Azərbaycanın tərəqqisi naminə
1969-cu il iyulun 14-ü ümummilli liderimiz Heydər Əliyevin
Azərbaycanda ilk dəfə hakimiyyətə gəldiyi
gündür. Qədirbilən xalqımız həmin
günü müstəqil, qüdrətli Azərbaycanın
tarixində əlamətdar bir gün hesab edir.
Həmin vaxt Azərbaycan
o zamankı SSRİ-nin geridə qalmış
respublikalarından biri hesab edilirdi. Bu dövrdə Azərbaycan
iqtisadiyyatı dərin böhran içərisində idi, sənaye
və kənd təsərrüfatı tənəzzülə
uğramışdı. Belə bir şəraitdə Heydər
Əliyev dərin zəka və böyük
bacarığına güvənərək geniş islahatlara
başladı. Qısa müddət ərzində Azərbaycan
SSRİ-nin qabaqcıl respublikaları sırasına
çıxdı.
Heydər Əliyevin Azərbaycana
rəhbərlik etdiyi birinci dövrdə respublikamızda
yüzlərlə zavod, fabrik, istehsal sahələri
yaradıldı. Respublika
dünyanın 65 ölkəsinə 350 adda məhsul ixrac etməyə
başladı.
Ulu öndər xalqın xoşbəxt
gələcəyi, müstəqilliyi üçün zəruri
işləri yorulmadan həyata keçirirdi. Onun ən
böyük xidmətlərindən biri milli kadrların
hazırlanması idi. Bu məqsədlə respublikamızda ali
və orta ixtisas təhsili şəbəkəsi genişləndirildi.
SSRİ-nin 170 aparıcı təhsil müəssisəsinə
hər il yüzlərlə azərbaycanlı gənc
oxumağa göndərilirdi. Görkəmli dövlət xadimi
Heydər Əliyev hələ o dövrdə müstəqil Azərbaycan
üçün milli hərbi kadrların zəruriliyini əsas
götürərək hərbi təhsilin inkişafına
böyük önəm verirdi. Onun sayəsində Bakı
Ümumqoşun Komandirləri Məktəbinə azərbaycanlı
gənclərin qəbulu bir neçə dəfə
artırılmış və C.Naxçıvanski adına Hərbi
Lisey fəaliyyətə başlamışdı. 1978-ci ildə
qəbul edilmiş Konstitusiyada Azərbaycan dilinin dövlət
dili kimi təsbit olunması Heydər Əliyevin
müdrikliyinin və dahiyanə uzaqgörənliyinin daha bir
parlaq nümunəsi idi.
Ümummilli liderimizin Azərbaycana
ilk dəfə rəhbərlik etdiyi 1969-1982-ci illərdə həyatımızın
elə bir sahəsi yox idi ki, sürətlə inkişaf etməsin.
Milli dirçəlişin əsası məhz keçən əsrin
70-ci illərində qoyuldu.
Azərbaycanda elmin
inkişafına xüsusi qayğı göstərilir, bu sahəyə
böyük vəsait sərf edilirdi. Mədəniyyət və
incəsənətimiz böyük intibah dövrünə qədəm
qoymuşdu. Ulu öndərimiz mədəniyyətin
inkişafını uzaqgörənliklə həm
xalqımızın özünüdərkinin vacib şərti
və həm də Azərbaycanın beynəlxalq arenaya
çıxmasının ən optimal yolu hesab edirdi. Heydər
Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrü
respublikamızın bütün sahələrdə
inkişafı ilə əlamətdardır. Ümummilli
liderimiz 40 il əvvəl, 1969-cu ildə hakimiyyətə gələndə
geridə qalmış, keçmiş SSRİ-nin yalnız
xammal regionu olan Azərbaycan 1982-ci ildə Heydər Əliyev
ittifaqın yüksək dövlət vəzifəsinə irəli
çəkiləndə yüksək inkişaf etmiş sənaye
və kənd təsərrüfatı ölkəsinə
çevrilmişdi.
Qeyd etmək lazımdır ki, ulu
öndərimizin Azərbaycanda birinci dəfə hakimiyyətdə
olduğu həmin dövrdə bütün sahələrdə
olduğu kimi hüquqşünasların hazırlanması,
qanunçuluğun möhkəmləndirilməsi, cinayətkarlığa
və korrupsiyaya qarşı mübarizə istiqamətində
də böyük işlər görülürdü.
Heydər Əliyevin Azərbaycanın
inkişafına, onun bütün istiqamətlərdə tərəqqi
edərək qüdrətli dövlətə çevrilməsinə
yönəlmiş fəaliyyətinin ikinci mərhələsi
1993-cü ildə başladı. Ölkəmizi
dağılıb məhv olmaqdan, dünya xəritəsindən
silinməkdən, xalqı vətəndaş müharibəsi
alovlarından xilas edərək müstəqil, qüdrətli
Azərbaycanın memarı olmaq ulu öndərimizin şərəfli
missiyasına çevrildi. Qısa müddət ərzində
Azərbaycan dahi siyasətçi, böyük azərbaycanlı,
bütün şərəfli ömrünü doğma
xalqının inkişafına həsr etmiş xilaskar Heydər
Əliyevin titanik fəaliyyəti sayəsində böyük
tərəqqi yoluna qədəm qoydu.
Azərbaycanın
inkişafına yönəlmiş bu siyasət indi ulu öndərimiz
Heydər Əliyev siyasi məktəbinin ən layiqli
davamçısı möhtərəm Prezidentimiz cənab
İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Dövlət başçımızın Azərbaycanın hərtərəfli
inkişafına yönəlmiş, ölkəmizi regionun lider
dövlətinə çevirmiş, xalqımızın maddi
rifah halının durmadan yaxşılaşmasına və
ölkəmizin daha da qüdrətlənməsinə istiqamətlənmiş
fəaliyyəti hər bir azərbaycanlının qəlbində
qürur hissi doğurur. Azərbaycan Prezidentinin son altı il ərzində
həyata keçirdiyi böyük işlər, dövlətimizin
günü-gündən artan siyasi-iqtisadi qüdrəti,
xalqımızın maddi rifah halının durmadan
yaxşılaşması Heydər Əliyev ideyalarının
xəlqiliyinin və əbədiyaşarlığının
parlaqtəzahürüdür.
Rəşadət SADIQOV,
ədliyyə
müşaviri
Xalq qəzeti.- 2009.- 12 iyul.- S. 3.