Sözün silinməz izləri
Tanınmış jurnalist, istedadlı publisist, fəxri
bədən tərbiyəsi və idman xadimi Məzahir
Süleymanzadə yaradıcılığının məhsuldar
çağında illər boyu qələmindən
çıxmış, zamanın silinməz izləri olan
seçmə yazıları söz xiridarlarına ayrıca iktab
şəklində çatdırmışdır.
“İzim (qalmasa da),
sözüm (qalacaq)” adlı kitabın titul vərəqində
müəllif məramını oxuculara belə
açıqlayır: “İllər necə gəldi, necə
keçdi, bilmədim. Əlli səkkiz il ömrümün
hamısıdı, yarısıdı, onu da bilmirəm.
Bildiyim bircə odur ki, ürəyimdən keçənlərin
heç yüzdə birini görmədim, duymadım. Özümdən
çox başqalarını düşündüm, günlərimi,
aylarımı onlar üçün xərclədim. Atam kimi,
anam kimi xeyirxah oldum, ləyaqətimi qorudum. Amma bu dünyada
bir iz qoya bilmədim. Dediyim elə söz oldu. Təsəllim də
elə budur: məndən sonra bu dünyada izim qalmasa da,
sözüm qalacaq”.
Xatırladaq ki, bu səmimi,
təvazökarcasına etirafın arxasında bir sıra
jurnalistika və ədəbi mükfatların (“Qızıl qələm”,
“Həsən bəy Zərdabi”, “Mirzə Cəlil”, “Araz”,
“Dirçəliş”, “Vətən”) sahibi, yeniyetməlik
çağlarından sözə, mətbuata bağlı həmkarımızın
ciddi mövzulara, aktual məsələlərə, ictimai dəyərlərə
həsr olunmuş zəngin yaradıcılığı, hadisələrə
həssas və fəal münasibətinin silinməz izləri
dayanır. Söz dünyasına poetik qələm təcrübələri
ilə gələn Məzahir Süleymanzadə idman və vətənpərvərlik
mövzularında mətbu yazılarla getdikcə
özünü jurnalistikaya möhkəm
bağlamışdır. Hərbi xidmətdən və ali
jurnalist təhsilindən sonra o, mətbuat aləminə yetkin
bir yazar, cəfakeş qələm sahibi kimi daxil olmuşdur. Məzahir
müəllim yeniliyə bağlılığı və təşkilatçılıq
qabiliyyəti ilə tezliklə
çalışdığı redaksiyalarda nüfuz
qazanmış, rəhbər mövqelərə
çıxmışdır.
Bu keyfiyyətlərinə
görə populyar “İdman” qəzetində imzasını
tanıdan gənc jurnalist çox keçmir ki,
respublikanın baş qəzeti olan “Kommunist”ə dəvət
olunur. Burada ədəbi işçidən məsul katib,
baş redaktor müavini vəzifəsinədək yüksəlir.
Yenidənqurma və respublikaların iqtisadi müstəqilliyi
xəttinə dəstək vermək üçün 1989-cu
ildə “Kommunist” qəzetinin əlavəsi kimi nəşrə
başlayan “Səhər” qəzeti Məzahir müəllimin rəhbərliyi
ilə ilk demokratik nəşr kimi tanınır.
“20 Yanvar” faciəsinin
ilk mətbu xronikasını yaradan bu qəzet sonrakı illərdə
müstəqil demokratik nəşr kimi istedadlı
professionalları ətrafında toplayır, dövlət
müstəqilliyi qazanılması uğrunda xalq hərəkatının
önündə gedir. Ulu öndər Heydər Əliyevin
böyük siyasətə qayıdışının zəruriliyinin
xalqa anladılmasında, ümummilli liderin xilaskarlıq
missiyasının geniş işıqlandırılmasında
da Məzahir Süleymanzadənin baş redaktorluğu ilə o
illərin ən populayar, çevik qəzeti səviyyəsinə
qalxan “Səhər”in mövqeyi və rolu hamımızın
yaxşı yadındadır. Sonrakı illərdə müstəqil
ölkənin milli idman quruculuğu kimi mühüm sahəyə
keçən həmkarımız qələmi də əldən
yerə qoymamış, yeni idman nəşrlərinin
yaranmasında və uğurlu fəaliyyətində köməyini
əsirgəməmişdir...
İllər
keçmiş, Məzahir Süleymanzadənin
çalışdığı və əməkdaşlıq
etdiyi nəşrlərdə işıq üzü
görmüş yazıları cild-cild kitabları dolduracaq həddə
çatmışdır. 60 yaşın astanasında öz
oxucularına hesabat verən təcrübəli jurnalist həmin
yazıların bu gün də dəyərini itirməyən
və çağdaş nəsillər üçün gərəkli
olanlarını mövzu və məzmun baxımından
qruplaşdıraraq bir salnamə halına gətirmişdir. Kitabın
birinci bölümündə yer alan “Dönüb geriyə
baxanda” başlıqlı avtobioqrafik yazılar müəllifin
yaşadığı ömrün ayrı-ayrı dövrləri
prizmasından zamana və müasirlərinə, baş
vermiş hadisələrə və yaxın ətrafına
publisist baxışıdır.
Bu yazılar fəal, zəngin
bir ömür yaşamış qələm sahibinin həyat
xronikasını əks etdirməkdən daha çox,
xalqımızın keçib gəldiyi tarixi dövrün
ümumi səciyyəsi, zamanın axarının dolğun
ifadəsi ilə əlamətdardır. “Biri vardı, biri
yoxdu...”, “Rejissor olmaq istəyirdim”, “Anam nigaran idi”, “Sızlar
yada düşəndə”, “Əldə qələm eldən-elə”
, “Səhər”in müqəddəs bayrağı
altında", “Gənclik duyğuları” adlı xatirələr
bu baxımdan maraqla oxunur, yaxın keçmişin
isti-soyuğunu, acı-şirinini, bərk-boşunu nişan
verir.
“Söz vaxtına
çəkər...” adlı ikinci bölümdə Məzahir
Süleymanzadə ötən əsrin 70-ci illərindən bəri
ölkənin onlarca qəzet-jurnalında dərc olunmuş ən
yaxşı yazılarını ipə-sapa
düzmüşdür. “Ürəkdə də dəniz var”,
“Şamaxıya yolunuz düşsə...”, “Ata borcu, ana ləyaqəti”,
“Qədim Şirvan torpağında”, “Vicdan susanda”, “Məharət”,
“Həmişə xalqa arxalanmışıq”, “Aləmdə səsi
var” kimi neçə-neçə belə yazı bir vaxtlar
olduğu kimi yenə də oxucunu həyəcanlandırır,
düşündürür, onu xeyir işlərə səfərbər
edir, qəlbinə inam, qollarına güc gətirir. “Taleyimizdə
20 Yanvar” başlığı altında verilmiş yazılar
Məzahir Süleymanzadənin bu ağrılı mövzuya həssas
münasibətini, bu qanlı tarixin mahiyyətini açıb
göstərmək əzmini geniş sərgiləyir.
“Peşəkar söhbətlər”
bölümündə jurnalistikanın məsələləri,
söz azadlığı və demokratiya mövzusu əsas yer
tutur. Növbəti bölümü isə müəllif belə
adlandırıb: “Taleyimdən keçən, hər zaman
xeyirxah münasibətini hiss etdiyim, minnətdarlıqla
xatırladığım xoş niyyətli insanlar haqqında
xatirələr”. Müxtəlif illərdə ulu öndər
Heydər Əliyevlə təmaslar, onunla
iştirakçısı olduğu görüşlər barədə
xatirə bu böyük insanın həyatının müxtəlif
anlarına işıq salmaqla bərabər, həm də onun
jurnalistlərə qayğıkeş və xeyirxah münasibətini
göstərir. Azərbaycan Prezidenti İlham Əliyev, daxili
işlər naziri Ramil Usubov, Prezident Administrasiyasının
şöbə müdiri Əli Həsənov, xalq rəssamı
Tahir Salahov, xalq şairi Bəxtiyar Vahabzadə, futbolumuzun
ulduzu Ələkbər Məmmədov, yazıçı-ədəbiyyatşünas
Əzizə Cəfərzadə və başqa məşhurlar
barədə portret cizgiləri Məzahir Süleymanzadənin
mahir qələm sahibi olduğunu bir daha təsdiqləyir.
“Kitabdan kitaba”
bölümündə jurnalist-publisistin ötən illərdə
ayrı-ayrı toplularda və kitablarda çap olunmuş
maraqlı yazıları yer alıb. “Kiçik publisistika”
bölümünə isə, adından
göründüyü kimi, müəllifin həyat həqiqətlərini
mənalandıran çevik, ibrətamiz yazıları daxil
edilib. “Başımın tacı ailəm”
başlığı altında yazılarda Məzahir müəllim
onu ərsəyə gətirən mühitin mühüm məqamlarını
qələmə alıb. “Gördüyüm ölkələr,
gəzdiyim şəhərlər” başlığı
altında həmkarımızın səfər təəssüratları,
ezamiyyə yazıları toplanıb. Bütün bunlar
çağdaş jurnalistikamızın
sayılıb-seçilən bir nümayəndəsinin,
professionallığı və obyektiv ictimai mövqeyi ilə
cəmiyyətdə nüfuz və hörmət qazanan söz
adamının kimliyini, həyat və mübarizəsini
dolğun əks etdirir.
Məzahir Süleymanzadə
öz oxucuları ilə ilk əhatəli, sistemli bir
görüşü olan bu kitabı jurnalistikaya qurban verdiyi
şeirlə tamamlayır:
Aylar ötüşəcək,
illər keçəcək,
Kimsə yada salıb
xatırlayacaq...
Yenə alışacaq
bu od, bu ocaq,
İzim qalmasa da,
sözüm qalacaq!...
Söz adamının
izi onun yazdıqları, söylədikləridir. Məzahir
Süleymanzadə milli jurnalistikamızın ölməz irsinə,
dəyərli ənənələrinə bağlı
olduğundan, dövrünün önəmli
mövzularını ardıcıl gündəmə gətirdiyindən
özü də mətbuatımızda sözü ilə
silinməz-pozulmaz naxışlar yaratmışdır. Həmkarlarımızı,
ustad jurnalisti 40 illik dövrü əhatə edən dəyərli
bir nəşrə görə təbrik edirik, ona yeni
yaradıcılq uğurları arzulayırıq.
Tahir AYDINOĞLU
Xalq qəzeti.- 2009.- 10 iyul.- S. 7.