Binəqədi rayonunda ulu öndərin ömür yolundan bəhs edəndəyirmi masa

 

Binəqədi rayonunda ulu öndərimiz Heydər Əliyevin hakimiyyətə gəlməsinin 40 illiyi münasibətilə “Azərbaycana həsr edilmiş ömür” mövzusunda “dəyirmi masa” keçirilmişdir. Binəqədi Rayon İcra Hakimiyyəti və YAP Binəqədi rayon təşkilatının birgə təşəbbüsü ilə təşkil olunan tədbiri rayon icra hakimiyyətinin başçısı Alı Qocayev açmışdır. Natiq qeyd etmişdir ki, dünya miqyaslı ictimai-siyasi xadim, ümummilli liderimiz Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi, iqtisadi əsaslarını yaratmış, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu praktik şəkildə gerçəkləşdirilmiş strateq kimi çağdaş tariximizdə əbədiyaşarlığını təmin etmiş, hələ sağlığında canlı əfsanəyə çevrilmişdir. Xalqımız tarix boyu qazandığı dövlətçilik ənələrini, milli dəyərləri, nailiyyətləri, ali mənəvi keyfiyyətləri məhz Heydər Əliyev epoxasında təkmilləşdirərək dayanıqlı müstəqil dövlətini qurmuş, millət kimi mövcudluğunu, özünü idarə etmək bacarığını ən yüksək səviyyədə nümayiş etdirmişdir.

 

Başçı daha sonra vurğuladı ki, 1969-cu il iyulun 14-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi plenumunda ümummilli liderimizin Azərbaycanda rəhbərliyə seçilməsi respublikamızın tarixində yeni siyasi mərhələnin başlanğıcı olmuşdur. Ulu öndər Heydər Əliyev plenumda dərin məzmunlu çıxış edərək qarşıya qoyulmuş vəzifələrin həyata keçirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini demişdir. “Mən bütün büro üzvlərinin köməyinə ümid edirəm və hesab edirəm ki, birgə, mehriban əməkdaşlığımız gələcək uğurlarımıza gözəl zəmin yaradacaqdır” — deyən dahi öndərimiz ali kürsüyə yüksəldiyi ilk gündən bütün varlığı ilə sevdiyi xalqının intibahı və xoşbəxt gələcəyi naminə böyük fədakarlıqlar göstərmişdir... Çağdaş tariximizin 34 ili ümummilli liderimizin adı ilə bağlı olmaqla, xalqın taleyində şanlı və parlaq səhifəyə çevrilmişdir. Bu 34 il Azərbaycanda müstəqilliyin əbədi, daimi və dönməz xarakter alması, sabit dövlət quruluşunun yaranması, xalqın milli-mənəvi yüksəlişə nail olması, fərdin özünü vətəndaş kimi dərk etməsi və milləttək mövcudluğuna qədər inkişafı kimi misilsiz tarixi prosesi əhatələyir. Azərbaycanı müstəqil dövlət quruculuğuna aparan keşməkeşli və şərəfli yol da, əslində, məhz dahi öndərimizin hakimiyyətə birinci rəhbərliyi dövründən başlayır.

“Dəyirmi masa”da çıxış edən filologiya elmləri doktoru, professor Həsən Mirzəyev bildirdi ki, Azərbaycan KP MK-nın birinci katibi seçilən Heydər Əliyev elə ilk plenumda ana dilində nitq söyləməklə köhnə stereotipləri alt-üst etmiş, milli ideallara bağlı lider olduğunu yüksək kürsüdən nümayiş etdirmişdir. Zəngin təbii sərvətlərinə, istehsal potensialına baxmayaraq, Azərbaycanın keçmiş SSRİ-nin geridə qalmış respublikalar sırasına düşməsinin səbəblərini araşdıran Heydər Əliyev iqtisadi inkişafa xidmət edən kompleks tədbirlərin həyata keçirilməsini təmin etməklə, peşəkar strateq və müdrik dövlət xadimi olduğunu sübuta yetirmişdir. Ümummilli liderimiz respublikada ilk növbədə milli-mənəvi ruhu yüksəltməklə, azərbaycanlıların öz tarixi ənənələrinə, köklərinə bağlılığını sürətləndirməyə çalışmış, xalqın müstəqil yaşaya bilməsi üçün lazım olan iqtisadi və maddi-texniki bazanın formalaşdırılmasına xüsusi diqqət yetirmişdir.

“Dəyirmi masa”da akademik Vaqif Abbasovun çıxışı da maraqla dinlənildi. O dedi:

— Ulu öndərimiz Heydər Əliyevdən əvvəlki respublika rəhbərləri adi nomenklatur məmur kimi respublikada mərkəzin siyasətini həyata keçirmiş, bu siyasətin Azərbaycan xalqının mənafeyinə zidd olan məqamlarında lazımi cəsarət və qətiyyət nümunəsi göstərib sözlərini deməmişdilər. Azərbaycanın sosial-iqtisadi inkişafının geridə qalmasından narahat olub məsələ qaldırmamış, imperiyanın imkanlarını ölkə, xalq naminə səfərbər etməmişdilər. Bütün bunlar da respublikada sosial-iqtisadi tənəzzülün, durğunluğun, bürokratik amillərin, rüşvətxorluq və korrupsiyanın geniş vüsət almasına gətirib çıxarmışdı. İqtisadiyyatı bütövlükdə dərin və uzunmüddətli böhran mərhələsində olan respublikada yaranmış bu ağır vəziyyətdən çıxış yolu tapılmalı, onun iqtisadi inkişafının təmin edilməsi üçün işlək proqramlar hazırlanmalı, iqtisadiyyatda köklü struktur dəyişikləri aparılmalı, təsərrüfatçılıqda, iqtisadi həvəsləndirmədə yeni üsullar tətbiq olunmalı idi. Bu zəruri tələbləri düzgün dəyərləndirən Heydər Əliyev onu da yaxşı bilirdi ki, millətin siyasi müstəqilliyinin təməlini məhz onun iqtisadi azadlığı şərtləndirir.

“Azərbaycan” qəzetinin şöbə müdiri Xalid Niyazovun da ulu öndərimiz barədə fikirləri tədbir iştirakçıları tərəfindən diqqətlə dinlənildi. Natiq göstərdi ki, ömrünü canından artıq sevdiyi doğma Azərbaycanının inkişafına həsr edən Heydər Əliyev hələ sovet dövründən başlayaraq, çox böyük uzaqgörənliklə bugünkü dövlət müstəqilliyimiz üçün zəmin hazırlamış, respublikamızın iqtisadi, elmi və mədəni potensialını yaratmışdır...

 

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2009.- 15 iyul.- S. 7.