Şanlı ənənələri ilə tariximizi zənginləşdirən qəzet
Respublikada qəzetçilik ənənələrinin formalaşmasında, jurnalistikamızın inkişafında “Xalq qəzeti”nin xidmətləri xüsusi qeyd olunmalıdır. Bugünkü çoxsəsli, rəngarəng Azərbaycan mətbuatının bir çox görkəmli nümayəndələri bu qəzetin yaradıcılıq məktəbini keçmişlər...
Heydər ƏLİYEV
Ümummilli lider
(“Xalq qəzeti”nin 75 illiyi münasibətilə redaksiya
kollektivinə təbrik məktubundan)
Xalq şairi Səməd Vurğun 1953-cü il mayın 5-də
“Kommunist” qəzetində dərc etdirdiyi “Mətbuatımız
haqqında” sərlövhəli məqaləsində
yazırdı: “Mətbuatımızın tarixi,
xalqımızın canlı tarixidir, onun mübarizəsinin,
yaratdığı böyük dəyişikliklərin
tarixidir. Gələcək nəsillər öz
babalarının tərcümeyi-hallarını, bütün
bəşəriyyətin səadəti naminə...
işıqlı idealların təntənəsi uğrunda
onların nə qədər böyük fədakarlıq, nə
qədər böyük ardıcıllıqla mübarizə
apardıqlarını məhz mətbuatımızdan öyrənəcəklər.
Bizim mətbuatımız görkəmli hadisələrlə
dolu olan zəmanəmizin ensiklopediyasıdır”.
Bu, həqiqətdir!
Şair bu mülahizələrini müdrikcəsinə, həm
də çox dəqiq və obyektiv ifadə etmişdir. “Əkinçi”
qəzetindən sonra mətbuatımızın bayraqdarı
kimi tarixə düşən “Kommunist” qəzeti, indiki “Xalq qəzeti”
bizə çox zəngin irs bəxş etmişdir. Söz sərrafları, müdriklər,
tarixi şəxsiyyətlər ayrı-ayrı vaxtlarda bu qəzetin
fəaliyyətini yüksək qiymətləndirmişlər.
Onu son 90 ilin salnaməsi, zəmanəmizin aynası, xalqın
tribunası adlandırmışlar. Milli-mənəvi dəyərləri
təbliğ edən, öyrədən məktəb
saymışlar. Bu, doğrudan da belədir. 90
yaşını qeyd etməyə
hazırlaşdığımız “Xalq qəzeti”nin 1919-cu ildə
çıxan ilk nömrəsindən tutmuş indiyə kimi
keçdiyi mürəkkəb tarixi mərhələlərini
gözlərimiz önündə canlandıranda və onu vərəqləyəndə
bir daha bunun şahidi oluruq.
Bəlkə də xoş təsadüfdür
ki, mən Bakı Dövlət Universitetinin jurnalistika
fakültəsini bitirərkən diplom işimin mövzusu
1928-1932-ci illərdə Azərbaycan mətbuatının fəaliyyəti
barədə olub. Sözsüz ki, əsas diqqət mərkəzində
respublika mətbuatının bayraqdarı “Kommunist”qəzeti olmalı
idi. “Kommunist” əski Azərbaycan əlifbası ilə (ərəb
qrafikası ilə) həyata vəsiqə almışdı.
Odur ki, qəzetin 1919- 1929-cu illərdəki fəaliyyətini
öyrənməyə də məndə xüsusi maraq
yarandı. Ərəb əlifbasını bilməmək
işimi çətinləşdirdi. Amma
çıxış yolu tapdıq.
Belə ki,
1913-cü ildən mətbuat aləmində
çalışan görkəmli tədqiqatçı,
qocaman salnaməçi, jurnalist Qulam Məmmədli və o
vaxtlar “Xalq qəzeti”nin mətbuat şöbəsinin müdiri
vəzifəsində çalışan Həsən Cabbarzadə
əski əlifbamızı mükəmməl bildiklərindən
o dövrün mətbuatını
daha əhatəli araşdırmaqda mənə yaxından
kömək elədilər.
1919-cu il avqustun 29-da işıq
üzü görmüş “Kommunist” qəzeti elə ilk
nömrələrindən ümumxalq mövqeyindən
çıxış edirdi: “Nahaq qanlara nəhayət
vermək uğrunda, dünyada ədaləti bərpa etmək uğrunda,
millətlər qardaşlığını payıdar etmək
uğrunda ...” — deyə, zəhmətkeşlərə
müraciət edir və onları birliyə,
işgüzarlığa, xalqın, Vətənin xeyrinə
iş görməyə səsləyirdi.
O vaxtlar, yəni, XX əsrin əvvəllərində
Azərbaycanda ən qlobal problem savadsızlığın ləğvi,
əhalinin maariflənməsi işi idi. Qəzet ilk nömrələrindən
bu mövzunu ön plana çəkmişdi. Xalqın
savadlanması və maariflənməsi işi uğrunda hərtərəfli
mübarizə aparırdı. Bu istiqamətdə təbliğat
və təşviqat işlərini gücləndirməklə
yanaşı, həm də böyük təşkilatçılıq
rolu oynayırdı. Azərbaycan dilinin saflığı,
inkişafı və dünyəvi dillər arasında
tanınması barədə qəzet müzakirə
açmışdı. Bununla əlaqədar “Dilimizin
ishalı” adlı qəzetin xüsusi buraxılışı
nəşr edilirdi. Orada tanınmış dilçilər, ədəbiyyatçılar,
yazıçı və şairlər Azərbaycan dilinin zənginliyi
barədə maraqlı və təhlili yazılarla
çıxış edirdilər.
Məlum olduğu kimi, o dövdə
ixtisaslı kadrlar çatışmırdı. Milli dildə ədəbiyyat
yox dərəcəsində idi. Yuxarıda qeyd
etdiyimiz kimi, kütləvi savadsızlıq problem kimi ciddi
çətinliklər yaradırdı. Dövrün
ziyalıları bu mövzuda silsilə yazılarla
çıxış edir, əhalini maariflənməyə səsləyir,
rəy, təklif və arzularını bildirirdilər,
savadsızlığı ləğv emək üçün
savad-peşə kursları açdırmaq, əhalini həmin
kurslara cəlb etmək məqsədilə gərgin mübarizə
aparılırdı. Qəzet təkcə yazılar dərc
etməklə işini bitmiş hesab etmirdi.
Savadsızlığı ləğvetmə kursları
açdırmaq, onlara mütəxəssis təhkim etdirmək
və zəhmətkeşləri o sahələrə həvəsləndirmək
üçün maraqlı üsullar tətbiq edirdi. Məsələn, 1920-ci ilin ortalarında
Bakının Sabunçu qəsəbəsində müəllimlər
kursu açılmışdı (“Kommunist”, 30 iyul 1920), həmin
ilin payızında Bakı və onun ətraf kəndlərində
49 kitabxana fəaliyyət göstərirdi (“Kommunist”, 8 oktyabr
1920). Bu, həmin dövr üçün çox
böyük hadisə idi.
1921-ci il fevralın
18-də “Birinci Azərbaycan bitərəf qadınlar
qurultayının bütün Şərq qadınlarına təbriki”
də bu baxımdan çox maraqlı və ibrətamiz hadisə
idi. Əsrlər boyu çadra gəzdirən, kölə,
hüquqsuz, əsarətdə yaşayan Azərbaycan qadını
haqq səsini ucaldırdı: “İxtiyarsız əziz bacılar! Həmişə
zillətdə, həmişə əsarət altında
yaşayan bacılar. Elə bir yol var ki, bizi nicat və səadətə
çıxara bilər. ... Biz əlimizi sizə uzadaraq deyirik:
bizim arxamızca gəlin. Əsarət ilə mübarizəyə
qalxınız”, - deyib, onları ətalətdən xilas
olmağa çağırırdılar. Bunun
üçün isə oxumaq, yazmaq, elm öyrənmək
hüquqlarını bilmək, haqqı-ədaləti
qorumağın yollarını müəyyən etmək vacib
idi. Bu mənada “Kommunist”, sözün həqiqi mənasında,
bayraqdar idi.
1923-cü il yanvarın 26-da qəzetin
əlavəsi kimi çap olunan “Fəhlə
darülfünunu” jurnalında gedən maraqlı yazılar
bunu bir daha təsdiqləyir. Həmin dərginin birinci nömrəsində
oxuyuruq: “Bizim qarşımızda bir məsələ varsa, o
da fəhlə sinfi üçün elmə tərəf yol
hazırlamaq, yol təmizləməkdir”.
Savadsızlığı aradan
qaldırmaq, elmə, təhsilə maraq göstərənləri
oxumağa, yazmağa həvəsləndirmək, yerlərdəki
yenilikləri onlar vasitəsilə öyrənmək və təbliğ
etmək üçün qəzet xüsusi guşə
açmışdı.
1923-cü il aprelin 10-da qəzetdə
dərc edilmiş “Kommunist” qəzetindən fəhlələrə
on tövsiyə” sərlövhəli proqram-plan bu baxımdan
çox maraqlı və xarakterikdir. Orada qoyulan suallar və
onların şərhi bu gün üçün də
aktualdır. Zənnimizcə, jurnalistika peşəsinə,
ixtisasına dair dərsliklər məhz həmin proqram -
tövsiyələr əsasında yaradılıb.
Qəzetin çevik və gərgin
mübarizəsi sayəsində artıq rayonlarda da savad
kursları açılırdı. O cümlədən
Ağdamda fəaliyyətə başlayan bir aylıq əlifba
kursuna 50 nəfər yazılmışdı (“Kommunist”, 14
aprel 1924).
Artıq 1929-cu il 24 may tarixli qəzet
qürur hissi ilə yazırdı: “Azərbaycan qəzalarında
24 kəndli gənclər məktəblərində 1246 tələbə
vardır”. 1930-cu il mayın 21-də Bakıda keçirilən
“Kitab həftəsi” əsl bayram kimi qeyd olunmuşdur. Qəzetin
fəaliyyət göstərdiyi ilk 20 il ərzində savad və
ixtisas kurslarına minlərlə həvəskar cəlb
edilmişdi.
Ən vacib və
mütərrəqi cəhətlərdən biri bu idi ki, qəzet
dövrün ən hörmətli, ən tanınmış
ziyalılarını ətrafına toplamışdı. Məhz
onlar savadsızlığın ləğvi, elmin, təhsilin,
mədəniyyətin inkişafı və onların əhəmiyyəti,
xürafatın, ətalətin,
fanatizmin isə zərərli qüsurları barədə məqalələr
yazır, sorğu-sual aparırlar. Xalqı yabançı təsirdən
xilas olmağa, həyata açıq gözlə baxmağa
çağırırdılar.
Həmin təzadlı,
mürəkkəb dövrün ən maraqlı cəhətlərindən
biri də bu idi ki, qəzet beynəlxalq aləmdə də
nüfuz qazanmışdı, tanınırdı. 1920-ci ildə
9000 tirajla çıxan bu mətbu orqan 1930-cu ildə 13 min,
1940-cı ildə 79 min tirajla buraxılmışdır.
Almaniyada
çıxan “Rote fane”, Fransada çıxan “Humanite” və s.
qəzetlər, eləcə də Kominternin Baş katibi
M.Kolarov, Yaponiya proletariatının banisi, Kominternin İK
üzvü Sen Katayama, YİK (b) P Zaqafqaziya Ölkə Komitəsindən
və müxtəlif ölkələrdən verilmiş təbriklər
(1923-1929) xüsusi maraq doğurur. Qəzetin fəaliyyəti,
qısa müddətdə göstərdiyi yüksək xidmət,
10 illik və 20 illik yubileyləri əcnəbi mütəxəssislərin
diqqət mərkəzində olması o dövr
üçün mühüm hadisə sayılırdı.
Şərq ölkələrində Azərbaycan sanki mədəni
inqilab eləmişdi.
Göründüyü kimi, “Xalq
qəzeti” tarixən böyük məktəb olub. Məmməd Səid Ordubadi, Tağı Şahbazi, Cəfər
Cabbarlı, Seyid Hüseyn, Məmmədəli Sidqi, Süleyman
Məlikov, Süleyman Rüstəm, Şəmsəddin Abbasov,
Xəlil İbrahimov və başqa tanınmış
ziyalılar bu qəzetin ən fəal əməkdaşları
idilər. Xalqla birgə nəfəs alan, milli-mənəvi
dəyərləri qoruyan və yaşadan bu ziyalılar ədəbiyyatımızın
və jurnalistikamızın qızıl fondudur. Bu gün də
onların hər birinin adı, əməyi bizə əzizdir.
Onların zəngin irsindən daim bəhrələnirik.
Savadsızlığın
ləğvi uğrunda mübarizəyə qalxan qəzet Sovet
dönəmində, ilk beşilliklər dövründə
xalqın savadlanması, təhsil, elm, mədəniyyət sahələrinin
hərtərəfli inkişafı, kompleks quruculuq işlərinin
təşkili məsələlərində avanqard rol
oynayırdı.
Bu qəzetin tarixi xidmətini və
ənənələrini xüsusi hörmətlə qeyd edən
Səməd Vurğun qürur hissi ilə deyirdi: “Dahi Nizamini
danışdırdın ana dilində”.
İsaq ƏMƏNULLAYEV
Xalq qəzeti.- 2009.- 10 iyul.- S. 6.