Çayımız sərvətimizdir

 

“Uğurlarımızla yanaşı qarşıda duran vəzifələr də az deyil” deyən hörmətli Prezidentimiz İlham Əliyevin regionların iqtisadi və sosial inkişafının strateji xətti olan aqrar sahəyə diqqət və önəm verməsi bizə tam əminliklə deməyə əsas verir ki, “ölkəmiz daha güclü olacaq, xalqımız firavan yaşayacaq”. Lakin məqsədimizə çatmaq üçün peşəsindən və mövqeyindən asılı olmayaraq, hər bir vətəndaş çalışdığı işdə məsuliyyətli olmalıdır.

 

Çayçılıq da bizim uzun müddət çalışdığımız və şöhrəti ilə öyündüyümüz sahələrdəndir. Azərbaycanda çayçılığın yaxın keçmişi, Lənkəran-Astara bölgəsinin iqtisadiyyatındakı rolu haqqında mövzuya qayıtmaqda məqsədimiz, əslində, ətirli çayımızın yaxın keçmişini nastolji hisslərlə xatırlatmaq yox, mövcud vəziyyətdən real çıxış yollarını tapmağa cəhd göstərməkdən ibarətdir.

Çayçılıq Azərbaycanda XX əsrin əvvəllərində (əsasən 1932-ci ildə ) Lənkəran-Astara bölgəsində inkişaf etməyə başlamışdır. Çox keçmədən respublikamızın 6 rayonunun 63 təsərrüfatında 3413 hektardan çox çay plantasiyaları salınıb. 14 çay emal edən, 2 çay çəkən və qablaşdıran fabrik fəaliyyət göstərməyə başlamışdır.

Çay plantasiyalarımızda və emal müəssisələrimizdə 34,6 min ton çay yarpağı hazırlanırdı, on minlərlə insan daimi işlə təmin olunurdu. Digər tərəfdən 13413 hektar sahənin hər bir hektarında 22000 ətirli həmişəyaşıl məhsuldar çay kolu (13413 h=295086000 ədəd) bilavasitə təbiətimizə, ekologiyamıza öz ecazkar təsirini göstərirdi.

Özünün xoş ətri, tamı və başqa xassələri ilə uzun müddətdən bəri insanların hüsn-rəğbət və nəzər-diqqətini cəlb etmiş çay hazırda Azərbaycanda və dünyada ən çox istifadə edilən içkidir.

Deməli, həm iqtisadiyyatımızda, həm təbiətimizin ekologiyasında müstəsna əhəmiyyətli rol oynamış çayçılığın göz görə-görə təsərrüfat həyatından kənarlaşdırılmasına biganə qala bilmərik. Belə isə çayçılığa əvvəlki şöhrətini qaytarmaq üçün hansı tədbirlər görülməlidir?

Heç kimə sirr deyil ki, çaya olan tələbatımızın 90-95 faizi xaricdən gətirilən məhsulun hesabına ödənilir. Nə qədər acınacaqlı olsa da, həm istehsalı, həm istehlakı ölkəmizdə mümkün olan bu gözəl sərvətdən xeyli müddətdir ki, lazımınca faydalana bilmirik.

Fikrimizcə, çayımızın əvvəlki şöhrətini qismən də olsa qaytarmaq üçün, xüsusən, Lənkəran-Astara bölgəsində çayaltı torpaq payçıları arasında geniş tədqiqat işləri aparılmalı, imkanı və işçi qüvvəsi olmayan, xaricdə yaşayan çayaltı torpaq payçıları ilə (hüquqları qorunmaqla) qarşılıqlı razılaşmalarla torpaqlar alınıb imkanı olan hüquqi və fiziki şəxslərə müxtəlif şərtlər əsasında təhkim edilməli, fərdi birgə fermer təsərrüfatları yaradılmalıdır.

Bu qurumlara müvafiq ərazi idarəetmə vahidləri tərəfindən nəzarət olmalı, bir çay kolu da diqqətdən kənar qalmamalıdır. Ümumiyyətlə, dövlət tərəfindən uzun müddətli subsidiyalar verilsə, fikrimizcə, daha səmərəli olardı və əməkqabiliyyətli kəndlilərə doğma olan bu bitkiyə maraq artar və yeni iş yerləri yaranardı.

Çayaltı torpaq payçılarında da çay bitkisinə qarşı laqeyd münasibət dəyişməlidir. Bunun üçün çayın bərpasından tutmuş, becərilməsinə, emalına, hətta satışına qədər bütün prosesə xüsusi diqqət göstərilməlidir. Çay becərənlərdən çay yarpağı münasib qiymətə alınmalı və emal müəssisələrinin maraqları qorunmaqla, hazır məhsulun müvəqqəti olsa da baha qiymətə satışı təmin olunmalıdır.

İnanırıq ki, ölkədə subtropik rayonlarımızın torpaq-iqlim şəraitinin əvəzsizliyi və bu şəraitin təbiətimizə bəxş etdiyi əvəzsiz sərvətimizə əhəmiyyət veriləcək, əhalimizin çay məhsuluna olan tələbatını ödəmək üçün daha optimal yollar tapılacaqdır. Buna həm təcrübəmiz, həm imkanımız var.

Ə.C.Rəcəbli adına Az.ETB və Subtropik Bitkilər İnstitutunun Lənkəran Çay Filialın alimləri çoxillik ənənələrinə sadiq qalaraq çayın respublikamızda becərilməsinin intensiv texnologiyasını öyrənmiş, müxtəlif sort və formalardan zəngin genefond yaratmışlar.

Lənkəran filialının ərazisində yaradılan, qorunan və hörmətli alimlərimiz tərəfindən öyrənilən müxtəlif məhsuldar sort və formalardan istifadə etməklə çay plantasiyalarımızı zənginləşdirmək olar. Buna, sadəcə, vətəndaşlıq mövqeyi və sevgisi lazımdır.

 

 

Mərdan ŞİRƏLİYEV,

Az.ETB və SBİ Lənkəran Çay Filialının elmi işçisi

 

Xalq qəzeti.- 2009.- 5 iyul.- S. 5.