Azərbaycanda sənaye istehsalı artır
Ölkəmizin iqtisadi və sosial həyatında
müşahidə olunan inkişaf meyilləri davam edir, istehsal
və xidmət sahələrində qazanılan
uğurların sayı getdikcə artır. Dünyada davam edən
maliyyə böhranına baxmayaraq, cari ilin ötən
dövrü də ölkəmiz üçün əlamətdar
olmuş, əldə edilmiş uğurların əyani təcəssümü
olan makroiqtisadi göstəricilər Azərbaycanın
inkişaf sürətinə görə dünya öncülləri
sırasındakı mövqeyini qoruyub saxlamışdır. Bütövlükdə
isə bir sıra istehsal sahələrində məhsul
buraxılışının həcminin artması, investisiya
fəallığının daha da güclənməsi,
sahibkarlığın stimullaşdırılması və təşəbbüskarlığa
geniş meydan verilməsi ölkənin iqtisadi
dayaqlarını getdikcə möhkəmləndirir.
Bundan əlavə,
regionlarda iqtisadi fəallığın getdikcə güclənməsi,
yeni istehsal sahələrinin yaradılması da ümumi
inkişaf prosesinə təkan verir. Dövlət Statistika Komitəsinin
məlumatına görə, 2009-cu ilin yanvar-may aylarında Azərbaycanda
11,4 milyard manatlıq ümumi daxili məhsul istehsal edilmiş,
ölkənin inkişafını xarakterizə edən bu əsas
makroiqtisadi göstərici üzrə 4,4 faizlik artım əldə
olunmuşdur.
Hesabat dövründə ölkə
üzrə istehsal olunmuş ümumi daxili məhsulun 46,9 faizi
sənaye sahələrində, 3 faizi kənd təsərrüfatı,
ovçuluq və meşə təsərrüfatında, 10,1
faizi tikinti kompleksində, 8,4 faizi ticarət və pullu xidmət
sahələrində, 7,2 faizi nəqliyyatda, 2,2 faizi poçt və
rabitədə, 11,6 faizi digər xidmətlər və sosial
sahələrdə yaradılmış, 9,3 faizi isə məhsula
və idxala xalis vergilərin payına düşmüşdür.
Əlavə dəyərin 43,2 faizi neft, 56,8 faizi isə
qeyri-neft bölməsində yaradılmışdır.
Yanvar-may aylarında ölkədə adambaşına 1317,1
manatlıq (1638,2 ABŞ dolları) əlavə dəyər
istehsal olunmuşdur. Göründüyü kimi, dünyanı
bürümüş maliyyə böhranına baxmayaraq, Azərbaycanda
sosial və iqtisadi həyatın bütün sahələrində
inkişaf tendensiyası davam etmişdir. Prezident İlham Əliyevin
qeyd etdiyi kimi, dünyanı bürümüş maliyyə və
iqtisadi böhranın yaratdığı böyük çətinliklər
ucbatından müxtəlif ölkələrdə iqtisadiyyat tənəzzüllə
uğrasa da, işsizlik artsa da, Azərbaycanda ötən
dövrdə yeni müəssisələr
açılmış, iqtisadiyyat artmışdır. Həm
dövlət unvestisiyaları, eləcə də özəl
sektorun fəaliyyəti nəticəsində ölkəmizdə
nəhəng infrastruktur layihələrinin icrası davam
etdirilmişdir.
İlin əvvəlindən
ölkə iqtisadiyyatının əsasını təşkil
edən mühüm sənaye sahələrində də
inkişaf tendensiyası müşahidə olunmuşdur.
Dövlət Statistika Komitəsinin məlumatına görə,
cari ilin ilk beş ayı ərzində sənaye müəssisələri,
fərdi sahibkarlar və ev təsərrüfatları tərəfindən
7,4 milyard manatlıq sənaye məhsulu istehsal olunmuşdur ki,
bu da 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə
1,3 faiz artım deməkdir. Hesabat dövründə istehsal
olunmuş sənaye məhsulunun 70,2 faizi və ya 5,2 milyard
manatlığı mədənçıxarma, 22,3 faizi və
ya 1,6 milyard manatlığı emal, yerdə qalanı isə
elektrik enerjisi, qaz və suyun istehsalı və
bölüşdürülməsi bölmələrinin
payına düşmüşdür. Göründüyü
kimi, ölkə sənayesinin artım tendensiyası davam edir və
son beş ildə onun real həcmi 2,5 dəfə
artmışdır. Onu da deyək ki, ölkə sənayesinin
real həcminin ilbəil artmasında uğurlu neft
strategiyası mühüm rol oynamışdır. Belə ki,
dünyanın inkişaf etmiş ölkələrini təmsil
edən transmilli şirkətlərlə bağlanmış
sazişlər Azərbaycanda neft və qaz sənayesinin sürətli
inkişafını təmin etmiş, bu sahələrdə
hasilatın rekord səviyyəyə çatmasına səbəb
olmuşdur. Yeri gəlmişkən, Heydər Əliyev
adına Bakı—Tbilisi Ceyhan neft və Bakı—Tbilisi-Ərzurum
qaz kəmərlərinin, eləcə də digər nəql
marşrutlarının uğurlu fəaliyyəti Azərbaycanın
ixrac imkanlarını xeyli artırmışdır. Bununla belə,
ölkəmizdəki ümumi inkişaf təkcə neft və
qaz amili ilə bağlı deyil. Prezident İlham Əliyevin
qeyd etdiyi kimi, uğurlarımızı yalnız neft-qaz amili
ilə bağlamaq düzgün olmazdı, iqtisadi
uğurlarımızın təməlində həm də
düşünülmüş siyasət, ölkənin milli
maraqlarının qorunması, demokratik proseslər və
iqtisadi islahatlar dayanır. Hazırda ölkəmizin qeyri-neft
sahələrində də inkişaf meyilləri aydın nəzərə
çarpır. Bu da təsadüfi deyil. Çünki son illər
ölkəmizin ayrı-ayrı yerlərində bir çox
istehsal və emal sənayesi müəssisələrinin tikilib
istifadəyə verilməsi qeyri-neft sektorunun inkişafına,
minlərlə iş yerinin açılmasına, yeni
malların istehsalına və məhsul
buraxılışının çeşidinin artmasına səbəb
olmuşdur. Bütövlükdə isə cari ilin beş
ayında sənaye istehsalının ümumi həcmində məhsul
buraxılışının payı 90,5 faiz, sənaye
xarakterli xidmətlərin payı isə 9,5 faiz təşkil
etmişdir. Hesabat dövründə istehsal olunmuş sənaye
məhsulunun 24 faizi dövlət, 76 faizi isə özəl
bölmənin payına düşmüşdür.
Ölkədə sərbət
istehsal fəaliyyəti üçün yaradılmış əlverişli
şərait və azad sahibkarlığa geniş meydan verilməsi
nəticəsində sənayedə qeyri-dövlət bölməsinin
payı artmaqda davam edir. Elə ilin ötən dövrü ərzində
sənaye məhsulunun 76 faizinin məhz özəl bölmədə
istehsal olunması da bunu təsdiqləyir. Onu da deyək ki, bir
vaxtlar dövlət mülkiyyətində olmuş sənaye
obyektlərinin bazasında bazar iqtisadiyyatı prinsiplərinə
uyğun yaradılmış yeni istehsal sahələrinin
işində də böyük canlanma hiss olunur. Cari ilin
yanvar-may aylarında sənaye sektorunda fəaliyyət göstərən
səhmdar cəmiyyətləri tərəfindən 335,5 milyon
manatlıq və ya ümumi buraxılışın 4,8 faizi qədər
sənaye məhsulu istehsal edilmiş və xidmətlər
göstərilmişdir.
2008-ci ildə sənayenin
qeyri-neft sektorunun ayrı-ayrı sahələri üzrə də
yüksək artım qeydə alınmışdır. Ən
yüksək göstərici isə kimya sənayesində (34,2
faiz), dəridən məmulatlar və ayaqqabı
istehsalında (27,2 faiz), metallurgiya sənayesi və hazır
metal məmulatlarının istehsalında (23,3 faiz),
maşın və avadanlıqların istehsalında (7,9 faiz)
müşahidə olunmuşdur. Bundan əlavə, il ərzində
üzüm şərabı, pivə və alkoqolsuz içkilər
də daxil olmaqla, bir çox qida məhsullarından olan ət,
süd, meyvə və tərəvəz şirələri, təmizlənmiş
duru bitki yağları və s. istehsalında da əhəmiyyətli
artım qeydə alınmışdır. Bu dövrdə sənaye
müəssisələrində istehsal olunmuş məhsulların
99,7 faizi istehlakçılara göndərilmiş və
2009-cu il iyunun 1-nə sənaye müəssisələrinin
anbarlarında 220 milyon manatlıq və ya may ayının 1-i
vəziyyəti ilə müqayisədə 3,2 milyon manat az
hazır məhsul ehtiyatı olmuşdur. Hazır məhsul
ehtiyatının daha çox hissəsi — 63 faizi Bakı şəhərinin
payına düşmüşdür. Digər hissəsi isə
Sumqayıt (10,1 faiz), Şirvan (3,8 faiz), Mingəçevir (1,3
faiz), Gəncə (2,1 faiz) şəhərlərinin, Şəki
(2,9 faiz) və Saatlı (4,4 faiz) rayonlarının sənaye
müəssisələrinin anbarlarında qalmışdır.
Bundan əlavə, anbarlarda adı çəkilən şəhər
və rayonlardakı ayrı-ayrı sənaye müəsssisələrinin
öz istehsalı olan məhsullardan başqa, digər müəssisələrdən
alınmış və satış üçün nəzərdə
tutulmuş 19 milyon manat məbləğində digər mallar
da olmuşdur.
Beynəlxalq iqtisadi fəaliyyət
növlərinin təsnifatına gəlincə isə, cari
ilin ilk beş ayında mədənçıxarma və ya hasilat
sənayesində əvvəlki illə müqayisədə 2,3
faizlik artım baş vermişdir. Hesabat dövründə xam
neft hasilatı (qaz kondensatı da daxil olmaqla) 20 milyon 396,7 min
ton təşkil etmişdir. Ümumi hasilatın 16,9 milyon tonu
ABƏŞ-in qalan hissəsi isə “Azneft” İstehsalat
Birliyinin və ARDNŞ-lə birgə yaradılmış
müştərək müəssisələrin payına
düşmüşdür. 2005-ci ildə Azərbaycanda qaz
hasilatındakı tənəzzülün qarşısı
alındıqdan sonra bu sahədə də yüksək
inkişaf dinamikası müşahidə olunur. Cari ilin
yanvar-may aylarında səmt qazı da nəzərə
alınmaqla ölkə üzrə 10 milyard kubmetrdən
artıq təbii qaz istehsal olunmuşdur ki, bunun da 7 milyard 633
kubmetrdən çoxunu əmtəəlik qaz təşkil
etmişdir. Bütövlükdə isə son beş il
yarım ərzində mədənçıxarma sənayesində
məhsul istehsalı 2,8 dəfə, o cümlədən neft
hasilatı 2,9 dəfə, qaz hasilatı isə 3,2 dəfə
artmışdır. Həmin dövrdə Azərbaycanda 177,6
milyon ton neft və 51 milyard kubmetr əmtəəlik qazın
istehsal olunması isə, şübhəsiz, neft və qaz sənayesinin
yüksək inkişaf dinamikasından xəbər verir.
2009-cu ilin ilk beş ayında mədənçıxarma
bölməsinin çınqıl, qırma daş, xırda
çay daşı istehsalı sahələrində də
artım müşahidə olunmuşdur. Bu da ölkədə
reallaşdırılan iri infrastruktur layihələrinin həyata
keçirilməsi ilə əlaqədar adı çəkilən
mallara tələbatın artması ilə bağlı
olmuşdur.
Hesabat dövründə istehsal
olunmuş məhsulların çeşidliyinə, onların əhatə
dairəsinin genişliyinə görə mühüm əhəmiyyətə
malik emal bölməsində işlərin 60,7 faizi bilavasitə
qeyri-dövlət sahibkarlıq subyektləri və ev təsərrüfatları
tərəfindən həyata keçirilmişdir. Yanvar-may
aylarında ölkə üzrə ət istehsalı 8,3 faiz,
marqarin yağları 43,6 faiz, qablaşdırılmış təbii
çay 13,2 faiz, meyvə və tərəvəz şirələri
isə 21,3 faiz artmışdır. İstehsal olunmuş qida məhsullarının,
demək olar ki, hamısı qeyri-dövlət müəssisələrinin
və ev təsərrüfatlarının payına
düşür.
2009-cu ilin yanvar-may ayları emal
bölməsinin metallurgiya və hazır metal məmulatlarının
istehsalı ilə məşğul olan bəzi müəssisələr
üçün də uğurlu olmuşdur. Belə ki, il ərzində
sahənin mühüm növ məhsullarından sayılan
tökmə çuqun, qeyri-cins poladdan dəstələr
şəklində katankalar, alüminium qapı və pəncərə
blokları, qapılar üçün astanaların
istehsalında yüksək artım qeydə
alınmışdır.
Hesabat dövründə
maşın və avadanlıqların, elektrik və elektron
avadanlıqların həmçinin nəqliyyat vasitələri
və avadanlıqlarının istehsalı müəssisələrində
əsas növ məhsulların istehsalı bir qədər
azalsa da, traktorların (3,2 dəfə), televizorların (2,2 dəfə)
və məişət kondisionerlərinin (65,9 faiz)
istehsalında ciddi artım qeydə alınmışdır.
Ölkə sənayesinin digər
sahəsi olan elektrik enerjisi, qaz və suyun istehsalı və
bölüşdürülməsi sektorunda 2008-ci ilin yanvar-may
ayları ilə müqayisədə istehsalın həcmi 0,4
faiz artmışdır. İlin ilk beş ayı ərzində
ölkədə 8 milyard 417,3 milyon kVt-saat elektrik enerjisi
istehsal olunmuş, onun 9,4 faizi su elektrik stansiyalarının,
90,6 faizi isə istilik elektrik stansiyalarının payına
düşmüşdür.
2009-cu ilin yanvar-aprel aylarında
ölkənin sənaye müəssisələrində
çalışan işçilərin sayı 168,2 min nəfər
olmuşdur ki, onların da 61 faizi sənayenin dövlət, 39
faizi isə qeyri-dövlət bölməsində
çalışmışdır. Bu dövrdə sənaye
işçilərinin orta aylıq nominal əmək haqqı
447,9 manat təşkil edərək 2008-ci ilin müvafiq
dövrünün səviyyəsini 6,2 faiz
ötmüşdür. Əmək haqqının daha yüksək
səviyyəsi mədənçıxarma sənayesi, neft
emalı, nəqliyyat avadanlıqlarının istehsalı,
metallurgiya və digər qeyri-metal mineral maddələrinin
istehsalı sahələrində qeydə
alınmışdır.
Yaxın illərdə ölkəmizdə
sənayeləşmə tendensiyası daha da sürətlənəcək.
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə
işlənib hazırlanmış neft strategiyasının
uğurla reallaşdırılması, ikinci regional inkişaf
proqramının icrasına başlanılması, eləcə
də yerli istehsalın stimullaşdırılması istiqamətində
həyata keçirilən tədbirlər və s. amillər
iqtisadiyyatın mühüm sahəsi olan sənayeyə daha
böyük inkişaf perspektivləri vəd edir.
Mirbağır YAQUBZADƏ
Xalq qəzeti.- 2009.- 12 iyul.- S. 2.