İnsan Hüquqları
İnstitutunda elmi-praktik konfrans
İyulun 8-də Azərbaycan Milli
Elmlər Akademiyası İnsan Hüquqları İnstitutunda
“Sakitlik hüququ” mövzusunda elmi-praktik konfrans
keçirilmişdir. Tədbirə Azərbaycan Respublikası
daxili işlər, əmək və əhalinin sosial müdafiəsi,
səhiyyə, ədliyyə nazirliklərinin,
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət
Komitəsinin, Audit Palatasının, Bakı Şəhər
İcra Hakimiyyətinin, qeyri-hökumət təşkilatlarının,
AMEA-nın müvafiq institularının nümayəndəlikləri
dəvət olunmuşlar.
Artıq uzun müddətdir ki, Bakı sakinlərini və Azərbaycanın iri yaşayış məntəqələrinin əhalisini ciddi narahat edən, onların istirahətinə, sağlamlığına zərərli olan bu problem eyni zamanda, vətəndaşların ölkə Konstitusiyasında təsbit olunmuş müvafiq hüquqlarının pozulması ilə nəticələnir. Bu baxımdan, xarici təcrübəyə istinadən yaşayış məntəqələrinin normadan artıq səs-küy çirklənmələrinə qarşı mübarizə sakinlərin insan hüquqlarının təminatı istiqamətində atılan addımlardan biridir. Təsadüfi deyil ki, hər il aprel ayının sonlarında Avropada “Səs-küyə qarşı beynəlxalq mübarizə günü” qeyd edilir.
Düz bir il əvvəl — 2008-ci il iyul ayının 8-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Ətraf mühitə və insan sağlamlığına zərərli təsir göstərən vibrasiya və səs-küy çirklənmələrinin normaları” təsdiq edilmişdir. Bu il isə həmin sənədin icrasının təminatına dair dövlət başçısının yeni sərəncamı qüvvəyə minmişdir. AMEA İnsan Hüquqları İnstitutunun təşəbbüsü ilə təşkil olunan elmi-praktik konfrans məhz ötən müddət ərzində görülən işlərin təhlilinə, problemlə bağlı məsələlərin müəyyənləşdirilməsinə həsr edilmişdir.
Azərbaycan Respublikası Milli Məclis üzvlərinin, alimlərin, müvafiq dövlət orqanlarının və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbiri AMEA İnsan Hüquqları İnstitutunun direktoru, hüquq elmləri namizədi Aytən Mustafayeva açaraq bildirmişdir ki, insan psixikasına, onun normal yaşayışına və fəaliyyətinə mənfi təsir göstərən normadan artıq səs-küy fonu dünya səhiyyə işçilərinin rəyinə əsasən, alkoqolizm, siqaret çəkmə, keyfiyyətsiz ərzaq məhsulları ilə qidalanma kimi zərərli amillərlə bir sırada dayanır. Belə ki, 65 desibeldən yüksək olan səslər insanlarda infarkt riskini 20% artırır. 65 desibeldən yuxarı səslər isə orqanizmdə ciddi və qarşısıalınmaz fəsadlar verir. Aytən Mustafayeva səs-küy fonunun nəticələrinin insan sağlamlığına vurduğu ziyanla yanaşı, bu fəsadların sosial xarakter daşıdığını xüsusilə vurğulamış, xarici ölkə təcrübəsindən nümunələr göstərmişdir. Qeyd edilmişdir ki, Azərbaycanda problemin həllinə doğru irəliləyişlər olsa da, təssüf ki, bu, hələ də geniş xarakter ala bilməmişdir.
Sonra Aytən Mustafayeva Azərbaycan Respublikası Prezidentinin sərəncamlarından irəli gələn vəzifələrin icrasına dair institut adından təkliflərini bildirmişdir. Həmin təkliflərə Bakı şəhər ekologiyasının səs-küy çirklənməsinin səbəblərinin dəqiqləşdirilməsi və aradan qaldırılması məqsədilə müntəzəm monitorinqlərin aparılması, problemin həllində ictimai nəzarətin tətbiqi və s. daxil edilmişdir.
Konfransda AMEA İnsan Hüquqları İnstitutunun səs-küy çirklənməsinə dair rəyi səsləndirilmişdir. Həmin rəydə milli və beynəlxalq qanunvericilik bazası çərçivəsində problemin həllinə dair müvafiq tövsiyələr öz əksini tapmışdır.
Sonra mövzu ətrafında fikir mübadiləsi aparılmışdır.
Mahir QABİLOĞLU
Xalq qəzeti.- 2009.- 9 iyul.- S. 7.