Suraxanı rayonunda yenidənqurma abadlıq işləri geniş vüsət alır

 

Son illər Bakının küçə və prospektləri, park və meydanları görkəmini dəyişir, səliqə-sahmana salınır. Paytaxtın infrastrukturu yeniləşdirilir, əhalinin qaz, elektrik, su təminatı yaxşılaşdırılır, yeni iş yerləri açılır. Bu sürətli və dinamik inkişaf Bakının Suraxanı rayonunda da qabarıq nəzərə çarpır. Rayon tikinti-quruculuq işlərinin miqyasına, səliqə-sahmanına, təmizliyinə görə neçə illərin ənənəsini qoruyub saxlayır, bu cəhəti ilə nəinki paytaxtın, eləcə də respublikamızın digər rayonları arasında xüsusilə seçilir. Əlbəttə, bu tərəqqinin səbəbi aydındır: dövlət başçısı İlham Əliyev prezidentliyinin ilk günlərindən regionların, Bakıətrafı şəhər və qəsəbələrin inkişafını prioritet vəzifə saymış, bu məsələyə xüsusi diqqət yetirmiş, müvafiq proqramlar imzalamış, vaxtaşırı yerlərdə olmuş, əhali ilə görüşmüş, insanların qayğı və problemləri ilə maraqlanmış, rayon, müəssisə və təşkilat rəhbərlərinə konkret tövsiyələrini vermişdir.

 

Suraxanı rayonunda aparılan tikinti-quruculuq işləri barədə rayon sakinlərindən bir neçəsinin fikirləri ilə tanış olaq.

Qəyyur Yunus, xalq rəssamı: — Əvvəlcə rayonda abadlıq-quruculuq işlərinin ənənəsi barədə danışmaq istərdim. Ulu öndərimiz Azərbaycanda siyasi rəhbərliyə ikinci dəfə başladığı ilk dövrdə Suraxanıda daxili imkanlar hesabına böyük quruculuq işlərinə başlanılmışdı. Rayonda aparılan abadlaşdırma və yaşıllaşdırma işləri diqqət çəkirdi. Ulu öndərimiz 1999-cu ilin iyulunda bu rayonda olmuş, burada tikinti-quruculuq tədbirlərini yüksək qiymətləndirmiş, Suraxanı Rayon İcra Hakimiyyətinin iş təcrübəsinin bütün rayonlara yayılmasını tövsiyə etmişdir... Bəli, bu gün də bu ənənə, təcrübə yaşadılır, qorunub saxlanılır. Fikrimi əsaslandırmaq üçün bir neçə misal çəkmək istərdim. Möhtərəm Prezidentimiz İlham Əliyev bu il mayın 4-də rayonumuzda olmuş, burada aparılan tikinti-quruculuq tədbirlərinin gedişi ilə maraqlanmış, yaradılmış şəraitdən, habelə aparılmış yenidənqurma və abadlıq işlərindən razılığını bildirmiş, tövsiyələrini vermişdir.

Cənab İlham Əliyev həmin gün Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmiş, Heydər Əliyev adına parkın ərazisi ilə, daha sonra isə Suraxanı Rayon İcra Hakimiyyətinin yeni inzibati binası ilə tanış olmuşdur... Xatırladım ki, hər üç obyekt rayonumuzun simasını daha da gözəlləşdirmiş, xüsusi yaraşıq vermişdir.

Eldar Şərifov, rayon sakini: — Rayonumuzun simasına gözəllik bəxş edən obyektlər barədə çox misal çəkə bilərəm. Amma bircə faktla fikrimi əsaslandırmaq istərdim. Ulu öndərimizin adını daşıyan park bu yaxınlarda istifadəyə verilib. Parkın ən gözəl guşəsində, özünəməxsusluğu ilə seçilən orijinal layihə əsasında inşa edilmiş Heydər Əliyev Mərkəzi bu gün insanların ən çox ziyarət etdikləri bir məkana çevrilmişdir. Burada toplanmış materiallar həyatının mənasını xalqına və Vətəninə xidmətdə görən ulu öndərin zəngin və çoxşaxəli fəaliyyəti, ümumən, Azərbaycan tarixinin bütöv bir qərinəsi barədə dolğun təsəvvür yaradır.

... Əlbəttə, mən rayonumuzun hüsnünə gözəllik bəxş edən obyektlər barədə, burada aparılan tikinti-quruculuq işlərinin gedişi haqqında geniş söhbət açmağa ehtiyac görmürəm. Suraxanıya gələn hər kəs bunun şahidi ola bilər. Sadəcə bir məqamı xüsusi vurğulamaq istərdim. Suraxanı rayonunda hər gün bir yeniliklə qarşılaşırıq, quruculuq işlərinin vüsət aldığını görürük. Fərəhli haldır ki, bu tədbirlər kampaniya xarakteri daşımır. Başqa sözlə, indi görülən işlər hansısa bayram və yaxud əlamətdar gün ərəfəsində kosmetik xarakter alan cari təmir işlərindən çox-çox fərqlənir. Quruculuq-abadlaşdırma tədbirləri planlı şəkildə, əsaslı surətdə paytaxtımızın ümumi inkişafı naminə, sakinlərin rahatlığı üçün görülür...

Əsgər Məmmədhüseynov, müharibə və əmək veteranı: — Rayonumuzun gündən-günə inkişafını, tərəqqisini görəndə iftixar hissi keçirməyə bilmirəm. Sevinirəm ki, ulu öndərimizin tövsiyələrinə layiqincə əməl edən, bu dahi şəxsiyyətin siyasi kursunu uğurla davam etdirən hörmətli Prezidentimiz İlham Əliyev əhalinin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirməklə yanaşı, tikinti-quruculuq işlərinin geniş vüsət almasına da xüsusi önəm verir. Bu amil də heç şübhəsiz ki, insanların rifahının yüksəldilməsinə, asudə vaxtlarının səmərəli keçməsinə müsbət təsir göstərir. Suraxanı rayonunda bunu qabarıq müşahidə etmək mümkündür... Biz müharibə və əmək veteranlarının diqqətə, qayğıya bəlkə də hamıdan çox ehtiyacımız var. Rayonumuzda bunu daim hiss edirik. Məsələn, bu günlərdə Suraxanı rayonunun Əmircan qəsəbəsinə xüsusi yaraşıq verən dahi öndərimizin adını daşıyan park istifadəyə verilmişdir. Hazırda park sakinlərin sevimli istirahət yerinə çevrilmişdir. Burada zövqlə ağac və gül kolları əkilmiş, bütün ərazi yaşıl çəmənlə örtülmüş, kölgəliklər quraşdırılmış, musiqili fəvvarələr, “Su teatrı” yaradılmışdır. Burada hündürlüyü 26 metr olan qüllədə dövlət bayrağımızın dalğalanması adamda sonsuz iftixar hissi oyadır...

Aydın Musayev, Bakı Dövlət Universitetinin dosenti: — Rayonumuzda təkcə sosial obyektlər yenidən qurulmur, həm də mədəni irsimizin qorunması, yaşadılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bu məsələdə, əlbəttə, dövlət başçımızın verdiyi qərarların, tapşırıqların müstəsna əhəmiyyəti danılmazdır. Məsələn “Atəşgah” abidəsi ilə bağlı bir məqama diqqət yetirək. Cənab İlham Əliyevin 19 dekabr 2007-ci il tarixli sərəncamı ilə bu tarixi abidənin qorunub saxlanılmasını və mühafizəsini günün tələbləri səviyyəsində təmin etmək, eləcə də burada turizmin inkişafı məqsədilə “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğu elan olunub. Dövlət başçımızın 1 iyul 2009-cu il tarixli sərəncamı ilə qoruğun konservasiya və bərpası üzrə layihə-smeta sənədlərinin hazırlanması, ərazidə arxeoloji-tədqiqat işlərinin aparılması və “Atəşgah” tarixi muzey mərkəzinin yaradılması üçün isə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Mədəniyyət və Turizm Nazirliyinə 1 milyon manat məbləğində vəsait ayrılmışdır.

Göründüyü kimi, dövlət başçımız cənab İlham Əliyevin səyi, həyata keçirdiyi sosial-iqtisadi kurs nəticəsində respublikamızın hər bir guşəsi, o cümlədən haqqında söhbət gedən Suraxanı rayonu gündən-günə simasını dəyişir, gözəlləşir. Təbii ki, bu da insanların maddi-rifah halının daha da yaxşılaşmasına müsbət təsir göstərir.

 

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2009.- 9 iyul.- S. 7.