Görkəmli alimin 100 illiyi qeyd olundu
Bir neçə
gün bundan öncə Nərimanov rayonu F.X. Xoyski küçəsi, 127-də
yeni istifadəyə verilmiş “Divani-Hikmət mədəni məclis”ində tanınmış alim, pedaqoq Muxtar Hacıyevin anadan olmasının 100 illiyinə
həsr olunmuş “İrsi uğurlar” adlı ədəbi bədii gecə keçirildi. Gecəyə
dəvətli qonaqlar sırasında respublikanın
tanınmış elm,
incəsənət xadimləri,
yazıçı və
jurnalistlər, eləcə
də Muxtar Hacıyevin doğmaları
və yaxın qohumları iştirak etdi.
Tədbiri giriş
sözüylə açan Muxtar Hacıyevin oğlu Musiqi
Akademiyasının professoru, əməkdar incəsənət
xadimi Telman Hacıyev atasının keçdiyi mənalı
ömür və çoxşaxəli yaradıcılıq
yolundan, qazandığı nailiyyətlərdən, bu gün
də bu irsi layiqincə davam etdirən ailə üzvlərindən
söz açdı. Daha sonra Telman Hacıyev digər ailə
üzvlərini, qardaşı, konservatoriyanın müəllimi
Elmar Hacıyevi, oğlu fəlsəfə elmləri namizədi
Vaqif Hacıyevi, qızı fəlsəfə elmləri
doktoru, professor Mina xanım Hacıyevanı, nəvəsi
diplomat Nərgiz Hacıyevanı tədbir
iştirakçılarına təqdim etdi. Çıxış
edən akademik Ziyad Səmədzadə, Fuad Qasımzadə, fəlsəfə
elmləri doktoru, professor İmran Cəfərzadə, filologiya
elmləri doktoru, professor Şahin Fazil, jurnalist Hacı Rafiq Əliyev
və digərləri Muxtar Hacıyevin elmi nailiyyətlərindən,
insani keyfiyyətlərindən və milli musiqimizə, ulu
muğam sənətinə olan rəğbətindən
söz açdılar. Bəlkə elə bu səbəbdən
də divardan asılmış möhtəşəm portretin
altından yubilyarın sevimli tarı asılmış, məclisə
xoş ovqat bəxş edən muğam üçlüyü
dəvət olunmuşdu. Tarzən Sahib Paşayevin,
kamançaçı Toğrul Əsədullayevin
müşayiətilə “Muğam 2007” televiziya müsabiqəsinin
laureatı Könül Tağıyevanın oxuduğu
muğam nümunələri, eləcə də klassik musiqi
ifaçıları o gecə hamının könlünü
oxşadı. Sonra Telman Hacıyev bütün ailəsi
adından qonaqlara təşəkkürünü bildirdi.
P.S. Ola bilsin ki, bu
gün Muxtar Hacıyevi tanıyanların sayı o qədər
deyil, lakin önəmlisi onu yaxından tanıyanların, ona rəğbət
bəsləyən insanların olmasıdır. Demək,
ömrü hədər keçməyib. Demək, yaddan
çıxmaq qorxusu hələ bundan 100 il də sonra
olmayacaq.
Rafiq SALMANOV
Xalq qəzeti.- 2009.- 9 iyul.- S. 7.