İnanıram gün gələcək ki...
Rafiq Rəsul oğlu Xələfovun 70 illik yubileyinə
Mənə bu gözəl insanla tanış olmaq
90-cı illərin əvvəlində nəsib oldu. Özü
də təkcə tanış olmaq deyil, həm də bir
neçə il Azərbaycan Nazirlər Sovetində bir yerdə
işləmək. Rafiq Xələfov o vaxt “Sovmin”də
şöbələrdən birinə rəhbərlik edirdi, mən
isə “Literaturnaya qazeta”nın xüsusi müxbiri olmaqla
yanaşı, əvəzçiliklə oradakı mətbuat
xidmətində işləyirdim. Biz idarə dəhlizlərində
tez-tez rastlaşır, o vaxt respublikamızın
düşdüyü ağır vəziyyətlə
bağlı fikirlərimizi bölüşür, 90-cı illərin
əvvəlində yaranmış hərc-mərcliyə
yalnız bir nəfərin - Heydər Əliyevin son qoya biləcəyini
başa düşən həmfikirlər olduğumuzu getdikcə
daha aydın hiss edirdik. O zaman bilmirdik ki, Rafiq Xələfov
Heydər Əliyevin qohumu, onun kiçik bacısı Rəfiqə
xanımın həyat yoldaşıdır. Nə Heydər Əliyev
ölkə rəhbərliyinə gələndən sonra, nə
də ondan əvvəl o, bu qohumluğu gözə soxmurdu,
respublikanın birinci şəxsi ilə olan yaxınlıqla
öyünmürdü, əksinə, bu qohumluqdan irəli gələn
yeganə imtiyaz Heydər Əliyevin müxtəlif illərdə
ona həvalə etdiyi sahələrə Rafiq müəllimin
böyük məsuliyyət hissi ilə yanaşması idi.
Tale həyatın sərt
döngələrində Rafiq Xələfovu üç dəfə
sınağa çəkdi və o, hər dəfə bu
imtahandan üzüağ çıxdı.
… 1952-ci ildə Azərbaycan
Politexnik İnstitutunu inşaatçı-mühəndis
ixtisası üzrə bitirən Rafiq Xələfov
ömrünü neft sənayesi ilə bağladı: “Azdəniznefttikinti”
Trestində müxtəlif vəzifələrdə
çalışdı, Suriya Ərəb Respublikasında yeni
kəşf edilmiş neft yataqlarında tikinti işlərinə
rəhbərlik etdi. 70-ci illərin ortalarında Rafiq Rəsul
oğlu Xələfov “Xəzərdənizneft” İstehsalat
Birliyi direktorunun müavini, sonra “Xəzərdənizneftqazsənaye”
Ümumittifaq Sənaye Birliyi rəisinin müavini vəzifəsinə
təyin olundu. Bu, Heydər Əliyevin yeni neft
strategiyasının həyata keçirildiyi illər idi və
gündəlikdə dəniz yataqlarının, ilk növbədə,
“Günəşli” yatağının işlənilməsi məsələsi
dururdu. Dənizin dərin qatlarından çıxarılan
neftin sahilə nəql olunması üçün borudüzən
qurğunun ixtirasına görə Rafiq Xələfova 769171
nömrəli müəllif şəhadətnaməsi təqdim
olunmuşdu. Bir sözlə, o, işinə ürəkdən
bağlanmışdı və onun profilini dəyişmək
fikrində deyildi. Lakin, necə deyərlər, sən
saydığını say... 1979-cu ildə Rafiq Xələfovun
taleyində növbəti sərt dönüş baş verdi.
Heydər Əliyev çoxlarının gözləmədiyi
halda onu Azərbaycanın avtomobil yollarının tikintisi və
istismarı naziri təyin etdi. Niyə məhz onu?
Atalarının bioqrafiyasının bəzi məqamlarını
şərh etməyə həvəslə razılıq verən
qızlarından soruşuram. Oçerk boyu yeri gəldikcə,
onların xatirələrinə hələ çox müraciət
edəcəyik.
Sevinc Xələfova:
Heydər Əliyev, adətən, kimisə yüksək vəzifəyə
irəli çəkəndə bu adamla hərtərəfli
söhbət edirdi. Ancaq atam qohum olduğundan bütün
bunlar ev şəraitində baş verdi. Atam
danışırdı ki, Heydər Əliyevin tövsiyəsi
az qala deviz kimi səsləndi: “Orada işlər yaxşı
deyil, bu sahədə ciddi problemlər yığılıb
qalıb, ancaq bu strateji sahədir, səni ora göndərirəm,
get vəziyyəti düzəlt”.
Təvazökarlıqdan
uzaq görünməsin, ancaq Heydər Əliyev Azərbaycan
iqtisadiyyatının ən strateji sahələrinə
atamı göndərirdi, o da bu sahəni dirçəldirdi.
Fəxriyyə Xələfova:
Əlbəttə, axı Heydər Əliyev böyük
professional idi, ona görə də o tapşırıqları
qısaca ifadə edəndə, onların mühüm strateji
obyektlərdə konkret reallaşmasını görmək istəyirdi.
Seçimin atamın üzərinə düşməsinə
gəldikdə isə bu, ilk növbədə onunla
bağlı idi ki, atam ona həvalə edilən hər
hansı tapşırığı yüz faiz yerinə yetirmək
bacarığına malik idi.
Sevinc Xələfova: Biz
istirahət üçün respublikadan kənara
çıxanda atam oradakı yolları diqqətlə öyrənirdi.
Yadımdadır, o vaxt biz SSRİ üçün bir növ
Avropanın avanpostu olan Pribaltikaya getmişdik. Atam Pribaltika
ölkələrinin təcrübəsini, bütün bu
ayırıcı zolaqları əks etdirən örtükləri,
beton örtükləri öyrənirdi. Elə hey deyirdi: “Bunu
mütləq Azərbaycanda tətbiq etmək lazımdır”.
Yəni o, hətta istirahət zamanı da işləyirdi.
Fəxriyyə Xələfova:
Biz məzuniyyətə gedəndə, təbii ki, onu həmkarları,
bu və ya digər respublikanın nazirləri
qarşılayırdı. Bu görüşlər çox
mehriban şəraitdə keçirdi. O vaxt biz
görürdük ki, o yalnız öz respublikasında deyil,
ondan kənarda da tanınır və hörmətə
malikdir. Onu hər işə yarayan, hamıya lazım olan adam
kimi tanıyırdılar.
Rafiq Xələfovun
sahəyə rəhbərlik etdiyi 10 il ərzində nail
olduqlarının yalnız sadalanması – magistral yolların
yenidən qurulması və uzadılması, körpülərin,
zavodların, sahə işçiləri üçün
istirahət evlərinin tikilməsi – bir neçə səhifədən
çox tutardı. Həmin illərdə Heydər Əliyevin dəstəyi sayəsində
“Azərbaycanın şose yol sisteminin 1981-2000-ci illər ərzində
inkişaf perspektivləri” adlı irimiqyaslı uzunmüddətli
proqram qəbul etmək mümkün oldu. Qeyd edək ki, bu
proqramın bir çox mühüm müddəaları Rafiq Xələfovun
rəhbərlik etdiyi müddətdə həyata
keçirildi. Lakin çox güman ki, Rafiq Xələfovun ən
böyük nailiyyəti - onun yetişdirdiyi kadr potensialı
idi.
…Sahənin qazandığı nəzərəçarpan
uğurlara baxmayaraq, 1989-cu ildə Rafiq Xələfovu standart
formul - “öz xahişi ilə” işdən azad etdilər.
Ancaq əsl səbəb, əlbəttə ki, başqa idi. O
vaxt bədnam Qorbaçov “yenidənqurması” bütün
istiqamətlərdə uğursuzluğa düçar olurdu və
SSRİ-nin baş katibinə bütün günahları
üstünə yıxmaq üçün “düşmən”
tapmaq lazım idi. İlk qarayaxma kampaniyalarından biri
Sov.İKP MK Siyasi Bürosunun sabiq üzvü
Heydər Əlirza oğlu Əliyevə qarşı
başlandı. Təbii ki, onun Azərbaycanda olan qohumları
da kənarda qalmadı. Onların hamısını
tutduqları vəzifələrdən azad etdilər, işdən
çıxardılar, müəllimlik fəaliyyətindən
kənarlaşdırdılar. Hətta böyük Stalin
“təmizləmələri” zamanı da bu cür riyakar qəddarlığa
rast gəlinmirdi. Rafiq Xələfovun istedadlı
qızlarının işlərinə də əngəl
törətməyə cəhd göstərilirdi.
Sevinc Xələfova: Mən
institutu təzəcə qurtarmışdım, Lenin təqaüdçüsü
idim, qırmızı diplom almışdım, ancaq məni
aspiranturaya götürmək istəmirdilər. Rektor mənə
dedi: “Üstünüzdə ağır bir daş var”. Əgər
mənə institutda qalmağa icazə versəydilər,
işimin demək olar ki, 70 faizi hazır idi. Mənim diplom
işim, – mən kimyaçıyam, – çox geniş idi. Onu
bir qədər tamamlasaydım, namizədlik dissertasiyası
olacaqdı. Ancaq məni ADU-da saxlamadılar. Laboratoriya
müdiri açıq dedi: “Məndə sizin üçün
mövzu yoxdur”. Bu adam bir vaxtlar mənim anamla işləmişdi,
onu çox gözəl tanıyırdı. Üstəlik mən
də pis oxuyan tələbə deyildim. Onda mən tamam
başqa laboratoriyaya, tanımadığım adamın
yanına getdim. Bu, Elmlər Akademiyasının “Ümumi
qeyri-üzvi kimya” laboratoriyası idi. Laboratoriya müdiri dedi
ki, məni böyük həvəslə işə
götürər. Yəni ki, vicdanlı, təmiz adamlar
tapıldı. Mən tamamilə başqa sahə üzrə
aspiranturaya daxil oldum. Hər işi sıfırdan başlamaq
lazım idi, lakin mən heç şey üçün
heyfsilənmirəm...
Fəxriyyə Xələfova:
Yadımdadır, mən qırmızı diplom uğrunda, həqiqətən
mübarizə aparırdım. Başa düşürdüm
ki, bilərəkdən mənə “üç” yazacaqlar, ona
görə də fənləri əzbərləyirdim, sonra
cavab verməyə prinsipial olaraq birinci
çıxırdım. Mənə “dörd” yazsaydılar, əhvalım
qarışardı.
Sonra aspiranturaya da daxil olmaq çətin idi. Mən qiyabi aspiranturaya daxil oldum. Başqa çıxış yolu yox idi. Elmlər Akademiyasına da məni heç kim götürmürdü. Rəhmətlik qayınanam dedi ki, Fiziologiya İnstitutunun insan beyninin neyrofiziologiyası ilə məşğul olan laboratoriyasında yer var. Ora çox çətin olduğundan heç kəs getmək istəmirdi. Bu minvalla mən neyrofiziologiyanı öyrənməli oldum.
Ailə üçün bu çətin dövrdə Rafiq Xələfov əlləri qoynunda durmamışdı, məsələn o, “LUKoyl-Azərbaycan” şirkətini yaradanlardan biri idi. Bir müddət sonra onu Nazirlər Sovetinə, inzibati orqanlar şöbəsinin müdiri vəzifəsinə dəvət etdilər. Onun yenidən xidməti maşını, hökumət telefonu var idi, baş nazirlə münasibətləri də pis deyildi. Bu imtiyazları ona görə yada salıram ki, oxucular başa düşsünlər: qəhrəmanım bütün bunları itirə bilərdi, çünki həmin dövrdə Heydər Əliyevin Azərbaycana qayıtmasına fəal kömək edirdi.
Rafiq Xələfovun qızları xatırlayırlar ki, 1990-cı ilin o uzaq yay günlərində onların atası və Heydər Əliyevə yaxın olan bir neçə adam akademik Cəlal Əliyevin bir növ qərargaha çevrilmiş mənzilinə yığışar və Heydər Əliyevin qarşılanmasının təşkilini müzakirə edərdilər. Bu insanlar öz üzərlərinə böyük məsuliyyət götürmüşdülər, böyük tarixi şəxsiyyətə cavabdeh idilər, onun Vətənə qayıtmasını texniki cəhətdən təmin etməyə söz vermişdilər. O vaxt heç kim öz şəxsi təhlükəsizliyi haqda düşünmürdü, onsuz da onu heç kim təmin etmirdi. Həmin dövrdə hökumət telefonuna əli çatan yeganə adam Rafiq Xələfov idi. Heydər Əliyevin qayıtması ərəfəsində o, bir neçə dəfə “yuxarı”ya zəng vurmuşdu. Respublikanın keçmiş rəhbərinin qarşılanmasını layiqli səviyyədə təşkil etməyə inandırırdı, heç olmasa mane olmamağa, məsələn, qarşılanma üçün lyuks maşın ayırmağa çağırırdı. Xeyri yox idi – hamı kənara çəkilmişdi. İyulun 20-də Rafiq Xələfov bir qrup adamla Heydər Əliyevi qarşılamaq üçün Binə aeroportuna gələndə isə onlar Ayaz Mütəllibovun tərəfdarlarından ibarət, düşmənçilik hissləri ilə coşub-daşan böyük dəstə ilə qarşılaşdılar. Bu adamlara dəqiq tapşırıq verib buraya göndərmişdilər: Heydər Əliyevin doğma torpağa qayıtmasına hər vasitə ilə mane olmaq. Yalnız Heydər Əliyevin qohumlarının fərasəti və diribaşlığı sayəsində faciəli toqquşmanı sovuşdurmaq mümkün oldu.
Fəxriyyə Xələfova: Atamın üzərinə xüsusi məsuliyyət düşürdü, çünki o, Heydər Əliyevin qohumu olmaqla bərabər, eyni zamanda, məsul dövlət vəzifəsi tuturdu və başa düşürdü ki, hər hansı bir fövqəladə hadisə baş versə, ilk növbədə o cavab verməli olacaq. Axı hər şey ola bilərdi.
...Rafiq Xələfovun taleyində üçüncü sərt döngə 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə oldu. Prezident Rafiq Xələfovu çağırıb onun qarşısında vəzifə qoydu: yeni yaradılmış “Xalq üçün mallar” Konserninə rəhbərlik etmək və ya öz adı ilə çağırsaq, yüngül sənaye naziri olmaq. Burada mən yenə də kömək üçün Xələfova bacılarına üz tuturam: niyə məhz bir çoxları üçün gözlənilməz olan bu vəzifə?
Fəxriyyə Xələfova: Həmin konsern o vaxt yaranmaqda olan Azərbaycan Silahlı Qüvvələrinin ehtiyaclarını ödəməli idi. Bunun öz konsepsiyası var idi. Acınacaqlı vəziyyətdə olan ayaqyalın-başıaçıq ordunu geyindirmək üçün bütün daxili resursları səfərbər etmək lazım idi. Atam bu işin öhdəsindən gəldi! İş ondadır ki, bu, real işləyən və büdcəyə sanballı gəlir gətirən azsaylı konsernlərdən biri idi. Fabriklər işləməyə başladı, özü də demək olar ki, hamısı hərbi ehtiyaclar üçün işləyirdi. O vaxtın ordusunu təsəvvürünüzə gətirin. Atam isə heç iki il keçməmiş ordunu NATO forması ilə təchiz etdi.
Sevinc Xələfova: O demək olar ki, evdə olmurdu, sutkada 16 saat işləyirdi. Əlbəttə, ilk vaxtlar çətin idi, üstəlik, bu onun üçün yeni sahə idi. Bu təyinatın mahiyyətini atam bir qədər sonra başa düşdü. Əsas məsələ ordunu dirçəltmək idi. Bu, sadəcə Yüngül Sənaye Nazirliyi deyildi. Ordunun ehtiyaclarını ödəmək lazım idi.
Fəxriyyə Xələfova: Atam Heydər Əliyevin Çinə səfəri zamanı onu müşayiət edirdi. Bu, Prezidentin xaricə ilk səfərlərindən biri idi. Atam çinlilərdən geyim tikmək üçün böyük sifariş almağa müvəffəq oldu. Çinlilərin bir neçə ölkəyə ixrac üçün embarqoları var idi. Bu səbəbdən onlar sifarişi bizdə yerləşdirdilər və mallar “Made in Azərbaycan” markası ilə buraxılırdı. Başqa sözlə, geyimlər bizim öz məhsulumuz kimi ixrac olunurdu. Elə böyük investisiyalar yatırıldı ki! Neçə illər keçmişdir, Azərbaycanın qrifi altında bu gün çoxmu geyim istehsal edilir? Bunu bacarmaq lazım idi. Konsernin sonralar da Çin ilə xeyli prioritet istiqamətləri var idi. Bütün bunlar yeni iş yerlərinin açılmasına imkan yaratdı. O vaxt konsernin bütün fabriklərində işçilər sabit məvacib alırdılar, yüngül sənaye işçiləri üçün xeyli evlər tikildi, dövlət büdcəsinə sanballı ödəmələr oldu.
Yaxşı yadımdadır, o dövrdə müxtəlif qəzetlərdə (“Qarabağ”, “Azərbaycan”) Rafiq Xələfovla bir neçə müsahibə dərc olunmuşdu. Ümumiyyətlə o, jurnalistlərlə təmasda olmağı xoşlamırdı, burada isə elə bil sinəsi açılmışdı. Bu konseptual, deyərdim ki, proqram xarakterli müsahibələrdə Rafiq Xələfov o vaxt üçün həll edilməli olan bir sıra mühüm vəzifənin dürüst ifadəsini vermişdi. Digər tərəfdən, onun fikir və mülahizələri bu günə qədər aktuallığını itirməmişdir. Məsələn, özəlləşdirmə mexanizmləri (Rafiq Xələfov xalq təsərrüfatının bazar iqtisadiyyatına keçidi proqramının praktiki reallaşdırılması ilə məşğul olanlardan biri idi), güclü müstəqil siyasət yeritmək üçün güclü iqtisadiyyatın zəruriliyi, qanunun diktaturası, Qarabağ münaqişəsinin həlli yolları, din və dövlətin, ziyalı və hakimiyyətin münasibətləri, nəhayət, milli birliyin ən vacib zəmini kimi milli ideologiyanın formalaşdırılmasının zəruriliyi barədə düşüncələr. Bu düşüncələr yetkin siyasətçinin, dövlət xadiminin, Heydər Əliyev idarəçiliyi məktəbinin əsl şagirdi və davamçısının fikirləri idi. Təsadüfi deyil ki, 1997-ci ildə “Xalq üçün mallar” Konserni fəaliyyətini bitirdikdən sonra Prezident Rafiq Xələfovu ən geniş səlahiyyətlərlə Baş nazirin müavini təyin etdi. Təəssüf ki, 1998-ci ilin oktyabrında qəfil ölüm Rafiq Xələfovun uğurlu karyerasına son qoydu. O vaxt Rafiq Xələfovun cəmi 59 yaşı vardı və bu ölüm gənc müstəqil dövlətimiz üçün həqiqətən ağır itki idi.
* * *
Rafiq Xələfovu tanıyanların hamısı onun müstəsna erudisiyaya malik olmasını qeyd edir. O, daim mütaliə ilə məşğul olurdu, doğma ölkəsinin tarixi ilə maraqlanırdı, tanınmış filosofların, psixoloqların əsərlərinə bələd idi, siyasi memuar janrından xüsusi zövq alırdı. Rafiq Xələfov həm də yaradıcılıqla məşğul olurdu, qələmindən şeir, nəsr, müdrik fəlsəfi fikirlər çıxırdı. Ancaq o, çox sadə, deyərdim ki, utancaq adam idi. Elə buna görə də yazdıqları oxuculara kitab halında gəlib çatmadı. Bir dəfə Rafiq Xələfovdan soruşanda ki, niyə yazdıqlarını çap etdirməyə çalışmır, belə cavab vermişdi: “Bu çoxdan olub, lap çoxdan, hələ cavanlıqda. Bizim çox tanınmış yazıçılardan biri ilə görüşüb ona detektiv janrda yazılmış povestimi göstərdim. 10-15 gündən sonra dedi ki, povesti bir şərtlə çap edə bilər - altında iki imza olsun. O vaxtdan yazdıqlarımı masamın gözündə saxlamağa üstünlük verirəm”.
Ancaq bir dəfə dostları, onların arasında görkəmli Azərbaycan şairi Xəlil Rza da var idi, onu “İnanıram gün gələcək ki...” adlı kitabı çap etdirməyə razı sala bildilər. 1995-ci ildə işıq üzü görən kitabda Rafiq Xələfovun bir neçə məşhur müsahibəsi, bu müsahibələrin doğurduğu çoxsaylı rəylər, bir də onun müdrik kəlamları yer almışdı. Bu kəlamlar şəxsən mənim böyük marağıma səbəb olmuşdu. Oçerkin sonunda Rafiq Atəşin yaradıcılığından bir neçə nümunə gətirmək istərdim:
“Ən böyük demokrat qanunla hərəkət edən kəsdir”.
“İş ancaq danışmaqla düzəlsəydi, Azərbaycandan firavan məmləkət olmazdı”.
“Kimisə, nəyisə tərifləməkdən həmişə inadla qaçmışam. Səbəbi odur ki, yaxşını tərifləmək – yaxşı işin korlanmasının başlanğıcıdır. Pisi tənqid etmək, yol göstərmək isə tərəqqinin ilk pilləsidir”.
“Siyasi rəqabət siyasi düşmənçiliyə keçməməlidir. Bu, kişilikdən deyil”.
“Ölkənin ən qiymətli sərvəti onun vətəndaşlarıdır. Onların istər fiziki, istərsə də mənəvi sağlamlığı ən vacib və təxirəsalınmaz məsələlərdəndir. Odur ki, səhiyyə və maariflə birinci növbədə məşğul olmaq lazımdır”.
“Mən millətimi dilənçi yox, varlı, sədəqə alan yox, xeyriyyəçi, savadsız yox, elmli, qeyrətsiz yox, şərəfli və ən nəhayət, gücsüz yox, müstəqilliyini öz gücünə arxalanaraq müdafiə edən və qalib gələn kimi görmək istəyirəm. Bunu arzu etmək azdır; bu yolda şəhid olmaq böyük səadətdir”.
Rafiq Xələfovun ürəyində gəzdirdiyi bir çox arzuları indi reallığa çevrilmişdir. Biz inamlı xarici və daxili siyasət aparan müstəqil, firavan dövlətdə yaşayırıq. Bugünkü uğurlarımızda dövlətçiliyimizin bünövrəsini quran insanların, o cümlədən Rafiq Xələfovun böyük xidmətləri vardır. Hətta dünyamızın ölçüləri ilə götürüldükdə belə, onun qısa ömrünün əsas nikbin yekunu və əzəl mənası da elə budur.
Xalq qəzeti.- 2009.- 4 iyul.- S. 4.