14 yaşlı dünya
çempionu
İspaniyanın Madrid şəhərində iyun
ayının 21-dən 28-dək keçirilən KICKBOXING
üzrə dünya çempionatında 26 ölkənin
idmançıları iştirak etmişlər. Ölkəmizi
bu mötəbər turnirdə 35 idmançı ilə təmsil
edən milli komandamız yüksək peşəkarlıq və
əzmkarlıq nümayiş etdirərək ümumi hesabda II
yerə sahib çıxmışdır. I yerə
İspaniya, III yerə isə Rusiya idmançıları layiq
görülüb. Müxtəlif növlər üzrə
keçirilən çempionatda komandamız 16 qızıl, 14
gümüş və 19 bürünc medal qazanıb.
Milli komandamızın
belə yüksək nailiyyətlər qazanmasında xüsusi
xidmətləri olan idmançılardan biri də Ramil Həsənovdur.
14 yaşlı idmançımız layt kontakt yunior(+55)
yarışında bütün rəqiblərinə qalib gələrək
qızıl medala layiq görülməklə Dövlət
Himnimizi İspaniyada səsləndirib.
Semi kontakt yunior(-55)
növü üzrə keçirilən yarışda isə
Ramil gümüş medal qazanıb. Onu da qeyd etmək istərdik
ki, Ramil rəqiblərindən biri olan erməni
idmançısı üzərində nokautla inamlı qələbə
qazanmışdır. Yeniyetmə çempion keçirdiyi
yarışlar barədə danışaraq qeyir ki, mənim
idmanla peşəkar səviyyədə məşğul
olmağıma səbəb ümummilli liderimiz Heydər Əliyevin
“İdman kimi Azərbaycanın müstəqilliyinin rəmzlərini
nümayiş etdirən ikinci bir vasitə yoxdur” müdrik kəlamı
oldu. Bu müdrik fikrin mahiyyətini dərk edəndən sonra
müstəqil respublikamıza ləyaqətlə xidmət etmək
üçün öz üzərimdə daha çox
çalışmağa başladım. Məşqçilərimizin
bütün tapşırıqlarına layiqincə əməl
etməklə yanaşı fərdi qaydada məşq edirdim. Azərbaycan
çempionatında birinci yeri tutanda qələbənin
sevincini o qədər də hiss etmirdim. Çünki məqsədim
beynəlxalq səviyyəli yarışlarda qalib gələrək
bayrağımızın dalğalanmasını və
himnimizin səslənməsini görmək və xoşbəxtliyi
hiss etmək idi.
Dünya
Çempionatında rəqiblərimdən birinin erməni
olması isə döyüş əzmimi daha da
artırdı. Bütün qüvvəmi qələbə
naminə birləşdirmişdim. Həmin yarış
başqalarından tamamilə fərqləndi. Azarkeşlərin
də dəstəyi böyük idi. Bu səbəbdən də
ilk andan rəqibə aman vermədim və nokauta salaraq məğlub
etdim. Final qarşılaşmam da çətin oldu. Budəfəki
rəqibim daha güclü idi. 13 dəfə Ukrayna
çempionu olan rəqibim haqqında eşitmişdim, fiziki və
taktiki cəhətdən güclü olduğunu bilirdim. Lakin
buna baxmayaraq qələbə əzmi ilə meydana
çıxaraq son ana qədər mübarizə apardım. Rəqibimin
məndən ehtiyat etdiyini bilən kimi aramsız hücumlara
keçərək məqsədimə nail oldum. Qələbə
sevincini yaşamaq mənə də qismət oldu. Ali
mükafatı almaq üçün üçrəngli
bayrağımıza bürünərək meydana daxil olanda
hansı hisslər keçirdiyimi indi də təsəvvür
edə bilmirəm. Bütün bunlara görə Prezidentimiz cənab
İlham Əliyevə, məşqçilərimə dərin
minnətdarlığımı bildirirəm.
Dövlət
başçımızın idmanın inkişafı
üçün gördüyü genişmiqyaslı işlər
olmasa ölkəmiz idman aləmində bu qədər
saysız-hesabsız qələbələr sərgiləməzdi.
V.ƏLİYEV
Xalq qəzeti.- 2009.- 4 iyul.- S. 7.