Heydər Əliyev Azərbaycanı parçalanmaq təhlükəsindən
xilas etdi...
Ümummilli liderimiz Heydər Əliyev birinci dəfə,
1969-cu ildə SSRİ-nin tərkibində olan Azərbaycana rəhbər
seçiləndə elə bir dövr idi ki, respublika
bütün sosial-iqtisadi göstəricilərə görə
ittifaqda axırıncı yeri tuturdu. Lakin bu dahi şəxsiyyət
idarəçiliyin ən səmərəli vasitələrindən
istifadə edərək bütün imkanları təsərrüfat
sahələrinin dirçəldilməsinə yönəltdi,
əhalinin həyat səviyyəsinin
yaxşılaşdırılması üçün ciddi tədbirlər
həyata keçirməyə başladı. Bunun
üçün ilk növbədə sosial-iqtisadi həyatda
mövcud olan nöqsanlar, neqativ meyllər aradan
qaldırıldı, gələcək inkişafla
bağlı məqsəd və vəzifələr müəyyənləşdirildi.
Dahi öndər sənayedə hökm sürən tənəzzülə
son qoymaq, neft sektorunda vəziyyəti
yaxşılaşdırmaq üçün ittifaq hökuməti
qarşısında mühüm təkliflərlə
çıxış etdi və qısa müddətdə
onların reallaşmasına nail oldu.
Cəmi bir neçə
ildə respublikamızda yeni tipli sənaye müəssisələri,
istehsal sahələri istifadəyə verildi, on minlərlə
yeni iş yerləri yaradıldı, sənayenin ixrac
potensialı xeyli artdı, istehsalın maddi-texniki səviyyəsi
yüksəldi. 1976-1980-ci illərdə Azərbaycan sənayedə
məhsul istehsalının artımına görə
keçmiş SSRİ-də birinci yerə çıxdı.
XX əsrin 70-ci illəri
Azərbaycan tarixinə, sözün əsl mənasında, sənayenin
intibah dövrü kimi daxil oldu. Respublika iqtisadiyyatının
səmərəli göstəricilərinin
yaxşılaşması sahəsində böyük işlər
görüldü.
70-ci illərdə Azərbaycanın
elmi-texniki istehsal potensialının xeyli dərəcədə
möhkəmləndirilməsi təmin olundu. Belə ki, səkkizinci
beşillikdə respublikada əsas fondların istifadəyə
verilməsi üzrə ayrılmış vəsait 25 faiz kəsirlə
yerinə yetirilmişdi, başa çatmamış tikintilərin
həcmi xalq təsərrüfatına bir il üçün
ayrılmış əsaslı vəsait qoyuluşunun həcminə
bərabər idi. Belə bir vəziyyətdə ittifaq
hökuməti qarşısında respublikaya ayrılacaq vəsaitlərin
artırılması təklifi ilə çıxış
etmək mərkəzdə birmənalı
qarşılanmamışdı. Ona görə də Heydər
Əliyev ilk növbədə əsaslı tikintidə
dönüş yaratmağa, kompleksin texniki-iqtisadi göstəricilərinin
yaxşılaşmasına nail oldu ki, bütün bunlar da
respublika rəhbərinin Azərbaycan iqtisadiyyatına
investisiya qoyuluşunun artmasına dair SSRİ hökuməti
qarşısında qaldırdığı məsələlərin
reallığını artırdı. Nəticədə 1971—1975-ci
illərdə respublikanın xalq təsərrüfatına
1966—1970-ci illərdəkindən 30 faiz çox vəsait
qoyuldu. 64 iri sənaye müəssisəsi işə
düşdü. Sənayenin nəinki sahə, eləcə də
ərazi proporsiyalarının təkmilləşməsi
istiqamətində konkret addımlar atıldı. İstifadəyə
verilən əsas fondların miqdarı 8-ci beşillikdəki
göstəriciyə nisbətən 1,7 dəfə artdı.
Altmışıncı
illərdə respublika əhalisinin yarısı kənddə
yaşayırdı, amma əhalinin rifah halı ilə
bağlı göstəricilərin səviyyəsi ciddi
narahatlıq doğururdu. İstehsal zəif artır, güzəran
isə yaxşılaşmırdı. Ona görə də
Heydər Əliyev ittifaq hökuməti qarşısında
aqrar sektorun inkişafı, kənd əhalisinin məşğulluğu,
güzəranı baxımından taleyüklü məsələlər
qaldırdı. Bununla əlaqədar olaraq ittifaq hökuməti
Azərbaycanda kənd təsərrüfatının
inkişafına dair mühüm qərarlar qəbul etdi.
Respublika rəhbəri onların həyata keçirilməsini
ciddi nəzarətə götürdü. 1971-1975-ci illərdə
1966-1970-ci illərə nisbətən kənd təsərrüfatında
məhsul istehsalı 34 faiz artdı, bir sıra vacib sahələrdə,
xüsusilə, pambıqçılıq,
üzümçülük, çayçılıq, tərəvəzçilik
və s. sahələrdə, yüksək göstəricilərin
əldə edilməsinin möhkəm təməli qoyuldu.
1976—1980-ci illərdə
Azərbaycan kənd təsərrüfatının ümumi məhsulunun
artımına görə ittifaqda birinci yerə
çıxdı. Aqrar sektorun maddi-texniki bazasının
möhkəmləndirilməsi üçün mühüm tədbirlər
görüldü. 70-ci illərdə Azərbaycan kəndində,
sözün əsl mənasında, sosial-iqtisadi həyat
qaynayırdı. Belə bir dinamik inkişafın arxasında
torpağın qədrini bilən əməksevər Azərbaycan
xalqı dururdu. Bu nailiyyətlər böyük Heydər Əliyevin
düşünülmüş siyasətinin təntənəsini
əyani surətdə sübut edirdi.
Ümumiyyətlə,
Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi 1969—1982-ci
illərdə Azərbaycanın iqtisadiyatı yeni keyfiyyət
mərhələsinə çıxmış, xalq təsərrüfatının
bütün sahələrində inkişaf sürətlənmiş,
güclü istehsal potensialı yaranmışdı ki,
bütün bunlar gələcək inkişaf
üçün möhkəm zəmin idi. Heydər Əliyevin
bilavasitə rəhbərliyi ilə hazırlanmış
1981—1985-ci illəri əhatə edən sosial-iqtisadi inkişaf
planının müvəffəqiyyətlə yerinə
yetirilməsi Azərbaycanın inkişaf imkanlarını daha
da genişləndirdi.
Yuxarıda çox
yığcam şəkildə göstərdiyim konkret faktlar
bir daha sübut edir ki, Heydər Əliyev keçmiş Sovet
sisteminin sərt qayda-qanunlarının hakim olduğu bir şəraitdə
belə daim respublikanın tərəqqisi naminə əsl
liderə xas olan keyfiyyətlərdən bacarıqla istifadə
etmiş, xalqını yeni, daha miqyaslı yaradıcı, məhsuldar
əməyə səfərbər edə bilmişdi.
Lakin keçən əsrin
80-ci illərinin sonunda Mərkəzin bilavasitə iştirakı
ilə hazırlanmış “Qarabağ problemi”nin ortaya
atılması, respublika rəhbərliyinin səriştəsizliyi
nəticəsində Azərbaycanda sosial-iqtisadi və siyasi
böhran vəziyyətinin yaranması, vətəndaş
müharibəsi təhlükəsinin mövcudluğu yenicə
qazanılan müstəqilliyin itirilməsi ilə nəticələnə
bilərdi. Belə ağır bir dövrdə xalqın təkidli
tələbi ilə yenidən hakimiyyətə gələn
böyük öndər respublikamızı bu fəlakətdən
xilas etdi.
Ümummilli liderimizin gecəli-gündüzlü
səyi, zəhməti ilə respublikamız sosial-iqtisadi
inkişaf yoluna çıxdı. “Əsrin müqaviləsi”
reallığa çevrildi. Azərbaycanın ərazi
bütövlüyünü və təhlükəsizliyini təmin
edə biləcək ordu yaradıldı. Ölkə daxilində
möhkəm ictimai-siyasi sabitlik bərpa olundu. Həyatın
bütün sahələrini əhatə edən
hüquqi-demokratik islahatlar aparıldı. Azərbaycan bir
çox nüfuzlu beynəlxalq təşkilatlara üzv
seçildi. İnsan hüquq və azadlıqlarının
qorunmasına xidmət göstərən qanunlar, normativ aktlar
qəbul olundu. Ölkəmizin dövlət müstəqilliyi
ulu öndərimizin müdrik siyasəti nəticəsində
dönməz və əbədi xarakter aldı.
Cənab Heydər Əliyev
haqqında söhbət açarkən diqqəti bir məqama
da yönəltməyi zəruri sayıram. Bu böyük
şəxsiyyət yenidən Azərbaycana hakimiyyətə
qayıdanda bəyan etdi: “Mən ömrümün qalan hissəsini
də xalqıma bağışlayıram” və həqiqətən
də bağışladı. 1993-cü ildən sonra ölkənin,
Azərbaycanın firavanlığı, xoş günü
üçün ömrünü şam kimi əritdi. Qəribədir
ki, sözün əsl mənasında xalqın ümid
çırağını yandıran, inamını
dirçəldən bu ömrü yarıda qırmağa, məhv
etməyə çalışanlar da tapıldı. Prezidentin
keçəcəyi körpünü partlatmağa,
uçduğu təyyarəni raketlə vurmağa cəhd
göstərdilər. Lakin Allah-təala onu qoruyub saxladı.
Çünki cənab Heydər Əliyev Azərbaycan dövlətçiliyini
qorumaq kimi böyük xilaskarlıq missiyasını öz
üzərinə götürmüşdü... O vaxt, daha dəqiq
desək, 1993-cü il iyunun 15-də Milli Məclisdə
söylədiyi geniş nitqində vurğulamışdı:
“...Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan
Respublikasının dövlət müstəqilliyini
qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi
özüm üçün ən əsas vəzifələrdən
hesab edirəm... Azərbaycan Respublikası bundan sonra da, onun
başına nə gəlirsə-gəlsin, müstəqilliyini
itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə
daxil olmayacaq, heç bir dövlətin əsarəti
altına düşməyəcəkdir”.
Ümummilli liderimiz o zaman
söylədiklərinə, üzərinə
götürdüyü missiyaya dönmədən və qətiyyətlə
əməl etdi. Ölkəmiz xarici dövlətlər
arasında böyük nüfuz sahibinə çevrildi.
Müstəqilliyimiz bütün dünya tərəfindən
tanındı və müdafiə olundu.
...Böyük öndər
Heydər Əliyev xalqa, milli kökə, ana dilinə
bağlı şəxsiyyət idi. Bu dahi insanın son dərəcə
zəngin fəaliyyətində bir cəhəti
xatırlatmaqla fikrimi təsdiqləyə bilərəm:
ümummilli liderin alimlər, yazıçılar, mədəniyyət
xadimləri ilə görüşləri zamanı nitqləri
vətənpərvər xalq üçün sanki
ildırımlı göy gurultusuna çevrilirdi. Sanki ilahi
bir qüvvənin təsiri ilə səslənən bu
çıxışlar xalqımızı sabaha yönəldən,
onu öz mənəvi-əxlaqi, ədəbi-tarixi və dini
köklərilə bağlayan haqq sədası kimi
ucalırdı. Böyük öndərin qürurlu, mətin,
qüvvət və qüdrət saçan səsindən
ürəklər bir toxtaqlıq tapırdı, xalqın
öz işıqlı və xoşbəxt gələcəyinə
inamı daha da artırdı...
...Görkəmli
dövlət xadimi Heydər Əliyev milli maraqlara uyğun gələn,
sosial-iqtisadi tərəqqiyə təkan verə biləcək
bütün imkanlardan səmərəli istifadə etməyi zəruri
vəzifə sanırdı. Onun müstəqil Azərbaycanın
sosial tərəqqisi əhalinin zəruri xidmətlərlə
təmin olunması, sənayenin, kənd təsərrüfatının
inkişafı, mədəniyyətimizin daha da zənginləşdirilməsi,
milli təhsil sistemimizin beynəlxalq standartlara uyğun səviyyədə
təkmilləşdirilməsi və digər məsələlərlə
bağlı çıxışlarını, keçirdiyi
görüşləri xatırlayaq. Müzakirəyə
çıxarılan hər məsələyə, hər sahəyə
aid ümummilli lider Heydər Əliyevin professional
baxışı var idi. O, ən müxtəlif problemlərlə
bağlı sistemli şəkildə əsaslandırılmış
təhlillər aparır, qlobal və lokal xarakterli təkliflər
irəli sürür, inkişafın qarşısına
çıxa biləcək maneələri dəf etmək
üçün səmərəli yollar göstərirdi...
Siyasi fəaliyyətinin bütün dönəmlərində
insan, onun qayğıları, bütövlükdə cəmiyyətin
sosial inkişaf məsələləri onun diqqət mərkəzində
idi. O, xalq üçün ümdə əhəmiyyət kəsb
edən taleyüklü məsələlərin həllinə
kifayət qədər həssaslıqla
yanaşırdı...Bir sözlə, Azərbaycanın
bütün sahələrdə tərəqqisinə, dünya
birliyinin layiqli üzvünə çevrilməsinə nail
olmaqdan ötrü titanik səylər göstərirdi.
İnsanlar gələcəyə
bu gün də nikbin baxırlar. Bu da ilk növbədə
ölkədə ulu öndərin başladığı
işin, sosial-iqtisadi siyasətin qətiyyətlə davam
etdirilməsi ilə bağlıdır. Sevindirici haldır ki,
məhz böyük öndərin uzaqgörən ideyaları,
tövsiyələri bu gün Heydər Əliyev siyasi məktəbinin
layiqli yetirməsi Azərbaycan Prezidenti cənab İlham Əliyev
tərəfindən uğurla yerinə yetirilir.
Xeyrulla HÜMBƏTOV,
Dövlət Dəmir Yolunun rəis müavini,
YAP Dəmir Yolu Təşkilatının sədri
Xalq qəzeti.- 2009.- 15 iyul.- S. 5.