Qloballaşan iqtisadi sistemdə aqrar siyasət
Müasir dünya iqtisadiyyatının məruz
qaldığı çoxsaylı sıxıntılar göstərir
ki, heç bir dövlət onları təkbaşına və
ya tədric olunmuş vəziyyətdə həll etmək
iqtidarında deyildir. Ona görə də dünya dövlətləri
mövcud imkanların birləşdirilməsini və iqtisadi
problemləri birlikdə həll etməyi vacib hesab edərək,
qloballaşmanın bu baxımdan səmərəli vasitə
olacağı qənaətinə gəlmişlər.
İqtisadi və ticari əlaqələrin
intensivləşdirilməsi, dövlətlərarası ticarət
dövriyyəsinin stimullaşdırılması, istehlak
bazarında sağlam rəqabətin
formalaşdırılması və s. kimi amillərə əsaslanaraq
dünya birliyinin əksər dövlətləri
iqtisadiyyatının qloballaşdırılmasını
problemlərin həllində optimal həll variantı kimi nəzərdə
tuturlar. Belə bir şəraitdə istehsalçılar
maddi-texniki vəziyyətlərindən asılı olmayaraq
qlobal bazarda bərəbər hüquqlarla təmsil
olunmalı, rəqabət isə əsas tənzimləyici
rolunda çıxış etməlidir.
Dünyanın iqisadi sistemində
və istehlak bazarında baş verən dəyişikliklər
təbii ki, Azərbaycanın iqtisadiyyatına təsirsiz
ötüşmür. Azərbaycan
Respublikasının Prezidenti lham Əliyev 2009-cu il 22 aprel
tarixdə Nazirlər Kabinetinin cari ilin brinci rübündə
ölkənin sosial-iqtisadi inkişafına həsr olunmuş
geniş iclasındakı çıxışında qlobal
iqtasadi böhranın mövcud durumunu dəyərləndirərkən
bu məsələyə də toxunmuş və qlobal böhranın
Azərbaycanın iqtisadiyyatına təsirini azaltmaq məqsədilə
konkret tapşırıqlar vermişdir. Dövlət
başçısının nəzər yetirdiyi əsas sahələrdən
biri də ölkənin aqrar sektoru olmuşdur.
Aqrar sahə, ələlxüsus
da kənd təsərrüfatı özünün bir
sıra xüsusiyyətlərinə görə
iqtisadiyyatın digər bölümlərindən fərqlənir.
Bu sahənin səciyyəviliyi kənd təsərrüfatı
istehsalının bir sıra obyektiv və təbii amillərdən
ciddi asılılığından irəli gəlir. Torpaq və su ehtiyatlarının aşınma proseslərinin
sürətlənməsi, kənd təsərrüfatı və
ərzaq məhsullarına tələb-təklif nisbətinin
qeyri-proporsional dəyişməsi, böhran və depressiya
halları, kənd təsərrüfatında disparitetlik və
s. aqrar sahə üçün əlavə çətinliklər
törədir. Bütün bunlar hamısı müasir
dövürdə çevik aqrar siyasətin həyata
keçirilməsini tələb edir. Aqrar
sektorun dayanıqlı və davamlı inkişafının təmin
edilməsi, ölkənin ərzaq təhlükəsizliyi
üçün etibarlı əsasların yaradılması,
habelə milli istehsalçıların dünya bazarlarında
artan rəqabətlə ayaqlaşması üçün
müasir aqrar siyasət aqrar sektorun qlobal bazarda rəqabətqabiliyyətli
olmasına möhkəm baza yaratmalıdır.
Dünya
iqtisadiyyatında baş verən qloballaşmaya və qlobal
istehlak bazarının konyukturasındakı dəyişmə
dinamikasına uyğunlaşmaq üçün aqrar sahə
üzrə həm hüquqi-normativ bazanın, həm də
istehsal münasibətlərinin beynəlxalq norma və tələblərə
uyğunlaşdırılması, beləliklə də milli istehsalın rəqabətə
davamlı olmasının təmin edilməsi aqrar siyasətin ən
başlıca hədəfi olmalıdır. Qarşıya
qoyulan bu məqsədə çatmaq üçün,
fikrimizcə, aşağıda göstərilən sahələri
aqrar siyasətin prioritetləri kimi qəbul edib vahid strategiya
halında həyata keçirmək yaxşı nəticələr
verə bilər: aqrar sahə üzrə milli qanunvericilik
bazasının modernləşdirilməsi; ərzaq təhlükəsizliyi; idxaldan
asılılığın azaldılması; qida təhlükəsizliyi
(sağlamlığı) tədbirləri; torpaq və su
resurslarından səmərəli istifadə və onların
mühafizəsi; elmi tədqiqatların dəstəklənməsi;
kəndə müasir kadrlar; müasir kənd;
urbanizasiyanın azaldılması; ixrac potensialının
genişləndirilməsi. Aqrar siyasətin bu komponentlərinin
hər biri olduqca mühüm əhəmiyyətə malikdir və
ciddi tədbirlər sisteminin hazırlanıb ardıcıl
olaraq həyata keçirilməsini tələb edir.
Qeyd olunduğu kimi, müasir
istehsal və iqtisadi münasibətlər təsərrüfatçılq
subyektlərinin nə dərəcədə rəqabətqabiliyyətli
olmsından asılıdır. Xüsusən, kənd təsərrüfatı
və ərzaq məhsullarına qarşı artan tələblər
istehlak bazarlarında rəqabəti daha da kəskinləşdirmişdir.
Bu amil göstərir ki, istehsalçılar müasir
texnologiyalardan və standartlardan bəhrələnməli, beynəlxalq
norma və qaydaların şərtlərinə uyğun məhsul
istehsal etməlidirlər. Yalnız innovasiyaların, yeni elmi
nailiyyətlərin tətbiqi və müasir tələblərə
cavab verən texniki normalara uyğun istehsal sahələrinin
yaradılması qloballaşan dünya iqtisadiyyatında rəqabətədavamlı
məhsulların istehsalına şərait yaratmış
olacaq. Bununla da ümumi bazarda yer almağa köməklik
göstərəcəkdir.
Azərbaycan Respublikasından
qlobal bazara çıxarıla biləcək kənd təsərrüfatı
və ərzaq məhsullarının həm istehsal
potensialı, həm də çeşidi xeyli genişdir. Azərbaycanın
aqro-iqlim şəraiti, torpaq və su ehtiyatları bu ərazilərdə
müasir tələblərə və beynəlxalq standartlara
uyğun məhsulların istehsalı üçün
yaxşı əsasdır. Ancaq buna nail olmaq üçün,
daha doğrusu, bu potensialı reallaşdırmaq
üçün hüquqi-normativ bazanın əsaslı surətdə
yeniləşdirilməsi və qlobal miqyasda qəbul edilən
qanunvericilik və hüquqi-normativ bazaya
uyğunlaşdırılması vacib şərtlərdən
biridir. Bu məsələ ancaq şərt olaraq, hansısa
normativ tələb funksiyasında deyil, məhz qlobal bazarda rəqabətə
dayanıqlı məhsul istehsalını şərtləndirən
hüquqi-normativ baza yaradılmasına xidmət etməlidir. Qanunvericilik bazasının beynəlxalq miqyasda qəbul
olunan hüquqi normalara uyğunlaşdırılması
bilavasitə Azərbaycanın aqrar sektoru üçün ona
görə vacibdir ki, ölkə bütün
imkanlarını hərəkətə gətirə bilsin və
bu imkanlardan səmərəli surətdə istifadə edilsin.
Hazırda qloballaşan
dünyanın ərzaq bazarında təhlükəsiz və
keyfiyyətli ərzaq məhsullarına ciddi ehtiyaclar vardır
və bu tələbat getdikcə artmaqdadır. Azərbaycan
aqrar sahəyə dair hüquqi-normativ bazasını modernləşdirməklə,
milli istehsal səviyyəsini həm keyfiyyətcə, həm də
kəmiyyətcə yüksəldərək dünya
bazarında həmin boşluğu doldurmaq imkanı
qazanmış olur. Müasir dünya artıq ekoloji təmiz ərzaq
və kənd təsərrüfatı məhsullarının
vacibliyini yəqin etmişdir və belə məhsulların
istehlakına üstünlüyü davamlı olaraq artırmaqdadır.
Azərbaycan milli istehsalını beynəlxalq standartların
tələblərinə uyğunlaşdıraraq qlobal
bazarın bu seqmentində geniş yer ala bilər.
Hüquqi-normativ bazanın modernləşdirilməsi mövcud
xammal potensialından daha səmərəli istifadəni şərtləndirir
ki, bu da öz növbəsində aqrar sənaye kompleksinin
ümumi inkişafı üçün geniş imkanlar
yaradır. Qanunvericilik bazasının inkişaf etmiş
dünya ölkələrinin təcrübəsinə
harmonizasiyası Azərbaycanın özünün ərzaq təhlükəsizliyi
məsələsinin etibarlı həlli üçün də
olduqca önəmlidir.
Ərzaq təhlükəsizliyinin
əsas məqsədi ölkə əhalisini kənd təsərrüfatı
məhsulları, xammal və ərzaqla davamlı olaraq,
etibarlı təmin etməkdən ibarətdir. Bu
məqsədə çatmaq üçün daxili istehlak
bazarında həyat və sağlamlıq üçün təhlükəsiz
ərzaq məhsullarının yetərincə fiziki
mövcudluğu təmin edilməlidir. Əhali isə həmin
ərzağı əldə etmək imkanına malik
olmalıdır. Ümumiləşdirilmiş formada desək, ərzaq
təhlükəsizliyi ərzağın
istehlakçı üçün fiziki və iqtisadi cəhətdən
əlyetərli olmasıdır. Bu əsas kriteriyalardan əlavə
olaraq, ərzaq təhlükəsizliyi anlayışına ərzaq
məhsullarının kalorilik səviyyəsi, keyfiyyəti, təhlükəsizliyi
(sağlamlığı) və s. kimi amillər də daxildir.
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata
keçirilən iqtisadi siyasət nəticəsində son illər
Azərbaycan əhalisi üçün ərzağın
iqtisadi əlyetərliyi məsələsinin həllində
böyük uğurlar əldə edilmişdir. Azərbaycanda
yoxsulluğun azaldılması nəticəsində ölkə
əhalisinin maliyyə gəlirləri xeyli artmış,
alıcılq qabiliyyəti yüksəlmişdir. Statistik məlumatlara
görə, 2000-ci ildə Azərbaycanda adambaşına
düşən orta illik gəlir 510,5 manat təşkil
etmişdirsə, 2008-ci ildə bu göstərici 2343,2 manata
çatmışdır. Müqayisə olunan dövr ərzində
Azərbaycanda adambaşına düşən orta illik gəlir
4,6 dəfə artmışdır. Bu isə o deməkdir ki, ərzaq
təhlükəsizliyinin iqtisadi əlyetərlik komponenti
üzrə yaxşı nəticələr
qazanılmışdır.
Ərzağın daxili bazarda yetərincə
mövcudluğunun təmin edilməsi üçün
dövlətin həm xarici, həm də daxili iqtisadi siyasəti
başlıca rol oynayır. Məlum olduğu kimi, Azərbaycanın
xarici siyasətinin ana xətti bütün dövlətlərlə
qarşılıqlı hörmət, iqtisadi fayda, sülh və
əminamanlıq prinsipləri uzərində qurulmuşdur. Belə bir xarici siyasət Azərbaycanın
bütün dünya dövlətlərilə (əlbəttə,
düşmən Ermənistan istisna olmaqla) sıx iqtisadi
münasibətlər qurmasına və daxili bazara kifayət qədər
keyfiyyətli ərzaq məhsullarının idxalına
geniş imkanlar açır. Yəni daxili təlabatın
yerli məhsullarla yanaşı, idxal olunan məhsullarla da
ödənilməsində elə bir ciddi problem mövcud
deyildir. Bununla belə, möhtərəm Prezidentin daxili
iqtisadi siyasəti ölkənin əsas ərzaq məhsullarına
tələbatının bilavasitə yerli imkanlar hesabına
ödənilməsi üçün olduqca əlverişli
mühit yaratmışdır.
Ərzaq məhsullarının
və ərzaq xammalının, emal sənayesi məhsullarının
istehsalını stimullaşdırmaq məqsədilə
hökumət tərəfindən son on ildə ciddi yardım
proqramları həyata keçirilmiş və hazırda bu tədbirlər
davam etdirilməkdədir. Kənd təsərrüfatı məhsulları
istehsalçılarına vergi güzəştlərinin tətbiqi,
istehsalda istifadə olunan bir sıra mal, material və məhsulların
gömrük rüsumlarından azad edilməsi, güzəştli
şərtlərlə keditlərin verilməsi, texnika və
kimyəvi preparatların lizinqinin təşkili, aqrar sektora müxtəlif
istiqamətli xarici layihələrin cəlb edilməsi və
s. dəstək proqramları kənd təsərrüfatı
istehsalını stimullaşdırmış və istehsal
artımına yaxşı əsaslar yaratmışdır.
Dövlət tərəfindən
hayata keçirilən dəstək proqramlarının səmərəliliyinin
daha da artırılması və yerli
istehsalçıların qlobal bazarda rəqabətqabiliyyətliliyinin
yüksəldilməsi üçün Azərbaycanın kənd
təsərrüfatında təmərküzləşməyə
böyük
ehtiyac vardır. Bugünkü kənd təsərrüfatı
həddən artıq pərakəndə vəziyyətdədir.
Təhlil göstərir ki, respublika üzrə özəlləşdirilmiş
torpaqların 85—87 faizi fərdi, ailə və xırda kəndli
(fermer) təsərrüfatlarında becərilir. Statistik məlumatlara görə, 2008-ci ildə
ümumi kənd məhsulunun məhz 95 faizi belə təsərrüfat
subyektlərində istehsal edilmişdir. Əlbəttə, bu
cür pərakəndəlik bir tərəfdən dövlətin
həyata keçirdiyi kənd təsərrüfatına dəstək
layihələrinin səmərəlik səviyyəsinə,
digər tərəfdən isə sahibkarlıq subyektlərinin
istehsal və iqtisadi münasibətlərinin keyfiyyətinə
mənfi təsir göstərir, onların rəqabətqabiliyyətliyini
zəiflədir. Odur ki, ərzaq təhlükəsizliyi tədbirlərinin
əsas elementlərindən biri də kənd təsərrüfatında
təşkilatlanma məsələsi olmalıdır.
Xırda təsərrüfatların
aqroholdinqlərdə birləşməsi, kənd təsərrüfatında
özəl əsaslarla iri istehsal vahidlərinin, təsərrüfat
subyektlərinin yaradılması və s. yolu ilə kənd təsərrüfatında
mövcud olan pərakəndəliyi aradan qaldırmaq və
milli istehsalın imkanlarını xeyli genişləndirmək olar. Daxili
bazarda kifayyət qədər ərzaq məhsullarının və
xammalın fiziki mövcudluğunun təmin edilməsi, milli
istehsaçıların rəqabətqabilliyyətli olması
və bununla da Azərbaycanın ərzaq idxalından
asılılıq kimi problemlə üzləşməməsi
nöqteyi-nəzərdən kənd təsərrüfatında
özəl əsaslarla təmərküzləşməyə
ciddi ehtiyac vardır.
Qloballaşan
iqtisadiyyatda idxal-ixrac əməliyyatları tamamilə normal
haldır və dünya dövlətləri bu sahədə
mövcud problemlərin aradan götürülməsi, dövlətlərarası
ticarətə maneələrin dəf edilməsi və qlobal
ticarət əlaqələrinin vahid qaydalar çərçivəsində
qurulması məqsədilə uzun illərdir ki, danışıqlar
aparırlar. İkitərəfli və çoxtərəfli
danışıqlar nəticəsində 1995-ci ildə
Ümumdünya Ticarət Təşkilatı (ÜTT)
yaradılmışdır. Hazırda 153 ölkə bu beynəlxalq
təşkilatın üzvüdür və Azərbaycanın
ÜTT-yə üzv olması məqsədilə müvafiq
hazırlıq işləri həyata keçirilməkdədir.
ÜTT 1947-ci ildə bağlanmış Tariflər və Ticarət
üzrə Baş Sazişin varisidir və onun əsas məqsədi
beynəlxalq ticarətin liberallaşdırılmasından və
üzv dövlətlər arasında iqtisadi-siyasi əlaqələrin
tənzimlənməsindən ibarətdir. ÜTT-nin
tələblərinə əsasən, üzv dövlətlər
arasında ticarət əlaqələrini məhdudlaşdırıcı
tədbirlərə yol verilmir və bütün tərəfdaşlar
eyni tələblər çərcivəsində əməkdaşlıq
etməlidirlər.
Beləliklə,
qloballaşma milli istehsalın qlobal bazarda rəqabətə
davamlı olmasını zəruri edir. Əks halda inkişaf
etmiş istehsalçılarla ayaqlaşmaq olduqca çətinləşəcək,
milli istehsalçılar problemlərlə üzləşəcək
və belə bir vəziyyətdə istehsalı saxlamaq,
inkişaf etdirmək xeyli mürəkkəbləşəcəkdir. Bu isə o deməkdir ki, daxili tələbatın
idxal hesabına ödənilməsi ehtimalı ön plana
keçəcək və istər-istəməz ölkənin
idxaldan asılılıq həddi yüksələcəkdir.
Bütün bunların baş verməməsi
üçün, yəni ölkənin idxaldan
asılılığının minumuma endirilməsi
üçün yerli istehsalın rəqabətqabiliyyətli
olması əsas şərtdir. Həm keyfiyyət və təhlükəsizlik,
həm də iqtisadi baxımdan milli istehsalçılar xarici
istehsalçılarla münasibətdə rəqabətə
dözümlü olmalıdırlar ki, vahid bazar çərçivəsində
sərfəli yer tutmaq mümkün olsun.
Ancaq bu yolla daxili bazarda üstünlük
qazanmaq, xarici bazarlarda isə rəqabətə davamlı olmaq
mümkündür. Ancaq bu yolla respublikanın idxaldan
asılılığının azaldılmasına əsaslar
yaratmaq olar. Rəqabətə davamlı milli istehsal Azərbaycanın
ərzaq və kənd təsərrüfatı məhsullarına
olan tələbatının yetərincə ödənilməsinə,
daxili istehlak bazarına kifayət miqdarda ərzaq məhsullarının
çıxarılmasına zəmin yaradacaqdır. Bu isə o
deməkdir ki, qloballaşma şəraitində kənd təsərrüfatı
və ərzaq məhsullarının idxal həddinin minumuma
endirlməsinə nail olmaq üçün imkanlar genişlənəcəkdir.
Qloballaşan dünya
qarşısında yaranan yeni ciddi
çağırışlardan biri də
istehlakçıların təhlükəsiz qida ilə təmini
məsələsidir. Qida təhlükəsizliyi müasir
arqrar siyasətin ən aktual və vacib elementlərindən
biri olmalıdır. Bununla əlaqədar olaraq
“Xalq qəzeti”nin 21 may 2009-cu il tarixli sayında dərc
olunmuş “Ərzaq təminatı strategiyasında qida təhlükəsizliyi
vacib şərtdir” başlıqlı yazıda
danışıldığına görə hələlik bu
məqaladə həmin mövzuya toxunulmayacaqdır. Qida
təhlükəsizliyinin aktuallığı və vacibliyi bu
məsələyə geniş konteksdən
yanaşmağı tələb edir. Ona görə də qida
təhlükəsizliyi ilə əlaqədar növbəti məqalələrdə
yenidən söhbət aparılacaqdır.
Kənd təsərrüfatını
digər sahələrdən fərqləndirən əsas cəhətlərdən
biri də istehsal üçün zəruri olan təbii
resursların (torpaq və su) məhdudluğu və kənd təsərrüfatı
məhsullarana tələbatın davamlı olaraq
artmasıdır.
“Məhdud istehsal resursları — davamlı artan təlabat”
qeyri-mütənasibliyi bu resursların eroziya prosesləri ilə
daha da kəskinləşir. Araşdırmalar göstərir
ki, dünya üzrə kənd təsərrüfatı
üçün yararlı torpaqların eroziya prosesləri son
dövrlərdə xeyli sürətlənmişdir.
Hesablamalara görə, hər il təkcə təbii eroziya nəticəsində
6—7 milyon hektar, bataqlaşma, yuyulma və şorlaşma səbəbindən
isə əlavə olaraq 1,5 milyon hektar torpaq sahələri kənd
təsərrüfatı istehsalı dövriyyəsindən
çıxır. Hazırkı eroziya tempi ilə Yerin üst
məhsuldar torpaq qatının sahəsi dünya üzrə
orta hesabla hər 10 ildə 7 faiz azalmaqdadır. Bununla belə,
insanların təsərrüfat fəaliyyətləri nəticəsində
təbii eroziya prosesləri, demək olar ki, 2—2,5 dəfə
sürətlənmişdir.
Eroziya ilə yanaşı,
torpağın məhsuldar qatını sıradan
çıxaran digər proses səhralaşmadır. Əfsus
ki, eroziya kimi səhralaşma prosesləri də insan fəaliyyəti
nəticəsində xeyli sürətlənmişdir. Dünya
üzrə ümumi antropogen səhraların sahəsi 900
milyon hektara çatmışdır. Səhralaşma sürəti
ildə 6 milyon hektar təşkil edir.
Tədqiqatlar
göstərir ki, Yerin şirin-su ekosistemi də ciddi tənəzzülə
uğramışdır. Üçüncü
Ümumdünya Su Forumunun materiallarına əsasən deyə
bilərik ki, ötən 100 il ərzində dünya üzrə
su istehlakı 6 dəfə artmış, lakin, yüksəknəmli
ərazilərin (bataqlıqlar, sahilboyu zolaqlar) təxminən yarısı sıradan
çıxmış, 10 min növdə mövcud şirinsu
tutumlu belə ərazilərin 20 faizi yox olmuşdur. Hazırda
dünyanın 26 dövlətində 250 milyon nəfər
insan su çatışmazlığından ciddi əziyyət
çəkir. Dünya əhalisinin 40 faizi su təminatı
sahəsində gərginlik yaşanan regionlarda yaşayır.
2025-ci ilə su sarıdan gərginlik keçirən
insanların sayı 5,5 milyard nəfərə
çatacaqdır. Bütün bunlara rəğmən,
hazırda Yer kürəsinin şirinsu ehtiyatlarının 70
faizi məhz kənd təsərrüfatında istehlak olunur. Fəqət,
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının
məlumatlarına görə, dünya üzrə 1milyard nəfər
insan hələ də aclıqdan əziyyət çəkir.
Torpaq və su ehtiyatlarının
qlobal miqyasda mövcud durumuna nəzər salmaqda məqsəd
bu sahədə vəziyyətin nə dərəcədə
ciddi xarakter aldığına diqqət çəkməkdən
ibarətdir. Bu məlumatlara nəzər yetirərkən torpaq
və su ehtiyatlarının mühafizəsinin və onlardan
maksimum səmərəliliklə istifadənin olduqca
vacibliyinin bir daha şahidi oluruq.
Qlobal miqyasda torpaqların eroziyaya
uğraması ilə paralel olaraq, Azərbaycan ərazilərində
də belə problemlər yaşanmaqdadır.
Aparılmış tədqiqatlar göstərir ki,
respublikanın kənd təsərrüfatı
üçün yararlı olan 4,52 milyon hektar torpaq sahəsinin
58,6 faizi bu və ya digər formada eroziyaya
uğramışdır. Su ehtiyatlarına gəldikdə isə
qeyd etmək lazımdır ki, Azərbaycanın su ehtiyatlarının
ancaq 30—31 faizi daxili ərazilərdə formalaşır. Təəssüf
ki, mövcud olan şirinsu ehtiyatlarının həcmi Azərbaycanda
da azalma dinamikası ilə dəyişməkdədir. Odur ki,
təbii resursların deqradasiya proseslərinin sürəti
problemin ətrafında ciddi düşünməyi tələb
edir.
(ardı var)
Köçəri İMANOV,
Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı,
texnika elmləri namizədi
Xalq qəzeti.- 2009.- 5 iyul.- S. 5.