Gəmiçilərin peşə bayramı qeyd
edilmişdir
Xəzər Dəniz Gəmiçiliyi
işçilərinin peşə bayramı münasibətilə
bu qurumun mədəniyyət evində təntənəli iclas
keçirilmişdir.
İclas
iştirakçıları əvvəlcə Fəxri Xiyabana
gələrək, müasir Azərbaycan dövlətinin
memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin
xatirəsini ehtiramla yad etmiş, məzarı önünə
əklil qoymuşlar.
Görkəmli oftalmoloq,
akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad
edilmiş, məzarı üzərinə gül dəstələri
düzülmüşdür.
Təntənəli mərasimdə
gəmiçiliyin rəisi Aydın Bəşirov demişdir:
— Bu gün bizim
üçün çox dəyərli gündür. 1998-ci il
iyulun 2-də ulu öndərimiz Heydər Əliyev Azərbaycan
Respublikasının iqtisadi və sosial həyatında Xəzər
Dəniz Cəmiçiliyinin əhəmiyyətli rolunu nəzərə
alaraq, gəmiçilik işçilərinin peşə
bayramı gününün təsis edilməsi haqqında sərəncam
imzalamışdır. Bu, böyük rəhbərin gəmiçiliyimizə
göstərdiyi daimi diqqət və qayğının məntiqi
davamı idi.
Natiq bildirmişdir ki, dənizçilər
həmişə yüksək əzmkarlığı, zəhmətsevərliyi
ilə seçilirlər. Azərbaycanın nəqliyyat
kompleksində özünəməxsus yeri olan Gəmiçilik
hər zaman qarşıya qoyulan tapşırıqları ləyaqətlə
yerinə yetirir. Cari ilin birinci yarısında da dənizçilər
yaxşı işləmişlər. Belə ki, altı ayda
donanmada 6 milyon 380,8 min ton müxtəlif təyinatlı
yüklər daşınmışdır. Bunlardan
4 milyon 660 min tonu tankerlərlə, 510,1 min tonu universal gəmilərlə,
1 milyon 210,7 min tonu isə gəmi-bərələrlə həyata
keçirilmişdir. Ötən ilin müvafiq dövrü ilə
müqayisədə yükdaşımalarda artım 11,3 faiz
olmuşdur.
A. Bəşirov daha sonra qeyd
etmişdir ki, bu gün donanmanın yaşaması, rəqabət
qabiliyyətinin artması üçün böyük işlər
görülür. Məsələn, donanmanın təzələnməsi
həmişə Gəmiçiliyin diqqət mərkəzində
olan əsas məsələlərdən biridir. Sevindirici
haldır ki, bu sahədə ölkə rəhbərliyi də
gəmiçiliyə dəstək verir. Təkcə 2008-ci ildə
möhtərəm Prezidentimiz İlham Əliyevin xeyir-duası
ilə dörd gəmi alınmışdır. “Akademik Zərifə
Əliyeva” və “Qarabağ” gəmi-bərələri, “Zəngəzur”
və “Cabbar Həşimov” tankerləri bu gün Xəzərdə
yük daşıyırlar. İndi nəqliyyat
donanmasının tərkibində 79 gəmi var. Bunlardan 37-si
quru yük gəmisi, 42-si isə tankerlərdir.
Dənizçilərin peşə
bayramı ərəfəsində Rusiyanın Nijni Novqorod
şəhərindəki “Krasnoye Sormovo” gəmiqayırma
zavodunda gəmiçiliyin sifarişi ilə tikilən daha bir
gəminin — “Şuşa” tankerinin suyasalınma mərasimi oldu.
Yaxın zamanlarda biz Azərbaycanın ayrılmaz hissəsi
olan Şuşanın adını daşıyan tankeri
Bakıda qarşılayacağıq. “Şuşa” son yeddi ildə
bizim “Krasnoye Sormovo” zavodundan aldığımız 10-cu,
ümumilikdə isə 13-cü təzə gəmi olacaq.
A. Bəşirov sonda
bildirmişdir:
— Peşə bayramı ilə əlaqədar
Prezident İlham Əliyev 14 nəfər Gəmiçilik
işçisinin “Tərəqqi” medalı ilə təltif
olunması haqqında sərəncam imzalamışdır. Bu,
dəniz nəqliyyatına dövlət qayğısının
göstəricisidir. Biz möhtərəm Prezidentimizə dərin
təşəkkürümüzü bildiririk. Azərbaycanın
bugünkü sürətli inkişafına, iqtisadi artım
tempinə görə lider ölkəyə çevrilməsi
məhz Prezidentin adı ilə bağlıdır. Biz dənizçilər
onu daim dəstəkləyirik, bütün göstəriş
və tövsiyələrinin yerlərdə həyata
keçirilməsi üçün əlimizdən gələni
əsirgəməyəcəyimizə söz veririk.
Mərasim
iştirakçıları adından ölkə Prezidenti
İlham Əliyevə müraciət qəbul edilmişdir.
Tədbir bayram konserti ilə başa çatmışdır.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2009.- 5 iyul.- S. 7.