Yevlaxda “Gənclər evi” istifadəyə verilmişdir

 

Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 40 illiyi ilə əlaqədar olaraq respublikamızın hər yerində olduğu kimi, Yevlaxda da silsilə tədbirlər həyata keçirilir.

 

Yevlaxlılar bu görüş və söhbətlərdə, elmi-praktik konfranslarda, yeni obyektlərin istifadəyə verilməsi münasibətilə keçirilən təntənələrdə haqlı olaraq qeyd edirlər ki, müstəqil ölkəmizin hazırkı yüksəlişinin əsası 40 il əvvəl ulu öndərimiz tərəfindən qoyulmuşdur. Müdrik və uzaqgörən siyasət bu gün daha qətiyyətlə davam etdirilir. Bu inkişaf və yüksəlişi Yevlax rayonunun timsalında daha aydın görmək mümkündür.

Son illər təhsil, səhiyyə, mədəniyyət, maliyyə, bank, mətbuat sahələrində, icra hakimiyyəti orqanlarında gənclərin işə qəbulu, onalara etimad göstərilərək vəzifələrə təyin edilməsi ulu öndərin gənclərlə bağlı həyata keçirdiyi siyasətin əyani təzahürüdür. “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın son 5 ildə uğurla həyata keçirilməsi nəticəsində Yevlaxda açılmış yeni iş yerlərində çalışanların 70 faizini gənclər təşkil edir. Bu gün işləmək istəyən hər bir gəncə şəhərdə iş yeri var.

Yeniyetmə və gənclərin mənəvi, ideya-siyasi, hərbi vətənpərvərlik tərbiyəsinə, fiziki inkişafına yönəlmiş tədbirlər öz rəngarəngliyi, aktuallığı ilə yadda qalır. Şəhərdə inşa edilən “Gənclər evi”, Avropa standartlarına uyğun stadion, idman- sağlamlıq bazası, yenidən qurulan uşaq-gənclər idman məktəbi, yeni salınmış təbii ot örtüklü stadionlar, idman meydançaları, “Xəmsə”, “Aslan” istirahət ocaqları, park və xiyabanlar yeniyetmə və gənclərin asudə vaxtlarının təşkilində, sağlam həyat tərzi keçirmələrində, bədən tərbiyəsi və idmanın inkişafında böyük əhəmiyyət kəsb edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və onun xanımı Mehriban Əliyevanın 2-3 mart 2009-cu il tarixdə Yevlaxa növbəti səfəri zamanı yeni inşa edilmiş şahmat məktəbinin açılışında iştirak etmələri idmançıların yaddaşına əbədi həkk olunmuşdur. Gənclərə yaradılan belə şəraitin nəticəsidir ki, bu gün rayonda 6700 nəfər gənc idmanla məşğul olur. Onlardan 2 minə yaxını qızlardır.

İdmançılardan Nicat Haqverdiyev, Tural Bağırzadə, Cavidan Qarayev, Elxan Səfərov, Ruslan Rəşidi, Aslan Rəşidi, Musa Əhmədli, ümumilikdə, 34 nəfər müxtəlif növlər üzrə Avropa və Dünya birinciliklərində ölkəmizin idman şərəfini qorumuş və Vətənə mükafatlarla dönmüşlər.

Yevlaxlı gənclər də öz fəaliyyətlərində möhtərəm Prezidentimiz İlham Əliyevə güvənir və onun ətrafında sıx birləşmişlər. Ölkə rəhbəri öz çıxışlarında dəfələrlə qeyd etmişdir ki, o, Azərbaycan gəncliyinə arxalanır, onlara gələcəyin qurucuları kimi baxır.

İyulun 8-də Yevlaxda istifadəyə verilən və şəhərə xüsusi gözəllik gətirən “Gənclər evi” də məhz bu diqqət və qayğının əyani nümunəsidir. Bu münasibətlə keçirilən toplantıda Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, gənclər və idman naziri Azad Rəhimov, millət vəkilləri əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoydular, ümummilli liderə sonsuz məhəbbət və ehtiramlarını ifadə etdilər.

Toplantını giriş sözü ilə YAP Gənclər Birliyi Yevlax rayon təşkilatının sədri Sevil Əliyeva açdı. Sonra respublika gənclər və idman naziri Azad Rəhimov, şəhər gənclər və idman idarəsinin rəisi Binyamin Musayev və başqaları çıxış etdilər. Belə bir yekdil fikir ifadə edildi ki, bu gün istifadəyə verilən “Gənclər evi” Yevlaxlı gənclərin ideya-siyasi tərbiyəsində böyük rol oynayacaq, onların asudə vaxtının daha maraqlı və səmərəli keçməsinə xidmət edəcəkdir.

Sonda bu yaraşıqlı binanın tikintisində əməyi olmuş “N” tikinti MMC-nin bir qrup işçisi Yevlax Şəhər İcra Hakimiyyətinin fəxri fərmanı və qiymətli hədiyyələrlə mükafatlandırıldılar.

 

 

Ziyəddin SULTANOV,

“Xalq qəzeti”nin bölgə müxbiri 

 

Xalq qəzeti.- 2009.- 9 iyul.- S. 7.