Viləşçay su anbarı məhsuldarlıq mənbəyidir
Su həyatdır. Nə insan, nə də təbiət
susuz yaşaya bilməz. Su göydən də yağır,
yerdən də çıxır. Bulağa, çaya
dönüb çağlayır, çəməndə
şeh olur, bitkilər aləminə ömür verir, qida məhsullarının
hasilə gəlməsində əvəzsiz rol oynayır. Amma
bəzən böyük ərazilərdə belə
quraqlıq yaranır, susuzluq fəlakət həddinə
çatır. Odur ki, suyun qədrini bilmək, ondan
ağıllı şəkildə bəhrələnmək zəruridir.
Yalnız belədə dünyanı yaşıllığa qərq
etmək, gülüstana çevirmək, həm də həyati
ehtiyacları yetərincə ödəmək
mümkündür.
Son illərdə ölkəmizdə
kənd təsərrüfatı sürətlə inkişaf
etmiş və yeni yüksəliş mərhələsinə
qədəm qoymuşdur. Aqrar sahəyə xidmət edən
qurumlar sırasında meliorasiya və su təsərrüfatı
xüsusilə önəmli yer tutur. Təsadüfi deyil ki,
yeni qəbul olunmuş regional inkişaf proqramında bu şəbəkənin
genişləndirilməsi, əkinlərin suya tələbatının
tam ödənilməsi prioritet vəzifə kimi qarşıya
qoyulmuşdur.
Viləşçay Su Anbarı
İstismar İdarəsi Masallı rayonunda aqrar sahənin
inkişafında, ərzaq bolluğu yaradılmasında
mühüm rol oynayır. 1986-cı ildən fəaliyyət
göstərən bu idarə rayonun 9136 hektar əkin sahələrini
suvarma suyu ilə təmin edir. Bundan ötrü idarənin
balansında ümumi həcmi 46 milyon kubmetr olan su anbarı,
yeddi ədəd kiçik su tutarı (istillər), ümumi
uzunluğu 438 kilometr təşkil edən açıq suvarma
kanalları, 169 ədəd müxtəlif növ hidrotexniki
qurğular, 40 kilometr uzunluğunda, 1200 millimetr diametrdə
yeraltı boru kəmərləri, 5360 hektar sahədə
qapalı suvarma şəbəkəsi vardır.
Bu ilin suvarma mövsümünə
hazırlıq məqsədilə idarənin kollektivi 12
hidrotexniki qurğunun cari təmirini təmin etmişdir.
Altı ayda 138 min kubmetr suvarma kanalı lildən təmizlənmiş,
106 min kubmetrlik çay məcrasında təmizlik işi
görülmüş, 2,5 kilometrdə sağ Viləş
beton kanalı təmir edilmişdir. Bundan əlavə, su
anbarının iriqqasiya suburaxıcısında elektrik
enerjisinin fasiləsiz verilməsi məqsədilə
transformatorlar təmir olunmuş, hidravlik sistemin yağı dəyişdirilmiş,
800 metrə yaxın müxtəlif növ elektrik kabeli və naqillər
yenisi ilə əvəz edilmiş, müxtəlif elektrik
avadanlığı dəyişdirilmişdir.
Masallı rayonunun
Qızılağac, Yeddioymaq, Kalinovka, Xıl, Gəyəçöl,
Şıxlar, Müsaküçə kəndlərində
qapalı suvarma şəbəkələrində 50 min
manatlıq təmir işləri aparılmış və
suvarma mövsümünə hazırlanmışdır. Həsənli,
Xırmandalı, Hacıtəpə, Səmidxan, Kürdəbaz,
Alışanlı, Banbaşı, Sirəbil, Sərçuvar
kəndlərində isə suvarma kanallarının təmizlənməsinə
və hidrotexniki qurğuların təmirinə 55 min
manatlıq vəsait sərf edilmişdir. Təklə, Əhmədli,
Hacıtəpə, Ərəb, Xırmandalı kəndlərini
suvarma suyu ilə təmin etməkdən ötrü
Taxtaçay və Alvadıçay çayları lildən təmizlənmişdir.
Bir sözlə, tələb olunan bütün tədbirlər
həyata keçirilmişdir ki, fermerlərin zəhməti hədər
getməsin, bol məhsul yetişdirilsin.
İdarənin rəisi Ağabəy
Ağayev bizimlə söhbətində dedi:
— Görülən zəruri tədbirlərin
nəticəsi olaraq bu il Masallıda taxıl əkini 4248
hektar, yəni 60 faiz artmışdır. Tərəvəz əkini
sahələri 7,5 faiz çoxalmışdır. Bu yay
artıq bir çox kənd təsərrüfatı məhsulları
lazımınca əiklib-becərilmiş və
yığımda yüksək məhsuldarlığa nail
olunmuşdur. Heç bir təsərrüfat su
qıtlığı ilə üzləşməmişdir.
Uğurların qazanılmasında, şübhəsiz,
melioratorların da zəhməti az deyil.
Masallıda suvarma sahəsində
həyata keçirilən tədbirlərə rayon rəhbərliyi
daim diqqətlə yanaşır, müvafiq köməkliklər
göstərir. Ötən il rayon icra hakimiyyətinin
başçısı Qəzənfər Ağayevin təşəbbüsü
ilə Boradigah çayı lildən və məişət
tullantılarından təmizlənmiş, üfunət mənbələri
yox edilmişdir. Bundan başqa, Viləşçayın
Qızılağac kəndi ərazisindən keçən
hissəsi də 3 kilometrdə tam təmizlənmişdir.
Rayonun Təklə kəndi fermerlərinin əkdiyi 1000
hektarlıq kartof sahələrinin intensiv suvarılması məqsədilə
rayon rəhbərliyinin tapşırığı ilə
daxili imkanlar hesabına əraziyə 4,5 kilometr uzunluğunda
ayrıca kanal çəkilmiş və suvarmaya tam şərait
yaradılmışdır.
Meliorasiya və Su Təsərrüfatı
Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyi,
şəxsən Əhməd Əhmədzadə Viləşçay
Su Anbarı İstismar İdarəsinin faydalı iş əmsalının
artırılmasına hərtərəfli dəstək
göstərir. 2007-2008-ci illərdə Viləşçay su
anbarına 10 ədəd yeni texnika — “Hyundai” və “Belarus”
ekskovatorları, “DT-75" buldozeri və sair verilmişdir.
Bütün bunların 200 minədək əhalisi olan
Masallı rayonunda aqrar sahənin inkişafına köməkliyi
böyük olmuşdur.
Viləşçay Su Anbarı
İstismar İdarəsinin inzibati binası əsaslı təmir
edilmiş, abadlıq işləri
görülmüşdür. Kollektiv rayon ərazisində
2000-dən artıq müxtəlif növ ağac əkmiş
və yeni yaşıllıqların suvarılmasını təmin
etmişdir. Masallı şəhərindəki Heydər Əliyev
adına parkın abadlaşdırılmasında da fəal
iştirak etmişdir.
Bundan sonra da Viləşçayın
əkin torpaqlarının cana gətirilməsində, məhsul
bolluğu yaradılmasında, fermerlərin arzu və istəklərinin
aydınlığa qovuşmasında böyük rol oynayacağına
inanırıq.
Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin bölgə müxbiri
Xalq qəzeti.- 2009.- 14 iyul.- S. 8.