sosial müdafiəsini gücləndirmək məqsədilə
daha hansı üsullar tətbiq edilir?
— Təkcə Binəqədi
rayonunda 3700- dən çox ailə ünvanlı sosial
yardım alır. İlkin dövrdə sosial yardım almaq üçün
17 sənəd tələb edilirdisə, indi bu sənədlər
sadələşdirilib və ildə bir dəfə təzələnir. Fərdi əməklə məşğul
olma haqqında sənəd tələb edilmir, onu DSMF verir.
Avtomobilin olub-olmaması haqqında DYP-dən məlumat
alırıq. Rayonda 440 ahıl, kimsəsiz, baxımsız
insan yaşayır. Bu kateqoriyadan olan şəxslərə
sosial-məişət xidməti göstərmək
üçün sosial müdafiə mərkəzində
ayrıca şöbə fəaliyyət göstərir.
Şöbənin əməkdaşları vaxtaşırı
həmin şəxslərin evlərinə gedir və onlara
müxtəlif xidmətlər göstərirlər. Rayon
ərazisində məskunlaşmış 1100-dən artıq
qaçqın və məcburi köçkün ailəsi də
bu sosial yardımdan istifadə edir. Bundan başqa, 40 müharibə
əlili ailəsinə, 660-dan çox digər səbəbdən
əlil olanların ailələrinə də ünvanlı
sosial yardım təyin edilmişdir. Qeyd etmək yerinə
düşər ki, ölkə əhalisinin sosial müdafiəsinin
gücləndirilməsi daim dövlətimizin diqqət mərkəzindədir.
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin imzaladığı fərman və sərəncamlar,
qəbul etdiyi dövlət proqramları ölkənin
sosial-iqtisadi həyatının bütün sahələrini əhatə
etdiyi kimi, həm də əhalinin sosial rifah halının
yaxşılaşdırılmasına, yoxsulluğun,
işsizliyin aradan qaldırılmasına xidmət edir.
Ardıcıl olaraq son illərdə əməkhaqlarının,
pensiyaların, minimum əmək haqqı və ehtiyac
meyarının artırılması yoxsulluq səviyyəsinin
kəskin şəkildə aşağı düşməsinə
səbəb olmuşdur. Belə ki, əgər
2003-cü ildə ölkədə yoxsulluq səviyyəsi 49
faiz təşkil edirdisə, hazırda bu göstərici 13,2
faizdir. Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi tərəfindən aparılan tədqiqatların nəticəsinə
uyğun olaraq növbəti 4 il ərzində sosial təminat
sahəsində hüquqi bazanın təkmilləşdirilməsi
ilə əlaqədar olaraq 2010 —2013-cü illər
üçün “Aztəminatlı ailələrin sosial
reabilitasiyası dövlət proqramı”nın
hazırlanması işi planlaşdırılır. Binəqədi
rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi
ünvanlı sosial yardımın bundan sonra da uğurla həyata
keçirilməsi üçün bütün imkanlardan
istifadə edəcəkdir.
Zərifə BƏŞİRQIZI
Xalq qəzeti.- 2009.- 4 iyul.- S.
5.