Qloballaşan iqtisadi sistemdə aqrar siyasət
(əvvəli
5 iyul 2009-cu il tarixli sayımızda)
Kənd təsərrüfatı
istehsalının özülünü təşkil edən təbii
resursların aşınma prosesləri onların bərpası
və mühafizəsi işlərini ön plana keçirir. Bu problem təxirəsalınmaz,
elmi cəhətdən əsaslandırılmış və
qabaqcıl dünya təcrübəsinə söykənən
real tədbirlər görülməsini tələb edir.
Torpağın hazırkı istismar metodları təbiətin
bəxş etdiyi bu əvəzsiz neməti, demək olar ki,
davamlı zorakılığa məruz qoyur və mütəmadi
olaraq artan, hədsiz təzyiqlər altında saxlayır. Buna görə də torpağın becərilmə
metodologiyasına yenidən baxılmalı, elə istehsal
texnologiyaları seçilməlidir ki, bu texnologiyalar
torpağın mühafizəsi və bərpası
üsüllarını özündə əks etdirsin. Bu məqsədlə ekoloji kənd təssərrüfatı
istehsalının genişləndirilməsinə,
torpaqların mühafizəsi və bərpası
üçün yeni layihələrinin hazırlanmasına,
habelə torpağın istismar qaydalarının köklü
surətdə modernləşdirilməsinə ehtiyac vardır.
Əlli-altmış il bundan öncə
işlənmiş üsullar təbii ki, bugünkü
çağırışlarla ayaqlaşmazlar.
Azərbaycanda torpaq və
su resurslarının mühafizəsi və bərpası sahəsində
Avropa İttifaqı ilə qarşılıqlı fayda verə
billəcək layihələrin həyata keçirilməsi
yaxşı perspektivlər vəd edir. Məlumdur ki, Avropa
İttifaqı ekoloji təmiz kənd təsərrüfatı
və qida məhsulları idxalında olduqca maraqlıdır. Avropa
İttifaqı bu maraqları Azərbaycanda torpaqların
mühafizəsi və bərpası sahəsində layihələrdə
iştirak etməklə təmin edə bilər. Bu layihələr
çərçivəsində Azərbaycanda yüksək
keyfiyyətli, ekoloji kənd təsərrüfatı və
qida məhsulları istehsalı zəncirini yaratmaq və bu məhsulları
Avropa İttifaqının bazarlarına çıxarmaq olar. Beləliklə,
Avropa İttifaqı həm ekoloji təmiz, insan
sağlamlığı və ətraf mühit
üçün heç bir təhlükəsi olmayan kənd
təsərrüfatı və ərzaq məhsulları almaq,
həm də böyük məbləğdə maliyyə vəsaitləri
qənaət etmək şansı əldə etmiş
olacaqdır.
Qida təhlukəsizliyi,
süni surətdə məhsuldarlığın
artırılması, gen mühəndisliyi, müxtəlif
istiqamətli kimyəvi preparatlar və s. istehsalı
üçün xərclənən külli miqdarda maliyyə
vəsaitlərinin bir hissəsini Azərbaycanda ekoloji kənd
təsərrüfatı istehsalının genişləndirilməsi
layihələrinə xərcləməklə Avropa
İttifaqı ikiqat fayda əldə etmiş olar. Nisbətən
az vəsait xərcləməklə daha çox miqdarda və
daha ucuz bioməhsullar əldə etmək kimi
üstünlük qazanar. Fikrimizcə bu məsələlərə
dair Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq
layihələri həyata keçirmək perspektivləri
olduqca genişdir.
Torpaq resurslarının
mühafizəsindən danışarkən torpağın
hazırkı yüklənmə həddinə nəzər
yetirmək zəruriyyəti yaranır. Məlumdur ki,
hazırda Azərbaycanda kənd təsərrüfatı məhsullarının
əsas istehsalı özəl sektorda həyata keçirilir. Statistik məlumatlara görə, özəl sektorun
kənd təsərrüfatı istehsalında payı 99,6 faiz
təşkil edir. Əgər nəzərə alsaq ki,
respublika üzrə kənd təsərrüfatı
istehsalı üçün yararlı olan torpaqların ancaq
32 faizi (1,44 milyon hektar) özəl sektorda istismar olunur, onda
aydın olar ki, bu torpaqlar nə dərəcədə
yüklənmişdir və ciddi təzyiqlər
altındadır.
Əlbəttdə,
torpağın belə fasiləsiz istismarı onun
özünübərpa imkanlarını puç edir, torpaqlar
gücdən düşür və beləliklə, onun
münbitliyi və məhsuldarlığı getdikcə
azalır. Canlı orqanizm olan torpaq müasir dövrdə bir tərəfdən
kimyəvi, bioloji, iqlim və s. təsirlərə məruz
qalmaqla, digər tərəfdən isə fasiləsiz surətdə
istismar olunmaqla müntəzəm basqı altındadır. Bu
vəziyyət uzun müddət davam edə bilməz. Özəl
sektorda olan torpaqların istismar qaydalarında mütləq dəyişikliklər
edilməsinə nail olmaq gərəkdir. Bu
istiqamətdə müsbət nəticələr əldə
etmək üçün kənd təsərrüfatı
istehsalına yararlı olan dövlət və bələdiyyə
torpaqlarının istehsal dövriyyəsinə cəlb eidlməsi
problemin həllində yaxşı nəticələr verə
bilər.
Burada müxtəlif variantlar
mümkündür. Məsələn, bələdiyyə
və dövlət mülkiyyətində olan, lakin istifadə
olunmayan torpaqları özəl torpaq sahiblərinə müvəqqəti
olaraq, təmənnasız istifadəyə verməklə həmin
torpaq mülkiyyətçilərinə məxsus olan torpaq sahələrinin
dincə qoyulmasını və bərpası tədbirlərinin
həyata keçirilməsini təşkil etmək olar. Belə yanaşma torpaq mülkiyyətçiləri
üçün də sərfəli olacaqdır.
Çünki istehsalçılar uzun müddət dincdə
olan dövlət və bələdiyyə torpaqlarını
becərməklə, yüksək məhsuldarlıq əldə
edəcəklər ki, bu da onların iqtisadi gəlirlərinin
artmasına səbəb olacaqdır. Torpaqlar bərpa
olunandan sonra isə sahibkarlar yenidən şəxsi sahələrinə
qayıdaraq məhsuldar istehsalla məşğul ola bilərlər.
Yəni torpaq mülkiyyətçilərini müfəssəl
məlumatlandıraraq onları öz torpaqlarının bərpası
işlərində maraqlandırmaqla bu problemin həllində
müsbət nəticələr əldə etmək olar.
Torpaqların bərpası
işlərinin maliyyələşdirilməsi torpaq mülkiyyətçilərinin
hesabına deyil, digər mənbələr vasitəsilə təmin
edilməlidir. Çünki kənd təsərrüfatı
istehsalçıları hal-hazırda bu tədbirləri maliyyələşdirmək
iqtidarında deyildirlər. Təbii resursların mühafizəsi və bərpası
işləri isə mütləq yetərincə əsaslandırılmış
elmi tədqiqatlara söykənməlidir. Zaman dəyişdikcə
tələbatda baş verən keyfiyyət və kəmiyyət
dəyişiklikləri, yeni-yeni yanaşmalar, meydana
çıxan problemlər və böhran vəziyyətləri
müasir aqrar-sənaye kompleksinin müntəzəm olaraq elmi
tədqiqatlarla müşayiət olunmasını zəruri
edir.
Müasir həyat və fəaliyyətləri
elmi dəstəksiz təsəvvür etmək
qeyri-mümkündür. Hər hansı bir sahə davamlı
elmi axtarışların sayəsində inkişaf yolunda qala
bilər. Eyni zamanda, ötən müddətdə
əldə edilmiş elmi nailiyyət cari dövr
üçün özül olsa da, inkişaf, yeni
axtarışlar və yeni yanaşmalar hesabına davam edir. Əfsuslar
olsun ki, bu postulat Azərbaycanın aqrar sektorunda hələlik
bütünlüklə yer ala bilməmişdir. Aqrar-sənaye
istehsalı ilə elmi-tədqiqatlar arasında zəruri olan vəhdət
lazımi həddə deyildir. Aqrar sahə üzrə
mövcud olan elmi-tədqiqat institutları bir sıra obyektiv və
subyektiv səbəblər üzündən avanqardlıq və
innovasiyalıq funksiyalarını yetərincə icra etmək
iqtidarında deyildirlər. Bu səbəbdən də bəzən
elmi tədqiqatlara dırnaqarası baxılır və onun
vacib mahiyyətinə dərindən varmırlar. Ancaq, bu,
tamamilə yanlış mövqedir. Aqrar sahə mütəmadi
olaraq elmi-tədqiqatlarla müşayiət olunmalıdır.
Başqa yol yoxdur. Odur ki, aqrar sahə üzrə mövcud olan
elmi-təqiqat mexanizmi və onun institusional idarəetmə
sistemi yeniləşdirilməlidir. Müasir zaman müasir tədqiqatlar
sisteminin yaradılmasını qaçılmaz etmişdir.
Aqrar sahədə elmi-tədqiqat
sisteminin modernləşdirilməsindən danışarkən,
fikrimizcə, iki müxtəlif yanaşmadan
çıxış etmək lazımdır. Aqrar sahədə
fundamental xarakterli və tətbiqi(praktiki) xarakterli elmi-tədqiqatlar
sistemi bir-birindən ayrılmalı, onların idarəetmə
və maliyyələşdirmə mexanizmləri müxtəlifləşdirilməlidir.
Məsələn, aqrar sahə üzrə fundamental tədqiqat
sistemi Milli Elmlər Akademiyası sisteminə keçirilə
və ümumi fundamental tədqiqat strategiyası zəncirinə
daxil edilə bilər. Bu, sadəcə, institusional dəyişmə
xatirinə deyil, sahənin inkişafının təmin edilməsi
və keyfiyyətcə yeni mərhələyə
qaldırılması məqsədilə həyata
keçirilməlidir. Belə yanaşma aqrar sahənin
fundamental tədqiqat sisteminin genişləndirilməsinə,
modernləşdirilməsinə və maliyyə təminatının
yaxşılaşdırılmasına xidmət etməlidir.
Aqrar sahə üzrə tətbiqi
elmi-tədqiqat sistemi onun üzərinə qoyulan funksiyalarla
adekvatlaşdırılmalıdır. Tətbiqi mahiyət
daşıyan elmi-tədqiqatlar istehsalatla sıx əlaqələnməli
və bu vəhdət praktiki elmi-tədqiqatları istiqamətləndirməlidir.
Tətbiqi xarakterli elmi-tədqiqatlar öz nəticələrilə
istehsalatı, sahibkarlıq fəaliyyəti subyektlərini
maraqlandırmalı, onların sifarişləri əsasında
iş aparmalıdır. Bu bir tərəfdən. Digər tərəfdən isə praktiki elmi-tədqiqatçılar
öz elmi nailiyyətlrini təsərrüfatçılıq
subyektlərinə təklif etməli, elmi yeniliklərin
istehsalata verdiyi üstünlükləri sübuta yetirməli,
beləliklə, təsərrüfat subyektləri
üçün lokomotivə çevrilməlidir. Bunun müqabilində
tətbiqi xarakterli elmi-tədqiqat sistemi öz xidmətlərinə
görə bizines tərəfindən maliyyələşdirilməlidir.
Bununla yanaşı, bu sahənin
dövlət büdcəsi tərəfindən də dəstəklənməsi
zəruridir. Dövlət maliyyələşməsinin
yüksək nəticəli olması üçün onun məqsədli
əsaslarla həyata keçirilməsi vacibdir. Kadır
hazırlığı, maddi-texniki bazanın genişləndirilməsi
və modernləşdirilməsi, qabaqcıl təcrübənin
öyrənilməsi, informasiya təminatı və s. məsələlər
əsas məqsədlər sırasında yer almalıdır.
Bütün bünlarla yanaşı, bir daha qeyd
etmək lazımdır ki, özünümaliyyələşdirmə
prinsipi tətbiqi elmi tədqiqatların əsas
stimullaşdırıcı mexanizmi olmalıdır. Əks
halda belə bir tədqiqat sistemi dövrü tələblərlə
ayaqlaşmayacaqdır. Elmi-tədqiqat proseslərin
arxasınca qaçmamalı, transformasiyanın hərəkətverici
qüvvəsinə çevrilməlidir. Bu məqsədlərə
isə, aydın məsələdir ki, peşəkar,
yaxşı təhsil almış, sahəni yeniləşdirmək
iqtidarında olan kadrlar hesabına çatmaq olar.
Aqrar sahənin kadr potensialı
haqqında danışarkən bu sahə üzrə ciddi kadr
çatışmazlığı olduğunu vurğulamaq bir
o qədər də obyektiv olmaz. Respublikada aqrar sahə üzrə
ali və orta ixtisas təhsili almış kifayət qədər
mütəxəssislər mövcuddur. Lakin bu məsələ
ilə əlaqədar problem ondadır ki, ixtisaslaşdırma
metodologiyası və kadr potensialının idarəedilməsi
sistemi müasir tələblərə uyğun deyildir. Kadr
potensialı kadra olan tələbat əsasında
formalaşmalıdır. Kənd təsərrüfatı
istehsalının mövcud pərakəndəliyi bu sahədə
də problemlər yaradır. Xırda təsərrüfatlarda
ixtisaslı mütəxəssislərdən az istifadə
olunduğuna, bir çox hallarda, ümumiyətlə, mütəxəssislərə
müraciətlər edilmədiyinə görə təsərrüfat
subyektlərində onların ixtisaslarına aid işlərə
cəlb edilməsində problemlər yaranır. Əgər mütəxəssisə
tələbat yetərincə deyildirsə, təbii ki, bu
ixtisas üzrə təhsil almaq marağında olanların
sayı getdikcə azalacaqdır. Bu, zəncirvari bir proses
xarakterini almaqla aqrar sahə üzrə müasir səviyyəli
peşəkar kadrların hazırlanmasında və kadr
potensialının formalaşdırılması yolunda ciddi əngəllər
yarada bilər.
Aqrar sahə üzrə kadr
hazırlığının müasirləşdirilməsi məsələsinə
baxarkən iki aspekti diqqət mərkəzində saxlamaq gərəkdir.
Bu məsələ bir tərəfdən təhsil
sistemi ilə əlaqədardırsa, digər tərəfdən
aqrar sektorda həyata keçirilən əsaslı islahatlarla
— qloballaşmadan doğan yeni tələblərlə,
dünya iqtisadi sisteminə inteqrasiya proseslərilə və
s. bağlıdr. Aqrar sektorda həyata
keçirilən islahatlar bu sahəyə kadr tələbatını
müəyyən etməli, müvafiq rəqabət mühiti
formalaşdırmalı və kadrların hazırlanması
prosesinə oz təsirini göstərməlidir. İstehsal
münasibətlərinin modernləşdirilməsi, beynəlxalq
bazara inteqrasiya, qanunvericilik və normativ-texniki bazanın
beynəlxalq standartlara uyğunlaşdırılması istər-istəməz
müasir biliklərə yiyələnmiş kadrlara tələbat
yaradacaqdır.
Belə kadrların
hazırlanması üçün mütləq istehsal və
təhsil sistemləri tərəfindən birlikdə
planlaşdırma və proqnozlaşdırma tədbirləri həyata
keçirilməlidir ki, kadr hazırlığı prosesləri
praktiki tələbatın əsasında qurulsun. Bununla belə, kadr hazırlığı məsələsi
müzakirə edilərkən digər vacib bir amil-kəndin
müasirləşdirilməsi mütləq nəzərə
alınmalı, kadrların ancaq istehsal sahələrində
ixtisasları üzrə işlə təminatı probleminin həlli
deyil, eyni zamanda onların kəndi müasirləşdirmək
kimi vəzifələri də diqqətdən
qaçırılmamalıdır. Məhz bu kadrlar kəndin
müasirləşdirilməsi, avanqardçılıq
funksiyalarının yerinə yetirilməsi, yeniləşməli
olan regionların və kəndlərin modernləşdirilməsi
işlərini həyata keçirməyə qadir
olmalıdırlar.
Kəndin müasirləşdirilməsi
milli aqrar siyasətin digər vacib bir istiqamətidir.
Transformasiyaya məruz qalmış və inkişaf etməkdə
olan ölkələr üçün bu məsələ
olduqca önəmli əhəmiyyət kəsb edir. Kənd ərazilərinə
investisiya cəlb edilməsi, emal sənayesinin kənd yerlərində
genişləndirilməsi, regionlarda səriştəli kadr
potensialının formalaşdırılması və s.
üçün kəndin müasirləşdirilməsi həlledici
əhəmiyyətə malikdir. Müasir zamanda
insanlar harada yaşamalarından asılı olmayaraq müasir
dövrün bütün rifah və nemətlərindən
faydalanmaq və rahat yaşamaq arzusundadırlar.
İnsanların bu fundamental hüquqlarının təmin
edilməsi üçün kənd ərazilərinin yeniləşdirilməsi,
kənd əhalisinin sosial durumunun və yaşayış
tərzinin müasir dövrün tələblərinə
uyğunlaşdırılması mühüm rol oynayır.
İqtisadi-siyasi islahatlar həyata
keçirilən ölkələrdə, o cümlədən
Azərbaycanda keçid dövrünün ilk illərində
kəndin sosial-iqtisadi durumu xeyli pisləşmişdir. Bu səbəbdən
də kənd əhalisi kəndləri tərk edir, kənd təsərrüfatı
istehsalından, təsərrüfatçılıq fəaliyyətindən
uzaqlaşır, şəhərlərə və digər
ölkələrə miqrasiya edirdilər. Lakin, ümummilli
lider Heydər Əliyevin Azərbaycana rəhbərliyə
qayıdışından sonra onun təşəbbüsü
və səylərilə həyata keçirilən əsaslı
islahatlar kənd yerlərinin sosial-iqtisadi inkişafında
dönüş yaratmışdır. Bu islahatlar hesabına kəndin
siması getdikcə dəyişməyə
başlamışdır. Ölkə iqtisadiyyatı gücləndikcə
kəndin problemləri öz həllini tapır və
respublikanın regionlarında, kənd ərazilərində
sosial-iqtisadi vəziyət ilbəil yaxşılaşır.
Bu məsələnin həllində regionların sosial-iqtisadi
inkişafı üzrə I Dövlət Proqramı
mühüm rol oynamışdır. Bu proqramın icrası nəticəsində
kənd infrastrukturunun, təhsil, tibb, kommunikasiya sistemlərinin
və s. yeniləşdirilməsi istiqamətində
yaxşı uğurlar qazanılmışdır.
Kənd yerlərinin müasirləşdirilməsi
ilə əlaqədar Heydər Əliyev Fondunun regionlarda həyata
keçirdiyi işlər olduqca ciddi önəm
daşıyır. Fondun rəhbəri Mehriban xanım Əliyevanın
bu yöndəki fəaliyyəti əvəzedilməz bir
missiyadır və tarixi mahiyyətə malikdir. Fondun
maliyyə dəstəyilə yeni-yeni modern tibb müəssislərinin
yaradılması və köhnələrinin əsaslı
şəkildə yeniləşdirilməsi, “Yeniləşən
Azərbaycana yeni məktəb” devizi altında
çoxsaylı müsir kənd məktəblərinin tikilib
istifadəyə verilməsi və s. kənd ərazilərinin
müasirləşdirilməsi işinə böyük
tövhələr vermişdir.
Kənd ərazilərinin
inkişafı və kənd əhalisinin həyat tərzinin
müasirləşdirilməsi üçün kənddə
yeni maliyyələşdirmə sisteminin
formalaşdırılması vacibdir. Bu məsələnin həlli
üçün kənd yerlərində maliyyə kooperativlərinin
yaradılması olduqca faydalı ola bilər. Sahibkarların
özlərinin maliyyə vəsaitləri hesabına bank
olmayan kredit təşkilatlarının yaradılması ilə
özünümaliyyələşdirmə prinsipi əsasında
kənd əhalisi yeni və sadə maliyyələşmə
mənbəyi qazanmış olar. Kənd ərazilərində
yeni alternativ maliyyə mənbələrinin olması orada
yaşayan insanların maliyyə ehtiyaclarının ödənilməsini
yaxşılaşdıracaqdır ki, bu da kənddə
istehsal, sosial-iqtisadi və mədəni-məişət
yönlü işlərin həyata keçirilməsi proseslərini
sürətləndirəcək, kəndin müasirləşdirilməsi
işlərini stimullaşdıracaqdır.
Kəndin müasirləşdirilməsinin
digər vacib əhəmiyyəti müasir zaman
üçün problemə çevrilən urbanizasiyanın
azaldılmasına yardımçı olmaqdır. Müasir dövrdə urbanizasiya, demək olar ki,
bütün dövlətlər üçün ciddi
çağrışa çevrilməkdədir. İstər
inkişaf etmiş, istərsə də inkişaf etməkdə
olan ölkələrdə bu məsələ kifayət qədər
qabarıqdır və çətinliklər törətməkdədir.
Müqayisələr göstərir ki, keçid dövrü
yaşayan dövlətlərdə ürbanizasiya daha ciddi
xarakter almışdır. Bu təzahür Azərbaycan
üçün də yad deyildir və özünün bir
sıra neqativ nəticələrilə müəyyən
sıxıntılar yaratmaqdadır. Urbanizasiya
ilk öncə kənd yerlərindən kadr axınını
sürətləndirir, işçi qüvvəsini zəiflədir,
digər tərəfdən isə şəhər yerlərində
artıq işçi qüvvəsinin yaranmasına,
sosial-iqtisadi və məişət problemlərinin genişlənməsinə
səbəb olur.
Urbanizasiyanın sürətlənməsini
şərtləndirən bir neçə səbəb göstərmək
olar. Bunlar sosial və iqtisadi xarakterli amillərdir.
İnsanların rahat və firəvan yaşamaq arzuları, kənd
yerlərində kifayyətedici gəlirlərin
qazanılması imkanlarının məhdudluğu, iqtisadi
islahatların ilk illərində əsas investisiyaların iri sənaye
mərkəzlərində və paytaxt şəhərlərdə
cəmlənməsi və s. amillər urbanizasiyanı
genişləndirən başlıca səbəblərdir. Aqrar siyasətin hədəf aldığı tədbirlər
sistemi və seçilmiş strategiya ümumilikdə
urbanizasiyanın azalmasına kömək etməli, kəndi tərk
etmiş insanların öz doğma torpaqlarına
qayıtmasına, orada yaşayıb-yaratmasına, müasirləşdirilmiş
kəndin rifah və rahat həyat şəraitindən
faydalanarq məhsuldar işləmələrinə stimul
yaratmalıdır. Kəndin müasirləşdirilməsi,
regionların iqtisadi inkişafı, aqrar sektorun qlobal
bazarın bir seqmentinə çevrilməsi və s.
urbanizasiyanın azaldılmasına şərait yaratmaqla
yanaşı ixracyönümlü məhsul istehsalının
artırılmasına, beləliklə, ölkənin ixrac
potensialının genişləndirilməsinə
yardımçı olacaqdır.
Azərbaycanın ixrac
potensialının genişləndirilməsindən
danışarkən əksər hallarda Qərb dövlətlərilə
əlaqələrə üstünlük verilir. Lakin, hesab
edirik ki, belə birtərəfli yanaşma məqbul
sayılmamalıdır. İxrac potensialı haqqında
danışarkən iki aspektdən çıxış etmək
məqsədəmüvafiqdir. Birincisi, biz
özümüz üçün müəyyən etməliyik
- bizim hansı məhsullarımız qlobal bazarda daha rəqabətqabiliyyətlidir,
daha cəlbedicidir; ikincisi Azərbaycandan kənd təsərrüfatı
və ərzaq məhsullarının ixracı
üçün daha asan, sərfəli region və dlövlətlər
hansılardır.
Məlumdur ki, ticarət əlaqələri
iqtisadi maraqlar üzərində qurulur. Avropaya can atmaq
çox yaxşı əlamətdir. Lakin, təkcə Avropa
ilə kifayətlənmək və ya əsas resursları bir
istiqamətə sərf etmək düzgün deyildir.
İqtisadiyyatın diversifikasiyası kənd təsərrüfatı
və ərzaq məhsullarının idxal-ixrac əməliyyatlarını
da əhatə etməlidir. Bu baxımdan Fars Körfəzi
dövlətləri Azərbaycan məhsulları
üçün çox sərfəli bazardır. Səudiyyə
Ərəbistanı, Küveyt, Birləşmiş Ərəb
Əmirlikləri və s. kimi dövlətlərlə iqtisadi əlaqələrin
genişləndirilməsi bizim üçün olduqca
perspektivli ola bilər. Külli miqdarda maliyyə resurslarına
malik olan bu ölkələr öz coğrafi mövqelərinə,
torpaq-iqlim şəraitinə görə kənd təsərrüfatı
istehsalı üçün bir o qədər də əlverişli
deyildirlər. Aqrar sahə üzrə Azərbaycan
bu ölkələrlə sıx əməkdaşlıq
qurmaqla göstərilən dövlətlərdən investisiya
cəlb edə və beləliklə də həmin ölkələrin
tələbatını ödəmək üçün məhsul
istehsalını və ixracını artıra bilər.
Əsas kənd təsərrüfatı
məhsulları ilə yanaşı, Azərbaycan şərati
üçün səciyyəvi olan məhsulların istehsal
sahələrinin genişləndirilməsi məqsədilə
müştərək müəssisələrin
yaradılması və ya investisiya cəlb edilməsi və
hazır məhsulların həmin ölkələrə göndərilməsi
respublikanın ixrac potensialının genişləndirilməsi
işini xeyli qabağa apara bilər. Belə əməkdaşlıqdan
bütün tərəflər yaxşı fayda qazanarlar. Qərblə
yanaşı, Şərq dövlətlərilə də əməkdaşlıq
qurmaq Azərbaycanın iqtisadi maraqları çərçivəsindədir
və aqrar sahə belə əməkdaşlıq
üçün çox yaxşı imkanlara malikdir.
Son olaraq, bir daha
vurğulamaq gərəkdir ki, qloballaşma şəraitində
rəqabətə dözümlülük ən
başlıca tələbdir. İqtisadi cəhətdən rəqabətə
dözümlü olmaqla yanaşı, təhlükəsizlik və
keyfiyyət üzrə də bütün şərtlərə
uyğunluq gərəkdir. Çünki müasir tələbatın strukturunda
keyfiyyət və təhlükəsizlik tələblərinin
ciddiləşməsinə doğru meyllənmə
dinamikası getdikcə artmaqdadır. Kənd təsərrüfatı
və qida məhsullarının təhlükəsizliyi və
keyfiyyəti müasir zamanda ən çox diqqət yetirilən
amillərdir.
İstehsal, qablaşdırma,
saxlama, daşıma və s. qaydaları mövcud olan beynəlxalq
standartların və texniki normaların bütün şərtlərinə
uyğun olmalıdır ki, kəskin rəqabət hökm
sürən qlobal bazarda yer tutmaq mümkün olsun.
Düşünürük ki, aqrar siyasətin təklif olunan
komponentləri vahid strategiya halında, əlaqəli surətdə
həyata keçirilərsə aqrar-sənaye kompleksinin
davamlı inkişafına yaxşı əsaslar yaratmaq və
qarşıya qoyulan hədəflərə daha tez çatmaq
olar.
Köçəri İMANOV,
Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı,
texnika elmləri namizədi
Xalq qəzeti.- 2009.- 11 iyul.- S. 6.