Kürdəmir: uğurlar yeni perspektivə aparır

 

Yayın qızmar nəfəsi Hacıqabul — Yevlax yolu boyunca daha artıq duyulur. Təbii su mənbələrinin qıt olduğu bu yerlərdə yer şumlamaq, toxum səpmək, məhsul becərmək, bar götürmək o qədər də asan deyil. Min illər köçəri maldarların qışlaq yeri olan, yabanı otlardan başqa heç nə bitirməyən bu çöllərdə oturaqlaşmaq, məskən salmaq, abad el-obalar yaratmaq üçün ata-babalar çox əziyyət çəkmişlər. Şirvan düzünə çəkilən yollar, kanallar, elektrik, qaz, rabitə xətləri abad, böyük yaşayış məntəqələrinin yaranmasına, çoxsahəli iqtisadiyyat yaradılmasına imkan vermişdir.

 

Yüksəlişə doğru

 

Bu bölgədə yerləşən Kürdəmir rayonu ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə sovet zamanındakı inkişafının zirvəsinə çatmışdı. O illərdə suvarılan əkin sahələri genişləndirilmiş, bitkiçilik və heyvandarlıqda yüksək mexanikləşdirməyə nail olunmuş, məhsuldarlıq artmışdı. Rayonun yeni sənaye və tikinti müəssisələri yaradılmış, sosial-mədəni sahə dirçəlmiş, rifah yüksəlmişdi. Təəssüf ki, sovet sisteminin süqutu, dövlət müstəqilliyinin ilk illərindəki başıpozuqluq dövründə bu nailiyyətlər əldən verilmişdi. Böhran, talançılıq iqtisadi həyata ağır zərbə vurmuş, əhalinin güzəranı pisləşmiş, ümumi ümidsizlik yaranmışdı.

O vaxt kürdəmirlilərin dəstək verdiyi ümumxalq tələbi və iradəsi ilə müstəqil ölkənin rəhbərliyinə gətirilmiş ulu öndər Heydər Əliyevin yaratdığı sabitlik, həyata keçirdiyi əsaslı islahatlar bu rayonda da dirçəliş və inkişafa yol açdı. Torpaq islahatı və özəlləşmə tədbirləri qısa müddətdə yeni tipli iqtisadiyyat üçün tarixi zəmin əmələ gətirdi.

Ümummilli liderin layiqli davamçısı Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə hazırlanıb reallaşdırılan mühüm konsepsiya və dövlət proqramları respublikanın bütün bölgələrində olduğu kimi, Kürdəmirdə də hərtərəfli inkişafı təmin etmişdir. Son 5 ili əhatə edən birinci regional inkişaf proqramı rayonun sosisal-iqtisadi mənzərəsini büsbütün dəyişdirmiş, yeni perspektivin hüdudlarına gətirib çıxarmışdır...

Bütün bunlar barədə yüksək nikbinliklə, nailiyyətlərdən doğan fərəh hissi ilə söz açan Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Fəxrəddin Məlikov söhbətin bu yerində son dövrün uğurlarını əks etdirən hesabata nəzər salaraq ayrı-ayrı sahələrdə əldə edilmiş irəliləyiş barədə ətraflı məlumat verdi:

— İqtisadiyyatın yüksəldilməsi, aqrar sektorda məhsuldarlığın artırılması, sənaye istehsalının şaxələndirilməsi və gücləndirilməsi Rayon İcra Hakimiyyətinin diqqət yetirdiyi başlıca məsələlər olmuşdur. Bütün bunların nəticəsində indiyədək rayonda 8805 yeni iş yeri açılmışdır. Onun 5572-si daimidir. 2009-cu ilin I rübündə isə 123 yeni iş yeri açılmışdır ki, bunun da 73-ü daimidir. İlin əvvəlindən 2008-ci ilin müvafiq dövründəkindən 46,4 faiz çox sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir. Sənaye istehsalının 91,4 faizi emal, 8,4 faizi isə elektrik enerjisi, qaz və su təsərrüfatlarında yaradılmışdır. Ümumdaxili məhsul istehsalı 27,8 faiz artmışdır. Bunun 56,2 faizi məhsul istehsalı sahələrində, o cümlədən 31,5 faizi sənayedə, 4,8 faizi inşaat kompleksində, 19,9 faizi kənd təsərrüfatında olmuşdur.

İşçilərin orta aylıq əmək haqqı 161,1 manat olmuşdur. Ötən illə müqayisədə bu göstərici 34,1 manat və ya 26,78 faiz artmışdır. Ən yüksək orta aylıq əmək haqqı elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi sahəsindədir: 281,5 manat. Bu da keçən illə müqayisədə 36,5 manat və ya 14,9 faiz çoxdur.

Tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş tikinti işlərinin həcmi əvvəlki ilin müvafiq dövrünə nisbətən 30,9 faiz yüksəlmişdir. Özəl tikinti müəssisələrinin yerinə yetirdikləri işlərin həcmi 13,6 faz dövlət mülkiyyətində olan qurumlarda isə 86,4 faiz olmuşdur. Tikinti müəssisələrində işləyənlərin orta aylıq əmək haqqı 187,2 manata çatmışdır ki, bu da əvvəlki ilin müvafiq dövründəkindən 55,7 manat və ya 42,4 faiz çoxdur.

Kənd təsərrüfatının bütün yönlərində, o cümlədən taxılçılıq, tərəvəzçilik, meyvəçilik və digər sahələrdə son illər əldə olunan yüksək iqtisadi göstəricilər deməyə əsas verir ki, rayonumuz bazar iqtisadiyyatı yolu ilə uğurla addımlayır. 2008-ci ilin payızında cari ilin məhsulu üçün 35432 hektar sahədə taxıl əkilmişdi ki, bu da 2009-cu ilin bol məhsulunun təməlinin qoyulması olmuşdur. Hazırda zəmilərdə biçin davam edir. Ötən ildəkindən artıq məhsul toplanması gözlənilir.

Respublika “Aqrolizinq” ASC-nin rayonda fəaliyyət göstərən Aqrotexservis Mərkəzi becərmə dövründə azot və fosfor gübrələri gətirərək kənd təsərrüfatı məhsulları istehsalçılarına paylamışdır. “Aqrotexservis” şəbəkələri əkinçilərə texnika ilə köməyini artırmışdır. Heyvandarlıq kənd təsərrüfatının mühüm sahəsi olmaqla, il boyu fəaliyyət göstərir və xüsusi diqqət tələb edir. Heyvanların baş sayı ilbəil artmaqdadır. Rayon üzrə 60 min baş iri, 125 min baş qoyun və keçi bəslənir. Süd istehsalı əvvəlki illə müqayisədə 2 faiz, yumurta istehsalı isə 1,5 faiz artmışdır.

 

Abadlıq, quruculuq

 

Başçı daha sonra bildirdi ki, Respublika Prezidentinin “Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırlıması ilə əlaqədar bəzi tədbirlər haqqında” sərəncamına əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Mollakənd, Muradxan, Şıxımlı və Pirili kəndlərində modul tipli sutəmizləyici qurğuları istismara vermişdir. Yenikənd, Dəyirmanlı, Mürtülü, Cəyli, Şahbəyi, Sor-sor, Ərşəli, Muğanlı, Xınıslı, Çərtəyəz, Ərəbxana, Xırdapay, Topalhəsənli, Şahsevən, Qaraqocalı və Qarasaqqal kəndlərində də modul tipli sutəmizləyici qurğular tikilir.

Regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq, Maliyyə İdarəsinə müasir tələblərə cavab verən iki mərtəbəli inzibati idarə binası tikilmiş, ətraf ərazilərdə xeyli abadlıq işləri aparılmışdır. 1 nəfər Qarabağ müharibəsi əlilinə iki otaqlı fərdi yaşayış evi tikilmişdir.

Son beş ayda rayonun daxili imkanları hesabına Heydər Əliyev, 20 Yanvar parklarında, Şəhidlər Xiyabanında, Heydər Əliyev və Bakı prospektlərində hasarlar rənglənmiş, abadlıq işləri aparılmışdır. Kürdəmir şəhərində yerləşən park, xiyaban, meydanlar, prospekt və küçə adları müasir üslubda yazılaraq lazımi qaydada nömrələnmişdir. Dövlət idarə, müəssisə və təşkilatlarının, yerli özünüidarəetmə orqanlarının binalarında dövlət atributları asılmışdır. Şəhərin Bakı prospektində, Bakı–Qazax və Ağsu — İmişli avtomagistrallarının kəsişdiyi dairədə hündürlüyü 25 metr olan 4,5 x 9 metr ölçüdə Dövlət Bayrağı ucaldılmışdır.

Şəhərin “Qələbə” parkının ərazisi boyunca klassik üslubda naxışlı təbii daşlarla dekorativ hasar çəkilmişdir. Burada 35 min manat məbləğində abadlıq və yenidənqurma işləri aparılmış, parkın görkəmi xeyli yaxşılaşdırılmışdır.

Müasir tələblərə cavab verməyən obyektlər, o cümlədən Bakı prospektində 6, Bakı — Qazax avtomagistralının rayon ərazisindən keçən hissəsində 10, Ağsu — Kürdəmir — İmişli avtomagistralı boyunca 12 yöndəmsiz köşk və tikili sökülmüş və bu işlər davam etdirilir. Avtomagistralların kənarlarında yerləşən ərazilərin müasir səviyyədə abadlaşdırılması məqsədi ilə tədbirlər planı hazırlanmışdır. Obyektlərin rekonstruksiyası və təmir işləri gündəlik nəzarətə götürülmüşdür.

Cari ildə ümumi dəyəri 192 min manat təşkil edən 11 küçədə 16265 kvadratmetr sahənin asfaltlaşdırılması işləri planlaşdırılmışdır. Artıq 3 küçəyə 102,4 min manatlıq 8942 kvadratmetr asfalt döşənmiş, digər küçələr abadlaşdırılır. Ağsu —Kürdəmir avtomagistralına 105 min manatlıq 7023 kvadratmetr asfalt örtüyü döşənmişdir. Kürdəmir — Ucar avtomagistralının 8 kilometr hissəsi müasir tələblər səviyyəsində yenidən qurulmuşdur. Yolun gediş hissəsi genişləndirilmiş, 3 suötürücü qurğu tikilmişdir.

Yaz aylarında rayon ərazisində ümumilikdə 55 min ağac əkilmişdir. Bakı — Qazax avtomagistral yolunun kənarında 5 min ədəddən çox eldar şamı, küknar, qovaq, söyüd ağacları əkilmişdir. Payız mövsümü üçün həmin magistral yolun kənarında ağac əkilməsi üçün yerlər müəyyənləşdirilmişdir.

 

İqtisadi uğurlar

 

Kürdəmir rayonunda 60 min hektardan çox sahədə kənd təsərrüfatı bitkiləri əkilib becərilir. Əkinlərin hamısı suvarılan sahələrdədir. 30 min hektardan çox sahə Baş Şirvan Kanalından öz axımı ilə verilən və bir o qədər də sahə Kür çayından 46 nasos stansiyası ilə vurulan su ilə suvarılır. İlin əvvəlindən suvarmaya ciddi hazırlıq işləri görülmüş, mövcud kanallar vaxtında lildən təmizlənmiş, nasos-stansiyalar və hidrotexniki qurğular təmir edilmişdir. 35 min hektar taxıl, 16 min hektar yonca sahələrinə optimal müddətdə kifayət qədər su verilmişdir. Bundan əlavə, həyətyanı sahələr, bağlar, bostan-tərəvəz və digər əkinlərin sudan korluq çəkməsi halları yoxdur.

Suvarmada çətinliklərin aradan qaldırılması üçün Respublika Meliorasiya və Su Təsərrüfatı ASC rayonda əsaslı işlər görür. 7 min hektardan çox sahəni suvarma suyu ilə təmin edəcək uzunluğu 21 kilometr Axtaçı — Ərəbqubalı beton üzlüklü kanalın çəkilişi davam etdirilir. 3 min hektardan çox sahəni suvarma suyu ilə təmin edəcək 11,5 kilometrlik Fətixanlı torpaq kanalının 2 kilometri istifadəyə verilmişdir. 5 min hektardan çox sahəni suvarma suyu ilə təmin edəcək 22 kilometrlik Çərtəyəz — Muradxan kanalının tikintisinə başlanılmışdır.

“Azərsun” Holdinq şirkətlər qrupu Kürdəmir süd emalı zavodunun tikintisini davam etdirir. Gələcəkdə zavodda 3000 nəfərin daimi işlə təmin olunması nəzərdə tutulur. “Qelios” şirə emalı zavodunda son tamamlama işləri görülür. Bu zavodda isə 1200 nəfər işlə təmin olunacaq. Yeni iş yerləri açılmasını Rayon İcra Hakimiyyəti daim nəzarətdə saxlayır, hər vasitə ilə təşviq və himayə edir.

Rayonun elektrik təsərrüfatı ötən əsrin 70-ci illərində quraşdırıldığına görə ağac elektrik dirəkləri artıq istismar müddətini başa vurmuşdur. Elektrik enerjisi verilişində, xüsusən, yağmurlu və küləkli günldərdə fasilələr yaranır. Odur ki, elektrik dirəklərinin dəyişdirilməsi, yeni SİP kabellərlə elektrik xətlərinin yeniləşdirilməsi işləri ləngidilmədən aparılmalıdır.

Rayon Qaz İstismarı idarəsi ilin əvvəlindən Atakişili, Xırdapay kənndlərində və şəhərin Bakı prospektində abonentlərin qaz təchizatının yaxşılaşdırılması məqsədilə 6034 metr yeni dairəvi qaz xətti çəkmişdir. Şəhərin Məhəmməd Hadi və Aşıq Şakir küçələrində tənzimləyici qurğu quraşdırılmışdır. Kürdəmir şəhərinin 1 və 2 saylı orta məktəbləri qazla təmin edilmişdir. Sayğaclarla təmin edilmiş abonentlərin ümumi sayı 7886 olmuşdur.

Şəhər əhalisinin içməli suya olan tələbatının ödənilməsi məqsədi ilə 2007-ci ildə saniyədə 45 litr su verən II Külülü — Kürdəmir xətti çəkilmişdir. Kommunal xidmətlərin səviyyəsinin yaxşılaşdırılması məqsədi ilə rayona 4 yeni texnika gətirilmiş, 2 yedəkli traktor alınmışdır. Məişət tullantılarının məhəllələr üzrə kənarlaşdırılması üçün ərazilərə 20 ədəd metal qutu qoyulmuşdur. İctimai yaşayış fondunun qorunub saxlanması üçün 10 yaşayış binasının dam örtüyü dəyişdirilmiş, beşmərtəbəli yaşayış binasının kanalizasiya sistemi əsaslı təmir edilmişdir.

 

Sosial inkişaf

 

Sosial-mədəni sahənin problemlərinin həlli, bu yöndə əsaslı işlərin həyata keçirilməsi də rayon rəhbərliyinin diqqət yetirdiyi məsələlərdəndir. Rayonda 58 orta ümümtəhsil müəssisəsi, 11 məktəbəqədər və 5 məktəbdənkənar tədris müəssisəsi fəaliyyət göstərir. Son 5 ildə 280 sinif otağından ibarət, 5600 şagird yerlik 20 yeni məktəb binası tikilərək istifadəyə verilmişdir. Yenikənd, Karrar, Beyi, Sovla kənd və şəhər 4 saylı orta məktəblər üçün 60 sinif otaqlı 1200 şagird yerlik 5 məktəb binası Heydər Əliyev Fondunun vəsaiti hesabına inşa edilmişdir.

Şəhər 5 saylı və Köhnəbazar kənd orta məktəbində dövlət vəsaiti hesabına, Zülfüqarov adına Şilyan və Qarabucaq kənd orta məktəblərində yerli büdcə vəsaiti, Sığırlı kənd orta məktəbində Yaponiya Səfirliyinin vəsaiti ilə, Topalhəsənli kənd orta məktəbində “Azəriqaz” QSC-nin daxili imkanları hesabına əsaslı təmir işləri aparılmış, avadanlıqlar yenisi ilə əvəz olunmuşdur.Yeni tikilən və əsaslı təmir olunan məktəblərdən Köhnəbazar, Zülfüqarov adına Şilyan, Sığırlı və Qarabucaq qəsəbə kənd orta məktəbləri istisna olmaqla, digər məktəblər istilik-qazanxana sistemləri ilə təmin olunmuşdur.

Hazırda Şüşün kəndində dövlət vəsaiti hesabına 220 şagird yerlik məktəb binasının tikintisi aparılır. Yeni dərs ilinə qədər işlərin sona çatdırılması planlaşdırılmışdır. Şəhər 3 saylı orta məktəbin və Təhsil Şöbəsinin inzibati binasının tikintisi 2009-cu ildə nəzərdə tutulmuşdur. Müvafiq sənədləşmə işləri aparılaraq Təhsil Nazirliyinə təqdim olunmuşdur.

Rayonda 43 feldşer-mama, 5 həkim məntəqəsi, 7 kənd sahə xəstəxanası, Dəri Zöhrəvi Dispanseri, Mərkəzi Rayon Xəstəxanası, Uşaq Xəstəxanası, Mollakənd ruhi xəstəxanası fəaliyyət göstərir. Mərkəzi Xəstəxananın bütün şöbələri dövlət vəsaiti və daxili imkanlar hesabına təmir edilmişdir. Eyni vaxtda 250 xəstəyə xidmət edəcək poliklinika binası Səhiyyə Nazirliyinin vəsaiti hesabına 2007-ci ildə inşa edilərək müasir tibbi ləvazimat və avadanlıqlarla tam təchiz edilmişdir. Beynəlxalq Tibb Korpusunun vəsaiti hesabına 2007-ci ildə Kürdəmir Regional Təcili və Təxirəsalınmaz Yardım Stansiyası istifadəyə verilmiş, obyekt yeni avadanlıq və nəqliyyatla təmin edilmişdir. Şüşün kəndində zəruri ehtiyac nəzərə alınaraq, beynəlxalq təşkilatın vəsaiti hesabına 4 otaqdan ibarət mama məntəqəsi inşa edilmişdir.

Topalhəsənli həkim ambulatoriyası 2005-ci ildə Beynəlxalq Tibb Korpusunun vəsaiti hesabına inşa edilərək kənd ictimaiyyətinin istifadəsinə verilmişdir. 2009-cu ildə Səhiyyə Nazirliyinin vəsaiti hesabına Qarasaqqal və Muradxan kəndlərində müasir avadanlıqlarla təchiz edilmiş həkim məntəqələri istfiadəyə verilmişdir. 2004-2005-ci illərdə Karrar kənd xəstəxanasında dövlət vəsaiti hesabına binanın dam örtüyü dəyişdirilmiş və 4 otaqdan ibarət doğum şöbəsi tikilib, lazımi avadanlıqla təmin olunmuşdur.

Rayonda 65 kitabxana, 22 klub, 10 kənd mədəniyyət evi, 2 muzey, Dövlət Rəsm Qalereyası, İncəsənət Məktəbi, 2 park, Rayon Mədəniyyət Evi fəaliyyət göstərir. Son 5 ildə Heydər Əliyev muzeyi və parkı inşa edilmişdir. Kürdəmir Mərkəzi Kitabxana Sistemində yeni regional informasiya mərkəzi yaradılmışdır. Qoçulu, Qarabucaq (Axtaçı), Sor-sor, Qaraqocalı kəndlərində yerli iş adamları və daxili imkanlar hdesabına yeni kitabxana binaları, Kürdəmir MKS-nin mübadilə şöbəsinə yeni iş otaqları inşa edilmişdir.

Heydər Əliyev muzeyində stendlərin yenidən işlənməsi, ekspozisiyanın plana uyğun qurulması başa çatdırılmışdır. Muzeyin zənginləşdirilməsi işləri aparılmışdır. Ulu öndərin Kürdəmirə tarixi səfərləri ilə bağlı qiymətli şəkillər əldə olunaraq fonda daxil edilmişdir. Muzeyə yeni kompyuter dəsti alınmış və internet şəbəksinə qoşulmuşdur. Burada Heydər Əliyev kitabxanası yaradılmış, müvafiq ədəbiyyat və dövrü nəşrlərlə təmin olunmuşdur.

Kürdəmir MKS və Kürdəmir Dövlət Rəsm Qalereyası, Xəlsə, Qarabucaq kitabxanaları, Tarix-Diyarşünaslıq Muzeyi, Rayon Mədəniyyət Evinin tamaşa zalı, Uşaq Kitabxanası, İncəsənət Məktəbinin dam örtüyü, Köhünlü kənd mədəniyyət evi, Qarasu kənd kitabxanası əsaslı təmir olunmuşdur.

Kürdəmir Olimpiya İdman Kompleksinin təməli Prezident İlham Əliyevin 6 oktyabr 2005-ci il tarixdə Kürdəmir rayonuna səfəri zamanı qoyulmuş və 24 oktyabr 2008-ci il tarixdə dövlət başçısının rayona növbəti səfəri zamanı obyektin açılışı olmuşdur. Olimpiya İdman Kompleksi əsas binanın 2 mərtbəsindən, üzgüçülük binasından, 5 kottecdən, kompleksin ərazisində olan digər bina və meydançalardan ibarətdir. 2048 yerlik rayon stadionu bu il may ayında yenidənqurmadan sonra istifadəyə verilmişdir.

 

Yeni hüdudlar

 

Tikinti-quruculuq, səhiyyə, təhsil, mədəniyyət sahəsində, aqrar bölmədə on illərlə yığılıb qalmış problemlər son illərdə uğurla aradan qaldırılmışdır. Əhalinin rifahının yaxşılaşdırılması, yoxsulluğun ləğvi ilə bağlı əsaslı işlər həyata keçirilmişdir. Ölkə iqtisadiyyatının daha sürətli inkişafına nail olmaq, əhalinin güzəranını daha da yaxşılaşdırmaq məqsədi ilə Prezident İlham Əliyevin fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası regionlarının 2009- 2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın müddəaları Kürdəmirə yeni perspektiv vəd edir. Fərmanın icrası ilə əlaqədar Rayon İcra Hakimiyyəti başçısı yanında müşavirə keçirilmişdir. Problemlər təhlil edilərək Dövlət Proqramına müvafiq olaraq Kürdəmir rayonunun 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı proqramı tərtib edilmişdir.

Bu proqramda sənaye və kənd təsərrüfatı məhsullarının istehsalının genişləndirilməsi, ekologiya və təbii sərvətlərdən istifadə ön yerdə dayanır. Yol təsərrüfatı və nəqliyyat, elektrik enerjisi, istilik, qaz, rabitə, su və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması üçün konkret tədbirlərə geniş yer ayrılıb. Meliorasiya və irriqasiya, səhiyyə, mədəniyyət, idman və təhsil müəssisələrinin inşası və yenidən qurulması, əhalinin mənzil şəraitinin yaxşılaşdırılması tədbirləri də nəzərdə tutulmuşdur.

Rayonda olarkən tanış olduğumuz quruculuq işlərinin miqyası və dinamizmi, adamların yüksək əhval-ruhiyyəsi, ümumi yüksəliş ab-havası bizdə belə bir qənaət yaratdı ki, birinci dövlət proqramı kimi, növbəti sosial-iqtisadi inkişaf proqramı da uğurla həyata keçiriləcək. Kürdəmirlilər daha xoş günlərə qovuşacaqlar.

 

 

Tahir AYDINOĞLU,

 

Ziyəddin SULTANOV

 

Xalq qəzeti.- 2009.- 9 iyul.- S. 5.