Heydər Əliyev:
Siyasətin ziyalılığı...
Və ziyalı siyasəti
(1969- 1982- ci illər)
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin
siyasi-ideoloji irsi Azərbaycan təfəkkür-
düşüncə mədəniyyətinin zəngin xəzinəsi,
gənc azərbaycanlı siyasətçilərin ən müxtəlif
məsələlərlə bağlı vaxtaşırı
müraciət etməli olduqları böyük bir siyasət
akademiyasıdır. Sovet sosialist rejiminin nisbətən
liberallaşdığı, Azərbaycanda milli dəyərlərə
qayıdış hərəkatının
başlandığı 60- cı illərdə Dövlət Təhlükəsizlik
Komitəsində yüksək vəzifə daşıyan,
sovet sosialist ideologiyasının “mətbəx”inə bələd
olan Heydər Əliyev həmin komitənin rəhbəri təyin
edildikdən sonra on illər boyu Azərbaycan
ziyalılarının qənimi olan bu idarəni
ziyalılığın, yeni mütərəqqi (və milli)
düşüncənin müdafiəçisinə
çevirdi.
Millətçi
mövqeyi ilə tanınan Bəxtiyar Vahabzadə
xatırlayır ki, 60-cı illərdə hansısa gözəgörünməz
güclü bir əl onu həbs olunmaqdan, təqiblərdən
müdafiə edirdi. Eyni fikrə Anarın, Ə.Əylislinin,
X.R.Ulutürkün, N.Həsənzadənin xatirələrində
də rast gəlmək mümkündür. Xalqın mənən,
ruhən yüksəlişi üçün onun milli mədəniyyətini,
mənəvi dəyərlərini yaradan şəxsiyyətləri
qorumaq lazım gəldiyini yaxşı bilən Heydər Əliyev
respublika rəhbərliyinə gəldiyi ilk illərdən Azərbaycanda
yaradıcı ziyalıların – alimlərin,
yazıçıların, incəsənət xadimlərinin,
müəllimlərin nüfuzunu o zamana qədər
görünməmiş bir miqyasda artırdı.
Azərbaycanın ədəbiyyat
filosofu Yaşar Qarayev müasir Azərbaycan ədəbiyyatının
inkişafında Heydər Əliyevin rolunu belə qiymətləndirir:
“Onun ifasında və icrasında siyasət də sənət,
siyasətçi də sənətkar səviyyəsinə
qalxa bilir. Daha doğrusu, siyasətçi də sənətkara
çevrilir, filosof təcəssümü, mütəfəkkir
obrazı, alim statusu ala bilər. Bütün bunlar Heydər Əliyevin
fəaliyyətindən həm də bir sənət və sənəktkarlıq
hadisəsi kimi danışmağa imkan verir”.
Ziyalılıq Heydər
Əliyevin yürütdüyü
idarəçilik siyasətinin
mahiyyətində idi
– 70- ci, 80- ci illərdə Azərbaycan
yazıçılarının, bəstəkarlarının, rəssamlarının
və s. elə bir qurultayı
olmamışdı ki,
respublika əhəmiyyətli
elə bir məsələ yox idi ki, MK- nın birinci katibi mütəxəssislərlə
məsləhətləşməsin. Təsərrüfat işlərindən
başlamış ən
mürəkkəb ideoloji
problemlərin həllinə
qədər Heydər
Əliyev məhz elmi yanaşma tərəfdarı idi. Onun həyata keçirdiyi bütün tədbirlər həm də bir intellekt
əsəri, gələcəyə
hesablanmış təcrübə
mənbəyi idi. Azərbaycanlı gənclərin SSRİ- nin mötəbər ali məktəblərində
təhsil almasını
təmin edəndə
də, milli təhsilin keyfiyyətini yüksəltmək, miqyasını
genişləndirmək, Elmlər
Akademiyasının fəaliyyətini
canlandırmağa çalışanda
da, görkəmli fikir adamlarını respublikanın ictimai həyatında yaxından iştiraka cəlb edəndə də Azərbaycan ziyalılığının potensialını
hərəkətə gətirir,
yeni tipli ziyalı zümrəsinin formalaşmasının əsasını
qoyurdu. Heydər Əliyev elə ilk illərdən Moskvanın təyin etdiyi yüksək çinli məmur- icraçı imicini sındırdı; o, dövlət idarəedicisindən
çox, millət qurucusu kimi fəaliyyət
göstərməyə başladı
ki, bunu ancaq yüksək səviyyəli ziyalı təfəkkürü ilə
etmək olardı.
Heydər Əliyevin
70-ci, 80-cı illərdə
həyata keçirdiyi
siyasətin ziyalılıq
səviyyəsi özünü
aşağıdakı əlamətlərdə
göstərirdi:
1) elmilik, intellektuallıq, erudisiya;
2) yüksək
mədəniyyət, zövq,
sözün geniş mənasında sənətkarlıq;
3) millilik;
4) novatorluq;
5) varislik, ardıcıllıq;
6) kollegiallıq və s.
Heydər Əliyev respublikanın inkişafı üçün bu və ya digər işi görməyə başlayanda mövcud təcrübələri öyrənir, məsələnin mahiyyətinə (elminə!) nüfuz edir, ən xırda detalları da nəzərdən kənarda qoymurdu. Özünəməxsus intellektuallığı, erudisiyası ilə atılacaq hər addımı ölçüb-biçir, professionalların məsləhətlərini diqqətlə dinləyirdi. Hətta yaxşı bildiyi məsələləri də dönə-dönə müzakirə etməkdən usanmırdı. Və hər iş yüksək mədəniyyətlə, zövqlə, peşəkarlıqla görülürdü. O, kimin harada cəmiyyət üçün daha faydalı olacağını, nəyi necə etdikdə effekt verəcəyini istedadla müəyyən edirdi.
Mənsub olduğu millətin mentalitetinin, mənəvi-mədəni dəyərlərinin bilavasitə daşıyıcısı olduğundan hər işdə milli atribusiyanı qoruyurdu. Və bilirdi ki, xalqın ruhunun qəbul edə bilməyəcəyi hər hansı addım, ilk baxışdan nə qədər zəruri görünsə belə, təqdir oluna, ümummilli dəyərə çevrilə bilməz. Odur ki, bu gün böyük şəxsiyyətin 70-ci, 80-cı illərdə həyata keçirdiyi elə bir tədbiri, hadisəni təsəvvür etmək mümkün deyil ki, xalqın yaddaşında qalmasın, onun tarixinə düşməsin. Hara baxsan, onun əsərlərini görərsən.
Azərbaycanın dövlət başçısı öz siyasi-ideoloji fəaliyyətində milli olduğu qədər də novator idi. Moskvanın verdiyi imkanlar daxilində (bəzən qoyulmuş məhdudiyyəti belə aşaraq) yenilikçi düşüncəni nəinki müdafiə edən, eyni zamanda onun respublikaya axınının təşəbbüskarı olan Heydər Əliyev elə bir ictimai-siyasi, mənəvi şərait yaratmışdı ki, Azərbaycanda dissident, yaxud “sandıq ədəbiyyatı” problemi olmamışdı. Alimlərin, yazıçıların, incəsənət xadimlərinin “anti-sovet” və ya “millətçi” əsərləri nəinki təqib, hətta çox hallarda təqdir edilir, gənc nəslin eksperimentlərinə qayğı ilə yanaşılırdı. “Qobustan”, “Ulduz”, “Azərbaycan” jurnalları, bir sıra elmi toplular, Azərbaycan xalqının etnogenezisinin müzakirə olunduğu konfranslar, cəmiyyətə açıq elmi-ideoloji lektoriyalar və s. yeni fikri yayır, yeni nəsil yetişdirirdi. Və Moskvanın respublikadakı xəfiyyələri, peşəkar danosçuları nə qədər canfəşanlıq etsələr də, respublika rəhbəri bütün təzyiqləri öz üzərinə götürərək, yaratdığı ictimai ovqatı – azadlıq əhval-ruhiyyəsini təkidlə qoruyur, inkişaf etdirirdi.
Heydər Əliyev özündən əvvəlki birinci katiblərdən fərqli olaraq, idarəçilik, geniş mənada quruculuq fəaliyyətində təsadüflərin diqtəsi ilə deyil, gələcəyə hesablanmış strateji ardıcıllıqla hərəkət edir, gördüyü böyük işin varisliyinə çalışırdı. O bilirdi ki, “Azərbaycanda əbədidir”. Və bu əbədilik missiyası ona imkan verirdi (hətta təkid edirdi!) ki,Sovetlər Birliyinin hələ kifayət qədər güclü olduğu bir dövrdə belə xalqının mənafeyi üçün işləməkdən yorulmasın, elə bir milli mənəvi mühit yaratsın ki, millət özünün kimliyini dərk etsin.
Azərbaycanın lideri həyata keçirdiyi bütün tədbirlərdə cəmiyyətin, xüsusilə ziyalıların bilavasitə iştirakını təmin etməklə böyük mənada kollegiallıq göstərir, xalqı fəaliyyətə ruhlandırır, “fəal həyat tərzi”ni təbliğ edirdi. Azərbaycanlıları sosial-siyasi proseslərdən təcrid etmək, milləti passivləşdirmək “təcrübə”sini öz güclü iradəsi ilə məhz Heydər Əliyev aradan qaldırdı.
Bütün bunlar Heydər Əliyev siyasətinin ziyalılıq səviyyəsinin göstəricisi, mənsub olduğu xalqa böyük ziyalı xidməti idi. Milləti maarifləndirmək, mütəşəkkil etmək, dünyaya çıxarmaq, onu övlad məhəbbəti ilə sevmək, gələcəyə gedən yolunu işıqlandırmaq və nəticə etibarilə, onun ziyalı liderinə çevrilmək Heydər Əliyevə qismət oldu. Elə ona görə də Azərbaycan xalqı milli azadlıq, dövlət müstəqilliyi əldə etdiyi ilk günlərdən, bütün təxribatlara baxmayaraq, öz liderini tapdı və məhz onun rəhbərliyi ilə dünya birliyinin layiqli üzvü oldu.
Heydər Əliyevin ziyalı siyasəti onun siyasətindəki ziyalılığın birbaşa davamı idi. Və Azərbaycan xalqının ümummilli lideri respublika rəhbərliyinə gəldikdən sonra;
1) xalqın nüfuzlu ziyalılarını öz ətrafına topladı, onların intellektindən xalqın, respublikanın mənafeyi naminə istifadə etdi;
2) ziyalıların ictimai mövqeyini yüksəltdi, onlara dövlət qayğısı göstərdi;
3) Azərbaycanın elm, mədəniyyət xadimlərini İttifaq miqyasında tanıtdı;
4) ziyalılığın yeni nəslinin milli (müasir!) dəyərlər əsasında formalaşmasını təmin etdi;
5) ictimai həyatın hər bir sahəsində ziyalılığı əsas göstərici səviyyəsinə qaldırdı və s.
Azərbaycan tarixinin ən qaranlıq dövrlərindən milli ziyalı potensialını üzə çıxaran, millətin yaddaşını bərpa edən, Nizaminin, Əcəminin, Nəsiminin, Füzulinin, Vaqifin, C.Məmmədquluzadənin, N.Nərimanovun, H.Cavidin, C.Cabbarlının, S.Vurğunun şəxsində Azərbaycan ziyalılığına böyük bir abidə ucaldan Heydər Əliyev hələ müstəqillik dövrünə qədər Azərbaycanın ən böyük ziyalısı, ideya-fikir cəngavəri, gələcəkdə müstəqil Azərbaycanın dövlətini yaradacaq azərbaycançılıq ideologiyasının yaradıcısı idi.
Nizami CƏFƏROV,
Azərbaycan MEA-nın müxbir üzvü,
əməkdar elm xadimi, Azərbaycanda
Atatürk Mərkəzinin
rəhbəri, Milli
Məclisin mədəniyyət
məsələləri komitəsinin
sədri
Xalq qəzeti.- 2009.- 15 iyul.- S. 5.