14 iyul 1969-cu il – zirvəyə yüksəlişin başlandığı gün

 

1969-cu ilin 14 iyulu respublikamızın tarixində dönüş günü, xalqımızın yaddaşında ən şərəfli gün kimi qalır. Respublikamızın mədəni, iqtisadi yüksəlişində, xalqımızın rifah halının yaxşılaşdırılmasında, indiki müstəqil dövlətimizin təməlinin qoyulmasında həmin günün müstəsna rolu olmuşdur.

 

Hamımız üçün çox əziz olan həmin gündə xalqımızın böyük oğlu, müdrik şəxsiyyət, nəhəng Sovetlər ölkəsində təşkilatçılıq qabiliyyətinə görə alternativi olmayan ulu öndərimiz Heydər Əlirza oğlu Əliyev Azərbaycanda ilk dəfə hakimiyyət başına gəlmişdir.

O dövrün canlı şahidlərindən biri də mən olmuşam. Hələ gənc yaşlarımdan 12 ilə yaxın idi rayonda məsul və rəhbər komsomol, partiya və sovet işlərində çalışırdım. Respublikanın acınacaqlı vəziyyətini yaxşı bilir, yaranmış vəziyyətə görə bir vətənpərvər kimi məyus olurdum. Ölkədə ətalət hökm sürür, təsərrüfat və iqtisadiyyat gündən - günə zəifləyir, xalqın vəziyyəti pisləşirdi. Xalqın rəğbətini qazanmış, işgüzar və mənəviyyatca saf olan işçilər sıxışdırılır və şəxsi mənafelərə görə sıradan çıxarılırdı.

Yadımdadır, 1969-cu il iyul ayının 14-də axşam xəbər yayıldı ki, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumu olmuş, plenum təşkilat məsələsini müzakirə etmişdir. Heydər Əlirza oğlu Əliyevi Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi və büro üzvü seçmişdir. Həmin xəbəri bir qədər sonra Moskva verdi. Səhəri, 15 iyulda isə respublikamızın və İttifaqın bütün mərkəzi qəzetləri bu plenum barədə məlumatı öz birinci səhifələrində dərc etdilər.

Respublikanın rəhbərliyində olan dəyişikliklər məni daha çox maraqlandırırdı. Heydər Əliyevin ilk qərarlarını, respublikanın bərbad vəziyyətinə və onu bu günə salanlara münasibətini, işə necə başlaması və hansı tədbirləri həyata keçirməsi ilə çox yaxından maraqlanırdım.

Heydər Əliyev çox cavan, yaraşıqlı, həsəd aparılan, xarizmatik bir şəxsiyyət idi. O vaxta kimi onu adamlar efirdə və həyatda çox az görmüşdülər. Ona görə də hamı onu heç olmasa televiziyada görməyi arzulayırdı. Az bir vaxtdan sonra xalq arasında Heydər Əliyev barədə maraqlı əhvalatlar da dolaşırdı. Onun tanınmayan maşınlarla mağazalara, yeməkxanalara, istehsalat kollektivlərinə getməsi, özünü tanıtmadan adamlarla görüşüb söhbətlər etməsi və digər maraqlı tədbirləri barədə hər gün yeni-yeni xəbərlər dolaşırdı. Hamı respublikadakı ictimai mühitin yaxşılaşmasını, haq - ədalətin bərpa edilməsini, bərbad vəziyyətin düzəlməsi üçün sanballı tədbirlərin həyata keçirilməsini səbirsizliklə gözləyirdi.

Çox keçmədi ki, Heydər Əliyevin başçılıq etdiyi Mərkəzi Komitənin kəsərli qərarları mətbuatda dərc edilməyə başlandı. Əvvəlcə respublika, sonra isə şəhər və rayonlar səviyyəsində ölkəni pis vəziyyətə salan “rəhbərlər” barədə zərgər dəqiqliyi ilə təsirli tədbirlər görüldü. Mübaliğəsiz deyirəm ki, həyata keçirilən bu tədbirlər xalq tərəfindən böyük rəğbətlə qarşılanıb alqışlanırdı və adamların daha böyük ruh yüksəkliyi ilə işləmələrinə səbəb olurdu. Xalq Heydər Əliyevin şəxsində özünün arzuladığı rəhbəri tapmışdı.

Heydər Əliyevin ən təsirli ilk tədbirlərindən biri işgüzar, xalqa sadiq, mənəvi cəhətdən saf olan kadrları seçib respublikada, şəhər və rayonlarda rəhbər vəzifələrə təyin etməsi idi. O, belə adamları axtarıb tapır və rəhbər vəzifələrə qoyur, onlara kömək etməklə bərabər, tələbkarlıq da göstərirdi.

1969-cu ilin dekabr ayının son günlərindən biri idi. Bir binada işlədiyimiz halda 5 il ərzində bir dəfə də olsun mənim iş otağımın qapısını açmayan rayon partiya komitəsinin birinci katibi içəri daxil olub dedi: – Mahmudov nə ilə əlaqədar olduğunu bilmirəm, sabah tezdən Mərkəzi Komitədə olmalısınız.

Səhəri gün Mərkəzi Komitədə oldum. Məlum oldu ki, bir sıra rayonlara yeni ildən etibarən əlavə üçüncü katib ştatları verilməsi ilə əlaqədar 19 rayondan həmin vəzifələrə seçmək üçün söhbətə kadrlar çağırıblar. Mən isə Tərtər rayonuna nəzərdə tutulmuşam.

Həmin günlərdə MK-nın yeni birinci katibi Heydər Əliyev Moskva şəhərində xidməti ezamiyyətdə, ikinci katib Kozlov isə məzuniyyətdə idi. Dəvət olunmuş kadrlarla söhbəti MK-nın iki nəfər sahə katibləri aparırdı. Məni təqib edən MK katibi hələ vəzifə kürsüsündə otururdu. Ona görə də söhbətdən uğurla keçə bilmədim və geri qayıtdım.

20 gündən sonra məni yenidən MK-ya dəvət etdilər. Artıq Heydər Əliyev öz iş yerində idi. Mənə Tərtər rayonunda birinci katiblik vəzifəsi təklif edildi. Mən yerli adam olduğum üçün bu vəzifəyə göndərilməyimi məqsədə müvafiq hesab etmədim. Belə olduqda isə mənə hələlik Tərtərdə üçüncü katib kimi çalışmağımın, sonra isə hansısa bir rayona birinci katib göndəriləcəyimin nəzərdə tutulduğunu bildirdilər. Həm də bu barədə Heydər Əliyevin mənim barəmdə şəxsi tapşırığının olduğunu dedilər. Aydın oldu ki, ulu öndərimiz hələ respublika dövlət təhlükəsizliyi orqanlarına başçılıq edərkən mənim barəmdə kifayət qədər məlumata malik imiş. Mənə qarşı edilən haqsızlıqları və ciddi təqiblərə məruz qalmağımı yaxşı bilirmiş.

1970-ci ilin mart ayında Tərtər Rayon Partiya Komitəsinin plenumunda, beş il ərzində məni sıradan çıxarmaq üçün dəridən - qabıqdan çıxan birinci katibi vəzifəsindən azad etdilər və onu yeni birinci katiblə əvəzlədilər. Məni isə raykomun üçüncü katibi seçdilər.

Açığını deyim ki, Heydər Əliyevin mənə göstərdiyi belə böyük qayğını çox yüksək qiymətləndirir, o böyük insanın gecə - gündüz gərgin işlədiyi və çox mürəkkəb məsələləri həll etdiyi bir zamanda vaxt tapıb mənimlə maraqlanmasına təəccüb və qibtə edirdim. Bu mənim şəxsimdə ulu öndərimizin yüksək humanistliyini, obyektivliyini, geniş məlumata malik olmasını, müstəsna idarəçilik qabiliyyətini göstərən amillərdən biri idi.

Ona görə də Heydər Əliyevin əziz xatirəsi o vaxtdan qəlbimdə əbədi olaraq möhkəm yer tutmuş və həmişə onu ən əziz adamım kimi yad etmişəm. Çünki mənim və bütün yaxınlarımın həyatda əldə etdiyi uğurlara görə mən yalnız Heydər Əlirza oğlu Əliyevə minnətdaram.

Bir müddət Tərtər rayonunda üçüncü katib işləyəndən sonra yenidən MK-ya dəvət olunaraq ulu öndərimizin şəxsi tapşırığı əsasında Balakən rayonuna birinci katib göndərildim. Onun yaxından köməyi və məsləhətləri nəticəsində Balakəndə uğurlarımız az olmadı. Rayon respublikamızda qabaqcıllar sırasında özünə yer tuta bildi.

Beş ildən sonra məni çağırıb respublikanın ən çətin və mürəkkəb rayonlarından biri olan Kürdəmirə dəyişdilər. Heydər Əliyevlə bir çox şəxsi görüşlərim, telefon danışıqlarım və söhbətlərim olmuşdu. Amma Balakəndən Kürdəmirə dəyişilərkən onun iş otağında olan söhbətimizi heç vaxt unutmaram. Təklikdə bir saatdan artıq çəkən söhbətimizdə bu dahi şəxsiyyət Balakəndəki işimdən dəfələrlə razılığını bildirərək Kürdəmirin çətinliklərini qeyd etdi və dedi ki, “birdən ağlına başqa şey gələr, səni Balakənə də özüm göndərmişəm, indi Kürdəmirə də özüm göndərirəm. Bu rayonların hər ikisi eyni ictimai - siyasi mühitə malik rayonlardır. Sən Balakəndə yaxşı işləmisən, istəyirəm Kürdəmirdə də bizə köməklik göstərəsən”. Sonra əlavə etdi ki, “Balakənə baxma, Kürdəmir ağır rayondur. Sən bir az utancaq adamsan, çəkinmə. Bu telefonlar həmişə sənə cavab verəcək. Bu qapıda sən heç vaxt çox gözləməyəcəksən”.

Mən cavabımda belə yüksək etimad üçün böyük razılığımı bildirdim və dedim ki, yoldaş Heydər Əlirza oğlu, mən bundan sonra daha gərgin işləməliyəm və belə də olacaq. Kürdəmirdə işlədiyim müddətdə mənə daha yaxından köməkliklər göstərildi. Elə olub ki, mən bir həftə ərzində iki dəfə Heydər Əliyevin qəbulunda olmuşam və nə xahiş etmişəmsə hamısı öz həllini tapıb. Çox uzaqgörən, müdrik və mərd insan olan ulu öndərimizin bu görüşdə verdiyi dəyərli məsləhətlər və göstərdiyi səmimiyyət məni çox ruhlandırdı və səfərbər etdi. Elə buna görə də Kürdəmirdə də nəzərəçarpan uğurlar əldə etdik.

Onu da qeyd edim ki, 70-ci illərdə təsərrüfat, sovet və partiya orqanları Heydər Əliyevin rəhbərliyi altında çox böyük işlər görürdülər. Şəhər və rayon partiya komitələri və onların birinci katibləri fədakarlıq göstərirdilər. Birinci katiblər xalqa, dövlətə, partiyaya və xüsusilə Heyədər Əliyevə yüksək sədaqətlə xidmət edirdilər. Naxələflik göstərənlər isə qısa müddətdə vəzifələri ilə vidalaşmalı olurdular. Biz Heydər Əliyevi ürəkdən sevir və ona möhkəm inanırdıq. Onun hər bir tapşırıq və tövsiyələrini ən ali qanun sayır və icrasını mütləq təmin edirdik. Heydər Əliyevin hər bir müsbət sözünü özümüzə ən yüksək mükafat, tənqidini isə ciddi tənbeh hesab edirdik.

Onu da qeyd edim ki, Moskvaya rəhbər vəzifəyə gedəndən bir az sonra işdən azad olunmağım barədə məsələ qaldırdım və Kürdəmir Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsindən ərizəmə əsasən azad olundum.

Heydər Əliyev doğma vətəni Azərbaycana və millətinə ürəkdən bağlı olan, onları ürəkdən sevən və respublikamızın yüksəlişi üçün fədakarlıq göstərən rəhbər idi. Onun müdrik, uzaqgörən və səriştəli rəhbərliyi nəticəsində respublikamız nəinki nəhəng Sovetlər ölkəsində yüksək göstəricələrə nail oldu, həm də dünyada tanındı və özünün hazırki müstəqilliyini təmin etdi.

Heydər Əliyevin idarəçilik üslubu böyük bir məktəb idi. Onun natiqlik məharəti, adamlarla ünsüyyəti, onları hövsələ ilə dinləməsi, göstəriş və tövsiyələr vermək qabiliyyəti, kadarlara qayğı və tələbkarlıq göstərmək üslubu, çətin məsələləri həll etmək üçün qısa vaxtda çıxış yolu tapmaq bacarığı, iradə möhkəmliyi və yorulmazlığı həmişə heyrət doğururdu.

İndi açıq başa düşülür ki, Heydər Əliyev o vaxtlar həyata keçirdiyi böyük tədbirlərlə əslində müstəqilliyimizin təməl daşını qoyurmuş. Respublikamızda hərbi məktəblərin təşkili, oğlan və qızlarımızın hər il İttifaqın tanınmış ali məktəblərinə göndərilməsi, başqalarından asılılığımızı aradan qaldırmaq üçün respublikamızda görülən yüzlərlə sanballı və ağıllı işlər məhz indiki müstəqilliyimizin xatirinə imiş.

Açıq - aşkar hiss edirdik ki, Heydər Əliyev tabeçilikdə olan bir müttəfiq respublikanın birinci katibi vəzifəsinə sığışmr, ona müstəqil fəaliyyət və böyük meydan lazımdır. Bunu Sovet dövlətinin o vaxtkı başçıları da yaxşı hiss edirdilər. Müttəfiq respublikaların bütün birinci katibləri Heydər Əlirza oğluna yüksək ehtiramla yanaşır, SSRİ hökumətinin rəhbərləri onunla əməlli - başlı hesablaşırdılar. Moskvadakı bəzi rəhbərlərin ona qarşı olan qısqanclıqları da aydın hiss edilirdi. Bunu açıq göstərən halların dəfələrlə şahidi olmuşam.

Heydər Əliyevin fitri istedada malik olmasını və idarəçilik qabiliyyətini Sovetlər ölkəsinin bütün tanınmış adamları yaxşı bilirdilər. Bir dəfə SSRİ Hərbi Hava Qüvvələrinin komandanı, Sovet İttifaqı marşalı Koldunov Qəbələdəki RLS-ə baxmaq üçün Azərbaycana gəlmişdi. Onun xidməti təyyarəsi Kürdəmirdəki hərbi hissənin təyyarə meydançasına enmişdi. Orda mən onunla xeyli söhbət etdim. Koldunov Heydər Əliyevin müdrikliyindən, yüksək təşkilatçılıq qabiliyyətindən, natiqlik istedadından, orduya münasibətindən və misilsiz xidmətlərindən ağız dolusu danışdıqca mən qürur hissi keçirirdim. Əvvəllər Bakı Hava Hücumundan Müdafiə Dairəsi komandanının birinci müavini işləyən Koldunov Heydər Əliyevlə olan görüşlərindən, Hərbi Şuranın yığıncaqlarında onun iştirakından və çıxışlarından çox maraqlı məqamları danışır və deyirdi ki, onunla hər bir görüşümüz bizim üçün böyük dərs olurdu. Marşal dedi ki, Heydər Əliyev hərbi işi, onun elmi-nəzəri əsaslarını ölkənin yüksək çinli hərbçilərindən daha yaxşı bilirdi. O, dedi ki, Heydər Əliyev Azərbaycan xalqı üçün bir Tanrı bəxşişidir, onu qoruyun.

Ümummilli liderimiz Heydər Əlirza oğlu ilə bir yerdə işləmək, onun məsləhət və tövsiyələrini almaq böyük həyat məktəbi və misilsiz xöşbəxtlikdir. Onun respublikamıza uzun müddətli rəhbərlik dövrü Azərbaycan xalqının tarixinə qızıl hərflərlə həkk edilmişdir.

İndi ulu öndərimizin layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin müstəqil dövlətimizi Heydər Əliyev irsinə sədaqətlə idarə etməsi, onu bütün dünyada tanıtması və respublikamızın çiçəklənməsi üçün ağıllı tədbirlər həyata keçirməsi bütün xalqımız kimi Heydər Əliyevlə 1970-ci illərdə fədakarlıqla və sədaqətlə çiyin-çiyinə işləmiş dövlət qulluqçularını da ürəkdən sevindirir.

Bu şərəfli yolda ona böyük uğurlar, xalqımıza sülh və xöşbəxtlik arzulayıram.

 

 

Bilal MAHMUDOV,

dövlət qulluğu təqaüdçüsü

 

Xalq qəzeti.- 2009.- 12 iyul.- S. 5.