Sumqayıtın 60 illiyinə həsr edilmiş poçt
markası buraxılıb
Məlum olduğu kimi, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Sumqayıt
şəhərinin 60 illik yubileyinin keçirilməsi
haqqında 2009-cu il aprelin 24-də sərəncam imzalayıb. Bununla
bağlı yaradılmış təşkilat komitəsi
xüsusi tədbirlər planı hazırlayıb və həyata
keçirməyə başlayıb.
Gənclik şəhərinin
60 illiyinə həsr edilmiş poçt markasının
buraxılması da həmin tədbirlər silsiləsinə
daxildir. Yeni poçt markasının təqdimatına həsr
olunan toplantının əvvəlində Sumqayıtın
tarixinə dair sənədli film nümayiş etdirildi. Ulu
öndər Heydər Əliyevin vaxtilə Sumqayıta etdiyi
unudulmaz səfərlərinin əks olunduğu kadrlar
xüsusilə böyük maraq doğurdu.
Sumqayıt Şəhər
İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev
çıxışında qeyd etdi ki, xalqımız bu
günlər ümummilli lider Heydər Əliyevin hakimiyyətə
gəlişinin 40 illiyini bayram edir. Yubiley poçt
markasının təqdimat mərasiminin belə bir əlamətdar
vaxta təsadüf etməsi fərəhlidir. Çünki ulu
öndər hər zaman Sumqayıtın inkişafına diqqət
və qayğı göstərib, 16 dəfə bu şəhərə
tarixi səfərlər edib. Ötən 60 ildə səhrada
çiçək kimi bəslənərək gözəlliyi
ilə hamını heyran qoyan Sumqayıt şəhərinin
ölkənin sosial-iqtisadi həyatında rolu ilbəil
artmışdır. Ulu öndərin ideyalarının təcəssümü
olan gənclik şəhəri Prezident İlham Əliyevin
qayğısı sayəsində son illərdə daha da
böyümüş və inkişaf etmişdir.
Sonra Vaqif Əliyev şəhərin
tərəqqisi ilə bağlı fikirlərini konkret faktlarla
əsaslandırdı. İcra hakimiyyətinin
başçısı mərasim iştirakçılarını
yubiley poçt markasının buraxılması münasibətilə
təbrik etdi. İştirakçıların
alqışları ilə möhür-imza qoyulmaqla yeni
markanın “söndürülməsi” proseduru yerinə
yetirildi və marka ölkə miqyasında, eləcə də
beynəlxalq aləmdə dövriyyədə istifadə
üçün hazır oldu.
Əmək veteranı,
“Şöhrət” ordenli inşaatçı Gülbahar Vəliyeva
da mərasimdə ürək sözlərini söylədi.
Sumqayıtın 60 illik
yubileyi münasibətilə düzənlənən daha bir
unudulmaz tədbir beləcə şəhərin tarixinə
yazıldı.
Əli NƏCƏFXANLI
Xalq qəzeti.- 2009.- 15 iyul.- S. 8.