Bakı Dövlət Universitetinin
90 illik yubileyi qarşısında
Müasir Azərbaycan səhiyyəsi
və gerçəkləşən xəyallar
1918- ci il may ayının 28-də
yaradılan və Şərqdə ilk demokratik respublika kimi
formalaşan Azərbaycan Xalq Cümhuriyyətinin təşəkkül
tapdığı və 23 ay ərzində fəaliyyət
göstərdiyi dövrdə xalqımıza bəxş etdiyi
ən böyük töhfələrdən biri də Azərbaycanda
ilk dəfə olaraq Səhiyyə Nazirliyinin (o dövrdə
Sağlamlıq Nazirliyi adlanıb-müəllif)
yaradılması olmuşdur. Bu, 1918- ci il
iyun ayının 17-nə təsadüf etmişdir.
Sonralar bu qurum Səhiyyə Nazirliyi adlandırılmış və hazırda da bu ad altında fəaliyyət göstərir. Azərbaycanın ilk səhiyyə naziri 1903- cü ildə Ukraynanın Xarkov şəhərində İmperator Universitetinin tibb fakültəsini bitirmiş Xudadatbəy Rəfibəyov olmuşdur. Nazirlik ilk növbədə tibbi yardımın dövlət hesabına olması, yeni müalicəxana və tibb məntəqələrinin fəaliyyətə başlaması, əczaçılığa dair depoların fəaliyyət göstərməsi, yeni tibb avadanlıqlarının alınması haqqında qərarlar qəbul etmişdir. Lakin peşəkar kadr qıtlığı yeni mütərəqqi layihələrin həyata keçirilməsinə ciddi əngəllər törədirdi. Kadr qıtlığını aradan qaldırmaq üçün ilk növbədə ali təhsilli tibb kadrları hazırlayan təhsil müəssisəsinin yaradılmasına böyük ehtiyac yaranmışdı. Ona görə də bu ehtiyacı ödəmək məqsədilə 1919- cu ildə yaradılan və bu il 90 illik yubileyi qeyd edilən Bakı Dövlət Universitetinin tibb fakültəsi XX əsrdə Azərbaycanda tibb təhsilinin bünövrəsini qoyan ilk ali tibb müəssisəsi olmuşdur.
Bakı Dövlət Universitetinin ən böyük fakültələrindən olan tibb fakültəsi təşkil edildikdən sonra (Bakı Dövlət Universitetinin ilk rektoru V.İ.Razumovski, tibb fakültəsinin dekanı İ.İ.Şirokoqorov idi. V.İ.Razumovski, eyni zamanda, tibb fakültəsinin normal anatomiya kafedrasının müdiri vəzifəsində çalışırdı) Səhiyyə Nazirliyi sahəsində genişmiqyaslı tədbirlərin həyata keçirilməsinə zəmin yaranmışdır. Lakin bu da vəziyyətdən tam çıxış yolu olmamışdır, çünki o vaxtlar tibb fakültəsində dərslər bütün fənlər üzrə yalnız rus dilində tədris olunurdu. Bu da Azərbaycanın ucqar rayonlarından gəlmiş gənclərin böyük bir hissəsini ali tibb təhsili almaqdan kənarda qoyurdu.
1920- ci il aprel ayının 28- də Azərbaycan Xalq Cümhuriyyətinin rus- erməni bolşeviklərindən ibarət XI ordu tərəfindən “beşikdə ikən boğulması” bu məsələnin həllinin uzanmasına səbəb oldu. V.İ.Razumovski 1920-ci ilin may ayında Rusiyaya qayıtdı, tibb fakültəsi isə öz işini davam etdirdi. 11 ildən sonra – 1930- cu ilin iyun ayının 19- da Bakı Dövlət Universitetinin tibb fakültəsi nəzdində Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universitetinin) yaradılması bu maneənin də tədricən aradan qaldırılmasına zəmin yaratdı. Lakin nəzərdə tutulan islahatları həyata keçirənlər qərarların yazıldığı kağızlar deyil, canlı insanlar idi və bu məsələlərə hər kəs özünün fərdi prizmasından yanaşır, şəxsi potensialının səviyyəsinə uyğun şəkildə fəaliyyət göstərirdi.
XX əsrin 30-cu illərində Azərbaycanın həm səhiyyə sahəsində olan problemlərinin, həm də tibb elmi, tibb təhsili sahəsində yaranan problemlərinin bütün ağırlıqlarını kompleks şəkildə öz çiyinləri üzərinə götürən, bu ağırlıqlara çətinlik çəkmədən tab gətirib onu gündən - günə yüngülləşdirən, problemlərin ağırlıqlarını yüngülləşdirdikcə özünün nüfuz dairəsini xalqın gözündə artıran ən böyük səhiyyə mütəxəssislərindən biri Əziz Əliyev olmuşdur. Əziz Əliyevin ölkə səhiyyəsi ilə ali tibb təhsili sistemi arasında yaratdığı körpü möhkəm özüllər üzərində qurulmuşdu. Onun dövründə fəaliyyət göstərən görkəmli alimlərdən, səhiyyə təşkilatçılarından Mirəsədulla Mirqasımovun, Mustafabəy Topçubaşovun, Mövsüm Qədirlinin, Kamil Balakişiyevin, Cəlil Hüseynovun, Sona xanım Vəlixanın, Ümnisə xanım Musabəyovanın, Cahangir Abdullayevin, Məmmədəmin Əfəndiyevin, Fuad Əfəndiyevin, Hüseyn Əliyevin, İbrahim İsmayılzadənin, Tağı Tağızadənin, Kübra xanım Fərəcovanın, Bahadur Eyvazovun, Gülbala Qurbanovun, Zülfüqar Məmmədovun, Mahmud Əliyevin və başqalarının eyni həvəslə, eyni qətiyyətlə bir məqsədə— ölkənin səhiyyə və tibb təhsili sisteminin yaxşılaşdırılması məqsədinə birgə anlaşma, qarşılıqlı vəhdət şəklində xidmət etmələri bütün dövrlərdə təqdirəlayiq bir nümunə kimi qalacaqdır.
Əziz Əliyevə qarşı təzyiqlərin artdığı dövrdə və onun vəfatından sonra bu vəhdətdə müəyyən pərakəndəlik nəzərə çarpsa da, səhiyyədə yaranmış boşluq XX əsrin 70-80-ci illərində tam mənada dolduruldu və yenidən özünün xoş anlarını yaşamağa başladı. Bu dəfə səhiyyədə və tibb təhsili sistemində yaranmış belə bir boşluğun doldurulmasında avanqard rol oynayan professionallıq cəhətcə tibb işçisi, tibb alimi, səhiyyə mütəxəssisi olmayan, lakin həkimlərə və səhiyyə işçilərinə sonsuz rəğbət bəsləyən, onlara böyük məhəbbətini hər zaman açıq bəyan edən, ən şəfqətli həkimdən daha şəfqətli olan ulu öndər dahi Heydər Əliyev oldu. Ümummilli lider təkcə Azərbaycanın səhiyyə işçiləri ilə tibb təhsili sistemində çalışan alimlər arasında qarşılıqlı əlaqə yaratmaqla kifayətlənmədi və o, daha irəliyə gedərək Azərbaycan səhiyyəsini, Azərbaycan tibb elmini, tibb təhsili sistemini cəsarətli addımlarla beynəlxalq aləmə çıxara bildi.
Ulu öndər mahir memarı, qurucusu və xilaskarı olduğu Azərbaycanla birlikdə onun səhiyyəsini, tibb alimlərini də dünyaya tanıtdırdı. Səhiyyənin və tibb təhsili sisteminin maddi-texniki bazasının dünya standartları səviyyəsinə yaxınlaşdırılmasının təşəbbüskarı və icraçısı da məhz ulu öndər Heydər Əliyev oldu. 2001-ci il iyunun 4-də ümummilli lider Heydər Əliyevin sərəncamı ilə 17 iyun tibb işçilərinin peşə bayramı günü elan edildi.
XX əsrin ikinci yarısında Azərbaycan səhiyyəsinə, Azərbaycan tibb elminə, tibb təhsili sisteminə göstərilən sonsuz diqqət və qayğının mərkəzində dayanan görkəmli şəxsiyyətlərdən biri də, şübhəsiz ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyeva olmuşdur.
Sevindirici haldır ki, Azərbaycan səhiyyəsinin, tibb elmi və tibb təhsili sisteminin dinamik inkişafı bu gün də böyük uğurla davam etdirilir.Belə ki, gündən -günə inkişaf edən, bölgədə hər sahədə liderlik mövqeyinə yüksələn Azərbaycanın səhiyyə sistemində də əsaslı islahatlar aparılır. Ölkənin paytaxtında 1¹-li şəhər xəstəxanasının əsaslı yenidənqurmadan sonra dünya standartlarına cavab verən möhtəşəm bir şəfa mərkəzinə çevrilməsi, regionda analoqu olmayan akademik Z.Ə.Əliyeva adına Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunun ən müasir tibb avadanlıqları ilə təchiz edilərək istifadəyə verilməsi, ölkədə ilk dəfə olaraq Talassemiya Mərkəzinin yaradılması, Mərkəzi Klinik Xəstəxananın müasir tipli ambulatoriyasının açılışı, Azərbaycan Tibb Universitetində tədrisin, müalicə işləri və elmi- tədqiqat işlərinin müasir tələblərə uyğun səviyyədə aparılmasına hərtərəfli cavab verən onkologiya və stomatologiya klinikalarının müəllim və tələbələrin ixtiyarına verilməsi, ATU- nun terapevtik klinikasının tikintisinin başa çatmaq üzrə olması və cərrahi klinikasının tikintisinin davam etdirilməsi, bir sıra elmi-tədqiqat institutlarında, xəstəxana və poliklinikalarda əsaslı tikinti-təmir işlərinin aparılması, ayrı-ayrı bölgələrdə yeni səhiyyə ocaqlarının, müalicə- diaqnostika mərkəzlərinin və s. tikilib istifadəyə verilməsi möhtərəm Prezidentimiz İlham Əliyevin diqqət və qayğısı sayəsində yeni layihələrin ardıcıl olaraq həyata keçirilməsinin bariz nümunələrindəndir.
Bu növ vacib layihələrin yerinə yetirilməsində, ölkənin həyatında mühüm əhəmiyyət kəsb edən səhiyyə və təhsil müəssisələrinin tikintisində, onların müasir avadanlıqlarla təchiz edilməsində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO- nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın göstərdiyi xidmətlərin ölçüsü geniş və irimiqyaslıdır. Ümumiyyətlə, ölkədə gedən böyük quruculuq işlərinin yerinə yetirilməsində, milli-mənəvi dəyərlərimizin beynəlxalq aləmdə layiqli yerini tutmasında, Qarabağ həqiqətlərinin, Xocalı soyqırımının bütün bəşəriyyətə olduğu kimi çatdırılmasında və bu yolda əməli tədbirlər görülməsində Mehriban xanım Əliyevanın dəsti-xətti özünün silinməz izlərini qoyur və xalqımıza qürurlu, layiqli başucalığı gətirir. Bu baxımdan Heydər Əliyev Fondunun Rusiya filialının rəhbəri Leyla xanım Əliyevanın xidmətləri də ən yüksək hörmətə və ehtirama layiqdir.
Son illərdə Azərbaycanın, demək olar ki, bütün regionlarında Ümumdünya Səhiyyə Təşkilatının tələblərinə, dünya standartlarına uyğun səhiyyə obyektlərinin tikilib istifadəyə verilməsi, onların ən müasir müalicə, müayinə, diaqnostika vasitələri ilə təchiz edilməsi səhiyyədə kəndlə şəhərin arasındakı fərqin götürülməsi yolunda mühüm addımlardan birinə çevrilmişdir. Təbii ki, belə modern səhiyyə müəssisələrində çalışa biləcək kadrların yetişdirilməsi prosesi ölkəmizin səhiyyə strukturlarının qarşısında duran əsas problemlərdən idi. Bu məsələ də uzaqgörən siyasət nəticəsində artıq hazırda öz müsbət həllini tapmaqdadır. Belə ki, Azərbaycan Respublikasının səhiyyə naziri cənab Oqtay Şirəliyev ilə Azərbaycan Tibb Universitetinin rektoru akademik Əhliman Əmiraslanovun qarşılıqlı işgüzar münasibətləri sayəsində ATU-nun gələcək məzunları olacaq gənclərin ixtisas bölgüsü zamanı ailə vəziyyəti ilə əlaqədar bəzi istisnalar olmaqla, onların demək olar ki, böyük əksəriyyətinin təyinatının rayonlara verilməsi, eləcə də orada internatura kursu keçmələrinə şərait yaradılması bu planın reallaşmasının icra üsullarından biri kimi dərk edilir. Belə tədbirlərin görülməsi səhiyyə sahəsində şəhərlə kənddə göstərilən çoxsahəli tibbi yardım arasında heç bir fərqin olmayacağının yaxın vaxtlarda həqiqətə çevriləcəyini təsdiqləyir.
Bu təsdiqin major akkordlarının deyim tərzini ölkə səhiyyəsinə rəhbərlik edən birinci şəxsin özündən eşitmək nikbin duyğuların gerçəkliyinə heç bir şübhə yeri qoymur. Azərbaycan Respublikasının səhiyyə naziri cənab Oqtay Şirəliyevin bu il iyun ayının 17- də səhiyyə işçilərinin peşə bayramına həsr olunmuş tədbirdəki çıxışı hər birimizdə bu inamı bir daha möhkəmləndirdi. Doğrudur, nazir həmin nitqində səhiyyə sahəsində görülən möhtəşəm işlərin yalnız cüzi bir hissəsinə toxundu, ancaq onun real faktlara söykənən dəqiq və tutarlı məlumatları kəhkəşana açılan pəncərəni xatırlatdı. Bu pəncərədən Azərbaycanın bütün regionları, həmin regionlarda çalışan sadə əmək adamları, müxtəlif zümrələrdən olan insanların arzu və istəkləri, yerlərdə səhiyyə sahəsində görülən işlərə verilən qiymət ovuc içi kimi aydın göründü.
Göygöldə istifadəyə verilən Mərkəzi Xəstəxananın açılışından sonra insanların keçirdiyi hissləri səhiyyə naziri belə bir cümlə ilə ifadə etdi ki, göygöllülər bu xəstəxanadakı şöbələri, təchizatı gördükdə gözlərinə inanmırdılar. Evlərinə gedib yenidən qayıdır, dəstə-dəstə gələrək bu gözəlliyə tamaşa edir və səmimiyyətlə deyirdilər ki, “Bu xəyaldır, yoxsa həqiqət?!” Belə duyğular təkcə Göygöldə yox, ölkənin bütün regionlarında hər dəfə yeni növbəti səhiyyə obyekti istifadəyə verildikdə səmimiyyətlə təkrarlanır.
Bəli, bütün bunlar artıq xəyal yox, əsl gerçəklikdir. Bir vaxtlar bütün bunlar xəyal kimi görünürdü. Ölkə Prezidenti İlham Əliyevin səhiyyəyə, tibb elminə, tibb təhsilinə göstərdiyi diqqət və qayğı xəyalları gerçəkləşdirə bildi. Gerçəkləşən xəyallar insana xüsusi zövq verir. Gerçəkləşən xəyallar insanları daha da səmimiləşdirir, mehribanlaşdırır, onların iş qabiliyyətini artırır. Vətənə, torpağa bağlılıq hisslərini qüvvətləndirir.
Səhiyyə işçilərinin peşə bayramı günü ölkə səhiyyəsinə, tibb elminə, tibb təhsili sisteminə cavabdeh olanlardan cənab nazir Oqtay Şirəliyevin, akademik Cəmil Əliyevin , Əhliman Əmiraslanovun tibb işçilərinə ülvi bir sadəliklə göstərdikləri səmimi münasibət onları hamının gözündə yenidən ucaltdı, onların nəcib xüsusiyyətləri hamıya sirayət etdi və mən deyərdim ki, belə nəcib insanların birgə fəaliyyəti də gerçəkləşən əyani faktlardandır. Səhiyyə Nazirliyinin bütün kollektivi sanki haqq-ədalət, hikmət, şəfqət mizan-tərəzisində seçilmiş insanlardır. Belə birlik, belə məqsədyönlülük, belə həmfikirlik sivilliyin yüksəkliyindən xəbər verir. Qürur hissi keçirirsən ki, xalqımızın övladlarının sağlamlığı keşiyinin başında öz xalqını, millətini həqiqi məhəbbətlə sevməyi bacaran, yüksək mədəni səviyyəyə malik olan insanlar dayanır.
Bir məqamı da qeyd etmək istəyirəm ki, səhiyyə işçilərinin peşə bayramı günündə səhiyyə nazirinin əmri ilə Fəxri fərmana layiq görülməyim xəbərini eşitmək mənim üçün çox gözlənilməz olmuşdu. ATU-nun insan anatomiyası kafedrasında çalışdığım 40 il ərzində ilk dəfə idi ki, bu səviyyədə təltifə layiq görülürdüm. Tibb işçilərinin peşə bayramı günü ATU-nun əməkdaşlarından professorlar Şərif Mahalovun və Surxay Hadıyevin əməkdar elm xadimi, professor Vasif Əsgərovun əməkdar həkim, professor Habil Muradovun əməkdar müəllim fəxri adlarına, professor Gülnarə Nəsrullayevanın Səhiyyə Nazirliyinin Fəxri fərmanına layiq görülmələri Tibb Universiteti kollektivinin ürəyincə olmuşdur.
Adətən, deyirlər ki, ailə başçısının xeyirxahlığı, davranışı, qarşılıqlı münasibət, nitq, ünsiyyət mədəniyyəti ailə üzvlərinə də keçir. Bu baxımdan Səhiyyə Nazirliyini onun tabeliyində olan strukturlarla birlikdə böyük bir ailəyə bənzətsək, bu ailənin başçısının yüksək mədəni səviyyəyə malik olmasının nə dərəcədə mühüm əhəmiyyət kəsb etməsini sözlə ifadə etməyə ehtiyac qalmaz. Çünki bu, təkcə ayrı-ayrı şəxslərin deyil, bütün səhiyyə ordusunun mənafeyinə xidmət edir.
Səhiyyə işçilərinin peşə bayramı günü yəqin ki, hər kəsi duyğulandıran məsələlərdən birinin də kökə, milliliyə, adət-ənənələrə qayıdışın təsirinin təzahürü oldu. Bu haqda eşitdiklərimizi gördüklərimizlə təsdiqləyəndə əsl bütövlük, əsl bitkinlik yarandı. Kökə qayıdış dedikdə, ilk növbədə yada Səhiyyə Nazirliyinin, Bakı Dövlət Universitetinin tibb fakültəsinin, eləcə də Azərbaycan Tibb Universitetinin yaranma tarixləri, bu tarixlərin ilk illərində və bir qədər sonralar fəaliyyət göstərən Xudadatbəy Rəfibəyov, Mövsüm Qədirli, Əziz Əliyev, Mirəsədulla Mirqasımov, Mustafabəy Topçubaşov, Zərifə xanım Əliyeva, Kamil Balakişiyev, Fuad Əfəndiyev, Bahadur Eyvazov və başqaları kimi özlərini milli səhiyyənin problemlərinin həllinə həsr etmiş cəfakeş insanlar yada düşür. XXI əsrin əvvəllərində Azərbaycan səhiyyəsində, Azərbaycan tibb elmi, tibb təhsili sahəsində Oqtay Şirəliyev, Cəmil Əliyev, Əhliman Əmiraslanov kimi obyektiv, milli duyğulu, vicdanının səsinə qulaq asaraq fəaliyyət göstərən saf əqidəli insanların olması bütün səhiyyə işçiləri, professor-müəllim heyəti, tələbə-gənclər üçün əsl örnəkdir.
Yaxşı ki, iştirakçısı və qurucusu olduğumuz indiki müstəqil Azərbaycanda da səhiyyənin, tibb elminin, tibb təhsili sisteminin sükanı etibarlı əllərdədir. Şübhəsiz ki, müasir Azərbaycanın səhiyyə işçilərinin, tibb təhsili sahəsində çalışan professor- müəllim heyətinin, görkəmli tibb alimlərinin arasında yaranan sıx birliyin yenilməzliyi ulu məqsəd sayılan “diriliyə” gətirib çıxarır ki, bundan da qazanan xalq olur, xalqın sağlamlığına təminatın etibarlı zəmanəti olur.
Mübariz ALLAHVERDİYEV,
ATU-nun mətbuat xidmətinin rəhbəri,
insan anatomiyası
kafedrasının əməkdaşı, tibb elmləri doktoru
Xalq qəzeti.-
2009.- 5 iyul.- S. 6.