Uğurlu gələcəyə aparan yol

 

“Sabaha doğru”

 

“Sabaha doğru” kitabı Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin yeni nəşridir. “Sabaha doğru” kitabı tarixin ən böyük azərbaycanlısı Heydər Əlirza oğlu Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsinin 40 illiyinə ithaf olunmuşdur.

 

Kitaba ümummilli liderimiz Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışları daxil edilmişdir. Bütün çıxışları, əlbəttə ki, bir kitaba yerləşdirmək mümkün deyildir. Buna görə də kitaba rəmzi olaraq məhz 40 çıxış yerləşdirilmişdir. Bu çıxışların hər biri Azərbaycan dövlətinin qarşısında duran prioritetləri müəyyənləşdirmək, taleyüklü problemlərini həll etmək baxımından xüsusi əhəmiyyətə malikdir.

Kitaba daxil edilən çıxışlar ümummilli liderimizin fəaliyyətinin ən müxtəlif aspektlərini – andiçmə mərasimləri, xarici və daxili siyasət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, iqtisadiyyat, neft strategiyası, ordu quruculuğu, mədəniyyət, təhsil və s. məsələləri əhatə edir. Bu çıxışlarda Heydər Əliyev həm sovet dövrünə ekskurs edir, həm də gələcəkdə görüləcək işlərdən bəhs edir.

Kitab 20 Yanvar hadisələri ilə bağlı Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixində Azərbaycanın Rusiya nümayəndəliyində SSRİ rəhbərliyini sərt tənqid edən bəyanatı ilə açılır. Qanlı Yanvar faciəsi ilə bağlı Heydər Əliyev tərəfindən verilən kəskin bəyanat artıq Azərbaycan tarixində yeni siyasi dövrün başlanmasını bildirirdi. Növbəti sənəd onun SSRİ Nazirlər Sovetinin partiya təşkilatına ünvanladığı ərizəsidir. O, kommunist partiyası sıralarından çıxmasına dair bu ərizəsində kommunist rejiminin ölkəni uçuruma apardığını, SSRİ-nin dağılmasının labüdlüyünü açıq bəyan etmişdi. Heydər Əliyevin həm 20 Yanvar faciəsi ilə bağlı çıxışı, həm də SSRİ Nazirlər Sovetinin partiya təşkilatına ərizəsi sovet cəmiyyətini möhkəm silkələmişdi. Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri olaraq Heydər Əliyevin Naxçıvan əhalisinə müraciəti bu respublikanın ağır günlərinə təsadüf edir.

Kitaba həmçinin, Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri vəzifəsinə seçilərkən, Azərbaycan Respublikasının Prezidenti olaraq 1993 və 1998-ci illərdəki andiçmə mərasimləri zamanı etdiyi proqram xarakterli çıxışları daxil edilib. Məhz bu çıxışlarında Heydər Əliyev Azərbaycanın mövcud durumunu təhlil edir, qarşıdakı illərdə görəcəyi işlərdən danışır.

Ulu öndərin konturlarını dəqiqliklə müəyyənləşdirdiyi neft strategiyası onun fəaliyyətinin ana xəttini təşkil edir. Neft strategiyası ilə bağlı dörd əsər bu kitabda yer alıb – “Əsrin müqaviləsi”nin imzalanma mərasimindəki çıxış, bu müqavilə üzrə ilkin neftin alınmasına həsr olunmuş mərasimdəki çıxış, “Üç dənizin əfsanəsi” konfransındakı çıxış və Bakı–Tbilisi–Ceyhan neft kəmərinin təməlqoyma mərasimindəki çıxış.

Heydər Əliyevin böyük siyasi iradəsi və müdrik uzaqgörənliyi sayəsində əhəmiyyətli beynəlxalq müqavilələrə imza atılmış və onların həyata keçirilməsinə başlanmışdır. Görülən tədbirlər nəticəsində Azərbaycan nəhəng beynəlxalq iqtisadi layihələrin həyata keçirildiyi məkana çevrildi. Tarixi Böyük İpək Yolunun bərpa edilməsi də belə layihələrdəndir. Kitaba bu tarixi yolun bərpası ilə bağlı Bakıda keçirilən konfransda və Vaşinqtonda keçirilən “Azərbaycan Avrasiyanın qapısı, strateji və iqtisadi alyanslar ölkəsidir” mövzusunda konfransda Heydər Əliyevin çıxışları daxil edilmişdir.

BMT, ATƏT, Avropa Şurası kimi mötəbər təşkilatların ali məclislərində etdiyi və kitaba daxil olan çıxışlarda bu misilsiz siyasətçi Azərbaycan həqiqətlərini dünyaya yayır, haqq səsimizi beynəlxalq ictimaiyyətə çatdırır. Heydər Əliyev fəaliyyəti dövründə ABŞ, Rusiya, Böyük Britaniya və Fransa kimi nəhəng dövlətlərlə Azərbaycanın münasibətlərini məhz qarşılıqlı maraqlar zəminində qurmağa nail olmuşdur. Kitaba bu ölkələrin rəhbərləri ilə aparılan danışıqların mətni də daxil edilmişdir.

Bu kitaba daxil edilən Dünya Azərbaycanlılarının I qurultayındakı çıxışında Heydər Əliyev azərbaycançılıq məfkurəsinin əsaslarını bəyan etmişdir. Azərbaycandan kənarda təhsil almış mütəxəssislərlə görüşündə Heydər Əliyev təhsil sahəsində gördüyü işlərdən bəhs edir.

Azərbaycan Milli Ordusunun formalaşması Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Ali Hərbi Məktəbin və Ali Təyyarəçilər Məktəbinin birinci buraxılışındakı çıxışında o, ordunun keçdiyi yola nəzər salır.

Ulu öndərimiz Azərbaycan xalqının qəhrəmanlıqlarla dolu tarixi keçmişinə, zəngin mənəvi dəyərlərinə, maddi-mənəvi irsinə, incəsənətinə qayğı ilə yanaşmışdır. Kitaba daxil edilən üçüncü minilliklə əlaqədar xalqa müraciəti, Bibiheybət məscidinin təməlqoyma mərasimindəki çıxışı, “Demokratik cəmiyyətdə dinin və əqidənin rolu: terrorizm və ekstremizmə qarşı mübarizə yollarının araşdırılması” konfransındakı çıxışları bu mənada diqqətəlayiq hadisələrdir.

Kitaba daxil edilən ölkə kinematoqrafının 100 illiyinə və “Festivallar festivalı”nın açılışına həsr olunmuş təntənəli gecədə çıxışında Heydər Əliyev Azərbaycan kinosunun tarixindən bəhs edir, perspektivindən danışır.

Bu gün Heydər Əliyev kursu yaşayır və qalib gəlir. Prezident İlham Əliyev bütün fəaliyyəti ilə göstərir ki, Heydər Əliyev siyasəti yaşayır, Heydər Əliyev yolu yeganə düzgün yoldur. Hətta İlham Əliyevin kitaba daxil edilən çıxışlarından belə bu rabitə görünür, siyasətdə varislik davam edir. Əgər Bakı–Tbilisi–Ceyhan əsas ixrac boru kəmərinin təməlini Heydər Əliyev qoymuşdusa, onun istifadəyə verilməsini İlham Əliyev təmin etdi. Bibiheybət məscid-ziyarətgah kompleksinin təməli Heydər Əliyev tərəfindən qoyulmuşdusa, onun açılışı İlham Əliyev tərəfindən edildi. Azərbaycan diasporlarının təşkilatlanması işində həlledici rol oynayan Heydər Əliyev Dünya Azərbaycanlılarının I qurultayında müxtəlif ölkələrə səpələnmiş azərbaycanlıları bir məfkurə altında birləşməyə çağırırdısa, Dünya Azərbaycanlılarının II qurultayında İlham Əliyev artıq diasporların keyfiyyətcə yeni mərhələyə qədəm qoymalarının vacib olduğunu bildirdi. Bu mərasimlərdəki çıxışlar da kitaba daxil edilmişdir.

Qeyd olunanları ümumiləşdirərək əminliklə deyə bilərik ki, Heydər Əliyev İrsini Araşdırma Mərkəzi tərəfindən nəşr etdirilən “Sabaha doğru” kitabı tədqiqatçılar, politoloqlar, tələbələr, eləcə də Azərbaycanın dünya birliyinə inteqrasiyası ilə maraqlanan hər bir şəxs üçün sanballı və dəyərli mənbə olacaqdır.

 

Heydər Əliyev İrsini Araşdırma Mərkəzi

 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və təbliği 2004-cü il may ayının 10-da – ümummilli liderimizin ad günündə yaradılmış Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin (www.aliyevheritage.org) əsas fəaliyyət istiqamətlərindəndir.

Heydər Əliyevin siyasi portretini yaratmağa kömək edə biləcək yeganə mənbə məhz onun əsərləridir. Elə buna görə də Mərkəzin tərkib hissəsi və ən böyük layihəsi olan “Heydər Əliyev irsi” Beynəlxalq Elektron Kitabxanası Heydər Əliyevin əsərlərini – çıxışları, bəyanatları, məktubları və görüşlərinin mətnlərini 35 dildə dünya oxucularına çatdırır. Qeyd etmək yerinə düşər ki, 35 dildə elektron resursun fəaliyyəti İnternet məkanda nadir hallardandır. Beləliklə, Azərbaycanın ən yeni tarixi və inkişafı, keçmişi və gələcəyi ilə maraqlanan oxucularımız Heydər Əliyevin əsərlərini dünyanın bir çox dillərində mütaliə etmək imkanı əldə ediblər.

Elə bunun nəticəsidir ki, bu gün dünyanın qabaqcıl universitetləri, nüfuzlu elm mərkəzləri, dövlət idarələri, media orqanları, transmilli şirkətlər, eləcə də dünyada gündən-günə nüfuzu yüksələn Azərbaycanla maraqlanan şəxslər – tədqiqatçılar, politoloqlar, iqtisadçılar, tələbələr bizim oxucularımız sırasındadır.

Elektron kitabxanada Heydər Əliyevin fəaliyyətinin bütün sahələrini maksimum əhatə etməyə çalışırıq. Kitabxanamızın daxili və xarici siyasət, iqtisadiyyat, neft strategiyası, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, mədəniyyət, müsahibələr, diaspor, sosium, gənclər siyasəti, qayıdış və s. bölmələrində yerləşdirilmiş minlərlə sənədlə tanış olmaqla Heydər Əliyevin fəaliyyətinin əsas istiqamətləri ilə bağlı müəyyən qədər dolğun məlumat almaq mümkündür. Bu və ya digər sənədi asanlıqla tapmaq üçün qeyd olunan bölümlərin bir çoxu altbölümlərə bölünmüşdür və saytdaxili axtarış proqramlarından istifadə olunur. Elektron kitabxanamızın daha bir özəlliyi isə ondan ibarətdir ki, hər bir sənəd üçün ekspertlərimiz tərəfindən tarixi arayışlar, Azərbaycanın müxtəlif ölkələr, beynəlxalq təşkilatlar, şirkətlərlə münasibətlə bağlı qısa oçerklər yazılmışdır. Həmçinin, sənədlərdə qeyd olunan şəxsiyyət, yer adları və anlayışlarla bağlı da məlumat-soraq materialları yazılır. Əlavə sənədlər bölümündə isə ümummilli liderimizin bu və ya digər əsərinə uyğun olaraq onun tərəfindən imzalanmış fərman və sərəncamlar verilir. Zəngin qalereya bölümündə ulu öndərimizin yüzlərlə fotoşəkli yerləşdirilmişdir.

“Heydər Əliyev irsi” Beynəlxalq Elektron Kitabxanası ilə yanaşı, Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən regional bürolar, orijinal proqramlar əsasında işləyən “Heydər Əliyev irsini öyrənirik” interaktiv kursları və yay məktəbləri də Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin tərkib hissəsidir. Mərkəz həmçinin, dünyanın qabaqcıl elm mərkəzləri ilə internet körpülər vasitəsilə əlaqə yaradır.

Layihənin rəhbəri Vurğun Süleymanovun təşəbbüsü və dəstəyi ilə Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin çox nüfuzlu Elmi-Redaksiya Şurası yaradılmışdır. Azərbaycanın nüfuzlu alim və ziyalılarının daxil olduğu bu qurum elektron kitabxananın yaradıcı heyəti tərəfindən hazırlanmış perspektiv iş planı ilə həftəlik toplantılar keçirərək, görülən işlərlə bağlı məsləhət və tövsiyələr verir.

Mərkəzin redaktorlardan, ekspertlərdən, peşəkar tərcüməçilərdən, kompyuter mütəxəssislərindən ibarət olan yaradıcı qrupuna politoloq Fuad Babayev rəhbərlik edir.

Mərkəzin fəaliyyətinin mühüm istiqamətlərindən biri kitab nəşridir. Mərkəzin nəşriyyat qrupu tərəfindən müxtəlif dillərdə kitablar, broşürlər və bukletlər nəşr olunur. Kitablarımızın hər biri oxucular tərəfindən rəğbətlə qarşılanıb və geniş rezonansa səbəb olub. ATƏT-in Budapeşt, Lissabon və İstanbul sammitlərində Heydər Əliyevin çıxışları, müsahibələri daxil edilmiş və Azərbaycan dili ilə yanaşı, ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələrin dövlət dillərində (ingilis, fransız və rus) nəşr edilən “Heydər Əliyev: Biz Azərbaycan ərazisində ikinci bir erməni dövlətinin yaranmasına yol verə bilmərik”, Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İKT-nin zirvə görüşlərindəki çıxışları əsasında hazırlanmış və Azərbaycan dili ilə yanaşı, İKT-nin rəsmi dillərində (ingilis, fransız və ərəb) nəşr edilən “Azərbaycan İslam Konfransı Təşkilatı sıralarında”, görkəmli siyasətçi Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin NATO-nun ali məclislərindəki çıxışları və təşkilatın rəhbərləri ilə görüşlərinin mətnləri daxil edilmiş, Azərbaycan dilində və NATO-nun işçi dillərində (ingilis və fransız) nəşr edilən “Azərbaycan-NATO: tərəfdaşlıqdan başlanan yol” kitablarını xüsusilə qeyd etmək istərdik.

40 il öncə – 1969-cu il iyul ayının 14-də Azərbaycanın müasir tarixində dönüş mərhələsinin təməli qoyuldu. Ümummilli liderimiz Heydər Əliyevin həmin gün Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi respublikamızın tarixində yeni siyasi mərhələnin başlanğıcı oldu.

Respublikanın dinamik inkişafı üçün kompleks proqramların işlənib hazırlanmasında yorulmaz fəaliyyət, misilsiz təşəbbüskarlıq və nəhəng enerji Heydər Əliyevi başqalarından fərqləndirən əsas cəhətlər idi. Heydər Əliyev ali kürsüyə yüksəldiyi ilk gündən bütün varlığı ilə sevdiyi xalqının intibahı və xoşbəxt gələcəyi naminə böyük fədakarlıqlar göstərdi. Çağdaş tariximizin 40 ili ulu öndərimizin adı ilə bağlı olmaqla, xalqın taleyində şanlı və parlaq səhifəyə çevrildi. Bu 40 il Azərbaycanda müstəqilliyin əbədi, daimi və dönməz xarakter alması, sabit dövlət quruluşunun yaranması, xalqın özünün təbii və konstitusion hüquqlarına sahib çıxması, milli-mənəvi yüksəlişə nail olması ilə əlamətdardır. Azərbaycanı müstəqil dövlət quruculuğuna aparan keşməkeşli və şərəfli yol da, əslində, məhz dahi öndərimizin hakimiyyətə birinci rəhbərliyi dövründən başlayır.

Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrü – 1969-1982-ci illər Azərbaycanın quruculuq salnaməsinə ən parlaq səhifələr kimi daxil olmuşdur. Baş verən dəyişikliklərin miqyasına, iqtisadi və sosial sahələrdə aparılan dərin struktur islahatlarının xarakterinə, xalqın maddi rifah halının keyfiyyətcə yeni mərhələyə keçirilməsinə görə bu dövr Azərbaycanın yeni tarixinə qızıl hərflərlə yazılmışdır. Məhz Heydər Əliyevin səyi ilə SSRİ hökuməti Azərbaycanla əlaqədar, respublikada xalq təsərrüfatının hərtərəfli yüksəlişi və intensiv inkişafını nəzərdə tutan beş xüsusi qərar qəbul etmişdi. Azərbaycan xalqı üçün, həqiqətən, tarixi əhəmiyyət daşıyan bu mühüm qərarlar 1970-1980-ci illər arasında və daha sonrakı perspektivdə ölkənin sosial-iqtisadi inkişafının əsas istiqamətləri üzrə kompleks məsələləri müəyyənləşdirmişdi.

Bu gün tam əminliklə söyləmək olar ki, Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, sistemli şəkildə artan xarici iqtisadi əlaqələri, dünya iqtisadiyyatına get-gedə daha dərindən inteqrasiya olunması hələ 1969-1982-ci illərdə təməli qoyulmuş xalq təsərrüfatı potensialına əsaslanır.

Sənayenin dinamik yüksəlişini təmin etmək üçün iqtisadiyyatda struktur siyasətinin prinsipial şəkildə yeni istiqamətləri işlənib hazırlanmışdı. Bu istiqamətlər sənayenin qabaqcıl və mütərəqqi sahələrinin, ilk növbədə maşınqayırma kompleksində, kimya və neft kimyasında, əlvan metallurgiyada texniki cəhətdən yeniləşmə və yenidənqurma prosesləri ilə eyni vaxtda neft və qaz hasil edən, neft emal edən sənayenin, energetikanın, qara metallurgiyanın və dağ-mədən sənayesinin genişlənməsini nəzərdə tuturdu.

Azərbaycanın təşəbbüsü ilə ümumittifaq səviyyədə qəbul olunmuş qərarlarla elmi-texniki tərəqqi əsasında respublikanın sənaye bazasının inkişaf etdirilməsində, sənayenin strukturunun təkmilləşdirilməsində, iri cihazqayırma, radiotexnika, elektrotexnika, dəzgahqayırma və avtomobil sənayesi müəssisələrinin yaradılmasında, fəaliyyətdə olan zavodların yenidən qurulmasında və genişləndirilməsində yeni mərhələnin başlanğıcı qoyuldu. Həmin qərarlar respublika ərazisində sənaye müəssisələrinin yerləşdirilməsi işinin köklü surətdə yaxşılaşdırılmasında böyük rol oynadı, şəhər və rayonların kompleks inkişafına, əmək ehtiyatlarından səmərəli istifadə edilməsinə, xalqın rifah halının yaxşılaşmasına kömək göstərdi.

Bu gün Azərbaycan iqtisadiyyatının inkişafını təmin edən bir çox istehsal obyektləri həmin dövrün məhsuludur. Neft sənayesinin iqtisadi inkişafdakı rolunu müdrikliklə nəzərə alan Heydər Əliyev ötən əsrin 70-ci illərində bu sahənin dinamik inkişafına nail olmuş, neft-kimya sənayesinin tamamilə modernləşdirilməsini təmin etmişdir. Həmin dövrdə neft sənayesinin inkişafında tamamilə yeni mərhələ başlanmış, bu zəngin milli sərvətin Azərbaycanın rifahına xidmət edən vasitəyə çevrilməsi prosesinin əsası qoyulmuşdur. Yeni yataqların kəşfiyyatı, qazılması, işlənməsi, mütərəqqi texnologiyalardan və üsullardan istifadədə yeniliklər də məhz Heydər Əliyevin təşəbbüskarlığı nəticəsində mümkün olmuşdur.

Bu illər ərzində Azərbaycan paytaxtının görkəmi tamamilə dəyişmişdi. Paytaxtımızın simasını müəyyənləşdirən müasir memarlıq üslubunda inşa edilmiş çoxsaylı binalar, mədəniyyət obyektləri, abidələr ucaldılmışdı. 13 ildə yaşayış evləri tikintisinin həcmi ağlagəlməz dərəcədə artmışdı, belə ki, bu dövrdə tikilmiş yaşayış binaları bütün Bakı şəhərinin yaşayış fonduna bərabər tutula bilərdi.

Heydər Əliyevi minlərdən, milyonlardan fərqləndirən üstün cəhət bu idi ki, o, məmləkətin inkişafı üçün zəruri olan məqamları görə bilirdi, qarşıya konkret məqsədlər qoyurdu və insanları bu məqsədlər naminə səfərbər edirdi, qüvvələri səmərəli şəkildə istiqamətləndirirdi. Elə o illərdə də hər il minə yaxın azərbaycanlı gəncləri keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərinə təhsil almaq üçün göndərməkdə, onların Vətən və xalq üçün layiqli vətəndaş kimi yetişdirilməsinə kömək göstərməkdə də Heydər Əliyevin məqsədi bundan ibarət idi.

1982-ci ildə Sov. İKP MK Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini seçildikdən sonra da Heydər Əliyev öz qayğı və diqqətini Azərbaycandan əskik etmədi. SSRİ-nin rəhbərlərindən biri olaraq Heydər Əliyev daim Azərbaycanda özü tərəfindən başlanmış quruculuq işlərinə hərtərəfli dəstək vermişdir.

1987-ci ildə M.Qorbaçovun avantürist siyasətinə etiraz əlaməti olaraq Heydər Əliyev tutduğu bütün vəzifələrdən istefa verdi. Bununla da Azərbaycanın yeni faciələri başlandı. Yenidənqurma pərdəsi altında respublika iqtisadiyyatı məhv edildi. Fərsiz rəhbərlərin bir-birini əvəzlədiyi Azərbaycanda xaos, anarxiya vüsət aldı. Heydər Əliyevin yüksək dövlət vəzifələrindən istefasından cürətlənən ermənilər Dağlıq Qarabağda separatçı hərəkata start verdilər. Heydər Əliyev istər Azərbaycan KP MK-nın birinci katibi olanda, istərsə də Moskvada çalışdığı illərdə ermənilərin bu cür iddialarının qarşısını dəfələrlə almış, bu iddiaların sərsəm xəyallardan başqa bir şey olmadığını SSRİ rəhbərlərinə başa sala bilmişdi. Bir yandan Dağlıq Qarabağ hadisələri, digər yandan da ölkədə sonu görünməyən hakimiyyət uğrunda mübarizə Azərbaycanı vətəndaş müharibəsinin astanasına gətirmişdi.

Məhz belə bir anda xalq yenidən üzünü öz böyük oğluna - Heydər Əliyevə çevirdi. Xalqın təkidli tələbi ilə 1993-cü ilin iyununda hakimiyyətə qayıdan Heydər Əliyev siyasi təcrübəsi, uzaqgörənliyi və sarsılmaz iradəsi sayəsində ölkəni vətəndaş müharibəsi təhlükəsindən və ictimai-siyasi pərakəndəlikdən qurtardı, qanunçuluğu bərpa etdi və cəmiyyəti vahid məfkurə ətrafında birləşdirdi. Heydər Əliyevin hakimiyyətə gəlişi ilə milli birliyin təmin edildiyi günü xalq özünün əsl xilaskarı şərəfinə Azərbaycanın ən yeni tarixinə Milli Qurtuluş Günü kimi yazdı.

Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə əsas qayəsi müstəqillik, azərbaycançılıq, dövlətçilik, respublikaçılıq, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik və s. ümumbəşəri dəyərlər olan yeni bir ideologiyanın əsası qoyuldu.

Həm birinci, həm də ikinci hakimiyyəti dövründə Heydər Əliyevin əsas missiyası Azərbaycanı xilas etmək olub. Əgər 1969-cu ildə Azərbaycan iqtisadi fəlakətin astanasında idisə, 1993-cü ildə məhv olmaq ərəfəsində idi. Yalnız Heydər Əliyev zəkası Azərbaycanı bu bəlalardan xilas etdi.

Ümummilli liderimiz Azərbaycan xalqına 2003-cü il 1 oktyabr tarixli müraciətində deyirdi: “Bu illərdə istər bir azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, istərsə də onun rəhbəri, Prezident kimi mənim həyat amalım yalnız Sizə - bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam.”

Öz gücünü və iradəsini xalqdan alanlar isə yenilməzdir. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ulu öndərin siyasi kursunu uğurla davam etdirir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Azərbaycanın gələcək uğurları Heydər Əliyevin siyasəti ilə bağlıdır. Bu siyasətə alternativ yoxdur. Yalnız bu siyasət Azərbaycanı uğurlu gələcəyə aparacaqdır.”

 

 

Asəf NADİROV,

Azərbaycan Milli Elmlər Akademiyasının

akademiki, Heydər Əliyev İrsini Araşdırma

Mərkəzi Elmi-Redaksiya Şurasının sədri

 

Xalq qəzeti.- 2009.- 10 iyul.- S. 4.