“Qalalıyam, qalalı!”

 

yaxud Üzeyir bəyin “arşın malçı”sının prototipi

 

Behbudəli kişi dünyasını dəyişəndən sonra bir bölük külfətin bütün qayğıları oğlu Məcidin üstünə düşdü. Uşaqlıqdan fərli-başlı bir sənətə yiyələnmədiyindən o, məcburiyyət qarşısında qalıb, varlı bir tacirin mallarını satmaqla başsız qalmış ailəsini dolandırmağa başladı. Məcid bu tacirin uzaq-yaxın Şərq ölkələrindən alıb-gətirdiyi müxtəlif çeşnili, allı-güllü, rəngarəng parçaları boğçasına yığıb, ağacdan düzəldilmiş xan arşınını da kəmərinə keçirərək məhəlləbəməhəllə, küçəbəküçə, evbəev düşüb, xırıd eləyirdi.

 

Bu yaraşıqlı arşınmalçı oğlanı Şuşada artıq yaxşı tanıyırdılar. Küçələrdən keçərkən “ay arşın malı alan!” - deyib, xoş avazla oxuması isə hamını məftun edər, heyranlıqda qoyardı. Müştərilər bu səsə elə aludə olmuşdular ki, Məcid hər dəfə onların qapısının ağzında oxuyarkən bu arşınmalçı oğlanı evlərinə dəvət edər, oxutdurub, səsindən xüsusi zövq və ləzzət duyardılar. Öz növbələrində də ondan nəsə bir şey alardılar. Məcidin alveri isə həmin gün o biri günlərə nisbətən qat-qat yaxşı olardı.

Allah-taala başqa şuşalılar kimi Məcidə də gözəl səs əta eləmişdi. Onun zil, şaqraq, büllur kimi saf avazı, xüsusilə, din xadimlərinin diqqətindən yayınmamış və Məcidi Yuxarı Gövhər ağa məscidində minacat verməyə dəvət eləmişdilər. O həm də məhərrəmlik təziyadarlığında burda növhə oxuyar, şəhərdə böyük təmtəraqla keçirilən şəbih tamaşalarında çıxış edər, müxtəlif rollar oynayardı. Həmyerlilərinin gözəl səsi olduğunu eşidib-bilən qalalılar (o dövrdə Şuşaya el arasında belə deyərdilər — red.) artıq onu bir xanəndə kimi özlərinin toy şəhərinə və kef məclislərinə, tez-tez keçirilən el şənliklərinə, musiqili-ədəbi yığıncaqlara də dəvət edərdilər. Bütün bunlar isə gənc xanəndənin səsini get-gedə açır, cilalayır, püxtələşdirirdi. Məcid özü də hiss eləmədən xanəndəlik sənətinin çətin, enişli-yoxuşlu cığırları ilə irəliləyirdi. Lakin arşınmalçılıq onun çörək ağacına çevrildiyindən bu sənətin daşını ata bilmirdi.

Günlərin bir günü, adəti üzrə, Məcid yenə də arşın malı satmaq üçün oxuya-oxuya şəhərin məhəllələrini gəzib-dolaşırdı. Bu dəfə xoşbəxt taleyi onu hərləyib-fırlayıb, böyük bir imarətin qabağına gətirib çıxartdı. Sən demə, həmin vaxt bu evin sahibi övladının xeyir işinə hazırlıq görürmüş. Uzaqdan toya gələcək bəzi qonaqlar isə məclisə bir həftə qabaq təşrif buyurmuşdular. Arşınmalçının məlahətli səsini eşidən evin xanımı darvazanı açıb, onu içəri dəvət elədi. Məcid həyətə girəndə qarşısına on yeddi-on səkkiz yaşlarında bir qız çıxdı. Qızın gözəlliyi gözlərini qamaşdırdı, az qaldı özünü itirsin. Qız nağıllarda, əfsanələrdə təsvir olunan gözəlləri xatırlatdı ona, elə nağıllarda deyildiyi kimi, bir könüldən min könülə vuruldu bu qıza. Bura nə üçün gəldiyi də yadından çıxdı, dili topuq vurdu, ağzını açıb, bir kəlmə də söz deyə bilmədi. Lal-dinməz geri dönüb, küçəyə çıxdı, evlərinə sarı addımlamağa başladı.

Deyəsən, axtardığını tapmışdı Məcid. Gecəni də heç yata bilmədi, elə bil yerinə qor dolmuşdu. Nə isə, səhəri birtəhər açıb, ertəsi gün axşamüstü yolunu yenə həmin səmtə saldı. Evin qarşısından keçərkən gur bulaq kimi çağlayan səsini cilovlaya bilmədi, yenə də məlahətli və yanıqlı bir səslə “ay arşın malı alan!” — deyə zilə çəkdi. Həyətin darvazası dünənki kimi onun üzünə taybatay açıldı. Məcid özünü ələ alıb, içəri keçdi, yenə də arşın malı gətirdiyini bildirdi və qızlarla əsl arşınmalçı dili ilə danışmağa başladı. Amma gözü dünən gördüyü elə həmin qızda olduğundan neçə arşın parça ölçdüyündən də xəbəri olmadı.

Məcid hələ adını bilmədiyi və ürəyində gizli məhəbbət bəslədiyi qızı görmək üçün arşın malı satmaq bəhanəsinə bir neçə dəfə də bu həyətə gəldi. Adını, kimlərdən olduğunu öyrənəndə qız da hər şeyi duydu. Üstəlik, özü də bu sadə arşınmalçı oğlana vuruldu. Məcid cəsarətlənib, ürəyindəkiləri sevgilisinə bəyan elədi, evli olduğunu da gizlətmədi...

Alışıb-verişdilər, ümumi razılığa gəldilər. Amma qız varlı zadəgan nəslindən olduğu üçün bildirdi ki, atası onu hansısa bir arşınmalçıya ərə verməyəcək. Ona görə də özündən on altı yaş böyük olan bu tacirə qoşulub-qaçmağa razılıq verdi. Məcid də yaxşı bilirdi ki, ailəsini atıb, başqası ilə evlənəndən sonra burda qalmağa dəyməz. Axı bura Şuşa qalası idi! Nəhayət, qızın ailəsinin qonaq gəldiyi ev sahibinin uşağının toyunun ertəsi günü Məcid sevgilisini də götürüb, Qarabağdan uzaq bir məmləkətə — Tiflisə üz tutdu. Bununla da arşınmalçılığın daşını birdəfəlik atıb, xanəndəlik sənətini özünə həmişəlik yol yoldaşı seçdi.

Əhvalat çörəyi qulaqlarının dibində yeməyən qalalıların söhbətlərinin uzun müddət mövzusuna çevrildi. Bu hadisə Şuşada Məcid Behbudovla qonşuluqda yaşamış gələcəyin dahi bəstəkarı Üzeyir bəy Hacıbəyovun da yaddaşına həmişəlik həkk olundu, sonralar yazacağı əsərlərin birinin süjet xəttinə çevrildi. O, doğulub boya-başa çatdığı doğma şəhərinin həyat və məişətinə həsr elədiyi növbəti əsərini yazmaq fikrinə düşəndə, ilk növbədə, uşaqlıq və gənclik dövrünün unudulmaz xatirələrini gözləri önündə canlandırmışdı və dünya şöhrətli “Arşın mal alan” operettasını qələmə almışdı. Əsərin qəhrəmanı tacir Əsgərin timsalında Məcid Behbudovun obrazını yaratmışdı. “Arşın mal alan” 1913-cü ildə Peterburq Konservatoriyasında oxuduğum zaman yazılmışdır. Bu əsər revolyusiyadan qabaq yazılmış sonuncu əsərimdir. Onun süjeti Qarabağın Şuşa şəhərinin həyatından alınmışdır" — sonralar Üzeyir bəy belə yazmışdı.

Firuzə xanım əslən Qazax qəzasının Salahlı kəndindən — məşhur Vəkilovlar nəslindən olan rus ordusunun polkovniki Abbasqulu bəy Vəkilovun (1844 — 1927) qızı idi. O, Tiflisdə Müqəddəs Nina Qızlar Gimnaziyasını bitirmiş, rus və fransız dillərinə mükəmməl yiyələnmişdi. Firuzə xanım teatrı, musiqini də çox sevmiş, rus və Avropa ədəbiyyatına dərindən bələd olmuşdu...

Məcidlə Firuzə Tiflisin azərbaycanlılar yaşayan Havlabar məhəlləsində yerbəyer oldular və şuşalı gənc gələcək həyatını bu şəhərlə bağladı. O, burda yaşayan həmyerli musiqiçiləri tapdı. Onlarla birlikdə toylara, el şənliklərinə getdi, az bir zamanda musiqisevərlər arasında tanındı, böyük nüfuz və hörmət qazandı. Görkəmli aktyor və xanəndə, respublikanın əməkdar artisti Cəlil bəy Bağdadbəyov öz xatirələrində yazır: “1906-1907-ci illərdə Məcid rəsmi xanəndəliyə getdi. Tiflis şəhərində yaşayırdı. Məcidin səsi zil səs idi. ”Segahi Mirzə Hüseyn" və “Şüştəri yaxşı oxuyardı. Tiflisdə xalq arasında hörməti var idi. Məcid savadlı olduğundan qəzəlləri düzgün oxuyurdu. İrəvanda və xüsusilə, Naxçıvanda geniş xalq arasında hörməti vardı...”

Məcid Behbudov sənət dostları — əzəmətli, şirin çalğısı ilə məşhur olan tarzən Məşədi Zeynal Haqverdiyev və Rzabala ilə Tiflisdən tutmuş Zaqafqaziyanın, demək olar ki, bütün şəhər və kəndlərində toy məclislərində iştirak edirdi. Müasirlərinin dediklərinə görə, bir neçə dil bilən və həmin dillərdə qüsursuz oxuyan xanəndə tez-tez gürcü və digər millətlərin məclislərini aparmaq üçün də dəvət olunurdu. Onun ən çox oxuduğu yer isə Tiflisin “Dvoryanski klubu” idi. Artıq iyirminci yüzilliyin ilk onilliyində Məcid Behbudov Gürcüstanda gözəl bir xanəndə kimi şöhrətlənmişdi.

1910-cu ildə rəngarəng və geniş repertuara malik olan Məcid Behbudov səsini vala yazdırmaq üçün “Qrammafon” cəmiyyəti tərəfindən tarzən Məşədi Cəmil Əmirov, qarmonçalan Kərbəlayı Lətif Əliyev, Malıbəyli Həmid, Malıbəyli Əsgər, Seyid Mirbabayev kimi xanəndələrlə birlikdə Riqa şəhərinə dəvət olundu. Görkəmli tarzən və xanəndə Məşədi Cəmil Əmirovun müşayiəti ilə bir neçə muğamı, xalq mahnısını və təsnifi vala yazdırdı. Ümumiyyətlə, həmin illərdə o, səsini vala yazdırmaq üçün dəfələrlə bir çox Avropa ölkələrinə dəvət almışdı və bu səfərlərdə xanəndəni rus və fransız dillərini gözəl bilən həyat yoldaşı Firuzə xanım müşayiət etmişdi.

Ustad xanəndə o dövrün bir çox musiqiçiləri kimi opera səhnəsində də fəaliyyət göstərirdi. O, 1911-ci il martın 6-da Saşa Oqanazeşvilinin Bakıda “Nikitin qardaşlarının teatrında tamaşaya qoyulan ”Fərhad və Şirin" operasında Xosrov rolunda çıxış etmiş, 1915-ci ildə Gəncədə Məşədi Cəmil Əmirovun “Seyfəl-mülk” operasının ilk tamaşasında Ələsgər Abdullayev və o vaxtlar hələ çox gənc olan Bülbül Məmmədovla tərəf-müqabil olmuşdu. Üzeyir bəy Hacıbəyovun opera və operettalarında müntəzəm olaraq müxtəlif rollar oynamışdı. O dövrün mətbuatında xanəndə-aktyorun səhnə fəaliyyətinə də yüksək qiymət verilmişdi.

Məcid Behbudov sənətinin səsi-sorağı İrana da gedib çıxmışdı. O, Məşədi Zeynal Haqverdiyevlə birlikdə dəfələrlə Arazın o tayına toy məclislərinə dəvət edilmiş, cənublu tamaşaçıların da hüsn-rəğbətini qazanmışdı. Bununla bağlı Firudin Şuşinskinin qələmə aldığı maraqlı bir epizodu oxucuların nəzərinə çatdırmaq burda yerinə düşər: “Xanəndənin oğlu Rəşid Behbudov 1942-ci ilin yazında İranın Xoy şəhərində qastrol səfərində olarkən vilayətin adlı-sanlı əyanlarından Analı xan onu evinə qonaq dəvət edir. Məclisdə Rəşidin məlahətli səslə oxuması hamıdan çox xanın arvadını heyrətə salır. Rəşid oxuyub qurtarandan sonra xanın arvadı böyük bir sandığı açıb, uzun illərdən bəri qoruyub-saxladığı cavan bir oğlanın şəklini və bir qrammafon valını Rəşidə göstərir. Bu şəkil Məcidin şəkli idi... Analı xanın arvadı Rəşidə deyir ki, mən Naxçıvanda anamla birlikdə bir məclisdə olanda Məcid elə gözəl oxudu ki, anam onu İrana — Xoy şəhərinə mənim toyuma dəvət elədi. Toy şənliyindən sonra Məcid şəkillə valı mənə yadigar verdi. Bu əhvalat 1912-ci ildə olmuşdu”.

Gürcüstanda Sovet hakimiyyəti qurulandan sonra Məcid Behbudov musiqi, Firuzə xanım Vəkilova isə maarif sahəsində çalışmağa başladılar. Görkəmli xanəndə yeni hökumətin həyata keçirdiyi bütün mədəni-kütləvi tədbirlərin fəal iştirakçısına çevrildi. O, Tiflisin, eləcə də Gürcüstanın azərbaycanlılar yaşayan rayonlarının, demək olar ki, bütün teatr və konsert salonlarında çıxış edir, zəhmətkeşlərə mədəni xidmət göstərir, əhali arasında xalq musiqimizi və muğamlarımızı təbliğ edirdi. Firuzə xanım isə şəhərin Azərbaycan məktəblərində rus və fransız dili dərslərini deməklə yanaşı, əsl ziyalı kimi Tiflisin mədəni və ictimai həyatının da fəal iştirakçısı idi. O, Nəriman Nərimanovun təşəbbüsü ilə yaradılmış Klara Setkin adına Türk Qadınlar Klubuna rəhbərlik edirdi. Bu ziyalı qadının səyi və çalışqanlığı sayəsində klubun nəzdində tikmə, biçmə, musiqi, dram və sair dərnəklər, uşaq bağçası yaradılmış, savad kursları açılmışdı.

Firuzə xanım Vəkilovanın (1889-1933) cavan ikən həyatdan vaxtsız getməsi onun sevimli ərinin belini qırdı. Bu itkidən bir müddət özünə gələ bilmədi. Vəfalı ömür-gün dostunun xoşbəxt gələcəyə gedən yolda onu tək-tənha qoyması, “bivəfa” çıxması gen dünyanı başına dar elədi.

Məcid Behbudov Firuzə xanımın ölümündən sonra Tiflisdə qərar tuta bilməyib, İrəvana üz tutdu. Ermənistan İncəsənət İşçiləri İttifaqının Şərq orkestrində işə düzəldi, bir müddət burda çalışdı. Lakin istəkli arvadının ruhu daim başı üzərində dolaşır, onu geriyə — Vətənə səsləyirdi. Ona görə də Firuzə xanımın ruhunu intizarda qoymamaq üçün geri döndü, lakin Tiflisə yox, sevimli Firuzəsinin iyini-qoxusunu almaq üçün onun vətəni Qazağa gəldi, rayon mədəniyyət evində çalışmağa başladı.

Yaşamaq həvəsindən, ruhdan düşmüş qocaman sənətkar, necə deyərlər, günlərini sayırdı. Yolunu ləyaqətlə davam etdirən övladlarının, xüsusilə də, ortancılı Rəşidin qazandığı sənət uğurları isə onu fərəhləndirir, yaşamağa səsləyirdi. Oğlunun dünya şöhrətli “Arşın mal alan”da baş rola çəkilməsi və atasının gənclik obrazını yaratması onu, sanki, qanad açıb uçmağa həvəsləndirirdi. Amma... Amma filmin çəkilişi başa çatmağa az qalmış düşmənləri - ermənilər çəkilişə mane olmaq, Rəşidin uğurlarının qarşısını almaq, onu ruhdan salmaq üçün teleqram vurdular ki, “atan rəhmətə gedib, durma gəl”. Özünü başılovlu Qazağa çatdıran Rəşid evlərinin həyətinə girəndə atasının artırmada oturub, çay içdiyini gördü. Ata-bala bir-birinə sarıldı. Məlum oldu ki, bu, düşmən işidir. Rəşid atasına “eyb etməz, ata, qoy bildiklərini eləsinlər, bu, əksinə, elə sənin ömrünü uzatmaq deməkdir”,- deyib, vidalaşaraq Bakıya çəkilişə qayıtdı. Ancaq oğlunun dediyi kimi olmadı. Dərd-qüssə içərisində qovrulan görkəmli sənətkar Rəşidlə görüşündən az sonra ömrünü başa vurdu. Şuşa uzaq olduğu üçün onu Qazaxda torpağa tapşırdılar.

Məcid Behbudovun (1873-6.IX.1945) ailəsində üç övlad doğulub boya-başa çatdı. RSFSR-nin ilk azərbaycanlı xalq artisti, görkəmli rejissor Ənvər Behbudov, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Rəşid Behbudov, respublikanın əməkdar artisti, teatr və kino aktrisası Nəcibə xanım Behbudova bu ocaqdan pərvazlandılar, bu evə başucalığı gətirdilər. Xanəndənin nəvəsi, müğənni Rəşidə xanım Behbudova isə bu gün öz nəslinin şöhrət estafetini davam etdirir.

Görkəmli muğam ustası alnına yazılmış ömür payını layiqincə yaşadı. Bir xanəndə kimi adı musiqi tariximizə həkk olundu, Allah-təalanın verdiyi o gözəl səsi bizə yadigar qoyub getdi. Səsi yazılmış onlarca val indi ən məşhur muzeylərdə və şəxsi kolleksiyalarda, o cümlədən, Böyük Britaniyanın məşhur Kral Kitabxanasında qorunub saxlanılır. İyirminci əsrin əvvəllərində İngiltərənin “Qrammafon-Rekords” şirkəti tərəfindən buraxılmış qırxdan artıq valın içərisində “Şuşa təsnifi”nin öz xüsusi yeri, xüsusi çəkisi var. Bu vala yazılmış “Qalalıyam, qalalı!” xalq mahnısı isə böyük sənətkarın doğma yurdu Şuşaya, onun insanlarına olan sonsuz məhəbbətinin və ehtiramının ən gözəl nişanəsidir.

 

 

Vasif QULİYEV  

 

Xalq qəzeti.- 2009.- 5 iyul.- S. 8.