Sabitlik və asayişin bünövrəsində
böyük zəhmət dayanır
Çox az peşə sahibləri var ki, onların fəaliyyət
sferası həm dövlətçiliyin, qorunmasında, həm
də birbaşa xalqın ictimai-siyasi azadlıqlarının təmin
olunmasında müstəsna əhəmiyyət
daşıyır. Belə peşə sahibləri
sırasında ilk növbədə minnətdarlıqla
sadalanmalı kontingent polislərdir.
Mentalitetimizi və
yaxın keçmişin siyasi
qarışıqlıqlarını nəzərə alsaq,
polislərə münasibət heç də birmənalı
olmayıb. Üstəlik də cinayətkarlığın
artdığı dönəmlərdə “ağsaqqal
elçiliyi, yaxşı oğlan” kriteriyası ilə
yanaşmalar polis sisteminə onsuz da yaxşı olmayan rəydə
bir xeyli deformasiyalara səbəb olmuşdu.
Ulu öndər,
müasir Azərbaycanın memarı Heydər Əliyevin kadr
siyasətində və seçimində apardığı
fundamental dəyişikliklər illərlə
formalaşmış neqativ əhval-ruhiyyədə redaktələr
etməyə yetərli oldu. Təsadüfi deyil ki, daxili
işlər naziri Ramil Usubovun verilən
tapşırıqları, imzalanan fərman və sərəncamları
yeridilən daxili siyasətə uyğun yüksək səviyyədə
icrasına nail olması polis sistemində nəhayət ki,
sağlam mühiti bərqərar etdi.
Bu gün bölgələrdə
və ən ucqar yaşayış məntəqələrində
belə qəti əminlik var: dövlətçiliyin
qorunmasında ən sədaqətli strukturlardan biri də polis
sistemidir, həm də və eyni zamanda, onlar insanların
rahatlığı üçün Konstitusiyada nəzərdə
tutulan birgəyaşayış qaydalarının təminatçısıdırlar.
Son vaxtlar DİN rəhbərliyi səviyyəsində
aparılan kadr dəyişiklikləri də bunu isbat edir ki, ən
müxtəlif yollarla maskalanıb, qoyun dərisi altında
gizlənib canavar xisləti ilə fəaliyyət göstərənlərə
şans qalmayacaq.
Sözümüzə söykək
kimi deyək ki, polis polkovniki Elxan Əliyev Lənkəran
Şəhər Daxili İşlər Şöbəsinə təyinat
alandan az sonra illər uzunu yerli əhalidə nəinki fəaliyyətləri
ilə, həm də cəmiyyətdə görüntüləri
ilə ikrah doğuran nə qədər üzdəniraq kadr
layiqli cəzasını alıb. Lənkəranlılar
çin və mundirlə pərdələnərək
azğınlaşmış bədnam, bədxislət və bədəməl
üzləri görmək əzabından qurtulduqları
üçün polis polkovniki Elxan Əliyevə, ilk növbədə
isə daxili işlər naziri Ramil Usubova dərin minnətdarlıq
hisslərini ifadə etməkdən çəkinmirlər.
İnsanlar üçün sərbəst hərəkət
etmək azadlığı, təminatlı gələcək,
hüquqlarının qorunması həmişə
böyük önəm daşıyıb. Bu mənada daxili
işlər nazirinin rəhbərliyi və nazirlik xətti ilə
konkret olaraq Bərdə rayonunda və ölkənin digər
bölgələrində ümumi inkişafa təkan verən
hamilik fəaliyyəti insanlarda dövlətçiliyə
böyük inam oyadıb. Heç şübhəsiz ki, mərhəmətli
və bağışlayan olmağı o qədər
fetişləşdirmişik ki, hətta qan
bağlamağı da xeyirxahlıq sayırıq. Konstitusiyadan
və dövlətçiliyin təməl prinsiplərindən
irəli gələn humanizmdən də bütün hallarda
yararlanmaq istəyirik. Lakin unutduğumuz bir məqam var ki, cinayətkar
cəzasız qalmamalıdır. Bir çox hallarda polislərdən
ona görə narazı qalırlar ki, onlar “yaxşı
oğlan” ola bilmirlər - çünki cinayətə göz
yummurlar, oğurluğu, əliəyriliyi, qəsbkarlığı,
insan haqlarının pozulmasını, dövlətçiliyə
qarşı atılan addımları yerindəcə dəf
edirlər. “Ağsaqqallığı, qan bağlamağı”
cani əfvi səviyyəsinə qədər
ucuzlaşdıran “səlahiyyətlilər” sözləri
keçməyəndə, yüngülsaqqal olmaqlarını
bu sistem haqqında dezinformasiyaları mətbuata ötürməklə
kompensasiya etmək istəyirlər, dar çərçivədə,
yaxın ətraflarının orbitində mənfi və
neqativ rəylər yaratmaqla hirslərini soyudurlar.
Dövlətçiliyimizin
möhkəmlənməsini şərtləndirən siyasətə
və komandaya sədaqətli DİN rəhbərliyi öz əsgər
və zabitləriylə birgə nümayiş etdirdiyi fədakarlıq
ən yüksək diqqətə və tərifə layiqdir.
Bu bayram ərəfəsi yollarda durub, sözün müstəqim
mənasında hərəkət
azadlığımızı və təhlükəsizliyimizi
təmin edən yol polisi əməkdaşlarını da
yaddan çıxarmaq olmaz. Qəti əminliklə bildirməkdə
özümü haqlı sayıram: əgər yol polisi əməkdaşları
olmasa, bizim hər gün
qarşılaşdığımız, sorağını
aldığımız faciələrin miqyası indikindən
qat-qat artıq olacaq. Təsəvvür edin: sükan
arxasında sərxoş oturan sürücü yaxalanandan və
layiqli cəzasını alandan sonra bütün
gücünü səfərbər edib, təhlükəsizliyin
keşiyində duranların “yolkəsən” imicini ifadə edən
“zəhmətkeş məktubları”nı ən müxtəlif
instansiyalara yollamaqdan yorulmur. Qanunu pozanların qanunla cəzalandırılması
artıq bir psixoloji müharibəyə çevrilir.
İntizama dəvət olunanlar, inzibati qaydada cəzalandırılanlar
artıq “potensial qiyamçılar dəstəsi”
yaratmış olur. Yol polisi əməkdaşlarının vəzifə
mükəlləfiyyətləri və səlahiyyətləri
bəlli olsa da, mentalitetdən irəli gələn nüanslar
məcbur edir ki, insanlarla psixoloji cinahdan da mübarizə
aparsınlar. Bu isə bir neçə dəqiqəlik təmasla
mümkün deyil. Bunu bacaranlar isə hörmət və
ehtirama layiqdir. Elə buna görə də polislərin
peşə bayramı günündə doğma rayonumuzda uzun
illər yol polisi bölməsinə rəhbərlik edən Nəsimi
Məmmədova, YPX-nin baş inspektoru Sabir Süleymanova,
inspektor Yunis Paşayevə həm öz adımdan, həm də
sürücülər adından minnətdarlığımı
ifadə edirəm.
Əziz oxucular! Gəlin
xatırlayaq ki, bizim evimizi yaranda, üstümüzə
hücum çəkəndə, maşınımızı
qaçıranda, dövlətçiliyimizə əyri baxanda
cinayətkarların və onların dəstələrinin
üstünə polis gedir. Şəxsi inciklikləri heç
olmasa bu bayram günündə unudub etiraf edək: onlar həqiqətən
də yaxşı oğlanlardır!
Keşiyimizdə fədakarlıqla
duran bu insanları sevindirməyi bacaraq! Onların borcu bizi
qorumaqdırsa, bizim də borcumuz onların gərgin zəhmətini
etiraf etmək, dəyərləndirməkdir.
Fərq ondadır ki, onlar bizi hər
gün qoruyur, biz isə ildə bir dəfə... sadəcə,
təbrik edir, sağ ol deyirik!
Bəxtiyar HÜSEYNOV,
Azərbaycan
Jurnalistlər Birliyinin üzvü
Xalq qəzeti.- 2009.- 4
iyul.- S. 4.