Lənkəran: səhiyyə sistemi inkişaf yolunda

 

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə həyatının bütün sahələrində olduğu kimi, səhiyyə sistemində də köklü islahatlar aparılır. Səhiyyə müəssisələrinin maddi-texniki bazası möhkəmlənir, yeni-yeni tibb ocaqları tikilərək istifadəyə verilir. Son beş ildə Azərbaycanda yeni işə salınan və ya əsaslı təmir edilən səhiyyə obyektlərinin sayı 300-ə çatmışdır. Ötən ildən Səhiyyə Nazirliyinin tabeliyində olan bütün müalicə-profilaktika müəssisələrində pullu xidmət ləğv edilmişdir ki, bu da insanların sağlamlığının qorunması sahəsində çox önəmli bir addımdır.

 

Lənkəran, Qazax, Zaqatala, Bərdə, Qəbələ rayonlarında, Gəncə, Naxçıvan və Şirvan şəhərlərində müasir müalicə-diaqnostika mərkəzləri, paytaxtda və digər rayonlarda bir çox yeni səhiyyə obyektləri yaradılmışdır.

Lənkəranlılar böyük iftixarla xatırlayırlar ki, ölkəmizdə ilk böyük və müasir müalicə-diaqnostika mərkəzi dövlət başçısının tapşırığı ilə məhz bu cənub şəhərində inşa edilmişdir. 2005-ci il sentyabrın 8-də Dövlət Neft Şirkətinin vəsaiti hesabına tikiləcək mərkəzin təməlqoyma mərasimində şəxsən iştirak edən Prezident İlham Əliyev 2006-cı il fevralın 3-də tikinti ilə tanış olmaqdan ötrü Lənkərana gəlmişdir. Dövlətimizin başçısı burada əhalinin sağlamlığına ən yüksək səviyyədə xidmət göstəriləcəyinə inamını bildirmiş, tövsiyələr vermişdir. Həmin il avqustun 11-də isə artıq Lənkəranda Müalicə-Diaqnostika Mərkəzinin açılışı olmuşdur. Tədbirdə iştirak edən Prezident İlham Əliyev dünya standartlarına uyğun tikilən, təxminən 3 milyon dollar dəyərində ən müasir avadanlıqla təchiz edilən mərkəzi yüksək qiymətləndirmişdir: “Bu mərkəzin tikilməsi çox əlamətdar bir hadisədir. Çünki Azərbaycanın bugünkü reallıqlarını əks etdirir. Bu gün Azərbaycan çox sürətlə və dinamik şəkildə inkişaf edən ölkədir. Biz bu inkişafı bütün sahələrdə və ilk növbədə, sosial sahədə görürük”.

Qısa müddətdə Lənkəranda yaradılan gözəl tibb ocağında səhiyyənin bütün sahələri ilə bərabər, böyrək çatışmazlığı xəstələri üçün ən son hemodializ aparatları da quraşdırılmışdır.

İndi Lənkəran səhiyyəsi bütöv bir müasir tibb kompleksi şəbəkəsindən ibarətdir. Hərtərəfli təchizat hesabına ağır xəstələrin bir çoxu rayondaca müalicə olunub şəfa tapır. Əyalət şəhərində hətta açıq qəlb əməliyyatları da uğurla keçirilir.

Respublika səhiyyə sisteminin inkişaf etməkdə olan bir hissəsi kimi, Lənkəran Mərkəzi Rayon Xəstəxanası 1320 yerlik olub, şəbəkəsində şəhər və uşaq sağlamlıq mərkəzlərini, şəhər uşaq xəstəxanasını, beş dispanseri, təcili və təxirəsalınmaz tibbi yardım stansiyasını, doqquz kənd və qəsəbə xəstəxanasını, 23 həkim ambulatoriyasını, 34 feldşer-mama məntəqəsini birləşdirir. Bu müəssisələrdə mindən çox həkim və orta tibb işçisi fəaliyyət göstərir.

Ötən il oktyabrın 4-də Lənkəranda yeni Uşaq Sağlamlıq Mərkəzi Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verilmişdir. Bu, Müalicə-Diaqnostika Mərkəzindən, Əlillərin regional bərpa mərkəzindən, vərəm dispanseri, eyni zamanda, ucqar dağ kəndlərində tikilib istifadəyə verilmiş yeni tibb məntəqələrindən, əsaslı təmir edilmiş RMX şöbələrindən sonra əhalinin sağlamlığına yönələn növbəti gözəl bir obyekt idi. Mərkəzin uzun illər təmirsiz qalan binası qəza vəziyyətində olduğundan, burada müasir standartlara uyğun yeni binanın inşası reallaşdırılmışdır. Prezident İlham Əliyev ümumi sahəsi 1600 kvadratmetr olan ikimərtəbəli gözəl binanın həyətində fəvvarələrə və müasir işıqlandırma sisteminə, müasir rentgen, ultrasəs, oftalmoloji, fizioterapiya, stomatoloji, LOR kabinetlərinə və laboratoriyaya baxmışdır. Burada 47 min uşağa xidmət göstərilir, 44 həkim və 97 orta tibb işçisi çalışır. Dövlət başçısı yeni tibb ocağının kollektivinə xeyir-dua vermiş, gələcək nəslin sağlamlığına hərtərəfli qayğı göstərilməsinin zəruriliyini vurğulamışdır.

Cari ilin ilk yarısında rayon üzrə minlərlə xəstə müalicə olunmuş, yüzlərlə uğurlu cərrahiyyə əməliyyatı aparılmışdır. Ambulator-poliklinika müəssisələrində 100 mindən artıq müraciət qeydə alınmışdır. Təcili yardım briqadası 4 mindən çox xəstəyə yardım göstərmişdir. Bütün avadanlıqla təchiz olunmuş “Mersedes” tipli 4 ədəd yeni təcili yardım maşını onların ixtiyarındadır. Uşaq doğuşunun sayı artmış, uşaq ölümü minimuma enmişdir. Ana və uşaqlara tibbi xidmətin səviyyəsi yüksəlmişdir, ev doğuşlarının aradan qaldırılmasından ötrü mühüm tədbirlər həyata keçirilmişdir. Nəticədə ev doğuşu və uşaq ölümünün səviyyəsi keçən ildəkinə nisbətən 3,7 faiz azalmışdır. Yeri gəlmişkən, yeni yaradılmış perinatal mərkəzin məqsədyönlü fəaliyyəti ilə bu göstəricilərin daha da yaxşılaşacağı gözlənilir.

Ötən ay səhiyyə naziri Oqtay Şirəliyev Lənkəran MRX-nın perinatal mərkəzi ilə tanış olmaq üçün buraya gəlmişdir. Əvvəllər 60 çarpayılıq doğuş, 30 çarpayılıq ginekoloji şöbələr və qadın məsləhətxanası primitiv qaydada fəaliyyət göstərirdi. İndi bir mərkəzdə birləşdirilən bu şöbələrdə səmərəli fəaliyyət üçün hər cür şərait yaradılmışdır. Avadanlıq tam yeniləşdirilib, üç doğum zalı açılıb, reanimasiya şöbəsi təşkil edilib, hamilə, doğan və zahı qadınlar üçün ayrı-ayrı şöbələr, həmçinin yeni doğulmuşların reanimasiyası şöbəsi işə başlamışdır. Nazir tibb personalını təbrik etmiş, tövsiyələrini vermişdir.

Lənkəran MRX-da diabetli xəstələr, onkoloji dispanserdə bəd xassəli şişi olan xəstələr ciddi nəzarətdədirlər. Vərəm əleyhinə tədbirlər səmərə verir, profilaktika gücləndirilmişdir. Əhalinin obliqat qrupundan olan hissəsinin profilaktik müayinəsi xəstəliklərin azaldılmasında mühüm əhəmiyyət kəsb edir.

Mərkəzi Rayon Xəstəxanasının baş həkim müavini Əbülfət Məmmədov bizimlə söhbətində sağlamlığın mühafizəsi ilə bağlı görülən işlərdən ətraflı bəhs etdi:

— 2008-ci ildə Gərmətük qəsəbəsində 9 nəfərdə malyariya xəstəliyi qeydə alınmışdır. Malyariya xəstəliyinə qarşı geniş profilaktik iş aparılmışdır. Epid briqadalar yaradılmış, Gərmətük qəsəbəsində əhaliyə malyariya əleyhinə dərman preparatları paylanmışdır. Aparılmış işlərin vaxtaşırı müzakirəsi keçirilmişdir. Nəticədə 2009-cu ildə malyariya hadisəsi olmamışdır. 2008-ci ildə 8296 hepatit “B”, 13234 polimelit, 9909 difteriya əleyhinə peyvənd aparılmışdır. 9 nəfərdə hepatit “C” qeydə alınmışdır. 79 narkomaniya xəstəsi qeydiyyata götürülmüşdür. Narkomaniya ilə bilavasitə bağlı olan QİÇS (SPİD) xəstəliyinin tempi bizi narahat edir. Belə ki, hər 10 min nəfərə düşən xəstələrin sayına görə rayonumuz respublikada ön yerlərdədir. Narkomaniya və QİÇS-ə qarşı mübarizədə bütün ictimaiyyətin səfərbər olması vacibdir.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun təşəbbüsü və tapşırığı ilə müxtəlif sahələr üzrə mütəxəssislərdən ibarət həkim briqadası mütəmadi olaraq dağ kəndlərində olur və orada yerli əhaliyə ixtisaslı tibbi xidmət göstərir.

Lənkəran Mərkəzi Rayon Xəstəxanası və onun tabeliyində olan tibb müəssisələrinin dərman təchizatı nəzərə çarpacaq qədər yaxşılaşdırılmış, bütün şöbələr ilkin tibbi yardımın təmənnasız göstərilməsi üçün dərman preparatları ilə təmin olunmuşdur.

Göz Xəstəlikləri İnstitutunun və Respublika Klinik Xəstəxanasının aparıcı mütəxəssisləri bir neçə dəfə rayonumuzda olmuş, 1000-dən çox gözdən xəstəni müayinə etmiş, 100-ə yaxın cərahi əməliyyat aparmışlar.

MRX-nın yeməkxanası və daxili apteki əsaslı təmir olunmuşdur. İnzibati binada əsaslı təmir işləri başa çatmışdır.

Lənkəran Şəhər İcra Hakimiyyətinin daxili imkanları hesabına Veravul, Ürgə, Pambəhi, Şağlaküçə, Gəğiran kəndlərində və Qumbaşı, Balıqçılar, Gərmətük qəsəbələrində həkim ambulatoriyası, Darquba, Lüvəsər, Diryan və Şirinsu, Xarxatan, Qurumba, Şovu kəndlərində feldşer- mama məntəqələri tikilərək əhalinin istifadəsinə verilmişdir. Ümumilikdə isə son üç ildə 17 yeni tibb müəssisəsi tikilib istifadəyə verilmişdir.

“2009-cu ilin ”Uşaq ili” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 dekabr tarixli sərəncamı və 7 aprel — Ümumdünya Səhiyyə Günü ilə bağlı rayonun məktəblərində valideyn, müəllim, şagird kollektivi arasında reproduktiv sağlamlıq mövzusunda mühazirələr keçirilmişdir. Eyni zamanda, regional televiziyada səhiyyənin digər istiqamətləri ilə birlikdə reproduktiv sağlamlıq haqqında da maarifləndirmə proqramlarının hazırlanmasında Mərkəzi Rayon Xəstəxanasının mütəxəssisləri bilavasitə iştirak edirlər.

Mərkəzi Rayon Xəstəxanasının ümumi fəaliyyətində bəzi çətinliklər də vardır. Belə ki, bəzi şöbələr əsaslı təmir olunmalıdır, qış mövsümü üçün yeni müasir qazanxana inşa edilməlidir. Paltar və yumşaq inventarın yuyulub-qurudulması üçün şərait yoxdur, mərkəzləşdirilmiş sistem yaradılmamışdır və sair. Çatışmazlıqlara baxmayaraq, səhiyyə işçilərimiz günün tələbləri səviyyəsində çalışır, vəzifələrini layiqincə yerinə yetirirlər. Bunun nəticəsidir ki, rayon səhiyyəsinin əsas göstəriciləri orta respublika göstəricilərindən yüksəkdir.

Nəhayət, bir fakt xüsusi vurğulanmalıdır ki, son illərdə müayinə və müalicə üçün Lənkərandan paytaxta üz tutanların sayı xeyli azalmışdır. Doğma rayonda lazımi şərait yaradılmasının nəticəsində daha artıq zəhmət və xərc çəkib Bakıya getməyə o qədər də ehtiyac qalmamışdır.

Lənkəran səhiyyəsinin durmadan inkişaf etməsi əhalinin, xüsusən də xəstələrin tibb işçilərinə inamını get-gedə artırır.

 

 

Əli NƏCƏFXANLI,

“Xalq qəzeti”nin bölgə müxbiri 

 

Xalq qəzeti.- 2009.- 10 iyul.- S. 6.