Milli Ordu güvənc yerimiz, qürur mənbəyimizdir

 

Tarix boyu xalqımız qəhrəmanlıq ənənələri ilə ad-san çıxarıb, yadellilərə qarşı mərdliklə döyüşüb. Böyük sərkərdələr yetirən Azərbaycan xalqının çox yaxşı bir deyimi var: “Ordun varsa, yurdun var”. Doğrudan da, nizami ordu, mərd və qorxmaz oğullarımız olmasa, Vətəni nə qorumaq, nə də yaşatmaq olar. Güclü ordumuz olmasa, müstəqilliklə, azadlıqla bağlı xalqımızın bütün arzuları puça çıxar.

 

Ötən əsrin əvvəllərində — Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu cəmi 23 aylıq qısa zaman kəsiyində xalqımız öz ordusunu, hərbi qüvvəsini yaratmağa imkan tapdı. Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski kimi dövrün istedadlı generallarının böyük zəhməti nəticəsində Azərbaycan ordusunun peşəkar hərbi quruma çevrilməsi üçün mühüm tədbirlər həyata keçirildi. Cümhuriyyət dövründə ordu quruculuğu ilə bağlı çatışmazlıqlar çox idi. Xarici təzyiqlərdən, hərbi texnikanın alınmasındakı çətinliklərdən tutmuş peşəkar hərbi kadrların çatışmazlıqlarına qədər mövcud olan bütün problemlər özünü qabarıq formada büruzə verdi.

Çar Rusiyası dövründə azərbaycanlıların hərbi mükəlləfiyyətdən azad edilməsində bir hiylə, məqsəd var idi. Bu yolla xalqımız hərbi ənənələrini yadırğayırdı. Çarizm istəmirdi ki, milli respublikalarda hərbin nə olduğunu bilsinlər. Sovet dövründə isə azərbaycanlı gənclər əsasən tikinti-inşaat taborlarında, müasir hərbi texnikanın olmadığı, taktiki döyüş təlimlərinin aparılmadığı yerlərdə hərbi xidmət keçirdilər. Təbii ki, bütün bunlar məqsədli şəkildə həyata keçirilirdi.

Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Müharibə etmək, sadəcə, müxtəlif istiqamətlərdən atəş açmaq deyil. Bu, mükəmməl təcrübə, təkmil hazırlıq və yüksək döyüş ruhu tələb edir”. 1993-cü ildə ulu öndərimiz Heydər Əliyev hakimiyyətə gəldiyi dövrdə artıq erməni silahlı qüvvələri Dağlıq Qarabağ ətrafındakı torpaqlarımızı tədricən işğal edirdilər. Xalq Cəbhəsi dövründə baş verən fikir ayrılıqları, çəkişmələr, silahlı qarşıdurmalar Milli Ordumuzdan yan keçməmiş, zabit və əsgərlər müxtəlif siyasi qruplaşmaların təsiri altına düşdüklərindən bir çox problemlər yaranmışdı.

Ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra, əsgərlər arasında ciddi nizam-intizam yaradılması, xalqımızın böyük oğlunun cəbhə bölgələrində, səngərlərdə əsgərlərlə görüşməsi, zabitlərimizlə həmsöhbət olması ordumuzu xeyli ruhlandırmışdı.

Ümummilli liderin qətiyyəti sayəsində vahid komandanlığa tabe olan nizami ordu yaradıldı. Qeyri-qanuni silahlı dəstələr ləğv edildi. Orduda peşəkarlığı artırmaq, ixtisaslı hərbçilər yetişdirmək siyasəti həyata keçirildi. Peşəkar və hazırlıqlı zabitlərin Türkiyə Silahlı Qüvvələrində təhsil almalarına start verildi. Bu da bizim üçün mühüm əhəmiyyət kəsb edirdi. Mən də bu zabitlərdən biri olaraq qeyd etmək istəyirəm ki, 1997-ci ildə Türkiyə Hərbi Akademiyasında təhsil almağa göndərildim. Təhsil aldığım illərdə türk zabitləri belə kəlmələr işlədirdilər: “Vaxt gələcək Azərbaycan güclü silahlara, peşəkar zabitlərə, qısası, qüdrətli orduya sahib olacaq”.

2002-ci ildə Türkiyədə Hərbi Akademiyanı bitirdikdən sonra Azərbaycanın ordu sıralarına daxil oldum. “N” saylı hərbi hissədə xidmətdə olarkən türk zabitlərinin sözlərini xatırladım və öz-özlüyümdə dedim: “Bizim, həqiqətən də, güclü, intizamlı ordumuz var və bundan sonra daha da güclü olacağıq”. Mən də bir zabit olaraq Vətənə xidmət etməyimlə qürur duyurdum. Vətəni qorumaq hamımızın ən ümdə borcumuzdur. Ulu öndərimiz, Ali Baş Komandan Heydər Əliyevin ən böyük arzu və istəklərindən biri Azərbaycanın öz silah sənayesinin olması idi. O, əmin idi ki, bu istək nə vaxtsa reallaşa və Azərbaycan öz istehsal etdiyi silah-sursatla işğal altında olan torpaqlarını azad etməyə qadir olacaq.

2003-cü ildə ümummilli lider Heydər Əliyev siyasətinin ən layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hakimiyyətə gəlməsi ilə bu arzular reallaşdı. Ali Baş Komandan, möhtərəm Prezidentimiz İlham Əliyevin orduya göstərdiyi qayğı — zabitlərin evlə təmin olunması, əmək haqlarının artırılması, yeni silahların alınması və bu kimi işlərin görülməsi danılmazdır.

Möhtərəm Prezidentimizin Milli Ordunun formalaşmasına, güclənməsinə göstərdiyi diqqət və qayğı sayəsində bu gün Azərbaycan qüdrətli orduya malikdir. Müstəqil Azərbaycanın Silahlı Qüvvələrinin yaranmasının 90 illik yubileyi zamanı da biz bunun şahidi olduq. Həmin gün bütün dünyanın, xüsusilə də mənfur qonşularımız olan Ermənistanın nəzər-diqqəti Azərbaycanda keçirilən hərbi parada yönəlmişdi. İndi Azərbaycan yenilməz, peşəkar, qüdrətli bir orduya malikdir. Milli Orduda peşəkarlıq getdikcə artır, maddi-texniki baza güclənir, bundan sonra daha da möhkəmlənəcək. Çünki Azərbaycan sürətlə inkişaf edən ölkədir.

İqtisadi cəhətdən qüdrətli olan dövlət hər şeyə qadirdir. Məhz belə inkişafın nəticəsi olaraq Azərbaycanda Müdafiə Sənayesi Nazirliyi yaradıldı. Bundan sonra Ermənistan daha çox qorxuya düşüb. Dövlət büdcəsindən ordu quruculuğuna ayrılan vəsaitin Ermənistanın bir illik dövlət büdcəsinə bərabər olması da təsdiqləyir ki, Azərbaycanda ordu quruculuğu daim dövlətin diqqət mərkəzindədir.

Azərbaycan ordusu NATO standartlarına tam cavab verir. Bunu NATO rəsmiləri də ölkəmizdə səfərdə olarkən təsdiqləyiblər. NATO-nun “Sülh naminə tərəfdaşlıq proqramı” çərçivəsində beynəlxalq terrorizmə qarşı apardığı mübarizədə Azərbaycan Milli Ordusu üzvlərinin fəaliyyəti yüksək qiymətləndirilir.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ordumuzun inkişafına daim qayğı göstərməsi, onun daha da qüdrətli olması üçün bütün tədbirlərin həyata keçirilməsi sayəsində güclü Milli Ordumuz daha da təkmilləşir. Bu gün ordumuzun qarşısında çox mühüm vəzifələr durur. Əsas vəzifə torpaqlarımızın düşmən əsarətindən azad edilməsidir. Bu vəzifəni layiqincə yerinə yetirmək üçün hər cür imkan var. Ancaq möhtərəm Prezidentimiz sülh tərəfdarı olduğundan münaqişənin danışıqlar yolu ilə həllinə üstünlük verir. Əgər bu bir nəticə verməzsə, qüdrətli ordumuz bu işin öhdəsindən məharətlə gələcək.

Milli Ordumuz güvənc yerimiz, qürur mənbəyimizdir. Biz belə bir qüdrətli ordu ilə Vətənimizi yağılardan qorumağa, işğal altında olan torpaqlarımızı azad etməyə həmişə hazırıq.

 

 

Vasif NƏSİBOĞLU,

hərbçi-jurnalist 

 

Xalq qəzeti.- 2009.- 5 iyul.- S. 4.