Həyatını xalqa, Vətənə, dövlətçiliyə
həsr edən böyük insan
Ümummilli liderimiz Heydər Əliyevin həyatı
xalqa, Vətənə, dövlətçiliyə xidmət
etmək nümunəsi olmuşdur. Onun həyat yolu, fəaliyyətinin
bütün dövrləri buna əyani sübutdur. İstər
birinci dəfə Azərbaycan Respublikasına rəhbərlik
etdiyi illərdə, istərsə də yenicə müstəqillik
əldə etmiş gənc Azərbaycan dövləti
uçuruma sürükləndiyi, parçalanıb
dağılmaq, suverenliyini tamam itirmək təhlükəsi
ilə qarşılaşdığı vaxtda xalqın tələbi
ilə yenidən ölkə rəhbərliyinə dəvət
olunandan sonrakı fəaliyyəti bunu təsdiq edir.
Ulu öndərimiz Heydər
Əliyevin Vətən sevgisinin sərhəddi yox idi. O unikal
şəxsiyyət idi. Onun Vətən, xalq üçün
çalışmaq həvəsi sonsuz idi.
Heydər Əliyev
qısa müddət ərzində hakimiyyət vakuumunu aradan
qaldırdı, baş alıb gedən separatçı
qüvvələri, ölkəmizin ərazi
bütövlüyünə qəsdlər törədən
cinayətkar ünsürləri zərərsizləşdirdi. Ayrı-ayrı
imkanlı və vəzifəli adamlara tabe olan,
torpaqlarımızı, kəndlərimizi və şəhərlərimizi
qorumaqdan çox öz sahiblərinin hakimiyyətdə
yüksək kürsü tutmalarına, onların arasında
tez-tez baş verən “razborkaları” həll etmək vasitəsinə
çevrilən pərakəndə silahlı dəstələrin
dinc yolla tərksilah edilməsini, Ali Baş Komandana tabe olan
vahid ordu yaradılmasını təmin etdi. Qan tökülməsinə
imkan vermədən silahlı dəstələrin tərksilah
edilməsini yalnız Heydər Əliyevin müdrikliyi sayəsində
həll etmək mümkün oldu. Bu, ölkədə
sosial-siyasi stabilliyi təmin etməyin, qanunun aliliyinin bərqərar
olmasının zəruri şərti idi.
Heydər Əliyev
dövlətlə xalqın birliyini, yekdilliyini təmin etdi,
respublikamızda baş alıb gedən hərcmərcliyi,
anarxiyanı aradan qaldırdı, ölkədə sosial-siyasi
stabillik yaratdı. Azərbaycan öz müstəqilliyini bərpa
etdikdən sonra ölkənin sosial-iqtisadi
inkişafının təkmil strategiyasını hazırlamaq
çətin və taleyüklü vəzifə idi. Bir
iqtisadi sistemin digərinə ən az məsrəflə
transformasiyasını təmin edən strateji xətti
hazırlamağın məsuliyyət yükünü
yalnız uzaqgörən, qətiyyətli və cəsarətli
müdrik şəxsiyyət öz üzərinə
götürə bilərdi.
Heydər Əliyevin 30
ildən çox Azərbaycan Respublikasına rəhbərlik
etdiyi və eləcə də 80-ci illərdə
dünyanın super dövlətlərindən olan SSRİ rəhbərlərindən
biri olduğu zaman topladığı zəngin dövlət
idarəçiliyi təcrübəsi, iqtisadi sistemin transformasiyasının
mükəmməl strateji xəttini hazırlamağa şərait
yaratdı.
Heydər Əliyev
respublikamızda quruculuq, yaradıcılıq işlərinin
başlıca istiqamətlərini müəyyən etdi. O, Azərbaycan
dövlətinin strateji yolunun yalnız demokratiya, sərbəst
iqtisadiyyat, bazar iqtisadiyyatı, sahibkarlıq yolu olduğunu
göstərdi.
Heydər Əliyev
ölkənin sosial-iqtisadi inkişaf strategiyasının
başlıca konturlarını müəyyən etdi. Bu
strateji kursun məğzini ölkədə sosial-siyasi
stabilliyi qorumaq, iqtisadi sistemin transformasiyasını təmin
edən islahatları sistemlə aparmaq, dünya iqtisadi
inteqrasiyasına qoşulmaq, sosial-iqtisadi inkişaf və
xalqın rifahının yüksəldilməsi təşkil
edirdi.
Heydər Əliyevin
quruculuq, yaradıcılıq işlərinə ilk günlərdən
başlaması mümkün olmadı. Başlıca səbəb
dünyanın ən iri dövlətləri tərəfindən
müdafiə və idarə olunan Ermənistanın Azərbaycana
qarşı işğalçılıq müharibəsi,
habelə xaricdən
idarə olunan daxildəki qüvvələrin sui-qəsdçilik
və dövlət çevrilişləri cəhdləri,
stabilliyin olmaması idi.
Xaricdən idarə
olunan mütəşəkkil cinayətkar qruplarla, Azərbaycan
hakimiyyətinin yüksək kürsüsündə
oturanların bəzisinin açıq və gizli
koordinasiyasına əsaslanan qüvvələrin həmlələrinə
yalnız Heydər Əliyev cəsurluğu, müdrikliyi
duruş gətirə bilərdi. Heydər Əliyevin heç nədən
çəkinmədən həyatı ilə risk etmək
hesabına olsa belə göstərdiyi igidlik nəticəsində
1994-1995-ci illərdə ölkədə içtimai-siyasi
stabillik təmin edildi. Atəşkəs haqqında saziş
imzalandı.
Azərbaycan zəngin
təbii sərvətləri, maddi-texniki və intellektual potensialı,
əlverişli geosiyasi mövqeyi olan, beynəlxalq kommunikasiya
xətlərinin, Qərb-Şərq, Şimal-Cənub nəqliyyat
dəhlizlərinin kəsişdiyi, dünya dövlətlərinin
strateji maraqlarının cəmləşdiyi ölkələrdən
biridir.
Heydər Əliyevin müəyyən
etdiyi və həyata keçirdiyi strategiya Azərbaycan
iqtisadiyyatına böyük uğurlar gətirdi. Ölkə
iqtisadiyyatına 20 milyard dollardan çox investisiya qoyuldu. Onun
75-80 faizi xarici investisiyalardan ibarət oldu. Bu, Heydər Əliyevə
dünya ölkələrində inam və etibarın, onun
böyük nüfuz sahibi olmasının nəticəsi idi.
Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi 10 il ölkəmizdə quruculuq-yaradıcılıq illəri olmuşdur. Ulu öndərimizin çoxsaylı, geniş spektrli quruculuq, yaradıcılıq işlərini saymaqla qurtaran deyil. Nə qədər çox işlər görülsə də yenə ölkə qarşısında müxtəlif səpkili vəzifələr dururdu. Xalqımızın ümummilli liderini ölkənin gələcəyi həmişə düşündürürdü. O, həyata keçirilmiş və qarşıda duran vəzifələrin müqəddəratı üçün narahatçılıq keçirirdi. Bu müdrik şəxsiyyətin, atanın övladlarına olan sonsuz qayğısı idi.
Dövlətçiliyimizin memarı Azərbaycanın gələcək taleyini kimə etibar etməyin mümkünlüyünü hamıdan əvvəl görürdü. Müdriklər həlledici məqamda xalqa müraciət edir, xalqın rəyini öyrənir, ölkə əhalisinin dəstəyini qazanmaqla müəyyənləşdirdikləri kursun reallaşmasını təmin edirlər. Xalqımızın ümummilli lideri 2003-cü il oktyabrın 1-də xalqa müraciətində deyirdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiklərim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək”. Ulu öndərimiz İlham Əliyevə özü qədər inandığını və gələcəyinə böyük ümidlər bəslədiyini, onun dövlət rəhbərliyi üçün lazım olan bütün keyfiyyətlərə malik olduğuna əmin olduğundan “Mən seçici olsaydım İlham Əliyevə səs verərdim” demişdir.
Heydər Əliyev Azərbaycanla bağlı taleyüklü məsələlərdə həmişə realist qərarlar qəbul etmişdir. Onun bu qərarının da reallığa əsaslandığına 2003-cü ildən bəri ölkənin sosial-iqtisadi inkişafında qazanılan uğurlar əyani sübut edir.
Milyonlarla Azərbaycan vətəndaşları İlham Əliyevi Heydər Əliyev siyasi kursunun davamçısı hesab edirdi. Bu fikirlər bir gündə nə yarana, nə də formalaşa bilərdi. Yenilikçi, müasir iqtisadi düşüncəli siyasətçi İlham Əliyevin praqmatizminin onun həyat tərzindən, praktiki fəaliyyətindən irəli gəldiyi çoxlarına məlum idi.
İlham Əliyev Heydər Əliyev kursunun uzun ömürlü olacağının qarantı idi. Bu təkcə genetik bağlılıqla əlaqədar deyildi. Onu İlham Əliyevin həyat yolu, yaşadığı və fəaliyyət göstərdiyi həyat tərzi, ritorikaya deyil, daha çox əməli işlərə üstünlük verməsi müəyyən edirdi. İlham Əliyevin “mən daha çox əməli işlərə üstünlük verirəm” deyimi, ölkə Prezidenti seçilməmişdən əvvəl də onun həyat tərzinin kredosu olmuşdur.
Dünya ölkələri və
xalqımız üçün İlham Əliyev şəxsiyyəti
2003-cü il prezident seçkilərindən çox əvvəl
məlum idi. Bu təkcə genetik tanışlıq deyildi.
Xalqımız İlham Əliyevi ölkə həyatında və
beynəlxalq miqyasda siyasi, sosial-iqtisadi sahələrdə
gördüyü uğurlu fəaliyyəti ilə
yaxşı tanıyır və qəbul edirdi.
İlham Əliyev 1994-cü ildən
Azərbaycan iqtisadiyyatının lokomotivi olan neft sektorunun rəhbərlərindən
biri idi. Onun rəhbərliyi ilə bu sektorla
bağlı 20-dən çox beynəlxalq müqavilənin
hazırlanması üzrə danışıqlar
aparılmış müqavilələrin bağlanması və
reallaşması prosesləri həyata keçirilmiş,
ölkəmizə milyardlarla dollar sərmayə gətirilmiş,
respublikamızın sosial-iqtisadi inkişafı təmin
edilmişdir.
1995-ci ildən Milli Məclisin
üzvü seçilmiş İlham Əliyevin fəaliyyəti
həmişə xalqın gözü qarşısında olmuşdur.
O, həmçinin Avropa Parlament Assambleyasında
Azərbaycan Respublikası Milli Məclisi nümayəndə
heyətinin rəhbəri olmuşdur. İlham Əliyevin beynəlxalq
arenada uğurlu fəaliyyəti müstəqilliyimizin ilk illərində
dünyada, Avropada formalaşmış antiazərbaycan
koalisiyasını (naşıların Azərbaycan dövlətini
“idarə etdikləri” dövrdə
AXC-Müsavat cütlüyünün səriştəsiz,
sağlam təfəkkürə, ciddi məntiqə
sığmayan məsuliyyətsiz bəyanatları, heç
şübhəsiz, bu koalisiyanın formalaşmasına da təsir
etmişdir) dağıtmağa, Azərbaycana beynəlxalq aləmdə
müsbət imic formalaşdırmağa, onun nüfuzunu
artırmağa xidmət etmişdir.
İlham Əliyev
Azərbaycanın ən ağrılı probleminin–
Dağlıq Qarabağ probleminin həllini və erməni
silahlı qüvvələrinin işğal etdikləri
rayonların boşaldılmasının beynəlxalq
hüququn prinsipləri əsasında həll
olunmasının, dünya parlamentarilərinin münasibətində
ciddi dəyişikliklər yaranmasının əsas təminatçısı
olmuşdur.
Dünyanın ən
nüfuzlu təşkilatlarından olan Avropa Şurası
Parlament Assambleyası Azərbaycan ərazisinin bir hissəsinin
Ermənistan tərəfindən işğal olunması və
Ermənistan silahlı qüvvələrinin işğal etdikləri
ərazidən qeyd-şərtsiz çıxarılması,
etnik təmizləməyə məruz qalmış
qaçqın və məcburi köçkünlərin öz el-obalarına
qaytarılması haqqında qərar qəbul etmişdir. Bu, həqiqətən
qələbə idi.
Həmin illərdə
Milli Məclisin ATƏT üzrə nümayəndə heyətinin
rəhbəri olduğum üçün beynəlxalq
miqyaslı auditoriyanı ələ almağın, orada fikir
formalaşdırmağın, ayrı-ayrı ölkələrdən
olan, Azərbaycanı da, azərbaycanlıları da lazımi
dərəcədə tanımayan deputatlara təsir etməyin nə dərəcədə
çətin olduğunu yaxşı bilirəm.
İham Əliyevin
başçılığı ilə Azərbaycan nümayəndə
heyətinin apardığı gərgin iş Avropa
Şurası Parlament Assambleyasını Azərbaycanın haqq
işinə aid obyektiv qərar qəbul etməsi ilə nəticələndi.
O vaxta kimi Azərbaycan ərazisinin bir hissəsinin
işğal edildiyi etiraf olunsa da, işğalçı
dövlətin Ermənistan olduğu göstərilmirdi.
İlham Əliyevin
səyləri nəticəsində Avropa Şurası Parlament
Assambleyası Ermənistanı işğalçı dövlət,
işğal olunmuş ərazini isə nəzarətdən kənar
zona (narkotik maddələrin qeyri-qanuni istehsalı, dövriyyəsi
və tranzitinin, qeyri-qanuni silah-sursat alverinin həyata
keçirildiyi, terrorçu qüvvələrin fəaliyyət
poliqonuna çevrildiyi zona) adlandırdı. İşğal
olunmuş ərazinin dərhal, qeyd-şərtsiz azad
olunması, qaçqın və məcburi köçkünlərin
isə öz torpaqlarına qaytarılması haqqında qərar
qəbul etdi. Avropa parlamentarilərinin bu qərarı
müdafiə etmələrinə nail olmaq üçün nə
dərəcədə gərgin iş aparmağın zəruri
olduğunu bu sahədə təcrübəsi olanlar
yaxşı bilirlər.
İlham Əliyev Yeni Azərbaycan
Partiyası sədrinin birinci müavini kimi respublikamızda
ictimai-siyasi proseslərin formalaşması və
reallaşmasında, Azərbaycanın sosial-iqtisadi
inkişafında mühüm rol oynamışdır. Onun 2000-ci
ildə Milli Məclisə seçkilərdə YAP namizədləri
siyahısına başçılığı bu namizədlərin
uğur qazanmasında mühüm rol oynamışdı. Bunu
o namizədlərdən biri kimi bilir və deyirəm.
İlham Əliyevin
2000-ci ildə Milli Məclisə seçkilər ərəfəsində
televiziya ilə çıxışlarının hər biri,
sözün həqiqi mənasında sensasiya yaradırdı.
Bizim keçirdiyimiz görüşlərin çoxu İlham
Əliyevin faktlarla zəngin və lokanik
çıxışlarında qaldırılmış məsələlərin
müzakirəsinə həsr olunurdu. İlham Əliyevin gətirdiyi
arqumentlər reallığa əsaslandığından,
xalqın arzu və istəklərini ifadə etdiyindən,
onları həll etməyin praktiki yollarını göstərdiyindən,
qazanılmış uğurları da, mövcud problemləri də
olduğu kimi əks etdirdiyindən geniş xalq kütləsinə
yiyələnir və real qüvvəyə
çevrilirdi.
Əlbətdə, 2000-ci ildə
Milli Məclisə seçkilərdə YAP namizədlərinin
uğur qazanması, hər şeydən əvvəl Heydər
Əliyev siyasətinin qələbəsi idi. Lakin bu siyasətin
başlıca daşıyıcısı, onun aparıcı
qüvvəsi İlham Əliyev idi. Bu danılmaz faktdır.
İlham Əliyevin Azərbaycanda
idmanın inkişafına geniş spektrli baxışı
vardır. Onun respublikamızda olimpiya hərəkatının
geniş vüsət almasında, idmanın inkişafında
misilsiz xidmətləri olmuşdur. İndi müasir idman
kompleksləri respublikamızın regionlarında da tikilir. Həm də onlar beynəlxalq yarışlar
keçirilməsi üçün tələb olunan
standartlar səviyyəsində tikilir. İdmanın kütləviliyinin
artması, idmançılarımızın beynəlxalq
turnirlərdə iştirakı və qazandıqları qələbələr,
İlham Əliyevi gənclərin sevimlisinə
çevirmişdir. Bir sözlə, İlham Əliyev
2003-cü il prezident seçkilərindən hələ
çox əvvəl respublikamızda və beynəlxalq aləmdə
kifayət qədər nüfuza malik, dünyamiqyaslı siyasətçi
kimi tanınır və qəbul olunurdu.
Bütün bunlara
baxmayaraq ulu öndərimiz Heydər Əliyev xalqımıza
müraciətlə prezident seçkisində İlham Əliyevi
dəstəkləməyə çağırdı. Ulu
öndərimiz İlham Əliyevin “yüksək intellektli,
praqmatik düşüncəli, müasir dünya siyasətini
və iqtisadiyyatını gözəl bilən, enerjili və
təşəbbüskar bir şəxsiyyət” olduğunu qeyd edir və
“qarşıdan gələn prezident seçkilərində
prezidentliyə namizəd”, özünün siyasi varisi, Yeni Azərbaycan
Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə
çağırırdı. O, seçiciləri “həm
İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyasının
bundan sonra da xalqımızın ən layiqli
övladlarını öz ətrafında daha sıx” birləşdirəcəyinə,
“Azərbaycan dövlətinin inkişafı və
xalqımızın firavanlığı yolunda çox
işlər görəcək”lərinə əmin edirdi.
(ardı var)
Səttar SƏFƏROV ,
Dövlət İdarəçilik Akademiyasının
professoru,
iqtisad elmləri doktoru
Xalq qəzeti.- 2009.- 15 iyul.- S. 6.