Azərbaycanın Avratlantik institutlara inteqrasiyası NATO ilə
əməkdaşlıq kontekstində uğurla davam edir
Avratlantik məkana
inteqrasiya sahəsində Azərbaycanın neçə illər
ərzində apardığı siyasət həm ölkəmiz,
həm də bütövlükdə regional əməkdaşlıq
üçün çox böyük nəticələr
vermiş və verəcəkdir.
İlham ƏLİYEV ,
Azərbaycan Respublikasının Prezidenti
İkinci Dünya müharibəsindən
sonra Qərb dövlətlərinin hərbi-siyasi bloku kimi
meydana gəlmiş Şimali Atlantika Müqaviləsi Təşkilatı
(NATO) 1949-cu il aprelin 4-də ABŞ, Böyük Britaniya,
Fransa, İtaliya, Kanada, Belçika, Niderland, Lüksemburq,
Portuqaliya, Norveç, Danimarka və İslandiya arasında
bağlanan müqavilə əsasında yaradılmışdır. Vaşinqton müqaviləsinə əsasən
təsis edilmış bu təşkilatın məqsədi BMT
nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq kollektiv
müdafiədir. 1952-ci ildə Türkiyə və
Yunanıstan, 1955-ci ildə AFR, 1982-ci ildə isə
İspaniya bu bloka qoşulmuşlar. Daha sonralar 1990-cı illərin
ikinci yarısında NATO üzvlərinin sayı artaraq
alyansın Şərqə doğru genişlənməsinə
gətirib çıxardı.
XX yüzilliyin sonunda
dünyada baş verən qlobal siyasi proseslər, xüsusən
də Varşava Müqaviləsi Təşkilatının fəaliyyətinin
dayandırılması, “soyuq müharibə”nin başa
çatması, SSRİ-nin dağılması beynəlxalq aləmdə
siyasi mühitin ciddi şəkildə dəyişməsinə
və yeni geosiyasi vəziyyətin yaranmasına səbəb
oldu. Postsovet məkanında meydana çıxan yeni müstəqil
dövlətlərin bilavasitə beynəlxalq münasibətlər
sisteminə qatılması və öz maraqlarını ifadə
edən xarici siyasət kursunu həyata keçirməyə başlaması
dünyada dövlətlərarası münasibətlərin
yeni nizamının formalaşmasına gətirib
çıxardı.
Soyuq müharibənin
doğurduğu qarşıdurmanın başa
çatmasından sonra Avropada təhlükəsizlik məsələlərini
yeni müsbət istiqamətə yönəltmək,
Avropanın Şərq və Qərb ölkələri
arasındakı əlaqələrini normallaşdırmaq,
xüsusilə, Mərkəzi və Şərqi Avropa ölkələrinə
yenicə qazanılmış müstəqilliklərini
möhkəmləndirmək, regionda və dünyada qlobal təhlükəsizlik
problemlərinin həllində tam demokratik ölkə olaraq
iştirak etmək arzusunu həyata keçirmək zərurəti
yaranmışdı.
Avropada siyasi dəyişikliklər
prosesi NATO-nun gələcək vəzifələri ilə əlaqədar
bir sıra müraciətlər edilməsinə səbəb
oldu. Belə ki, NATO üzvü olan ölkələrin dövlət
və hökumət başçılarının 1990-cı
il iyulun 6-da Londonda keçirilən sammitində Şərq-Qərb
ayrı-seçkiliyinə son qoyaraq bütün Mərkəzi
və Şərqi Avropa ölkələrinə yeni əməkdaşlıq
təklif etdilər.
Münasibətlərdəki
bu əsas dəyişikliklər NATO-nun 1991-ci il noyabr
ayının 8-də dövlət və hökumət
başçılarının yüksək səviyyədə
keçirilən Roma görüşündə elan olunmuş
və təhlükəsizlik məsələlərinə daha
geniş yanaşmanın qəbul edildiyi “Alyansın yeni
strateji konsepsiyası”nda təsdiq edildi. Konsepsiyada göstərilirdi
ki, 1989-cu ildən başlayaraq Avropada siyasi vəziyyət dəyişmişdir.
NATO-nun keçmişdə qarşılaşdığı
problemlərini yeniləri əvəz etmişdir. Hazırda
alyans üçün əsas təhlükəni NATO üzvlərindən
birinə hücum təhlükəsi deyil, qeyri-sabitliyin
(iqtisadi, sosial və siyasi çətinliklər, etnik
münaqişələr, ərazi mübahisələri,
kütləvi qırğın silahları və ballistik raketlərin
yayılması, həyati əhəmiyyətli ehtiyatların
çatışmaması, terror və sabotaj aktları) meydana
çıxması təşkil edir.
Strateji konsepsiya qlobal
qarşılıqlı asılılığı və
alyansın təhlükəsizliyinin bölünməzliyini nəzərdə
tutur və Avropada qüvvələr nisbətinin
tarazlığının qorunmasını onun əsas vəzifəsi
hesab edir. Eyni zamanda, strateji konsepsiya Avropada təhlükəsizliyin
üç əsas ünsürünü - dialoq, əməkdaşlıq
və kollektiv müdafiə qabiliyyətinin qorunmasını
müəyyənləşdirmişdir.
Roma bəyannaməsi
NATO-nun vəzifələrini və gələcək istiqamətlərini
müəyyən edirdi. Bəyannamədə təsdiq olunurdu
ki, yeni problemlər hər hansı bir institut tərəfindən
deyil, Avropa və Şimali Amerika dövlətlərini bir-biri
ilə bağlayan bütöv institutlar kompleksi tərəfindən
həll edilə bilər. Eyni zamanda, bəyannamədə qeyd
edilir ki, Alyans elə bir təhlükəsizlik sistemi üzərində
işləyir ki, onun çərçivəsində NATO, ATƏT,
Avropa İttifaqı və Avropa Şurası bir-birini
qarşılıqlı surətdə tamamlamalıdır. Bundan
əlavə, bəyannamədə Mərkəzi və Şərqi
Avropa ölkələri ilə məsləhətləşmə
və əməkdaşlıq sisteminin inkişafı nəzərdə
tutulmuşdur.
Beləliklə,
1991-ci ilin dekabrın 20-də müttəfiqləri və yeni
tərəfdaş dövlətləri birləşdirmiş
Şimali Atlantika Əməkdaşlıq Şurasının
(ŞAƏŞ) – ümumi narahatlıq doğuran məsələləri
müzakirə etmək üçün məsləhətçi
strukturun təşkil edilməsi üçün şərait
yaradıldı. Şuranın vəzifəsi təhlükəsizlik
sahəsində əməkdaşlığa və ölkələr
arasında münasibətlərin inkişafına yardım
göstərməkdən ibarət idi. 1992-ci ilin martında
ŞAƏŞ -in tərkibi genişləndirildi və Azərbaycan
da daxil olmaqla 11 MDB dövləti bu quruma qəbul edildi.
Beləliklə, Azərbaycan-NATO əməkdaşlığı
inkişaf dövrünə qədəm qoydu.
Azərbaycanla NATO arasında
qarşılıqlı münasibətlərin ilk təzahürləri
1992-ci ilin oktyabrında özünü göstərdi. O zaman
yenicə müstəqillik qazanmış ölkəmizin
nümayəndə heyəti NATO üzvü olan dövlətlərin
Türkiyədə təşkil olunmuş seminarında
iştirak edirdi. Seminar zamanı Azərbaycan nümayəndələri
NATO-nun baş katibi M.Vernerlə görüşmüşlər.
Burada qarşılıqlı maraq doğuran məsələlər
müzakirə edilmiş, ikitərəfli əməkdaşlığın
inkişafının zəruriliyi qeyd olunmuşdur.
1993-cu ilin fevralında Azərbaycan
nümayəndə heyəti Brüsseldə Avropa Təhlükəsizliyi
Problemləri üzrə Şimali Atlantika
İttifaqının təşkil etdiyi konfransda iştirak
etmişdir. Konfransda nümayəndə heyətinin
Azərbaycanda gedən ictimai-siyasi proseslər, Ermənistanın
ölkəmizə təcavüzü və digər məlumatları
yayılmışdır. Ölkəmiz üçün hərbi-siyasi
aspektdən ağır olan həmin illərdə Azərbaycan
NATO-nun yaratdığı müxtəlif forum və
strukturlardan istifadə edərək, yaranmış informasiya
blokadasını yarmağa, respublikamızda və Qafqazda gedən
prosesləri obyektiv şəkildə dünya ictimaiyyətinə
çatdırmağa çalışmışdır. Bu dövrdə Azərbaycanın NATO-dan böyük
gözləntiləri olduğu halda ölkəmizdə, o
cümlədən Qafqazda daxili qeyri-sabitlik və region
haqqında Brüsseldə obyektiv təsəvvürlərin
olmaması bu gözləntilərin reallaşmamasına səbəb
olmuşdur.
1994-cü ilə qədər
Azərbaycan-NATO münasibətləri demək olar ki, epizodik
və səthi xarakter daşıyırdı. Amma ərazisində
separatçı qüvvələrin ciddi hərbi əməliyyatlar
keçirdiyi, torpaqlarının 20 faizinin Ermənistanın hərbi
birləşmələri tərəfindən işğal
edilməsi Azərbaycanın
nüfuzlu beynəlxalq təşkilatlarla, xüsusən NATO ilə
əməkdaşlığa marağını
artırırdı.
1994-cü ilin
yanvarın 10-11-də NATO üzvü olan ölkələrin
dövlət və hökumət
başçılarının Brüsseldə keçirilən
zirvə toplantısında isə Sülh Naminə Tərəfdaşlıq
fəaliyyətinin əsası qoyuldu və hər bir ölkəyə
fərdi olaraq qarşılıqlı əməkdaşlıq
çərçivəsində bunu həyata keçirməyə
şərait yaradıldı. “Sülh naminə tərəfdaşlıq”
proqramı əməli əməkdaşlıq və
Şimali Atlantika Şurasının istinad etdiyi demokratik
prinsiplərə sadiqliyə əsaslanır. O, sabitliyin möhkəmləndirilməsi,
sülh üçün təhlükənin azalması və
təhlükəsizlik sahəsində ayrı-ayrı tərəfdaş
dövlətlər arasında möhkəm əlaqələrin
yaradılmasını qarşısına məqsəd qoyur.
Sülh Naminə Tərəfdaşlığın
özünəməxsus alət və mexanizmləri
mövcuddur ki, bunlara Avroatlantik Tərəfdaşlığın
İşçi Planı (WP), Fərdi Tərəfdaşlıq
Planı (İPP), Planlaşdırma və Təhlil Prosesi
(PARP), Üzvlüyün Fəaliyyət Planı (MAP) və Fərdi
Tərəfdaşlığın
Fəaliyyət Planı (İPAP) daxildir.
1994-cü il
mayın 4-də Prezident Heydər Əliyev “Sülh naminə tərəfdaşlıq”
proqramının çərçivə sənədini
imzaladı. Bu sənədin imzalanması Azərbaycanın
beynəlxalq mövqelərinin möhkəmlənməsi
istiqamətində atılan mühüm addımlardan biri oldu. Həmin
proqramın Azərbaycan üçün əhəmiyyəti
ondan ibarətdir ki, ölkəmiz NATO-ya daxil olan Avropa ölkələri
və ABŞ-la dünya təhlükəsizlik sisteminin, eləcə
də beynəlxalq münasibətlərin sivil qaydaları
çərçivəsində hər cür əməkdaşlıq
etmək imkanı qazanır. Bu da öz
növbəsində NATO-nun hərbi strukturları ilə Azərbaycan
ordusunun sülh naminə əməkdaşlıq etmək, birgə
təlim və manevrlər keçirmək, onların ordu
quruculuğu təcrübəsindən bəhrələnmək,
kadr hazırlığı və digər sahədə birgə
hərəkət etmək imkanı verir. Azərbaycan
Respublikasının bu proqramda iştirakı qarşıya
qoyulan məqsədlərin həyata keçirilməsi
üçün əlverişli şərait yaradır.
Regionda hərbi münaqişə olduğunu nəzərə
alaraq Azərbaycan bu proqrama böyük ümidlər bəsləyir.
Azərbaycan ilə
NATO arasında yaradılan əməkdaşlığın əsas
prinsipləri və istiqamətləri “Sülh naminə tərəfdaşlıq”
proqramında və Azərbaycanın təqdim etdiyi
“Prezentasiya sənədi”ndə öz əksini
tapmışdır. 1996-cı il aprelin 23-də Brüsseldə
Azərbaycan Prezidenti Heydər Əliyev NATO-nun qərargah-mənzilində bu təşkilatın
baş katibi Xavyer Solana ilə görüş zamanı Azərbaycan
Respublikasının Şimali Atlantika İttifaqı ilə əməkdaşlığını
təsdiqləyən və şərtləndirən
“Prezentasiya sənədi”ni ona təqdim etmişdir.
1995-ci ilin sentyabrın 28-də
“NATO-nun genişləndirilməsinə dair” ŞAƏŞ və
müttəfiqlərin SNT-də əməkdaşlığı
haqqında qərar qəbul etdi. SNT proqramının
mahiyyəti ayrı-ayrı tərəfdaş dövlətlər
və NATO arasında onların hər birinin konkret tələbatlarının
nəzərə alınması ilə fərdi əsaslar
üzərində formalaşdırılan tərəfdaşlıqdan
ibarətdir. 1997-ci ildə Madriddə, 1999-cu ildə
Vaşinqtonda, 2002-ci ildə Praqada, 2004-cü ildə
İstanbulda keçirilmiş sammitlərdə isə bu proses
daha sürətlə inkişaf etdirildi.
1994-1996-cı illərdə
əsası qoyulmuş və inkişaf etdirilmiş Azərbaycan-NATO
əlaqələri sonrakı dövrdə
qarşılıqlı münasibətlərin daha da intensivləşdirilməsi
üçün əlverişli baza rolunu oynadı. Məhz həmin
illərdə münasibətlərin hüquqi cəhətdən
tənzimlənməsi və bir sıra praktiki addımların atılması
NATO-nun Azərbaycan ilə əməkdaşlığı
inkişaf etdirməyə marağını artırdı.
Azərbaycanın NATO ilə əməkdaşlığı
sonrakı dövrdə də ildən-ilə yeni keyfiyyət
almış, NATO mütəxəssisləri Azərbaycan
ordusunun modernləşdirilməsi üçün ölkəmizə
müntəzəm olaraq texniki və təlim xarakterli
yardım etmişlər. Siyasi və iqtisadi cəhətdən
durmadan inkişaf edən Azərbaycanda hərbi quruculuğun
da yüksək səviyyədə olmasını artıq
hamı etiraf edir. Milli silahlı qüvvələrimizin
maddi-texniki bazasının NATO standartları səviyyəsində
yenidən qurulması isə bilavasitə ümummilli liderimiz
Heydər Əliyevin Brüsseldə imzaladığı məlum
sənədin icrası nəticəsində mümkün
olmuşdur.
NATO ilə hərbi sahədə əməkdaşlıq
1997-ci ildə daha da intensivləşdirilmişdir. Bu çərçivədə 1997-ci ilin
yanvarında Azərbaycan Silahlı Qüvvələrində
sülhməramlı bölük, daha sonra isə tabur
yaradıldı. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin
nümayəndələri 1997-ci il iyulun 28-dən avqustun 8-dək
ABŞ-ın Virciniya ştatının Norfolk şəhərində
NATO-nun “Sülh naminə tərəfdaşlıq”
proqramı çərçivəsində keçirilən
sülhməramlı təlimlərin
iştirakçısı olmuşlar.
Həmin il mayın
30-da ŞAƏŞ Avroatlantik Tərəfdaşlığı
Şurasıyla (AATŞ) əvəz edildi və bununla da NATO tərəfdaş
ölkələri arasında ümumi siyasi əməkdaşlıq
yaradıldı. AATŞ NATO ölkələri və tərəfdaş
dövlətləri birləşdirir. Hazırda ona 48 ölkə daxildir. O,
siyasət və təhlükəsizlik məsələləri
üzrə daim dialoq və məsləhətləşmələrin
aparıldığı çoxtərəfli forumdur. Həmçinin
NATO ilə Sülh Naminə Tərəfdaşlıqda
iştirak edən ölkələr arasında ayrı-ayrı
ikitərəfli əlaqələrin siyasi əsası kimi
çıxış edir.
XX əsrin sonunda NATO-nun yeni genişlənməsi baş verdi. 1997-ci ilin iyulunda NATO keçmiş sosialist düşərgəsinin üzvü olan üç tərəfdaş dövlət-Macarıstan, Çexiya və Polşanın da onun sıralarına daxil olması haqqında qərar qəbul etmişdir və bu qərar 1999-cu il martın 12-də həyata keçirilmişdir. Bir neçə il sonra isə - 2004-cü ildə daha yeddi tərəfdaş dövlət - Rumıniya, Bolqarıstan, Slovakiya, Sloveniya və keçmiş sovet respublikaları Litva, Latviya və Estoniya da bloka qoşuldular. 2008-ci il aprelin 2-4-də NATO-nun Buxarestdə keçirilən zirvə toplantısında Albaniya və Xorvatiya təşkilata üzv qəbul edildilər. Beləliklə, 2009-cu ilin aprelin 3-4-də NATO-nun 60 illik yubileyi ilə əlaqədar Kil və Strasburqda keçirilən zirvə toplantısında iştirak edən alyans üzvlərinin sayı 28-ə çatmışdır. 1997-ci ilin ortalarında isə Azərbaycan NATO-nun Planlaşdırma və Analiz Prosesi (PARP) sənədinə qoşuldu. Bu, tərəfdaş dövlətlərlə NATO arasında əməkdaşlığın səmərəsini artırmaq məqsədi ilə bir sıra praktiki tədbirlərin birgə həyata keçirilməsini nəzərdə tutur. Elə həmin il Azərbaycan NATO-nun Brüsseldəki mənzil - qərargahında öz diplomatik nümayəndəliyini təsis etdi. Bu isə əməkdaşlıq əlaqələrinə daha yeni təkan verdi. Hazırda orada Azərbaycan Silahlı Qüvvələrini iki zabit təmsil edir.
1997-ci il iyulun 8-də Azərbaycan Prezidenti Heydər Əliyev Avroatlantika Tərəfdaşlıq Şurasının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Madriddə keçirilən zirvə görüşündə çıxış edərək bölgədə silahlı münaqişələrin aradan qaldırılmasında Azərbaycanın NATO-nun və Avroatlantika Tərəfdaşlıq Şurasının fəal roluna ümid bəslədiyini bildirdi.
Şimali Atlantika Alyansı ilə əməkdaşlığın inkişafı sahəsində növbəti addım 1997-ci il noyabrın 14-də Prezident Heydər Əliyevin imzaladığı “Azərbaycan Respublikasının NATO ilə əməkdaşlığını daha da gücləndirmək tədbirləri haqqında” sərəncamı oldu. Sərəncama əsasən Azərbaycan Respublikası Prezidenti yanında NATO ilə əməkdaşlıq üzrə Dövlət Komissiyası yaradıldı. Dövlət Komissiyası ”Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində əməkdaşlığın vahid proqramının hazırlanması ilə əlaqədar müvafiq nazirlik və təşkilatların fəaliyyətinin koordinasiya edilməsi sahəsində ardıcıl iş aparır.
1998-ci ilin ikinci yarısından etibarən Azərbaycan Silahlı Qüvvələrinin hərbi hissələri “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində NATO ilə birgə keçirilən hərbi təlimlərdə iştirak etməyə başladı. Şimali Atlantika Bloku ilə əməkdaşlığı dərinləşdirmək xətti götürmüş Azərbaycana 1999-cu ilin mayın 27-31-də NATO Parlament Assambleyasının Polşada keçirilən sessiyasında həmin qurumda müşahidəçi statusu verildi. 1999-cu ilin iyulun 28-də Bakıda Türkiyə hökuməti ilə Azərbaycan hökuməti arasında “Kosovo türk taburu tərkibində Azərbaycan tağımının fəaliyyətinə dair saziş” imzalandı. 1999-cu ilin sentyabrından etibarən Azərbaycan öz sülhməramlı tağımını ilk dəfə olaraq həmin regiona ezam etdi.
2002-ci ilin noyabrında NATO üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Praqa zirvə görüşündə iştirak edən Azərbaycan Prezidenti Heydər Əliyev Cənubi Qafqaz regionunda davam edən münaqişələrin aradan qaldırılmasında NATO-nu daha fəal olmağa çağırdı. 2002-ci il noyabrın 18-də Azərbaycan Əfqanıstana sülhməramlı tağımının göndərilməsi ilə bağlı qərar qəbul edərək oraya 33 nəfərlik şəxsi heyət göndərdi (hazırda onların sayı 45 nəfərdir). Bu dövrdə Azərbaycan NATO-nun nüfuzlu qurumu hesab olunan Parlament Assambleyası ilə əməkdaşlığı dərinləşdirmək siyasətini davam etdirirdi. Bunun nəticəsi olaraq, 2002-ci il noyabrın 19-da Azərbaycan Respublikası NATO-nun Parlament Assambleyasına assosiativ üzv qəbul edildi. Bununla da respublikamız öz problemlərini və digər aktual məsələləri dünya ictimaiyyətinə çatdırmaq üçün yeni beynəlxalq tribuna əldə etdi.
2003-cü ildə Azərbaycan NATO-nun çevik əməliyyat qüvvələrinin yaradılması və inkişafına dair proqram konsepsiyasına qoşuldu. Milli Məclis 2003-cü il mayın 7-də keçirilmiş iclasında “Azərbaycan Respublikası Silahlı Qüvvələri bölüyünün beynəlxalq koalisiya tərkibində İraqda keçirilən sülhməramlı əməliyyatlarda iştirak etməsi haqqında” qərar qəbul etdi və oraya 150 nəfərdən ibarət şəxsi heyət göndərildi.
2004-cü il mayın 19-da Prezident İlham Əliyevin Brüsseldə NATO-nun baş katibi Yaap de Hoop Sxefferlə görüşü zamanı Azərbaycanın hazırladığı Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planını (İPAP - İndividual Partnership Action Plan) ona təqdim edərək bildirdi ki, bu plan Azərbaycanla NATO arasında əməkdaşlığın daha da yaxınlaşmasına kömək edəcək. Bundan sonra respublikamızın Şimali Atlantika Alyansı ilə əməkdaşlığı bu plan əsasında davam etdiriləcək. Azərbaycan Silahlı Qüvvələrinin təkmilləşdirilməsi, NATO standartlarının tətbiqi, təminat və təchizat sisteminin, maddi-texniki bazanın yeniləşdirilməsi və başqa sahələrdə əsaslı islahatlar həyata keçiriləcək. Bu isə Azərbaycan-NATO əməkdaşlığında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. “Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planı”nın yerinə yetirilməsi Azərbaycanın NATO-ya qəbul edilməsində mühüm rol oynayacaq. Həmin il noyabrın 4-də isə NATO Baş Katibi Yaap de Hoop Sxefferin Azərbaycana səfəri əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində atılan növbəti addım oldu.
İPAP dövlətlərin islahat ehtiyaclarını qaldırmaq məqsədilə yaradılan yeni ikitərəfli mexanizmdir. Azərbaycanın NATO ilə əməkdaşlığına dair İPAP sənədi əsas etibarilə 4 sahədə (siyasi məsələlər və ümumi təhlükəsizlik problemləri, hərbi, təhlükəsizlik və müdafiə sahəsindəki problemlər, ekologiya, elm problemləri və ictimai məsələlər, informasiya mübadiləsi və inzibati məsələlər) olan problemləri əhatə edir. İPAP-da NATO-ya üzv olmağa çalışan və alyansla əməkdaşlıq edən dövlətlərin silahlı qüvvələrində həyata keçiriləcək islahatların mahiyyəti, bu istiqamətdə lazımi əlaqələrin və planlaşdırmanın hazırlanması və bütün bunlar üçün ən optimal büdcə variantının seçilməsi öz əksini tapır.
Azərbaycanın “Sülh naminə tərəfdaşlıq” proqramına qoşulması və “Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planı”nı imzalaması nəticəsində NATO ölkələri ilə siyasi, hərbi, mədəni, humanitar əlaqələrin inkişaf etdirilməsi üçün geniş imkanlar açılmışdır. Bir tərəfdaş olaraq, Azərbaycan Şimali Atlantika İttifaqının əsas məqsədinə — bütün Avroatlantika zonasında sülhün və sabitliyin möhkəmləndirilməsinə öz sadiqliyini nümayiş etdirir. NATO ilə yaradılmış hüquqi münasibətlər bu beynəlxalq təşkilata daxil olan ölkələrdə gələcəkdə Azərbaycan ordusu üçün zabit kadrlarının hazırlanmasına, NATO İttifaqının keçirdiyi sülhməramlı tədbirlərdə və hərbi manevrlərdə ordu hissələrimizin iştirakına, milli ordu quruculuğunda blokun imkanlarından istifadə edilməsinə əsas verir.
Azərbaycanla NATO arasında əməkdaşlıq təkcə “Sülh naminə tərəfdaşlıq” proqramı və İPAP-dan ibarət deyil. NATO ilə Fərdi Tərəfdaşlıq Planı (İPP) çərçivəsində hər il Azərbaycan Silahlı Qüvvələrinin 1000-dək nümayəndəsi NATO-nun 300-dək tədbirində iştirak edir. Həmçinin Azərbaycan hərbçiləri hər il NATO-nun Brüsseldəki mənzil-qərargahında, Monsdakı (Belçika) tərəfdaşlığın koordinasiya qrupunda, Neapoldakı (İtaliya) regional və Norfolkdakı (ABŞ) strateji komandanlıqda da xidmət edirlər. Bundan başqa, Azərbaycan Müdafiə Təsisatlarının Qurulması üzrə Tərəfdaşlığın Əməliyyat Planı (PAP DİB) proqramı çərçivəsində də NATO ilə əməkdaşlıq edir.
Dövlət başçısı İlham Əliyevin Belçika Krallığına səfəri Azərbaycan — NATO münasibətlərinin yeni mərhələsi kimi qiymətləndirilməlidir. Belə ki, 2006-cı il noyabrın 8-də Brüsseldə —NATO-nun qərargahında bu hərbi-siyasi qurumun baş katibi Yaap de Hoop Sxeffer ilə görüşən Azərbaycan Prezidenti İlham Əliyev adı çəkilən beynəlxalq təşkilatla əməkdaşlığın uğurla inkişaf etdiyini söyləyərək “Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət planı” çərçivəsində həyata keçirilən tədbirlərin bunun yaxşı nümunəsi olduğunu qeyd etdi və bu əlaqələrin bundan sonra da genişlənəcəyinə əmin olduğunu bildirdi.
NATO ilə əməkdaşlığın genişləndirilməsi baxımından Prezident İlham Əliyevin Brüsselə çox böyük əhəmiyyət kəsb edən səfəri zamanı keçirdiyi görüşlər, aparılan danışıqlar Azərbaycanın bu beynəlxalq təşkilatlara inteqrasiyasına yeni təkan verdi. Bununla yanaşı, dövlət başçısı İlham Əliyevin Belçika Krallığına səfəri bir daha sübut etdi ki, Avroatlantik strukturlara, xüsusilə NATO-ya inteqrasiya Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biridir.
2006-cı il noyabrın 28-29-da NATO üzvü olan 26 ölkənin dövlət və hökumət başçılarının iştirakı ilə Riqada keçirilən zirvə toplantısının yekunu olaraq qəbul olunmuş 46 bənddən ibarət kommunikenin 43-cü bəndində alyans üzvü olan ölkələrin Cənubi Qafqazdakı münaqişələrin hələ də həll edilməməsindən narahatlığı əks olunmuşdur. NATO-nun zirvə toplantısının yekun bəyannaməsində Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin dəstəklənməsini ölkəmizin regionda və beynəlxalq aləmdə qazandığı uğurların nəticəsi kimi qiymətləndirmək olar. Bununla yanaşı, Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən bu bəyannamənin qəbul olunması, həm də alyansın Cənubi Qafqaz regionuna marağının artmasını göstərir. Hazırda Azərbaycanın Şimali Atlantika İttifaqı ilə “Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət planı” çərçivəsində əməkdaşlıq etməsi və alyansın üzvü olan dövlətlərin ölkəmizə xüsusi diqqət verməsi buna bariz sübutdur. Məhz qarşılıqlı əməkdaşlığın inkişafı nəticəsində NATO regionda sülhün və sabitliyin bərpasına çalışır.
NATO-Azərbaycan əlaqələrinin
inkişaf etdirilməsi müstəqil dövlətimizin beynəlxalq
aləmdəki mövqelərinin daha da möhkəmləndirilməsinə
zəmin yaradır. Bu baxımdan NATO-nun Buxarest sammiti bizim
üçün xüsusi əhəmiyyət
daşımışdır. Belə ki, 2008-ci il aprelin 2-4-də
NATO-nun Buxarestdə keçirilən zirvə
toplantısında regional münaqişələr xüsusi
müzakirə obyekti oldu. Zirvə
toplantısının yekun bəyannaməsinin 43-cü maddəsində
ərazisində “dondurulmuş münaqişələr” olan
dörd postsovet respublikasının müstəqilliyi,
suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsi,
eləcə də bu münaqişələrin həmin
prinsiplər əsasında həll edilməsinin
tövsiyə olunması bu gün Azərbaycan
üçün olduqca mühüm əhəmiyyət kəsb
edir.
Bundan əlavə,
NATO-nun 60 illiyi ilə əlaqədar 2009-cu il aprelin 3-4-də
Kil və Strasburqda keçirilmiş sonuncu zirvə
toplantısında qəbul edilmiş bəyannamənin
münaqişələrlə bağlı 58-ci bəndində
təşkilatın Cənubi Qafqaz və Moldova ərazilərindəki
münaqişələrin mövcudluğundan ciddi
narahatlıq keçirdiyi bildirilməklə yanaşı, Azərbaycanın ərazi
bütövlüyünün dəstəkləndiyi də
öz əksini tapdı.
2009-cu il aprelin 29-da
Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə səfəri
zamanı NATO-nun baş katibi Yaap de Hoop Sxefferlə
görüşündə alyansın ali nümayəndəsi,
respublikamızın NATO üçün regionda mühüm
rol oynayan ölkə olduğunu bildirməklə
yanaşı, qeyd etdi ki, təmsil etdiyi qurum Ermənistan-Azərbaycan,
Dağlıq
Qarabağ münaqişəsinin tənzimlənməsində
birbaşa rol oynamasa da, bu münaqişənin həllində ərazi
bütövlüyü prinsipi sual altına
qoyulmamalıdır. Azərbaycan - NATO əməkdaşlığını
yüksək qiymətləndirən dövlət
başçısı cənab İlham Əliyev bu təşkilatın
tədbirlərində və proqramında fəal istirak
etdiyini, xüsusilə otən il ölkəmizin alyansın 200
tədbirinə qatıldığını vurgulamaqla
yanaşı, Şimali Atlantika Alyansının Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsində qətiyyətli
mövqe tutduğunu və bu mövqeyin ərazi
bütövlüyü prinsiplərinə əsaslandığını
minnətdarlıq hissi ilə qeyd etdi.
Azərbaycanın NATO ilə əməkdaşlığı
respublikamızın xarici siyasət strategiyasının bir
neçə əsas amili baxımından qiymətləndirilməlidir.
Birincisi, gənc Azərbaycan dövləti
öz xarici siyasətində beynəlxalq təşkilatlarla əməkdaşlığa
xüsusi əhəmiyyət verir. İkincisi, Azərbaycan beynəlxalq
təşkilatların üzvü olan bütün dünya
dövlətləri ilə əməkdaşlıqda
maraqlıdır və çoxtərəfli diplomatiya siyasəti
yeridir. Üçüncüsü, Azərbaycanın
müharibə vəziyyətində olması tələb edir
ki, bütün vasitə və yollarla beynəlxalq aləmdə
təmasda olsun və onu müstəqillik problemlərimizin həllinə
daha çox cəlb etsin. Bu üç faktor Azərbaycanın
NATO proqramına qoşulmasında əsas rol
oynamışdır.
Bu gün NATO ilə
əlaqələrin genişləndirilməsi və dərinləşdirilməsi,
Azərbaycanın dünya birliyinə inteqrasiya olunması,
öz maraqlarını bilavasitə təmsil etməsi
baxımından xüsusi əhəmiyyət kəsb etdiyindən
bu sahədə fəaliyyət müstəqil Azərbaycan
dövlətinin xarici siyasətinin prioritet istiqamətlərindən birini təşkil
edir.
Elçin ƏHMƏDOV,
Azərbaycan Respublikasının Prezidenti
yanında Dövlət İdarəçilik
Akademiyası
beynəlxalq münasibətlər və xarici siyasət
kafedrasının dosenti, siyasi elmlər namizədi
Xalq qəzeti.- 2009.- 12 iyul.- S. 4.