Bugünün məktəbi gələcəyin qurucusunu
yetişdirir
XX əsrin son onilliyində Azərbaycanın dövlət
müstəqilliyinin bərpa edilməsi bütün sahələrdə
olduğu kimi, təhsilimizin də inkişafına, əsaslı
keyfiyyət dəyişikliklərinin yaranmasına tarixi şərait
yaradıb. “Təhsil millətin gələcəyidir” deyən
ümummilli lider Heydər Əliyevin rəhbərliyi
altında dövlətin təhsil siyasətinin əsasları
müəyyən edilib. 1995-ci ildə qəbul olunmuş
Konstitusiyada, 1999-cu ildə təsdiq olunmuş Təhsil Sahəsində
İslahat Proqramında milli təhsil sahəsində dövlət
siyasətinin mahiyyəti açıqlanıb.
Ulu öndər Heydər
Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən
layiqincə davam etdirilməsi respublikamızın sürətli
və hərtərəfli inkişafına zəmin yaradıb.
Azərbaycan dövlətinin həyatın bütün sahələrində
qazandığı uğurlar milli təhsil sisteminə də
öz müsbət təsirini göstərib.
“Təhsilə qoyulan vəsait
ölkəmizin gələcəyinə qoyulan vəsaitdir,” —
deyən Prezident İlham Əliyev təhsil sisteminin
inkişafını daim diqqət mərkəzində
saxlayır. Məhz bu
qayğının sayəsində milli təhsilimiz son beş
ildə yeni inkişaf dövrünə qədəm qoyub. Təsadüfi
deyil ki, son illər təhsilin müxtəlif sahələrinin
inkişfı məqsədilə 15-dən çox dövlət
proqramı qəbul edilib. Azərbaycan təhsilinin tarixində
ilk dəfə “Azərbaycan Respublikasında Ümumi Təhsilin
Konsepsiyası (Milli Kurrikulumu)” hazırlanıb həyata
keçirilir.
Mahiyyət etibarı ilə yeni
olan bu sənəddə ibtidai, əsas və orta təhsil pillələri
üzrə ümumi məqsəd və nəticələrlə
yanaşı, zəruri hesab edilən fənlər və onlara
aid məsələlər də əhatə olunub. Kurrikulum təlim
prosesi ilə bağlı bütün fəaliyyətlərin
səmərəli təşkilinə, məqsədyönlü
və ardıcıl həyata keçirilməsinə imkan
yaradan konseptual sənəddir. Təhsilin müasir tələblər
səviyyəsində qurulması, bu sahədə həyata
keçirilən islahatların uğurları ayrı-ayrı
fənlər üzrə də kurrikulumların
hazırlanmasını tələb edir. Ötən tədris
ilində Göygöl rayonu üzrə bütün məktəblərin
I siniflərində dərs deyəcək müəllimlərin
siyahısı hazırlanıb, “Milli kurrikulum” əsasında
onlarla aparılacaq işlər müəyyənləşdirilib.
79 nəfər I siniflərə dərs deyən müəllim
ixtisasartırma kursundan keçib və sertifikat alıb.
Respublikanın hər yerində
olduğu kimi, Göygöl rayonunda da təhsilə göstərilən
xüsusi qayğı və diqqət bizi öz işimizə
daha məsuliyyətlə yanaşmağa vadar edir. Son bir
neçə ildə rayonun təhsil sahəsində
uğurları, nailiyyətləri günü-gündən
artmaqdadır. 2007-ci ilin fevral ayında təhsil naziri Misir Mərdanovun
rayonumuza səfəri, bir sıra məktəblərdə
olması, ziyalılarla görüşləri biz təhsil
işçilərini daha böyük həvəslə
işləməyə ruhlandırdı.
Müasir məktəb ilk növbədə
maddi-texniki bazasının zəngin olması ilə, müasir
tələblərə cavab verən tədris binasının
mövcudluğu ilə seçilməlidir. Prezident İlham Əliyevin
dediyi kimi, indi Azərbaycanda bütün məktəb infrastrukturu
yeniləşdirilir. Ölkə rəhbərinin
tapşırığı ilə Təhsil Nazirliyi məktəblərin
əsaslı təmiri, yeni məktəblərin tikintisi
haqqında 2008 — 2012-ci illəri əhatə edən dövlət
proqramı hazırlayıb. Təhsilə ayrılan vəsaitin
hər il davamlı olaraq artırılması, dövlət
qayğısının güclənməsi bu sahənin
dinamik inkişafı üçün böyük imkanlar
açıb.
Rayonda 39 orta, 10 əsas, 1 ibtidai məktəb,
4 məktəbdənkənar müəssisə fəaliyyət
göstərir. Ümumtəhsil məktəblərində 9977
nəfər uşaq təhsillə əhatə olunub.
Onların təlim-tərbiyəsi ilə 1643 nəfər
ixtisaslı pedaqoq məşğuldur. Xüsusi istedada malik
uşaqların yaradıcılıq potensialının
inkişafı üzrə dövlət proqramının
icrası ilə bağlı texniki-təbiət fənləri
təmayüllü lisey yaradılıb. Rayonda 19 məktəbəqədər
təhsil müəssisəsi var. 900-ə qədər
uşağın təlim-tərbiyəsini 70 nəfər tərbiyəçi
aparır.
Ümumi təhsilin
inkişafı təhsilin ən mühüm sahələrindən
biridir. Ümumtəhsil məktəblərinin maddi-texniki
bazasının yaxşılaşdırılması bizim
rayonda da diqqət mərkəzində saxlanılır. 50
ümumtəhsil məktəbinin 36-da təmir və tikinti
işləri aparılıb və yeni avadanlıqlarla təchiz
edilib.
4 mart 2008-ci il Göygöl
rayonunun tarixində əlamətdar bir günə
çevrildi. Həmin gün Prezident İlham Əliyev
rayonumuzda oldu, yeni tikilmiş şəhər 1 saylı orta məktəbə
də gəldi, görülən işlərə yüksək
qiymət verdi. “Yeniləşən Azərbaycana yeni məktəb”
devizi altında Heydər Əliyev Fondunun hesabına ölkəmizdə
yeni məktəb binaları tikilir. Məktəb
binalarının yeniləşdirilməsinə göstərdiyi
kömək Heydər Əliyev Fondunun rəhbəri, YUNESKO-nun
xoşməramlı səfiri, millət vəkili Mehriban
xanım Əliyevaya ölkəmizdə böyük hörmət
və nüfuz qazandırıb.
Rayonumuzdakı ümumtəhsil məktəblərindən
11-i birtipli layihə əsasında tikilmiş, digər 39 məktəb
isə uyğunlaşdırılmış binalarda yerləşir.
39 məktəbdə əsaslı təmir və tikinti işi
aparılmışdır ki, bu da 78 faiz təşkil edir.
Göygöl şəhər 1,5,6 saylı, Hacıməlik qəsəbə
2 saylı, Kərəmli, Nadel, Dozular, Aşıqlı, Xəqani,
Balçılı kənd 1 saylı orta məktəbləri
yeni tikilmiş təhsil ocaqlarıdır. Əlavə sinif otaqları
isə Şəhriyar, Gəncə qəsəbə,
Çaylı, Quşqara, Köşkü kənd orta məktəblərində
inşa olunub. 8 Mart və Əlimədədli kənd əsas
məktəblərinin yeni binalarının tikintisi başa
çatmaq üzrədir.
Ötən dərs ilinə
hazırlıqla bağlı Göygöl şəhər
2,3,4 saylı, Topalhəsənli, Toğana, Yeni Zod,
Quşçu, Göyəkənd, Mollacəlilli, Üçtəpə,
Qarabulaq, Mixaylovka, Gəncə qəsəbə,
Balçılı 2 saylı, Qırıxlı kənd orta məktəbləri,
Bəhrəmbağ kənd əsas məktəbi və Əzgili
ibtidai məktəbləri cari təmir olunub. Hacıməlik qəsəbə
1 saylı orta, Qızılca stansiya orta, 4 sinif otağı
tikilməklə Köşkü kənd orta, Pənahlılar
kənd orta, Yalqışlaq kənd əsas məktəblərində
əsaslı təmir başa çatıb. Şəhər 2
saylı, 3 saylı orta məktəblərində isə
istilik sistemi yenidən qurulub. Digər məktəblər isə
soyuq aylarda odun yanacağı ilə təmin olunub.
Zurnabad, Çaykənd, Firuzabad,
Yeni Qızılca kənd orta məktəbləri və
Üçbulaq, Tülallar, Danayeri, Xasabağ kənd əsas
məktəblərinin əsaslı təmiri nəzərdə
tutulur. Təmir-tikinti işləri aparılmış
bütün məktəblərdə istilik və digər
kommunikasiya sistemləri quraşdırılıb, müasir
avadanlıqlarla təchiz edilib. Yeniləşmə prosesi məktəbəqədər
uşaq müəssisələrini də əhatə edir.
Hacıməlik və Yeni Zod kənd uşaq
bağçalarında təmir işləri aparılıb,
Qırıxlı kənd uşaq bağçasının
tikintisi, Balçılı 2 saylı və şəhərin
yeni yaşayış məhəlləsində uşaq
bağçalarının əsaslı təmiri
tamamlanıb. Digər bağçalarda və məktəbdənkənar
müəssisələrin binalarında da təmir işləri
aparılacaq.
Başa çatan dərs ilində
24000 dərslik, 11408 bədii kitab alınıb ümumtəhsil
məktəblərinin kitabxanalarına verilib. 7120 məktəbli
kitabçası və 19 adda 2793 tədris xəritələri
alınaraq məktəblərə paylanmışdır.
Bütün ümumtəhsil məktəbləri, V-XI sinif
şagirdlərinin 30 nəfərinə bir kompyuter düşməklə,
İKT avadanlıqları ilə tam təmin edilib. Təhsil
Nazirliyi məktəblərə 192 “Kür” markalı kompyuter
dəsti, 11 “Nootbook” verib. Digər təşkilatların
hesabına isə 28 müxtəlif markalı kompyuter
alınıb. Hazırda rayonun 8 orta məktəbində
kompyuter sinfi fəaliyyət göstərir. Qızılca kənd
orta, Yalqışlaq kənd əsas, Zunrabad kənd orta,
Sarısu kənd orta, Quşqara və Xəqani kənd orta məktəblərinə
yeni kitab şkafları, müəllim stolları və
oturacaqlar, şagird partaları və yazı lövhələri
verilib.
Təhsilin keyfiyyətinin onun məzmunundan
asılı olduğunu nəzərə alaraq bu məsələyə
xüsusi diqqət yetirilir. Ötən dərs ili ərzində
istər məktəb rəhbərləri, istərsə də
məsləhətçi və metodistlər tərəfindən
ayrı-ayrı fənlərin tədrisi vəziyyəti diqqətlə
öyrənilmiş, müvafiq qərarlar qəbul edilmiş,
tövsiyələr hazırlanmışdır. Pedaqoji
kollektivlər təhsil prosesinin həyata keçirilməsində
yeni pedaqoji baxışların formalaşmalı olduğunu
yaxşı dərk edirlər. Şagirdə ənənəvi
metodlar əsasında obyekt kimi baxılması ideyasına son
qoyulmuş, ona subyekt kimi yanaşılması ideyası qalib gəlmişdir.
Məktəb rəhbərlərinin
və müəllimlərin ənənəvi hesabatlarında
istifadə etdikləri yeniliklər, qazanılan uğurlar və
bunun necə əldə edilməsi öz əksini
tapmışdır. Əlbəttə, yeniliyi hiss edib duymaq
heç də çətin deyil, ancaq dərk olunmuş
yeniliyi tətbiq etmək mürəkkəb bir prosesdir. Elə
buna görə də hər bir təhsil işçisi,
xüsusilə, müəllim daim axtarışda olmağa
çalışmalıdır. Bu isə müəllimlərdən
dərin və əsaslı bilik tələb edir. Ümummilli
liderimiz Heydər Əliyev deyirdi: “Müəllimlik çox
şöhrətli bir sənətdir”, “Həqiqi müəllim
olmaq cəmiyyət üçün, doğrudan da, çox
qiymətlidir”. Rayonumuzun ümumtəhsil məktəblərində
öz işinə məsuliyyətlə yanaşan, yenilikləri
dərk edən belə müəllimlər çoxdur.
2007-2008-ci tədris ilində
Göygöl rayonunun ümumtəhsil məktəblərinin
742 məzunundan 398 nəfəri ali məktəblərə sənəd
vermiş, 94 nəfər I turda müxtəlif ali məktəblərə
qəbul olmuşdu. Son illərdə ilk dəfə olaraq 6 nəfər
məzun 600-dən çox, 8 nəfər məzun isə 500-dən
çox bal toplamışdı. Bu dərs ilində XI sinif
şagirdlərinin 66,5 faizi atteastat almışdır. Ali məktəblərə
qəbulda bu il daha böyük uğur qazanacağımıza
əminik.
Yola saldığımız dərs
ili ərzində Göygöl Rayon Təhsil Şöbəsi
öz işini “Fəaliyyət planı”na uyğun olaraq
qurmuş, qəbul olunmuş qərarların icrası nəzarətdə
saxlanılmış, əməli tədbirlər
görülmüşdür. Məktəb
direktorlarının fəaliyyətinin səmərəli
şəkildə qurulması, onların məsuliyyət
hissinin artırılması üçün hesabatları dinlənilmişdir.
Təlimin müasir metod və
üsullarından səmərəli istifadə etmək,
şagirdlərdə məntiqi təfəkkürün
inkişafına nail olmaq gərgin və sistemli iş tələb
edir. “Müasir təlim” anlayışı altında təkcə
cəmiyyətin inkişafının meydana gətirdiyi tələbləri
deyil, xarici təlim təcrübəsinə meyli və bu təcrübənin
Azərbaycan məktəblərində yer tutmağa
başlanmasını da nəzərdə tuturuq.
Dünyanın qabaqcıl təhsil sisteminin ən yaxşı
elementləri Azərbaycanın təhsil sisteminə daxil
olmaqdadır.
Göygöl rayonunun təhsil
sistemi də respublika təhsil sisteminin tərkib hissəsi kimi
ən yaxşı təcrübəni, yenilikləri öyrənməyə
və tətbiq etməyə çalışır,
uğurlarını artırır. Bundan sonra da var qüvvəmizlə
çalışacağıq, rayonumuzda təhsilin
inkişafına, çiçəklənməsinə öz
töhfəmizi verəcəyik.
Altay İSMAYILOV,
Göygöl Rayon Təhsil Şöbəsinin müdiri
Xalq qəzeti.- 2009.- 10 iyul.- S. 5.