Bakı Dövlət Universitetinin 90 illiyi
qarşısında
Azərbaycanın ilk elm məbədgahı
Bakı Dövlət Universiteti Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
Heydər ƏLİYEV
Ümummilli lider
Azərbaycan mədəniyyətinin, elminin, təhsilinin, ədəbiyyatının
və incəsənətinin inkişafında böyük xidmətləri
olan Bakı Dövlət Universitetinin 90 yaşı tamam olur. Azərbaycanda ilk ali təhsil və elm məbədgahı
olan Bakı Dövlət Universiteti yarandığı gündən
indiyədək şərəfli bir ömür yaşamış,
əhəmiyyətli tarixi yol keçmiş, sönməz bir
məşəl kimi Azərbaycan təhsilinin, elminin yolunu
işıqlandırmış, qüdrətli elm
ocağına çevrilmiş, öz elmi-intellektual
potensialı və tədrisin yüksək keyfiyyəti ilə
ölkənin hüdudlarından çox-çox uzaqlarda
tanınaraq böyük beynəlxalq nüfuz
qazanmışdır.
Yarandığı
gündən indiyə qədər BDU-da elm, texnika, iqtisadiyyat
və xalq təsərrüfatının müxtəlif sahələri
üzrə 120 mindən artıq yüksək ixtisaslı kadr
hazırlanmışdır. Böyük iftixar hissi ilə deyə
bilərik ki, hazırda universitetin məzunları təkcə
Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində
uğurla fəaliyyət göstərirlər. Onların bir
çoxu respublikamızda ayrı-ayrı elm sahələrində
rəhbər vəzifələrdə çalışır,
müxtəlif dövlət strukturlarında layiqincə təmsil
olunurlar. Azərbaycan elminin və mədəniyyətinin, ədəbiyyatının
və incəsənətinin böyük korifeyləri də məhz
BDU-nun auditoriyalarında təhsil almışlar. BDU-nun məzunlarının
dövlət quruculuğunda rolu böyükdür. Hakimiyyət
strukturlarında onlar geniş mövqeyə malikdirlər.
Bu gün Bakı
Dövlət Universiteti özünün dünya şöhrətli
məzunu, dahi dövlət xadimi, Azərbaycan milli dövlətçiliyinin
xilaskarı, müstəqil Azərbaycan Respublikasının
memarı, xalqımızın ümummilli lideri Heydər Əliyevlə
fəxr edir. Bu ali təhsil ocağına yüksək qiymət
verən, onu xalqımızın milli sərvəti
adlandıran dahi şəxsiyyət Bakı Dövlət
Universitetinin məzunu olması ilə fəxr etdiyini dəfələrlə
bildirmiş, onun fəaliyyətini, Azərbaycanda elmin, təhsilin
və mədəniyyətin inkişafında
böyük rolunu yüksək qiymətləndirmişdir.
Təsadüfi deyil ki, Heydər Əliyev
Bakı Dövlət Universitetinin 80 illik yubileyi münasibəti
ilə 1999-cu il dekabrın 28-də universitet kollektivinə
göndərdiyi təbrik məktubunda yazırdı: “Bakı Dövlət Universiteti 80 illik fəaliyyəti
dövründə Azərbaycan həyatının
bütün sahələrinə güclü təsir edərək
xalqımız qarşısında əvəzsiz xidmətlər
göstərmişdir. Əslində universitetimizin tarixi Azərbaycan
təhsilinin və mədəniyyətinin inkişafı
tarixidir. Respublikamızda ali təhsilin
inkişafında universitetin müstəsna rolu olmuşdur.
İndi ölkəmizdə onlarla ali məktəbin mövcud
olması, Azərbaycan Respublikasının böyük ali təhsil
potensialına malik olması məhz Bakı Dövlət
Universitetinin fəaliyyəti nəticəsində
mümkün olmuşdur”.
Ulu öndərin Bakı Dövlət
Universitetinə verdiyi bu yüksək qiymət universitetin
çoxminli kollektivinin fədakar əməyinə verilən
qiymətdir. Universitetin çoxsaylı professor-müəllim
və tədris-köməkçi heyəti, çoxminli tələbə
kontingenti ulu öndərin bu qiyməti ilə böyük
qürur hissi keçirir.
Azərbaycan elminin
fizika, riyaziyyat, tətbiqi riyaziyyat, informatika, geologiya, biologiya,
fiziologiya, kimya, coğrafiya, hüquq, tarix, etnoqrafiya,
arxeologiya, regionşünaslıq, psixologiya, pedaqogika, fəlsəfə,
sosiologiya, şərqşünaslıq,
kitabxanaşünaslıq, biblioqrafıyaşünaslıq,
kitabşünaslıq, jurnalistika, filologiya, ədəbiyyatşünaslıq,
dilçilik, türkologiya, iqtisadiyyat, beynəlxalq hüquq,
beynəlxalq əlaqələr və s. kimi müxtəlif sahələrinin
inkişafında BDU- nun böyük rolu olmuşdur. Bu elm sahələrinin
hər biri haqqında geniş tədqiqatlar
aparılmış, namizədlik, doktorluq dissertasıyaları
müdafiə edilmiş, yüzlərlə monoqrafiya, dərslik,
dərs vəsaitləri, minlərlə elmi məqalə
yazılıb çap edilmişdir.
Bakı Dövlət
Universiteti alimlərinin yaradıcılığı
respublikamızın elmi həyatının ayrılmaz tərkib
hissəsi olmaqla xalqımızın qədim tarixinin, mədəniyyətinin
araşdırılmasında, milli mədəniyyətimizin,
ana dilimizin qorunub-saxlanılmasında, vətənpərvərlik,
azərbaycançılıq ideologiyasının təbliğində
böyük rol oynayır. Xalqımızın milli-mənəvi
dəyərlərə söykənən adət-ənənələrinin
qorunub saxlanılmasında, milli mentalitetimizin inkişafında
da BDU alimlərinin böyük xidmətləri vardır.
Azərbaycanın
ilk ali məktəbi olan Bakı Dövlət Universiteti
respublikamızda ali təhsilin inkişafında, ali məktəblərin
yaradılmasında, ali məktəblər üçün
elmi-pedaqoji kadrların hazırlanmasında əvəzedilməz
xidmətlər göstərmişdir. Belə ki, hazırda respublikamızda fəaliyyət
göstərən Azərbaycan Tibb Universiteti, Azərbaycan
Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət
İqtisad Universiteti, Azərbaycan Dövlət Dillər
Universiteti məhz BDU-nun bazasında
yaradılmışdır. Bakı Dövlət Universiteti həmin
ali təhsil ocaqlarının işinin təşkilinə,
kadr təminatına, maddi-texniki bazasının möhkəmləndirilməsinə,
xüsusilə kitabxanalarının təşkilinə
yaxından kömək etmişdir. Universitet həmçinin
elmin inkişafında, elmi-tədqiqat işinin, elmi
araşdırmaların təşkilində ötən əsrin
20-ci illərinin əvvəllərində respublikada ilk elmi mərkəzlərin
yaranmasında elmi ictimaiyyətə yaxından kömək etmişdir.
BDU-nun elmi potensialının
qüvvəsi ilə respublikamızda ali məktəblərlə
yanaşı, Elmlər Akademiyasının
açılması zamanın tələbinə çevrildi.
Belə ki, BDU 1923-cü ildə respublikamızda
ilk elmi mərkəz olan Azərbaycanı Tədqiq və Tətəbbö
(araşdırma) Cəmiyyətinə, sonralar bu cəmiyyətin
bazasında yaranan elmi-tədqiqat institutuna, 30-cu illərdə
fəaliyyətə başlayan SSRİ EA-nın Azərbaycan
filialına kadr potensialı baxımından mühüm
kömək göstərmişdir. Həmin elmi-tədqiqat
müəssisələrində BDU-nun əməkdaşları
da çalışırdılar. Bu, zamanın
tələbi idi. Çünki respublikamızda olan ən
görkəmli elmi qüvvələr BDU-da fəaliyyət
göstərdiklərindən onların köməyi olmadan hər
hansı bir iş görmək mümkün deyildi. 1945-ci ildə
Azərbaycanda Elmlər Akademiyası təşkil edilərkən
BDU-nun elmi potensialından geniş istifadə olunmuş,
demək olar ki, bu potensial akademiyanın əsas elmi
bazasını təşkil etmişdir. Belə ki, akademiyaya
üzv seçilən 15 nəfərdən 6-sı universitetin
məzunu və ya professoru olmuşdur. Belə bir faktı da
qeyd etmək yerinə düşər ki, son 55 ildə Azərbaycan
Elmlər Akademiyasına rəhbərlik etmiş şəxslər
ya universitetin məzunu, ya da professoru olmuşlar.
Bakı Dövlət Universitetinin
Azərbaycan elminin inkişafında oynadığı rola
yüksək qiymət verən ulu öndər Heydər Əliyev
demişdir: “Azərbaycan elmi dünyanın qabaqcıl elmləri
sırasındadır. Onun inkişafında Bakı Dövlət
Universitetinin fəaliyyəti əvəzsizdir. Bakı Dövlət
Universiteti yarandığı gündən Azərbaycanda elmi
inkişaf etdirən mərkəzə çevrilmişdir.
Sonrakı dövrlərdə Azərbaycanda yaranmış
elmi-tədqiqat institutlarının əksəriyyəti, elmi
ocaqların hamısı öz başlanğıcını
Bakı Dövlət Universitetindən
götürmüşdür. Təsadüfi deyil ki, 1945-ci ildə
Azərbaycanda ilk Dövlət Milli Akademiyası da Bakı
Dövlət Universitetinin əsasında, başqa ali məktəblərin
yetişdirdiyi alimlərin fəaliyyəti nəticəsində
yaradılmışdır. Ona görə də, biz Bakı
Dövlət Universiteti haqqında danışanda Azərbaycanın
həm elmini, həm təhsilini, həm mədəniyyətini,
həm də bütün xalqımızın
savadlanmasını düşünürük”. Bu sözlər
BDU-nun XX yüzillıyin 30-40-cı illərində göstərdiyi
fəaliyyətə verilən ən yüksək qiymətdir.
Azərbaycan Xalq Cümhuriyyətinin
xalqımızın qarşısında göstərdiyi ən
böyük xidmətlərindən biri də Bakı Dövlət
Universitetinin yaradılması olmuşdur. Azərbaycan
xalqının milli-mədəni tarixində mühüm hadisə
olan BDU-nun fəaliyyətə başlaması əslində
müsəlman Şərqində böyük bir əks-səda
doğurdu. Qısa zaman çərçivəsində
Avropanın və Şərq ölkələrinin
tanınmış alimləri BDU-ya dəvət edildilər. Dövrünə görə qısa müddətdə
qüvvətli kadr potensialı toplayan bu elm məbədgahı
Azərbaycanda mədəni-maarif işinin genişlənməsinə,
xalqın savadlanmasına, milli kadrların yaranmasına
xüsusi diqqət yetirdi. 1919-cu ildə BDU fəaliyyətə
başlayarkən onun müəllimlərinin 90 faizindən
çoxu əcnəbilər olmuşdur. Buna baxmayaraq, respublika
hökuməti BDU-nun milli kadrlarla təmin edilməsinə, dərslərin
Azərbaycan dilində keçilməsinə xüsusi diqqət
yetirirdi. Bu məsələ barəsində bir neçə rəsmi
dövlət sənədi qəbul edilmişdi.
BDU-nun ilk rektoru olan V.İ.Razumovski milliyyətcə qeyri-azərbaycanlı olsa
da, o, milli kadrların hazırlanmasını diqqət mərkəzində
saxlayırdı. 1919-1920-ci tədris ilində BDU-da işləyən
33 müəllimin ancaq 4 nəfəri azərbaycanlı idisə,
artıq 1924/25-ci dərs ilində 188 nəfərdən 42 nəfəri
azərbaycanlı idi. 5 il müddətində
azərbaycanlı müəllimlərin sayı 12 faizdən 22
faizə qalxmışdı. 1921-22-ci tədris ilindən
xüsusilə humanitar fakültələrdə dərslərin
müəyyən hissəsi Azərbaycan dilində
keçirilməyə başlanmışdı. Bu, həmin
dövr üçün böyük tarixi hadisə idi.
İnzibati-amirlik
sisteminin formalaşdığı bir zamanda
xalqımızın milli-mənəvi dəyərlərinə,
qədim adət-ənənələrımizə və əslində
milli soykökümüzə vurulan zərbələrdən
biri də BDU-ya dəydi. 20-ci illərin sonu – 30-cu illərin əvvəlində
qeyri-müəyyən səbəblərə görə BDU-nun fəaliyyətinə
xitam verildi. Ermənilərin əli ilə vurulan bu zərbə
mərkəzdən istiqamətləndirilmişdi. Ancaq bununla barışmayan və öz mübariz
ruhunu xüsusi bir qüvvə ilə göstərən
xalqımız istədiyinə nail oldu və 1934-cü ildə
BDU yenidən fəaliyyətə başladı. Universitet fəaliyyətini
bərpa etdikdən sonra onun kadr potensialının əksəriyyətini
azərbaycanlılar təşkil edirdilər. 1970–80-ci
illərdə isə Bakı Dövlət Universitetində
milli kadrların hazırlanması sahəsində böyük
dönüş yarandı. Demək olar ki, professor-müəllim
heyətinin 99 faizi azərbaycanlılar idi.
Azərbaycan elmi dilçilik məktəbinin
yaranması da Bakı Dövlət Universitetinin dilçilik
kafedrasının və görkəmli dilçi alimlərin
adı ilə bağlıdır. Respublikamızda Azərbaycan
dilinin tədrisi və təbliğində BDU-nun dilçi məzunlarının
fəaliyyəti diqqətəlayiqdir.
Respublikamızın həyatında
dönüş mərhələsinin başlanğıcı
olan 70-ci illər Bakı Dövlət Universitetinin tarixində
də əlamətdar olmuşdur. Belə ki, Azərbaycan KP
MK-nın 1969-cu il iyulun 14-də keçirilən plenumunda Heydər
Əlirza oğlu Əliyev Azərbaycan KP MK-nın birinci katibi
seçildi. Heydər Əliyevin siyasi hakimiyyətə ilk gəlişi
ilə Azərbaycan özünün həqiqi inkişaf yolunu
tapdı. O dövrdə ən geridə qalmış
respublikalardan hesab edilən Azərbaycanın inkişaf və
tərəqqisinin əsası qoyuldu. Bu, Azərbaycan
xalqının tarixi müqəddəratında mühüm
hadisə oldu, respublikamızın gələcək
inkişafında əhəmiyyətli rol oynadı. Bununla da,
Azərbaycan xalqının tarixində Heydər Əliyev
dövrü - böyük dönüş mərhələsi
başlandı.
Heydər Əliyev
hakimiyyətə gələn kimi 1969-cu il avqust plenumunda
respublikada mövcud nöqsanları, ayrı-ayrı sahə
strukturlarında, o cümlədən təhsildə və
maarifdə olan qüsurları kəskin tənqid etdi,
onların aradan qaldırılması yollarını və
inkişafın istiqamətlərini müəyyənləşdirdi. Avqust plenumu
respublikanın ictimai-siyasi və sosial-iqtisadi həyatında kəskin
dönüş yaratdı, xüsusilə Azərbaycan təhsilinin
inkişafında mühüm rol oynadı. Xalqın milli mənlik
şüurunun formalaşması, Azərbaycan dilinin, Azərbaycan
tarixinin öyrənilməsi, ali təhsil sisteminin daha da
demokratikləşməsi sahəsində ciddi irəliləyiş
baş verdi.
Bu dövrdə Azərbaycan
ali məktəblərinin bayraqdarı olan Bakı Dövlət
Universitetinin respublika ali məktəbləri içərisində
tutduğu aparıcı mövqe, Azərbaycan təhsil sisteminə,
onun inkişaf istiqamətlərinə göstərdiyi təsir
daha da gücləndi. 1969-cu ildə BDU-nun 50 illik yubileyi
dövlətimiz tərəfindən
yüksək səviyyədə keçirildi. Həmin ərəfədə
təşkil edilən yubiley komissiyasına ümummilli lider
Heydər Əliyevin başçılıq etməsi və təntənəli
yubiley iclasında Azərbaycan dilində məruzəsi
universitetin şöhrətini daha da yüksəltdi. Heydər Əliyevin bu parlaq
çıxışı Azərbaycanın elmi və mədəni
ictimaiyyəti arasında böyük marağa səbəb
oldu. Çünki Sovet Azərbaycanının tarixində ilk
dəfə idi ki, Azərbaycan KP MK-nın birinci katibi Azərbaycan
dilində çıxış edirdi. Bu
çıxış bir tərəfdən onun böyük cəsarətindən,
digər tərəfdən isə onun güclü milli hissindən,
Azərbaycan dilinə olan böyük məhəbbətindən
irəli gəlirdi. Ulu öndərin bu nitqini
böyük rəğbət və sevinc hissi ilə
qarşılayan Bakı Dövlət Universitetinin çoxminli
kollektivi Heydər Əliyevin məruzəsini qarşıda
qoyulan böyük vəzifələrin proqramı kimi qəbul
etdi və gələcək fəaliyyətlərində rəhbər
tutdu.
70-80-ci illərdə
Azərbaycanda Heydər Əliyevin milli oyanış siyasəti
nəticəsində təhsilin, elmin və mədəniyyətin
inkişafı sahəsində geniş imkanlar
açıldı. Respublikamızın elmi potensialı olduqca
gücləndi. Ölkəmizdə altı yeni ali məktəb
yaradıldı, onların maddi-texniki bazası möhkəmləndirildi. Bu dövrü Azərbaycan təhsilinin,
elminin, mədəniyyətinin inkişafında Heydər Əliyev
mərhələsi kimi xarakterizə etmək yerinə
düşər.
Həmin illər Bakı Dövlət
Universitetinin tədris və elmi həyatına da
dönüş dövrü kimi daxil olmuşdur. Belə ki, ulu öndər Heydər Əliyevin
bilavasitə qayğısı sayəsində universitetin
maddi-texniki bazası möhkəmlənmiş, yeni tədris
korpusu istifadəyə verilmiş, hesablama mərkəzi
yaradılmış, yeni fakültələr, ixtisaslar, elmi-tədqiqat
laboratoriyaları açılmış, tədris və elmi-tədqiqat
laboratoriyaları üçün qiymətli avadanlıqlar
alınmışdır. Tədris prosesinin təkmilləşdirilməsində
də mühüm yeniliklər baş vermişdi. Tədrisin
texniki vasitələri üçün laboratoriya
yaradılmış və laboratoriya üçün əldə
edilən texniki vasitələr, hesablama materialları, kino
aparatları tədris prosesinin
avtomatlaşdırılmasında istifadə edilməyə
başlanmışdı.
Təhsil və elmi işlərin
səviyyəsinin yüksəlməsi, yüksək
ixtisaslı elmi kadr potensialına malik olması universiteti nəinki
respublikamızda, eləcə də SSRİ miqyasında
qabaqcıllar sırasına çıxarmışdı. Odur
ki, Sov.İKP MK və SSRİ Nazirlər Sovetinin 1987-ci il 13
mart tarixli qərarı ilə Azərbaycan Dövlət
Universiteti ittifaqın aparıcı universitetləri
sırasına daxil edildi.
80-ci illərin sonu 90-cı illərin
əvvəllərində və Xalq Cəbhəsinin hakimiyyəti
dövründə ölkədə baş verən hərc-mərclik,
anarxiya Bakı Dövlət Universitetinin həyatına da mənfi
təsir etmişdi. Universitet lazımi səviyyədə
maliyyələşdirilmirdi. Tələbələrin
və müəllimlərin sosial vəziyyəti
ağırlaşmışdı. Tədris prosesi iflic vəziyyətinə
düşmüşdü. Universitetin maddi-texniki
bazasını möhkəmləndirmək, yeni avadanlıq və
cihazlar almaq, kitabxananı yeni ədəbiyyatla təmin etmək
üçün vəsaitin ayrılmaması universiteti çətin
vəziyyətə salmışdı.
Xalqın tələbi ilə ulu
öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə
gəlməsi Azərbaycan dövlətçiliyini, çətin
vəziyyətə düşmüş xalqımızı
xilas etdi. Ulu öndərin məqsədyönlü daxili və
xarici siyasəti nəticəsində tədricən
respublikanın iqtisadiyyatı, sənayesi və kənd təsərrüfatında
sabitlik yarandı, dirçəliş baş verdi. Respublikada
baş alıb gedən anarxiya aradan qaldırıldı,
hakimiyyət böhranına son qoyuldu. Dövlət intizamı
bərpa edildi. Bütün bunlar respublikanın elmində, təhsilində,
mədəniyyətində yeni ab-havanın yaranmasına səbəb
oldu.
Həmin vaxt Bakı Dövlət
Universitetinin rəhbərliyi möhkəmləndirildi. Tədris prosesi əvvəlki axarına
qayıtdı. Dövlət böyük çətinliklə
də olsa universitetin maddi-texniki bazasının möhkəmləndirilməsi
üçün tədbirlər gördü. 1993-cü ildən
başlayaraq universitetin maliyyə vəziyyəti ilbəil
yaxşılaşdırıldı. Ulu öndər Heydər Əliyevin
sərəncamı ilə 1994-cü ilin noyabrında
universitetin 75, 1999-cu ildə isə 80 illik yubileyi qeyd edildi. Hər iki tədbirin keçirilməsi
üçün yaradılmış yubiley komissiyasına
prezident Heydər Əliyevin başçılıq etməsi
universitetin mövqeyini daha da möhkəmləndirdi,
nüfuzunu artırdı. Universitetin tədris, elm və mədəni
quruculuq sahəsindəki xidmətlərini yüksək qiymətləndirən
ulu öndər Heydər Əliyev 80 illik yubiley
münasibətilə universitet kollektivinin 69 nəfər
üzvünü yüksək dövlət
mükafatlarına, fəxri adlara layiq gördü.
Bakı Dövlət Universitetinin
80 illik fəaliyyətini yüksək qiymətləndirən
xalqımızın ümummilli lideri Heydər Əliyev 28
dekabr 1999-cu ildə Bakı Dövlət Universitetinə
göndərdiyi təbrik məktubunda yazırdı:
“Universitet 80 illik tarixi ərzində respublikamızın elm, təhsil
və ədəbiyyat sahələrinə görkəmli
simalar bəxş etmişdir. Diqqətəlayiqdir
ki, Bakı Dövlət Universiteti öz fəaliyyətinin
bütün dövrlərində elm və təhsil məbədi
olmaqla yanaşı, həm də Azərbaycan dilinin
inkişafında, milli şüurun, vətənpərvərlik
hissinin inkişafında xidmətlər göstərmiş,
bir mərkəz rolunu oynamışdır”. Onu da qeyd etmək lazımdır ki, müstəqillik
illərində ulu öndər Heydər Əliyev Bakı
Dövlət Universitetini həmişə diqqət mərkəzində
saxlamış, onu Azərbaycan ali məktəblərinin
bayraqdarı hesab etmiş, universitetin məzunu olmağı ilə
fəxr etdiyini bildirmişdir. BDU-nun çoxminlik
kollektivi Heydər Əliyev kimi dünyəvi şəxsiyyət
yetişdirməsi ilə qürur hissi keçirir. Heydər Əliyevin
burada təhsil aldığı illər və respublikaya rəhbərlik
etdiyi dövrdə bu elm məbədgahı ilə əlaqələri
Bakı Dövlət Universitetinin şanlı tarixinin
mühüm və əlamətdar bir mərhələsini təşkil
edir.
Bakı Dövlət Universitetinin
tərəqqi və inkişafının ən məhsuldar
dövrü olan son 30 ildə ulu öndərin adı və fəaliyyəti
ilə qırılmaz tellərlə bağlıdır. Məhz
buna görədir ki, universitetin çoxminlik qədirbilən
kollektivi öz böyük məzununun xatirəsini daim əziz
tutur. Təsadüfi deyil ki, Bakı Dövlət
Universitetinin Böyük Elmi Şurası 1994-cü il 28
oktyabr tarixli geniş iclasında Azərbaycan xalqı, dövləti,
elmi və təhsili qarşısında mühüm xidmətlərinə
görə Heydər Əlirza oğlu Əliyevə
universitetin Fəxri doktoru adı verilməsi haqqında yekdil
qərar qəbul etmişdir. Maraqlı bir faktı yada salmaq
yerinə düşər ki, AMEA Heydər Əliyevi
özünün akademiki seçmək istədikdə o, bunu
lazım bilmədi. Ancaq universitetin Fəxri doktoru adını
və onun diplomunu böyük məmnuniyyət hissi ilə qəbul
etdi.
Müstəqillik
illəri Bakı Dövlət Universitetinin tarixində intibah
dövrü kimi xarakterizə edilir. 1999-cu ildə ulu öndər
Heydər Əliyevin sərəncamı ilə Əməkdar
elm xadimi Abel Məhərrəmov bu ali təhsil ocağına
rektor təyin edildiyi ilk gündən bütün bilik və
bacarığını, potensial imkanlarını doğma universitetin tərəqqisinə,
təhsil sisteminin yüksəldilməsinə və təkmilləşdirilməsinə
istiqamətləndirmiş və bu təhsil ocağını
beynəlxalq standartlara cavab verən dünya universitetləri
sırasına çıxara bilmişdir. O, sözün əsl
mənasında çoxsaylı kollektivi vahid bir orqanizm kimi hərəkətə
gətirmiş, hamını bir nəfər kimi universitetin tədris-metodik,
elmi-tədqiqat işinə cəlb etməyə nail
olmuşdur.
Son illər Bakı
Dövlət Universitetinin maddi-texniki bazası xeyli möhkəmləndirilmiş,
geniş abadlıq işləri aparılmış, idman
kompleksi, örtülü stadion, dünya standartlarına cavab
verən üzgüçülük hovuzu tikilib istifadəyə
verilmiş, tədris binaları, demək olar ki, yenidən
qurulmuş, böyük mədəniyyət və istirahət parkını
xatırladan universitet şəhərciyi yaradılmışdır.
Universitetin yeməkxanası yenidən qurulmuş, bütün
tədris korpuslarında professor-müəllim heyətinə,
tələbələrə və universitet əməkdaşlarına
yüksək xidmət göstərən bölmələr
yaradılmışdır.
Ötən müddətdə
Bakı Dövlət Universitetində dünya elm və tədrisinin
son nailiyyətlərini öyrənməyə imkan verən
elmi laboratoriyalar və kafedralar, bütün tədris
binalarında zəngin kitabxanalar və oxu zalları
yaradılmış, universitetin fundamental kitabxanasının
maddi bazası zənginləşmiş, kitab fondu xeyli
çoxalmışdır. Mövcud tədris və elmi laboratoriyalar dünya
standartlarına cavab verən ən müasir avadanlıqla təchiz
edilmişdir. Təhsilin kompyuterləşdirilməsi
və tələbələrin kompyuter savadına yiyələnməsinin
mühüm rolu nəzərə alınaraq universitetdə
lokal kompyuter şəbəkəsinin internetə
çıxışı təmin edilmiş, müəllim və
tələbələrin dünya virtual sisteminə
qoşulması üçün əlverişli şərait
yaradılmışdır.
Son illərdə görülən
təqdirəlayiq işlərdən biri də 1500 kvadratmetr
sahəsi olan, 1 milyon yarım ABŞ dolları dəyərində
yeni avadanlıqla təchiz olunmuş “Bakı Universiteti” nəşriyyatının
yenidən qurulmasıdır. Bu, universitetin kollektivi
üçün qiymətli hədiyyədir. Geniş çap
imkanlarına malik olan bu nəşriyyat ildə onlarca dərslik,
dərs vəsaiti, metodik göstəriş, proqram nəşr
edir ki, bu da təhsil islahatının keçirildiyi dövrdə
tədris prosesinin keyfiyyətınin yüksəldilməsinə
xidmət edir.
Müstəqillik illərində
Bakı Dövlət Universitetinin beynəlxalq əlaqələri
də genişlənmiş, universitet dünya təhsil sisteminə
sürətlə inteqrasiya etməyə
başlamışdır. Hazırda universitetdə Boloniya təhsil
sisteminə qoşulmaq üçün böyük islahatlar
aparılır, biologiya, jurnalistika, şərqşünaslıq,
filologiya, hüquq, beynəlxalq münasibətlər və
beynəlxalq hüquq fakültələrində bu proses
uğurla tətbiq edilir.
Bu illərdə Bakı Dövlət
Universitetinin böyük bəşəri əhəmiyyətə
malik xidmətlərindən biri də dünyanın onlarca
ölkəsi üçün yüksək ixtisaslı mütəxəssis
kadrlar hazırlamasıdır. Xarici ölkələr
üçün kadr hazırlığı 1968-ci ildən
başlamış, tezliklə SSRİ məkanında xarici
ölkələr üçün kadr
hazırlığında böyük mərkəzlərdən
biri kimi ad-san qazanmış və böyük şöhrət
sahibi olmuşdur. Belə ki, 30 il müddətində
BDU 51 xarici ölkə üçün (Almaniya, Polşa,
Çexiya, Slovakiya, Bolqarıstan, Türkiyə, Misir, Suriya,
İordaniya, Əlcəzair, Yəmən, İran, Əfqanıstan,
Kuba, Meksika, Çili, Çin, Hindistan, Vyetnam, Cənubi Koreya,
Monqolustan və b.) 2 min nəfərdən artıq yüksək
ixtisaslı mütəxəssis, o cümlədən 112
elmlər namizədi, 17 elmlər doktoru
hazırlamışdır.
Bakı Dövlət Universiteti
respublikamızın ən böyük təhsil və elm mərkəzi
kimi böyük elmi potensiala malikdir. Hazırda universitetin 16
fakültəsində 17.037 tələbə 43 ixtisas üzrə
bakalavr, 33 istiqamət, 156 ixtisaslaşma üzrə 1270 magistr
təhsil alır. Bütövlükdə isə
90 il müddətində universitet 120 mindən artıq
yüksək ixtisaslı mütəxəssis
hazırlamışdır. İndi universitetin 130-dan artıq
kafedrasında 300-ə qədər elmlər doktoru, professor və
800-dən çox elmlər namizədi, dosent fəaliyyət
göstərir.
Bakı Dövlət Universitetinin
təşkilində, inkişafında idarə edilməsində,
onun elm məbədgahına çevrilməsində görkəmli
xidmətləri olan fədakar insanlar, elm və təhsil xadimləri
olan universitet rektorları: V.İ.Razumovski, N.Davıdenko,
T.A.Şahbazi, E.Ə.Əliyev, S.A.Ələsgərov, Ş.R.Əliyev,
M.K.Ələkbərli, A.İ.Qarayev,
C.Z.Hacıyev, Y.H.Məmmədəliyev, Ş.F.Mehdiyev,
M.Ç. Əliyev, F.M.Bağırzadə, Y.C.Məmmədov,
M.E.Qasımov, M.N.Ələsgərov, M.S.Mərdanov, A.M.Məhərrəmov
və başqaları mühüm işlər
görmüşlər.
Universitetin keçdiyi bu şərəfli
yola nəzər salarkən məlum olur ki, bu elm məbədgahı
həmişə xalqımızın ümummilli lideri Heydər
Əliyevin siyasi kursuna, azərbaycançılıq
ideyalarına sadiq olmuşdur. Bakı Dövlət
Universitetinin bugünkü fəaliyyəti ulu öndər Heydər
Əliyevin layiqli davamçısı, xalqımızın
sevimlisi Azərbaycan Respublikasının Prezidenti sənab
İlham Əliyevin daxili və xarici siyasətinə
böyük dəstəkdir. Universitetin yeni tədris korpusunun
açılışında çıxış edən
möhtərəm Prezident cənab İlham Əliyev
demişdir: “Bakı Dövlət Universiteti Azərbaycanın
aparıcı təhsil ocağıdır. Burada çox
güclü professor-müəllim heyəti vardır və
bütün dövrlərdə universitet Azərbaycanda peşəkar
kadrların hazırlanması işində çox
böyük işlər görmüşdür. Bu gün isə
universitet inkişafının yeni mərhələsini
yaşayır”.
Beləliklə, bu
kəşməkeşli yolu böyük qürurla keçən
Bakı Dövlət Universiteti hər cür çətinliyə
sinə gərərək mətinləşmiş, zaman-zaman
inkişaf edərək formalaşmış və Azərbaycan
xalqının böyük bir elm və təhsil məbədgahına
çevrilmişdir.
Bu yolda sənə böyük
uğurlar diləyirik, doğma və əziz Bakı Dövlət
Universiteti!
Abuzər XƏLƏFOV,
Əməkdar elm xadimi,
BMT yanında Beynəlxalq
İnformasiyalaşdırma
Akademiyasının
akademiki, tarix elmləri doktoru, professor,
BDU-nun kitabxanaşünaslıq
kafedrasının müdiri
Xalq qəzeti.- 2009.- 9 iyu.- S. 6.