Dövlət sərhədlərimiz etibarlı mühafizə olunur

 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən aldığımız məlumata görə, dövlət sərhədinin mühafizəsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində 2009-cu ilin iyun ayı ərzində Azərbaycan Respublikasının dövlət sərhədini pozduqları üçün 20 halda 31 nəfər saxlanılmışdır. Tutulan sərhəd pozucularının hər ölkədən 6 nəfər olmaqla Azərbaycan Respublikası, İran İslam Respublikası, Əfqanıstan, habelə 5 nəfəri Çin, 4 nəfəri Gürcüstan, hər ölkədən 1 nəfər olmaqla Rusiya Federasiyası, Türkiyə Respublikası, Pakistan Filippin vətəndaşlarıdır.

 

Sərhəd rejim qaydalarını pozduğu üçün 260 halda 415 nəfər, vizası olmadığı üçün 76 halda 122 nəfər, vizalarının müddəti qurtardığı üçün 46 halda 56 nəfər, müvafiq sənədləri olmadığına görə 31 halda 41 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülmüşdür. Ay ərzində saxta sənədlə 7 halda 14 nəfər, özgəsinə məxsus sənədlə 2 halda 2 nəfər, gizli şəkildə 1 halda 1 nəfər dövlət sərhədlərimizi keçməyə cəhd göstərərkən saxlanılmışdır.

Axtarışda olan 97 nəfər saxlanılaraq hüquq-mühafizə orqanlarına təhvil verilmişdir.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində ay ərzində 9 halda 59 kiloqram 649 qram narkotik maddə aşkar edilərək götürülmüşdür.

Xəzər dənizində sahilboyu rejim qaydaları yoxlanılarkən Azərbaycan Respublikasına məxsus 1 gəmi və 6 qayıq, Rusiya Federasiyasına məxsus 2 gəmi saxlanılaraq baxış keçirilmişdir. Sərhəd rejim qaydalarına riayət etməyən 1 gəmi və 3 qayıq saxlanılaraq barələrində müvafiq tədbirlər görülmüşdür.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı aparılan mübarizə tədbirləri nəticəsində 42 halda ümumi dəyəri təxminən 327 min 223 manat olan qaçaqmal, o cümlədən 1 ədəd 16 mm-lik tüfəng, 14 min 400 manat dəyərində brilyant daşlar, 89 ədəd əntiq əşya, 29 min 902 ədəd müxtəlif dərman peraparatları, xeyli miqdarda siqaret və spirtli içkilər, ərzaq, sənaye və kənd təsərrüfatı malları saxlanılmışdır.

 

 

Qabil YUSİFOĞLU 

 

Xalq qəzeti.- 2009.- 7 iyul.- S. 6.