“Elmə xidmət etmək böyük xoşbəxtlikdir”

 

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, geologiya-mineralogiya elmləri doktoru, professor Kərim Kərimov “Azərbaycanda və Cənubi Xəzərdə depression zonaların dərinlik quruluşları, neftliliyi və qazlılığı” monoqrafiyasını oxuculara “Elmə xidmət etmək böyük xoşbəxtlikdir” məramı ilə təqdim edir. Görkəmli alim bu fikrin ardınca bildirir ki, öz xalqına, dünyada sülhə, əminamanlığa xidmət etmək hər bir sağlam düşüncəli insanın müqəddəs borcudur.

 

Dünya şöhrətli neftçi-geofizikin sayca 12-ci monoqrafiyası olan bu monumental əsər barədə söhbət açmazdan öncə onun keçdiyi mənalı ömür yoluna qısaca nəzər salmaq yerinə düşərdi. Ötən il 75 yaşı elmi-mədəni ictimaiyyət tərəfindən qədirbilənliklə qeyd olunan Kərim müəllim ömrünün ahıl çağında da yorulmaq bilmədən, gənclik həvəsi ilə çalışır. İndiki monoqrafiyanı müəllif son bir ildə ərsəyə gətirərək, “CBS” poliqrafiya mərkəzində çap etdirmişdir. Milli neft elmimizin xəzinəsini zənginləşdirən bu əsər, həqiqətən, alimin öz xalqına layiqli töhfəsidir. Bu kitabı Kərim Kərimovun 75 illik həyatın hesabatı, ömrünün səkkizinci onilliyinin ortalarında ciddi uğuru hesab etmək olar. Təbiətcə zəhmətkeş və təvazökar olan alim söhrət və tərifdən qaçaraq real işlərlə elm və istehsalata daim yenilik gətirməyə çalışır.

Babası Kərim kişi, atası Məmmədxan Zəngəzur mahalının Şəki kəndindən didərgin düşəndən sonra Füzuli rayonunda məskunlaşıb. Kərim burada doğulsa da atasının xidməti işi ilə Ağdamda orta təhsil alıb. Məmmədxan kişinin 5 övladı — Hüsü, Minayə, Səriyyə, Səfurə və Ofeliya ali təhsilli həkim, Rafiq istedadlı rəssam oldu. Orta məktəbi əla qiymətlərlə bitirən Kərim isə böyük həvəslə 1952-ci ildə Azərbaycan Sənaye İnstitutuna (indiki Neft Akademiyasına) daxil oldu.

Kərim müəllimlə tanışlığım da məhz həmin illərdən başlanır. Kərim fəal tələbə kimi bütün institutda tanınırdı. Bu barədə geniş danışmaq istəməsəm də onun tələbəlik illərində institutun ictimai həyatında yaxından iştirakını, seçdiyi ixtisasın sirlərinə yiyələnmək cəhdlərini, eyni zamanda, karikaturaçı rəssam olaraq böyük Əzim Əzimzadə məktəbinin istedadlı nümayəndəsi kimi meydana çıxmasını qeyd etməyə bilmərəm.

... Tələbəlik illərindən sonra gənc Kərimin həyatında acılı-şirinli hadisələr bir-birini əvəz etməyə başladı. Onun təşkilatçılıq qabiliyyəti, gəncləri arxasınca apara bilmək bacarığı respublika rəhbərliyinin diqqətindən yayınmadı. O, Bakı komsomol təşkilatına katib seçildi. Çox keçmədi ki, gənc mühəndis-geoloqa daha yüksək vəzifə təklif olundu. Kərim “Elm — yoxsa vəzifə” dilemması qarşısında qaldı. Bax, bu məqamda gənc geoloqu, özü dediyi kimi, “Yer təkinin cazibə qüvvəsi” özünə çəkdi. Beləliklə, Kərim müəllim taleyini həmişəlik neft geologiyasına bağladı. O, neft elminin ən çətin qolu olan neftli-qazlı yataqların geofiziki üsullarla kəşfi sahəsini seçdi. Sonrakı ciddi uğurları göstərdi ki, o, seçimində yanılmayıb.

Gənc neftçi-geoloq bir müddət Elmlər Akademiyasının Dərin Qazma Problemləri İnstitutunda baş mühəndis işlədi. 1964-cü ildə Azərbaycan Neft Sənayesi Elmi-Tədqiqat və Layihə İnstitutunun aspiranturasını bitirib dissertasiya müdafiə etdi, geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsi aldı. 1965 — 1992-cı illərdə Azərbaycan Geofizika Elmi-Tədqiqat İnstitutunda müxtəlif vəzifələrdə çalışmaqla yanaşı, ardıcıl elmi-tədqiqatlar da apardı. 1975-ci ildə doktorluq dissertasiyasını uğurla müdafiə etdi.

Kərim müəllim həmin illərdə təşkilatçılıq bacarığını işə salaraq çalışdığı institutun şəhərin müxtəlif ünvanlarda pərakəndə halda fəaliyyət göstərən laboratoriya və şöbələrinin bir mərkəzdə cəmlənməsinə nail oldu. Hazırda Moskva prospekti, 75-də ucalan altı mərtəbəli bina, yəni Azərbaycan geofiziklərinin baş qərargahı Kərim Kərimovun məqsədyönlü fəaliyyəti sayəsində cəmi iki ilə (1965-1967) tikilib istifadəyə verildi.

İllər boyu göstərdiyi xidmətlər, qazandığı nüfuz sayəsində Kərim Kərimov 1992-ci ildə yeni yaradılmış Geofizika və Mühəndis Geofizikası Baş İdarəsinə rəis seçildi. Bir qədər sonra sahənin istehsalat strukturları da həmin idarəyə verildi və Geofizika və Mühəndis Geologiyası Baş İstehsalat Birliyi yarandı. Bu böyük və məsul quruma baş direktor təyin edilən Kərim Kərimov kollektivin elmi potensialından daha da səmərəli istifadə etmək üçün təşəbbüskarlıqla, yorulmadan çalışdı. Çox keçmədi ki, Azərbaycanda Kərim müəllimin başçılıq etdiyi geofiziklər dəstəsinin əldə etdikləri nəticələr ümummilli lider Heydər Əliyevin “Yeni neft strategiyası” üçün elmi-nəzəri əsas oldu. Xaricdən olan təpkilərə, ölkədaxili qısqanclıqlara məhəl qoymayan Kərim müəllim ciddi elmi tədqiqatlara əsaslanaraq bildirdi ki, Azərbaycanda (quruda və dənizdə) çıxarıla bilən 8 milyard ton neft, 15 trilyon kubmetr təbii qaz ehtiyatları var.

Azərbaycan aliminin uğurları istər ölkəmizdə, istərsə də bir sıra xarici dövlətlərin nüfuzlu dairələrində ali mükafatlara layiq görülmüşdür. O, Azərbaycanın əməkdar elm və texnika xadimidir. Şərq Neft Akademiyasının, Avropa Elmlər Akademiyasının, Beynəlxalq Ekosenergetika Akademyiasının, Lütfizadə adına Akademiyanın üzvüdür. Amerika Bioqrafiya İnstitutu və Kembric Universiteti Azərbaycan alimini dəfələrlə “İlin adamı” seçmişdir. Kərim müəllim uzun illər Azərbaycan Milli Geofizika Komitəsinin prezidenti olmuşdur. Təsisçisi olduğu “Geofizika yenilikləri” jurnalına baş redaktorluq etmişdir. AMEA-nın müxbir üzvü seçilmiş, “Şöhrət” ordeninə layiq görülmüşdür.

Kərim müəllim yaradıcılığının ikinci qanadı olan karikaturaçı-rəssamlıqda da böyük uğurlara imza atmışdır. O, çəkdiyi 5 mindən artıq siyasi karikaturası ilə müharibəyə, zorakılığa, terrorizmə, haqsızlığa “yox” demişdir. Onun son on illikdəki əsərlərinin konkret hədəfi ermənilərin işğalçı siyasətinin, vəhşiliklərinin ifşası olmuşdur. Alim-rəssamın fırçasından çıxan rəsm əsərləri 5 albom-kitabda toplanıb çap edilmişdir. O, Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

... Professor Kərim Kərimov yeni monoqrafiyasını məhz belə bir zəngin təcrübənin və bioqrafiyanın özülü üzərində ərsəyə gətirmişdir. Kitabda, əsasən, Azərbaycanda (quruda və dənizdə) yer təkinin müxtəlif qatlarında çıxarıla bilən karbohidrogen ehtiyatları barədə indiyə qədər ortada olan mübahisəli alim və mütəxəssis mülahizələrinə aydınlıq gətirilir. Müəllif Yer qabığının dərinliklərinin quruluşu, bloklara parçalanma xüsusiyyətləri, həmçinin mezokaynozoy dövrünün mərhələlərində Kür — Cənubi Xəzər sahələrində geotektonik və geodinamik proseslərin təsiri zamanı regional əyilmələrin inkişaf yollarını geniş araşdırmışdır. Əsərdə Yer qabığı çöküntülərinin ayrı-ayrı hissələrinin struktur-morfoloji xüsusiyyətləri, onların formalaşma şəraiti, məhsuldar qatın aşağı hissələrində tələlərin və neftli-qazlı obyektlərin əmələgəlmə xüsusiyyətləri təhlil edilmişdir.

Müxtəlif çöküntü qatları komplekslərinin, o cümlədən pliosen, paliogen-miosen və mezazoy qatlarının neftlilik-qazlılıq imkanları da monoqrafiyada öz əksini tapmışdır. Burada təhlil edilən məsələlərdən biri də Azərbaycanda, cənub və orta Xəzərin çökəkliklərinin kəsişmələrində mezakaynazoy dövründə yaranmış termodinamik və termobarik şəraitlərin neft və qaz yataqlarının əmələgəlmə şəraitinin formalaşmasının araşdırılmasıdır. Bütün bu məsələlərə yenidən baxan, apardığı tədqiqatların nəticələrini bir də araşdıran müəllif belə nəticəyə gəlir ki, çöküntü suxurlarının müxtəlif qatlarında hələ kəşfini gözləyən zəngin neft-qaz yataqları mövcuddur.

Monoqrafiyada Azərbaycanda Yer qabığının quruluşuna, geodinamik və geotektonik inkişaf yollarına və Cənubi Xəzər hövzəsi ilə bağlı aparılan ən yeni araşdırmaların nəticələrinə də geniş yer verilmişdir. Müəllif çoxillik tədqiqatlarına əsaslanaraq belə bir nəticəyə gəlir ki, Alp — Himalay qırışları sisteminin mərkəz hissəsində, Yer qabığının yuxarılarında intensiv çökmələr müşahidə olunur.

Professor Kərim Kərimov, sanki, unudulmuş bir sahəyə də diqqət yetirməyi məsləhət görür. O, yada salır ki, Kürovdağ, Qarabağlı, Kürsəngi və Müşovdağ yataqalarındakı quyuların kəsilişində sınaqdan kənarda qalan ən azı 120 lay vardır. Onların hər birinin effektli qalınlığı bəzən bir neçə metrə çatır. Bu o deməkdir ki, bu laylarda külli miqdarda karbohidrogen ehtiyatı var. Deməli, indiyə qədər respublikamızın ərazisində 5000-7000 dərinliklərə qazılan quyularda aparılan karotay işlərinə yenidən baxılmalıdır.

Azərbaycan geofiziklərinin ağsaqqalı, yeraltı xəzinəmizin mahir bələdçisi professor Kərim Kərimovu yaradıcılığının məhsuldar çağında ərsəyə gətirdiyi qiymətli bir əsərin işıq üzü görməsi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları arzulayırıq.

 

 

Ələsgər CABBAROV,

neftçi-jurnalist

 

Xalq qəzeti.- 2009.- 12 iyul.- S. 7.